adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

«Ömür filmi» Professor Məmməd Məmmədovsuz keçən bir ilin kino lentinə baxış - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1253 | 2021-11-15 13:20

Hərdən oturub fikirləşirəm. Və fikirləşə-fikirləşə də öz-özümə deyirəm:

- Doğrudanmı, zaman bu qədər sürətlidi? Doğrudanmı dünənimizdən bu qədər böyük addımlarla uzaqlaşırıq?..

Və bu sualların hər ikisi də məni düşündürdüyü qədər də özünə çəkir. Başlayıram o sualların içərisində var-gəl etməyə. Baş sındırıram, fikri-fikrə calayıram, sözü-sözə uyğunlaşdırıram. Bir də baxım görürəm ki, nə qədər zaman itirmişəm, nə qədər zaman ötüb, keçib gedib. Mən eyni nöqtədə, eyni sualların, düşüncələrin içərisində, zaman isə məndən ya irəlidədi, ya da elə irəlidə olduğu qədər də geridə... Bu bir fəlsəfə deyil, bu bir həyat həqiqətidir, yəni, gerçəkliyin özüdür. Çünki...

Düz bir il öncə, yəni 2020-ci ilin noyabr ayının 25-də acı bir xəbər eşitdim.  El-obamızın, Qarabağımızın, eləcə də Azərbaycan elminin dəyərli nümayəndələrindən biri həmşə xoş təbəssümü və yumoru ilə yaddaşıma hopmuş Məmməd müəllim Haqqa qovuşmuşdur. Onun ölüm xəbəri elə dayandığım nöqtədə məni uzaqlara apardı. Gözümün önündə professor Məmməd  Məmmədovun həyat yolu canlandı. Əslində bu, bir kino lenti  idi. Bir alimin, bir ziyalının «Ömür filmi». Mən o filmi səssiz izləməyə başladım...

Füzulidə, dünyanın Sovet dönəminə aid olan zaman kəsiyində 1937-ci ilin may ayının 9-da dünyaya gəlmşdi Məmməd müəllim. Ona görə 9 Mayı xüsusi vurğulayıram ki, həmin tarix bizim dövrün bütün insanlarının yaddaşına Qələbə günü kimi həkk olunmuşdu! Görünür, Məmməd Məmmədov gələcəyi qələbə ilə tamamlayacaq bir ömür vizası almışdı Tanrıdan. Ona görə də həyatın bütün çətinliklərindən o ancaq qalib kimi, qələbələrlə çıxmışdı. Bax elə doğum  günü ilə həyatının bu üst-üstə düşən qələbəsi onun bir növ «Ömür filmi»nin kredosu olmuşdu. Mən həmin filmin ayrı-ayrı məqamlarına diqqət yetirəndə Məmməd müəllimi doğulduğu Qarakollu kəndinin mənzərəsini də xatırlamaya bilmirəm. Bu kəndin coğrafiyası, onun Füzuli rayonunun ümumi mənzərəsindəki yeri o qədər dinamik, o qədər həssasdır ki, burdan keçib gedən hər kəs yolun üst tərəfindəki dağlara, xüsusi ilə Ərgünəşə tərəf mütləq boylanır. Digər tərəfdən, bu gün işğaldan azad olunmuş Hadrutun içərisindən axıb gələn dağ çayının da yaratdığı ovqat, mənzərə və kəndin yaşıllığa bürünməsi zəhmət adamlarının bu yerə olan sevgisinin adi bir detalıdır. Deməli, «Adamlar doğulduqları yerə bənzəyirlər»!- deyənlər yanılmayıblar.  Bu mənada Məmməd Məmmədovun kasıb bir ailədə dünyaya gəlib böyük həyata atdığı addımların böyük bəhrəsi məhz o torpaqla, o yurd-yuva ilə bağlıdır. Yeri gəlmişkən, bu məqamda Məmməd müəllimin oğlu Süleymanın atası ilə bağlı söylədiyi bir xatirə yadıma düşür. Süleyman deyir ki, axşam saatları idi, ailəlikcə oturmuşduq. Atam televizoru izləyirdi. Mən də kənardan ona diqqət yetirir və hazırlaşırdım ki, içimdə olan bir suala ondan cavab alım. Bu vaxtı qapının zəngi çalındı. Gedib açdım. Tanımadığım orta yaşlı bir nəfər dayanmışdı qapının ağzında. Üzümə baxıb dedi:

- Əmim evdədi?

Doğrusu, bu adamı ilk dəfə idi görürdüm və onun da «əmi» sözünü dilinə gətirməsi məni çox təəccübləndirdi. Ona görə düşündüm ki, bəlkə ünvanı səhv salıb:

- Sizə kim lazımdır?

- Məmməd müəllim, əmimi soruşuram da sizdən – dedim.

Səsə atam qapıya yaxınlaşdı. Oğlanı görən kimi onlar bir-birilərinə  sarıldılar. Mən də təəccüblə baxırdım. Gözləyirdim ki, görüm bu söhbətin axırı nə ilə bitəcək. Atam qonağın qoluna girib onu içəri apardı və üzünü mənə tutub, tez olun, çay-çörək gətirin – dedi. Təbii ki, qonağın qarşısına çay gəldi. Mən də kənardan oturub onların söhbətini dinləməyə başladım. Məlum oldu ki, atam gələn bu qonağın  özünü də, ailəsini  də çox gözəl tanıyır. Onların hamısını bir-bir soruşdu. Sonra ərklə dedi:
- Əmin nə yaxşı yadına düşüb, - xeyirdimi?

Qonaq çox ciddi bir problemdən danışdı və atamdan kömək istədi. Atam bir qədər fikirləşəndən sonra dedi ki, narahat olma, mən lazımi adamlarla danışaram. Sən arxayın ol, elə hesab et ki, bu məsələ düzəlib. Qonaq gedəndən sonra dedim ki, ata, axı o gələn adamın dediyi çox ciddi məsələdi. Bunu həll etmək asan olmayacaq. Atam fikirli-fikirli dedi:

- Bu gələn oğlanı sən tanımırsan. Mən orta məktəbi bitirib, Bakıya oxumağa gəlirdim. Həyətimizdəki olan bir baş dananı satıb onun pulu ilə atam mənə təzə kostyum və ayaqqabı almışdı. Horadizə, dəmiryol vağzalına gələndə elə bir yağış başladı ki, gölməçələri keçmək mümkün deyildi. Dayanıb fikirləşirdim ki, bu sel-suyun içindən necə keçim vağzalın içərisinə. Bu vaxt bir nəfər mənə yaxınlaşdı. Və soruşdu ki, ay bala, kimsən, niyə dayanmısan yağışın altında. Gölməçəyə tərəf baxa-baxa dedim ki, instituta girmişəm, Bakıya gedirəm. Həmin kişi heç nə demədən gəlib məni qucağına aldı. Özü gölməçənin içindən keçib məni vağzalın içərisinə gətirib qoydu. Mən belə bir adamı, onun oğlunu unuda bilərəmmi? Bu məsələni ən yüksək səviyyədə də olsa, həll edəcəm. Həqiqətən, iki gün sonra atam məsələnin həll olunduğunu dedi...

Bu xatirə Məmməd müəllimin təkcə böyüklüyünü, ziyalılığını, yaddaşının gücünü göstərmir, həm də onun keçmişinə, həyatındakı insanlara etiramını, sevgisini büruzə verir. Demək, insan hansı mərtəbəyə qalxır qalxsın, dünəninə arxa çevirməməlidi. Necə ki, Məmməd müəllimin onu tanıdığım bütün illər boyu keçmişə ehtiramına, sözün yaxşı mənasında həsəd aparmışdım. Elə bu səbəbdəndir ki, təkcə ailəsində, evinin içərisində deyil, onu tələbə-müəllim kollektivində də, müəyyən dövrdə təmsil olunduğu parlamentdə də o, sevilən insanlardan olubdur. Ümumiyyətlə, Məmməd müəllimi təkcə Qarabağda, Füzulidə deyil, Azərbaycanın bütün coğrafiyasında tanıyıb, sevib dəyərləndiriblər. Ona tələbələrinin sonsuz ehtiramlarının canlı şahidlərindən biri də mənəm. Yaxın qohumlarım o zamanlar Xalq Təsərrüfatı İnstitutu, indi isə İqtisad Universiteti olan ali məktəbdə təhsil alırdılar. İnstitutun ən sayılıb-seçilən, ən nüfüzlu professorlarından biri Məmməd Məmmədov idi. Qohumları söyləyirdilər ki, bəzən Məmməd müəllim bizi evinə dəvət edirdi. Hansısa dərsi, mövzunu müzakirə etmək üçün. Sonra da süfrə açdırırdı. Biz bilirdik ki, o, məhz bizi evdə bişən xörəklərə qonaq etmək üçün dəvət edir. Bəhanə də hansısa bir mövzu olub. Axı tələbə yataqxanasında hazırladığımız yeməklərlə evdə bişən yeməklərin yerdən-göyə qədər fərqi var. Hətta bəzən o, bizi yola salanda cibimizə pul da qoyurdu ki, bazarlıq edin. Tələbənin kəmərinin altı bərk olmalıdı. Yoxsa oxuduğu  başına girməz, - deyirdi Məmməd müəllim.

Zaman öz sürətində... Biz öz yaddaşımızın çevrəsində... Bir də qarşımda «Ömür filmi». Mən Məmməd müəllimin dostlarından, doğmalarından onsuz yaşadıqları bu bir ilin ayrılıq nüanslarını, münasibətlərini öyrənirəm. İlk öncə Məmməd müəllimi yaxından tanıyan Aslan Mehdiyevə üz tuturam:

- Məmməd müəllim mənim həyatımda əsl ziyalı, əsl qarabağlı kimi bir yer sahibi olub. Bu kişi ilə söhbətlərim, zarafatlarım, müəyyən mövzular ətrafında fikir mübadilələri etməyim heç vaxt yadımdan çıxmır. Ona görə ki, hər kəsə açıq adam idi. Heç bir sualdan yayınmırdı. Danışanda da, fikir bildirəndə də elə əsaslandırırdı ki, daha ikinci suala yer qalmırdı. Görünür, həm müəllim, professor kimi, həm də həyatın bütün çətinliklərini görmüş insan kimi o özünü zaman-zaman xoş günlərə, uğurlara hazırlayırmış. Nəticədə də məqsədinə, məramına çata bilmişdi.  Necə deyərlər, həyatın həmlələrinə, zərbələrinə öz dözümü və iradə ilə qalib gələn bir alim kimi yadımda qalıb Məmməd Məmmədov. Məkanı Cənnət olsun!

Nəbi Muxtarov: - Həm qohum kimi, həm ziyalı kimi, həm də qonşu kimi Məmməd müəllim bütün parametrləri ilə mənə çox doğma olubdur. Biz bəzən nərd oyununda da ailənin, rayonumuzun elə məsələlərini müzakirə etmişik ki, onu yalnız Məmməd müəllim kimi uzaqgörən, həyatın bütün mahiyyətini bilən kişilərlə etmək mümkündür. Hətta bir-birimizin həyətində hansısa bir ağacı əkəndə də, onun ilk meyvəsini dərəndə də onu məsləhətləşər, bir-birimizə xeyir-dua verərik. Məmməd müəllim həm də öz çevrəsi ilə, münasibətdə olduğu adamlar ilə elə bir  təmas xətti yaratmışdı ki, hər kəs öz yerini bilirdi. Bu da mənim dostumun, qohumumun, əzizimin insanları tanımaq və dəyərləndirmək bacarığının bir göstəricisi idi. Ümumiyyətlə, Məmməd müəllim haqqında günlərlə danışmaq mümkündür. Çünki o, həyatının bütün məqamlarında mütləq bir müsbət nələrisə gerçəkləşdirmişdi.

Mətanət xanım: - Mən bu ailənin gəlini olsam da, əslində Məmməd müəllim məni öz qızlarından daha çox istəyirdi. O, ailədə elə bir şərait yaratmışdı ki, hər kəs yerini bildiyi kimi, o da hər kəsi layiq olduğu yerdə tuturdu. Ona görə də onun yoxluğunu bütün ailəmiz kimi mən də hiss edirəm. Çünki onun yeri görünür. Bir dəfə mənə dedi ki, sənətlərini hazırla. Maraqla üzünə baxdım. Bir də təkrar etdi ki, sənədlərini hazırlayıb qoyarsan yazı stolumun üstünə, işə gedəndə özümlə götürəcəm. Təbii ki, dediyini etdim. Bir neçə gündən sonra məlum oldu ki, mən artıq öz ixtisasıma uyğun olaraq həkim  kimi daha məsuliyyətli sahədə çalışacam. Bu mənə həm də öz elmi işimi tamamlamağa və namizədliyimi uğurla müdafiə etməyə imkan yaratdı. Yadımdadı, tibb elmləri namizədi adını alanda ailəmizdə hamıdan çox sevinənlərdən biri də Məmməd müəllim idi.

Ömrünü başa vuranda Məmməd müəllim artıq nəvə, nəticə sahibi idi. Adını daşıyan nəvəsi Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Onun baba sevinci aşıb-daşırdı. Digər nəvələrinə nümunə kimi Məmmədi göstərib demişdi ki, oxumaq, elm sahibi olmaq lazımdır. Həyat, yaşamaq savadlı insanlar üçün daha gözəl olur. Bu mənada Məmməd müəllimin ömür-gün yoldaşı Həqiqət xanım da, qızları da, ümumiyyətlə bütün ailə üzvləri onsuz keçən bu bir ilin hər anını öz-özlərində «Ömür filmi»ni xatırlaya-xatırlaya başa vurublar. Necə ki, mən professor Məmməd Məmmədov haqqında bu yazını qələmə alanda «Ömür filmi»ni izləyirdim. Çünki o film gözlərimin önündə idi. Məkanı Cənnət olsun!

P.S. Məmməd müəllim ömrünün son iki ayını böyük sevinclə yaşayırdı. Çünki o, Füzulinin, Qarabağın işğaldan azad olunmasının şahidi idi. Və əlini Allaha açaraq dua edirdi ki, bu xoşbəxtlik ona nəsib oldu.

 

TƏQVİM / ARXİV