adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Döyüşdən əyləncə tapanlar, sevinən boş məzarlar... - Emin Piri yazır

Emin Piri
1450 | 2021-11-17 12:35

Noyabrın 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistanın törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğradı. Bu iflas 7 şəhid istədi bizdən. Yeddi ocaq, yeddi ana ağısı, yeddi sevgini...İstədi bizdən.

Vətən uğrunda qazi də olmaq şərəfdir, şəhid olmaq da. Bunlar öz yerində.

Mənə qəribə gələn cəmiyyətin saatlar içində düşdüyü hislər, söylədiyi deyimlərdir. Saatlar, dəqiqələr içində dəyişən mövqelər, sözlər...

Axı, bu adamlar nə istəyir?

Nəyin eqosunu tətmin edir?

Ümumiyyətlə, özləri nə istəyir,bilirmi?

Sözlərim təbii ki, müəyyən kəsimə aiddir. Həqiqətləri bilən, millətini, dövləti sevən, öz üzərinə düşən işi şüvən salmadan görən, boğazdan yuxarı danışmayanlara aid deyil.

Təəssüf ki, hər kəsimdən bəzən bu eyforiyaya qapananların şahidi ola bilirik.

Dünən dayanma deyənlər bu gün təəssüflənir. Axı, niyə və kimə?

Dünən sən deyilmiydin dayanma deyən?

Qardaşlar, bacılar müharibə məhlə arası dax-dax oyunu deyil, nə də ki əldəki taxtadan düzəldilən avtomat.

Məgər itkilərin olacağını neçə-neçə evə od düşəcəyini bilmirdin?

Heç müharibə demirəm, sadəcə döyüşdə belə girdinsə itki qaçılmazdır.Ən güclü dövlətlər belə, istər ABŞ-ı olsun, istər Rusiyası hər hansı döyüşə girdisə itki verir. Hələ bunun maliyyə itkilərindən, gələcəkdə yarada biləcəyi psixoloji, mənəvi problemlərdən danışmıram.

Hansında səmimi idiniz? Dünən dayanma deyəndə, ya bu gün üzüləndə?

Bəziləri sanki öz darıxmağını savaş filmləri izlərcəsinə öldürmək istəyir. Özlərinə oyuncaq da düzədərlər, müharibə adlı oyuncaq.

Hələ qınayanlar var ki, niyə atəşkəs oldu. Kimsənin vətənpərvərliyinə şübhə etmirəm. Amma indi müharibə də deyil ki, təbliğat xarakterli, guya üzülərək niyə dayandı deyək. Nə lazım idisə o da oldu, sonra da atəşkəs. Belə də olması lazım idi. Əlavə şəhidlər verməyimiz kimin eqosunu tətmin edəcək?

Sən bunu söylərkən o mərmi altında olan qardaşın idi, sevgilin, yoxsa oğlun?

Bax, bu cavabı ver, o zaman hansında sənin hansı mövqedə səmimi olduğuna inanacam.

Müharibədən sonra fəxri xiyabandakı boş məzarlıqlar diqqətimi çəkmişdi. Öz sahiblərini gözləyən boş məzarlar. Deyəsən o qəbirlər sevinir. Yavaş-yavaş sahibini tapır deyə...

Nədənsə vaxtilə yazdığım bu şeir yadıma düşdü. Anaların ağısı mərmilərin səsini boğdu...

 

ATƏŞKƏS

İyirmi illik

köhnəlmiş sözlərlə

başladı

televiziya

xəbər başlıqları:

atəskəs pozulub...

 

düşmən susduruldu.

mərmilərə

atılan

Ana fəryadıyla.

 

 

 

TƏQVİM / ARXİV