adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ÖZÜNÜ TANI

FƏRİDƏ RƏHİMLİ
44161 | 2013-09-06 23:28
Zaman dəyişdikcə insanların da dəyişməsi və bu dəyişmənin yaxşıya, yoxsa pisə doğru olduğu həmişə mübahisəli məsələdir. Bəziləri bunu təbii qəbul edir, bəziləri isə nostalji hisslərlə yaşayaraq bu günlə heç cür barışa bilmir. Hər zəmanənin özünə görə problemləri olub. Əsl problem isə insan beyninin inkişafının müxtəlifliyindədir.
Xarici əllərin milli adət ənənələrimizdə, mədəniyyətimizdə, incəsənətimizdə, iqtisadiyyatımızda gəzməsi bu problemlərin mənbəyidir. Bir xalqı məhv etmək üçün onun dilindən, dinindən, adətindən uzaqlaşdırmaq kifayətdir. Yetmiş illik sovet quruluşu dövründə dilimizi ruslaşdırmaq, dinimizi xurafat, cahillik adlandırıb kafirləşdirmək istəyənlər müəyyən qədər istədiklərinə çatmış oldular. Yalnız dilinə, dininə möhkəm bağlı olan, Vətənini, millətini həqiqətən sevən adamlar oldu ki, onların iradəsini heç nə ilə qırmaq mümkün olmadı.
O dövrdə imkanlı, oxumuş, cəmiyyətdə az-çox nüfuzu olanların əksəriyyəti "müasir" olduqlarını sübut etmək üçün mütləq uşaqlarını orta məktəbin rus bölməsinə göndərirdilər. Öz ana dilinə həqarətlə yanaşan bu manqurtların ailəsində böyüyən uşaqlar da nə rus kimi rus ola bilirdilər, nə azərbaycanlı kimi azərbaycanlı... Yarımçıq təfəkkürlü insanları sevə-sevə yetişdirirdi sovet cəmiyyəti. On beş respublikanın hər bir üzvünü rus sevgisiylə, rus mədəniyyətiylə, rus adət-ənənəsiylə inkişaf etdirmələrinə göz yummaqla, gələcəkdə yalnız bir xalqın - rus xalqının "dəyirmanına su tökdüyümüzün" fərqində deyildik...
Dövran dəyişdi, quruluş yeniləndi, müstəqillik qazandıq, amma yenə kimdənsə asılı olmaq, özümüzünküləri bəyənməyib, başqalarından nümunə götürməyə çalışmaq xasiyyətimiz isə dəyişmir ki, dəyişmir. Əksər vaxt bu, götürdüklərimiz də çox bayağı təsir bağışlayır, çünki sənin deyil, yamaqdı. İndi bir azərbaycanlı öz ökəsində iş tapmaq üçün mütləq ingilis dilini bilməlidi. Bu çox gülünc, təhqiredici bir şeydi! Bu, millətin millət kimi, xalq kimi alçaldılması deməkdi. Təsəvvür edin ki, bir ingilisə vətənində iş vermirlər ki, Azərbaycan dilini bilmirsən! Yaxud da monqola! Buna etiraz edən ziyalılarımız, şairlərimiz, söz-sənət adamlarımız zaman-zaman öz etirazlarını bildirdilər. Səhv etmirəmsə,Tofiq Bayramın "Öz ana dilini bilməyənlərə" şeiri dərslik kitablarına da salınmışdı (Düzü, indi bilmirəm o şeir dərsliklərdən çıxarılıb, ya yox. Amma çıxarılsa, buna da təəccüblənmərəm, çünki milləti özündən uzaqlaşdırmaq üçün "Manqurt istehsal edən maşınlar" daim fəaliyyətdədir! - F.R). Sevimli şairimiz Bəxtiyar Bahabzadənin yazdığı:
Bir vaxt rusca idi bütün reklamlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.
şeirində hər şey vardı - əsəb də, təəssüf də, yanğı da, vətənpərvərlik də...
Məktəb bitirmiş qızımın iş tapa bilməməsinin bir səbəbi də rus, ingilis dilini mükəmməl(!) bilməməsidir. Mən hələ də anlaya bilmirəm ki, Azərbaycanda təhsil alıb, iş axtaran gəncə niyə rus dili, ingilis dili bilməsi bu qədər vacibdir? Xarici ölkələrdən klinikalarımıza müalicə üçün xəstələrmi axışıb gəlir? Yoxsa tibbdəki inkişafımız elə vüsət alıb ki, mütəxəssislərimiz biliklərini xaricə inteqrasiya edəcəklər? Tibb təhsili almış qıza klinikada, xəstəxanada işə düzəlmək üçün nədən öz dili kifayət eləmir?
Dil bilmək, hətta çoxlu dil bilmək gözəl bir keyfiyyətdir, ancaq ana dilini bu cür lüzumsuz, miskin vəziyyətə salmaqla kimə işləyir, nəyə qulluq edirik?
Xatırlayıram ki, Eurovision yarışları ərəfəsində hətta ingiliscə bilməyən taksiçiləri belə yarış keçirilən zonaya işə buraxmadılar. Bir il əvvəl bu yarışa hazırlaşan xarici nümayəndə azəricə bir kəlmə öyrənmək istəmədiyi halda, bizim taksiçilərə ingiliscə öyrənmək tapşırığı verilmişdi!
Özünü sevmədən başqasını sevmək mümkün deyil. Özünü anlamadan başqasını anlamaq absurddur. Özünü bəyənmədən başqasına qiymət vermək iddiasına düşmək əllaməçilikdir!
Özümüzü tanıyaq, özünü tanıyan Allahını da tanımış olar! Özümüzü sevməyi, qiymət verməyi öyrənək ki, başqalarını da anlaya bilək.
Özümüzü öyrənmək üçün öz dilimizdən istifadə edək!

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV