adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HƏRƏNİN ÖZ SƏSİ...

FƏRİDƏ RƏHİMLİ
77448 | 2013-09-14 00:43
Səsin həyatımızda əvəzsiz rolu var. Musiqi səsi, sevdiklərinin səsi, quşların səsi, çayın, dənizin səsi, yağış səsi, külək səsi, yarpaq pıçıltısı, sükutun, səssizliyin səsi...
Bəzən pıçıltı ilə qulağına söylənən bir "sevirəm" kəlməsi bütün həyatını dəyişib, bu bir kəlmə ilə qəlbindəki bütün naqislikləri qovub, yerini sevinclə doldurub. Bəzən hər an yanında olmasını arzuladığın, amma əlçatmaz olan birisinin telefonla da olsa səsini duymağa ehtiyac duyursan: səsini eşitmək üçün zəng etdim...
Bəzən incə bir qız gülüşü bir simfoniya yaratmaq qüvvəsinə malik olub. Tanıdığım bir şairin söylədiyinə görə, telefonçu qızın səsinə vurularaq iş-gücünü atıb, səksən kilometr yol qət edərək yalnız onu görmək üçün gedib...
Təbiətin qoynunda olarkən quşların səsinə valeh olmaya bilmirsən və bu səs bir anlıq da olsa, bütün problemlərini unutdurur. Sevdiyin bir musiqi bitənədək onunla, əvvəllər dinlədiyin xoş anların qoynunda haraları səyahət etmirsən...
Hətta bəzən uşaqlığımın xatirələrindən biri olan "Daş kanal"dakı qurbağaların "orkestr"i üçün də qəribsəyirəm...
Amma səslər həmişəmi xoş təsir edir, müsbət əhval yaradır, xeyr! Əslində bugünkü yazının mövzusu səslərin əsəblərimizə mənfi təsirindən olacaqdı. Sadəcə, haqsızlıq olmasın deyə, müsbətlərdən başladım.
Son zamanlar onsuz da həyatımızın əkiz qardaşına çevrilmiş problemlərimizə yeniləri də əlavə olunmaqdadır. Hər səsin nəyə, kimə aid olduğunu seçmək əvvəllər elə də çətin məsələ deyildi. Məsələn insanın insan səsi, heyvanın öz səsi, avtomobilin, bombanın, çayın, şəlalənin və sair, öz səsi vardı və bu səslərdən hər birini təyin etmək çətin deyildi. Şəhərdə evinin içində oturarkən küçədən keçən "Təcili yardım", yanğınsöndürən, polis maşınlarının səsini ayırd etmək mümkün idi və az-az hallarda eşitdiyin bu səslər insanda istər-istəməz həyəcan yaradırdı. Yaşlıların bu səslərə reaksiyası "Allah, sən saxla", "Bizdən uzaq olsun!", "Allah kömək olsun!" kimi dualar olardı.
Son illərdə isə əsəblərimizi korladığı kimi, diqqətimizi də çaşbaş salan bu səslər bir-birinə qarışaraq psixikamıza zərbə vurmaqdadır. Maqnit dalğasının "metohəssaslıqdan əziyyət çəkənlər"ə bəxş etdiyi, iki gündən bir tutan başağrıları azmış kimi, avtomobillərin siqnal, əyləc səslərinin yaratdığı əsəbilik də gündəlik rastlaşdığımız bəlalardandı. Avtomobillərdə, əsasən "Jiquli" həvəskarı gənclərin lovğalanaraq istifadə etdiyi siqnallar adamları avtomobilin nəyə, kimə aid olduğunu seçməkdə yanıldır. Tez-tez eşitdiyimiz: "Nu, poqadiiiii!", "Adə, Ələsgərrrr!", "Haaa, ha, ha, ha", xoruz banlaması, it hürməsi, "Ölməz Kaşşey"in vahiməli səsi kimi cizgi filmlərindən, bədii filmlərdən götürülmüş səslərin avtomobil siqnalı kimi istifadə olunması nə qədər qadağan olunsa da, "papanın gül balaları" bu qanun pozuntusunu davam etdirməkdədirlər. Ən dözülməzi isə, təcili yardım, yanğınsöndürən, yaxud polis maşınlarının siqnallarından adi sürücülərin istifadə etməsidir. Bütün bunlar bu sahədəki qanun boşluqlarından xəbər verir. Vəziyyət o yerə çatıb ki, bu səslərə uyğunlaşan başqa sürücülər nə təcili yardım, nə də yanğınsöndürən maşınlarına yol açmırlar. Nəticədə hansısa xəstənin həyatı təhlükədə qalır. Yaxud hansısa evin yanması labüd olur. Əksər vaxtlar belə vəziyyətlərin üzündən evlər yanandan sonra, xəstə keçinəndən sonra yardımlar hadisə yerinə çatır. Əlbəttə, gecikmə səbəbi təkcə bu deyil...
Bu siqnalların, sirenaların səsi toy maşını karvanlarında daha dəhşətli şəkil alır. Gəlin aparmağa gələn dəstədə Kaşşey də, Ələsgər də, Volk da, Həkim də, Yanğınsöndürən də, Polis də, Xoruz da, Köpək də... iştirak edirlər. Bilmək olmur cinayətkar axtarışına üz tutan var, xəstə yanına tələsən, çıtır-çıtır yanan evi söndürməyin təlaşını yaşayan, yoxsa şadlıq evinə şənləməyə gedən...
Bu karvanı görməyib, səsini eşidənlər bilmir "Mübarəkdi!" desin, yoxsa "Allah sən saxla!"... Bəlkə bu dua yerinə düşər: Allah ağıl versin!

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV