adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

FÜZULİ NAĞILI

FƏRİDƏ RƏHİMLİ
39476 | 2013-10-05 09:57
Bu dünyada bir insan, bir şair yaşayırdı. Zəhmətkeş, işgüzar, istedadlı, təəssübkeş, vətənini, torpağını, el-obasını sevən, xalqının adət-ənənələrinə sadiq bir insan. Həyatdan umduğu gözəl yaşayışı vətənindən kənarda təsəvvür belə etmirdi. Qurduğu hər xəyalı yurdunun gülündən, çiçəyindən tutmuş, tikanına, qanqalına, daşına, kəsəyinə qədər... sevdiyi bu torpaqla bağlı idi. Məhəbbətə, sevgiyə, gülə, çiçəyə həsr etdiyi şeirləri o qədər təbii idi ki, dinləyən hər kəs bu sözləri öz ürəyinin pıçıltısı hesab edirdi...
Yaşaya bilmirdi, Füzulidən başqa bir yerdə.
Amma bu torpağı tərk etməyə məcbur oldu şair.

...Bu dərdə çox baxdım sükut içində,
Bir damcı su yoxdu bulud içində...
Mən diri ölüyəm tabut içində,
Bələyim var idi Füzuli boyda.

Ərgünəş, Köndələn, Məngələnata,
Hanı duman yenən, çən gələn, ata?
Qaldı qiyamətə sən gələn, ata,
Diləyim var idi Füzuli boyda...


Canı qədər sevdiyi ocağından ayrılandan özü də dəyişdi, şeirinin mövzusu da- daha sevgidən, gözəl arzulardan yazmadı, yaza bilmədi şair... Şeirinin mövzusu vətən oldu, həsrət oldu, çadır şəhərciyi oldu, tapdanmış qürurumuz, heysiyyatımız oldu, uydurduğu vətən həsrətli nağıllar oldu...
"Biri vardı, biri yoxdu. İlan mələyən, şor düzlərdə bir çadır şəhərciyi var idi. Bu şəhərcikdə yerindən-yurdundan didərgin salınmış qarabağlılar yaşayırdılar. Uzaq-uzaq ölkələrdən bu şəhərciyə düyü, un, yağ, pal-paltar daşıyıb gətirirdilər. Onlar yeyirdilər, yatırdılar. Hərdən yadlarına düşəndə çıxıb çadırların qabağından həsrətlə, intizarla baxırdılar günbatana. Gözləyirdilər ki, günbatandan muştuluqçu gələcək. Qarabağın azad olduğu, torpaqların qayıtdığı xəbərini gətirəcəklər. On il idi ki, gözləyirdilər..."

Kimdi at oynadan Güllü gədikdə?..
Kəkilli yamacda, telli gədikdə...
Nəfəsim kəsilir, Yelli gədikdə,
Küləyim var idi, Füzuli boyda...


Bir on il daha keçdi. Çadırlardan qaçqınlar və məcburi köçkünlər yeni binalara köçürüldülər.
"Çadırların axırı çatdı, Qarabağ yarası sağalmadı, millət!.."
"...Kənddən çıxandan dünənki günəcən az da olsa, ümidi, gümanı qalırdı. İndi Haramıdakı evin açarlarını alandan üzmüşdü əlini hər şeydən...Əlini cibinə salıb yoxladı. Kənddə qalan evin açarları cibində idi...
Çadır şəhərciyinin ortasından keçən yol ilə, şəhərciyin yuxarı başına sarı addımladı. Yolun qırağında dəstə-dəstə durmuş kişilərlə salamlaşa-salamlaşa gedirdi. Yolun qırağındakı kişilər də bığlı idi. Başlarında da papaq..."

Orda tapdaq olmuş torpağım qalıb,
Yazda xəzəlləmiş yarpağım qalıb.
Başı gətirmişəm, papağım qalıb,
Kürəyim var idi Füzuli boyda...


Xaricilərin yardımını özünə haram edən şair yazırdı:

Hələ neçə kəlmə dilimə gəlməz,
Uçdu sonalarım, gölümə gəlməz.
İndi bir tikəsi əlimə gəlməz,
Çörəyim var idi, Füzuli boyda...


Həsrətini çəkdiyi torpağını lazımınca sevməməkdə qınayırdı özünü:

Ölüb, torpağında qala bilmədim,
Qeyrətə, namusa dola bilmədim.
Sevsəm də, Məcnunu ola bilmədim,
Mələyim var idi Füzuli boyda...


Onlara verilən quru səbirdən, təsəllidən bezirdi şair:

Dönməz şəhidlərin qəbirdən, fələk,
Bezdik təsəllidən, səbirdən, fələk,
Keçdi namərdlər də xəlbirdən fələk,
Ələyim var idi Füzuli boyda...


Şair dözə bilmədi yurd həsrətinə, ürəyində Füzuli boyda dərdlə köçdü bu dünyadan. Qarabağ boyda yara ilə yaşayanların əksəriyyəti bu sayaq köçür dünyadan - qəfil... ürək çatışmazlığıyla...

Vahid Əlifoğlu doğuldu, getdi
Əkdiyim, tikdiyim dağıldı, getdi.
Min illik obalar nağıldı, getdi,
Bəs nəyim var idi, Füzuli boyda?..


P.S. "Qardaş, biz hələ Qarabağ gedib, bu kefdəyik, vallah, qayıtsa, zurna-balabanın səsinə Afrikdakı zənci də yata bilməyəcək... " V.Əlifoğlu.


Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV