adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DƏLİ

FƏRİDƏ RƏHİMLİ
44152 | 2013-10-19 00:51
Həmişə kütlədən fərqli düşünən, içindəki azadlığı heç bir şeyə dəyişmədən istədiyi kimi hərəkət edən, dili ilə sözü bir olanlara nədənsə dəli kimi baxıblar. Dəli sözünün ilk ağıla gələn mənası zehin, şüur cəhətdən inkişaf etməyən, geri qalan, yaxud əsəb sistemi pozulduğundan özünü idarə edə bilməyən anlamıdır. Bəzən doğuşdan insanda bu çatışmazlıqlar olur. Amma sonradan "dəli olanlar" da var və onlar haqqındadı düşüncələrim.
Onlar həqiqətən dəlidirlərmi, yoxsa onların düşüncələrini, duyğularını, həyata baxışlarını və bu baxışlara reaksiyalarını anlamayan bizlərmi, dəliyik?
O dəlinin birinin - "Nizami" filmindəki "dəli"nin, Şeyx Nizaminin gözlərinə baxarkən, o lal baxışla nələr dediyini anlayanlar dəli deyə bilərmi ona?..
Səttar Bəhlulzadənin səfil görünüşünün, Vahidin "qayğısız" həyat tərzinin içində nə boyda dühanın gizləndiyi hamımıza aşkar olarkən o, xarici görünüşün bir anlamı qaldımı? Amma acı həqiqət olan bir deyim var: "Önəmli olan insanın iç gözəlliyidir - deyərlər. Amma insan oğlu... çölünü bəyənmədiyinin içi ilə maraqlanmaz ".
Yolu düşən hər kəs nəşriyyatın həyətində bir kişini hər gün yəqin görür - İlyas Ərnəfəsi. Bir vaxtlar dəyərli yazıların müəllifi kimi KİV-də tanınmış, indi isə yalnız öz-özü ilə danışan adam. Yeni nəsil gənclərdən birinin onun haqqında danışanda,"Qapıda dayanıb dilənən dəli kişi var ey..." ifadəsini işlətdiyini eşitdim...
Qonşumuzda bir yeniyetmə vardı. Şüur cəhətdən yaşıdlarından geri qaldığından məktəbə də getmirdi. Hərdən qonşu qadınlar onu mağazaya nəsə almağa göndərirdilər. İkiüzlü, qeybətcil, işləri düşməyən başqa vaxtlarda onu ələ salaraq zarafatlar edən qadınların buyruğuna getməzdi. Bu yaxınlarda rayona köçdülər. Onları yola salmaq üçün qonşu qadınlar hamısı toplanmışdı. Anası hər kəslə görüşüb halallaşdı. O isə bir-bir hər kəsə göz gəzdirib birbaşa mənə yaxınlaşdı və boynuma sarılıb ağladı...
Əslində ayrılıqlara heç dözümüm yoxdu. Kim olursa olsun - azacıq münasibətim olan adamdan ayrılmaq çox ağır olur mənə. Hələ o adam dostsa, mənə doğma isə bu ayrılıq ikiqat travma olur.
Faiq (o gəncin adı - F.R) mənim içimdəki o hüznü hiss etmişdi...
Qonşular yenə bayağı zarafatlarla: Faiq bizi niyə öpmədin? - soruşdular. O, "Eh..." edərək, əlini yelləyib yoluna davam etdi.
Faiqin baxışlarındakı məna Şeyxin dəlisinin gözündəki ilə eyni idi...
Qarabağdan köç başlayandan "dəlilərin" sayı artdı. Torpağından, yurd-yuvasından uzaqda yaşaya bilməyənlər "havalandılar". Kənddə "Əhməd müəllim" deyilən, çadırda "Dəli Əhməd" adını qazandı. Mərhum şairimiz Vahid Əlifoğlunun çadırdakı dəlilərə xitabı:

Ay dəli, qardaş dəlisi,
Torpaq, ağac, daş dəlisi,
Dəlilərin baş dəlisi -
Səni seçiblər, ay dəli.

Oyanmır, yatıb, üstündən
Yorğanı atıb üstündən.
Hər şeyi satıb, üstündən -
Su da içiblər, ay dəli.

Çək köçünü yad düzlərə,
Dərdi sərsəm, şad düzlərə.
Buz dağlardan od düzlərə,
Kefə köçüblər, ay dəli...

Çox da axır gözdən uzaq,
Çeviriblər varaq-varaq...
Bu çayı da səndən qabaq,
Yüz yol keçiblər, ay dəli...

İndi dəli deyilənlərə fərqli yanaşıram. Əcəba, hansımız dəliyik deyə düşünürəm - dünya malından, riyakarlıqdan, ikiüzlülükdən, yarınmaqdan, vicdansızlıqdan... uzaqlaşıb içinə qapılan omu, yoxsa bir qarın yemək üçün, mənsəb, şöhrət, ad-san üçün hər sayaq vicdansızlığa, min dona girməyə, köləliyə məcbur olan bizlərmi?..

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV