adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

GÜNLƏR...

FƏRİDƏ RƏHİMLİ
40503 | 2013-11-09 07:55
Hər anın öz hökmü var. Heç kim bu hökmü dəyişmək iqtidarında deyil. Ömrümüzə yazılan yaxşı günləri də, pis günləri də qəbul edib, qədərimizə baş əyməyə məcburuq. Əvvəlcədən hansı günün həyatımızda necə rol oynayacağını bilməsək də, sonradan yadda qalan hansı günün nə anlam daşıdığını hər dəfə xatırlamağa məcburuq. Unutmadığın, ömrünə həyəcanı ilə, sevinci, üzüntüsü, qəmi ilə həkk olunmuş günləri istəsən də, yaddaşından silmək gücünə malik deyilsən...
Həyatında gözəl, yoxsa bərbad günlərin çoxluq təşkil etdiyi haqda heç vaxt fikirləşməmişdi. Sevdiyi özəl günlər, rəqəmlər vardı və bunlardan biri də 6 noyabr... onların toy günü idi. Güvəndiyi, sevdiyi, onu olduğu kimi qəbul edən və həyatına gəlişi ilə dünyanı al-əlvan rənglərə boyayan insana qovuşduğu gündü 6 noyabr! Günləri bir-birindən xoş keçir, günü-gündən bir-birini daha gözəl anlayır, dünyaya gələn övladları ilə özlərini ən bəxtəvər ailə hesab edirdilər...

Həyatdan umduğumu
Bir haqq bildi, bir də mən.
Dilə də gətirmədim,
Çaşıb danışar birdən.
Ə.Mədətoğlu

6 noyabr - inamla, sevgi ilə süslənmiş, xoşbəxt və qısa ömürlü ailə həyatı həmin ay, həmin gündə də bitdi, düz 6 ildən sonra. Söhbət elədiyi yerdə infarkt qəflətən yaxaladı...
İndi toy günlərinin şirin xəyalıyla ölüm gününün acısını qarışıq yaşayırdı eyni gündə. Həyatının ən xoşbəxt günü ilə ən bədbəxt, üzüntülü, hüznlü günü üst-üstə düşmüşdü və uzun illər bu acını yaşayacaqdı...

Məni uzaqlara çəkən xəyallar
Qəfil öz içimdən alıb apardı.
Mənə yuxu kimi gələn o anlar
Ruhumu quş kimi çalıb apardı.

Dırmaşdım qayaya, sarıldım kola
Əyildim dumantək cığıra, yola.
Şimşəklər ruhumla girib qol-qola
Qəlbimi sinəmdən dəlib apardı.

Sakitcə min oyun oynadı fələk
Bilmədim doğrudu, ya gəlir kələk?
Ruhumu canına köçürən mələk
Bir gün də canımı gəlib apardı...
Ə.Mədətoğlu

Rəqəmlərin insan həyatındakı mistik rolu, əlaqəsi haqda oxumuşdu və bu inancla da toy gününün birinci ilini qeyd edərkən "qızıl toy", "gümüş toy", "brilyant toy"larını xəyal etmişdi. Altı rəqəminin ona daha hansı uğurları gətirəcəyi ümidində idi. Fələk isə öz saydığını sayırdı...
İki il sonra həmin ay, həmin gün məcburi köçkün, yurd itkisinin acısıyla yaşaya bilməyən atası dünyasını dəyişdi.
Bir neçə il sonra çox hörmət bəslədiyi həmkarı həmin ay, həmin gündə dünyasını dəyişəndə isə, artıq bu hadisənin təsadüfdən uzaq olduğunu qəbul etdi və bu aydan qorxmağa başladı. Hər il noyabrın 6-sını sürpriz kimi gözləyirdi.
Yenə 6 noyabr. Dünyadan köçənlərinin ildönümü ilə əlaqədar toplanmış qonaqlarına başı qarışan vaxt telefonuna zəng gəldi. Yenə canına üşütmə gəldi: xeyir olsun, inşallah - düşündü.
Xəbər, gözləmədiyi, amma yaxşı xəbər idi: nəvəsi vaxtından qabaq dünyaya gəlsə də, sağlam idi...
Özünü inandırmağa çalışdı ki, bu gün artıq onun qədəridi və bu gün həm də xoş xəbər gətirə bilər. Artıq içi rahatlıq tapmış və xeyirin də, zərərin də Allahdan gəldiyinə və bundan qaçmaq mümkün olmadığına şübhəsi qalmamışdı.
Onun içində özünün də 6 noyabrda dünyadan köçəcəyinə əminlik vardı. O vaxta qədər isə bəlkə də nə qədər noyabrlar keçəcəkdi... O anlamağa başladı - ölüm həyatda ən böyük itki deyil. Ən böyük itki yaşayarkən ölənlərdir. Həyat sürərkən bu dünyanın sevinc və kədər yükünü, nəşəsini, ağrısını səninlə bölüşə, daşıya bilənlər, səni duyanın, anlayanın varsa, hələ yaşamağa dəyər. Sənə önəm verən, səni həyat yolunda yalqız buraxmayan yaxınların, dostların sənə Allahın mükafatıdır.
Rəqəmlərdənsə qorxmaq yox, sadəcə qədərə hazır olmaq lazımdır - bu gün öləcəkmişsən kimi hazırlaşmaq, heç ölməyəcəksənmiş kimi rahat yaşamaq!

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV