adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

AYI XİDMƏTİ...

FƏRİDƏ RƏHİMLİ
55042 | 2013-11-30 00:17
Neçə gündü bölgələrimizdən xəbərlər gəlir: ayı, canavar, çaqqal, tülkü kəndlərə hücum edib, kəndlinin mal-qarasını, toyuq-cücəsini talayır, qırıb-çatır. Bu xəbəri bütün televiziyaların xəbərlər proqramları dəfələrlə göstərəndən sonra aidiyyatı qurumlardan reaksiya gəldi, biri hökumət və biri də qeyri-hökumət qurumlarından olmaqla, iki nümayəndə telekanala dəvət olundu.
Düzü, neçə gündü eşitdiyim bu xəbər məni bərk narahat etmişdi. Çünki kəndlinin min bir zəhmətlə başa gətirdiyi təsərrüfatının bir gecənin içində məhv olmasının nə demək olduğunu yaxşı bilirəm. Hələ bu xəbərlər doğulduğum, böyüdüyüm, nə zəhmətlər hesabına başa gəldiyi gözlərim önündə olan el-obamdan, kəndimdən gəlirsə.
Füzuli rayonunun Mirzənağlı, Qazaxlar kəndləri İran İslam Respublikası ilə sərhəddə yerləşir və cəbhə zonasının bir addımlığındadır. Oradakı çətinlikləri yalnız orada yaşayanlar bilir. İcra strukturlarının bu ərazidə yaşayanların həyat tərzini yaxşılaşdırmaq üçün çabaları hələ kifayət deyil. Kəndə yol çəkilsə də, marşrut avtobus xətti, ən əsası su problemi tam həll olunmamış qalır.
Kəndli onsuz da zəhmətkeşdi və özü özünə lazımi şəraiti yaradır. Yetər ki, onlara bir ip ucu, bir işıq ucu imkan verilsin. Bu mənada bu kəndlərin camaatı məcburi köçkünlük illərindən sonra yurda dönmələri ilə kənd yenidən canlandı, abadlaşdı, əməksevər camaat kimsədən asılı olmadan hərə öz şəxsi təsərrüfatını qurdu. Onlardan asılı olan tərəfini özləri həll etdilər. Dövlət qurumlarının köməkliyi lazım olan sahələr isə hələ də axsayır. Bu mənada ən böyük çatışmazlıq su problemidir ki, bunun əziyyətini camaat yay-qış çəkir. Bu yaxınlarda aldığım məlumata görə su çox az olduğundan və gündüzlər suvarma məsələsini həll edə bilmədiklərindən bu kəndin adamları gecələr də suvarma işləri ilə məşğul olurlar. Növbəti suvarma işləri zamanı sakinlərdən biri canavarın hücumuna məruz qalmışdı. Yaxınlıqdakı coban itlərinin köməyi ilə güclə canını qurtarmışdı...
Həyətində gözü qarşısında qazını və toyuğunu aparan tülküyə yana-yana baxan qadınsa, bu bəladan qurtarmaq üçün aidiyyatı qurumların heç bir kömək etmədiyini söylədi. Aydın məsələdir ki, aidiyyatı qurumun işi kimsənin həyətində tülkü güdmək deyil. Əvvəllər də çöldə qalan toyuq-cücə tükküyə qismət olurdu. Amma indi bu dözülməz hal alıb. Gecə həyətində gəzən adam həyətin ortasında canavarla rastlaşırsa, bu artıq həmin qurumları narahat etməlidir.
Özü də cəbhə zonasında tez-tez baş verən atışmaların yaxınlığında, hər an düşmən kəşfiyyatının, erməni terrorunun baş verə biləcəyi bir zonada. Burdakı insanlar düşmənləmi vuruşsun, yoxsa canavarlamı? Əslində vuruşma deyərkən özümə də bir az qəribə göründü.
Vuruşmaq deyəndə ilk yada düşən silah olur. Kənd camaatında isə silah yoxdu və olsa belə, bir canavarı öldürənə 450 manat, bir ayını öldürənə isə, 1000 manat məbləğində cərimə tətbiq oluna bilər.
Maraqlıdı, nədən həmişə insan həyatı ucuz olur? Ayıların, qurdların, tülkülərin, çaqqalların cövlan elədiyi bu dünyada insan nə zaman qiymətləndiriləcək?..
Təsəvvür edin ki, bu qanuna əsasən təbii ki, həyətində balaca uşağı oynayarkən canavarla rastlaşan ata, canavara mədəni dildə başa salmaq istəyir ki, get, yoxsa səni öldürə bilərəm!
Canavar da qanunlarımızı bildiyindən uşağı da qoltuğuna vurub gedir... Burda ata ya canavarı öldürməlidi, çox güman ki, bu ya bıçaqla, ya çomaqla olacaq və 450 manat cərimə verəcək, ya da ki, uşağından əl üzməlidi. İllərlə mal-qaranı bəslə, ailənin dolanışığı üçün ona özündən artıq vaxt, qulluq sərf elə və bir gecədə canavarın yemi olsun. Nəysə, çox uzatdım məsələni...
Telekanalda mütəxəssislərin dəvət olunduğunu və bütün bölgələrdən gələn bu xəbərə açıqlama gətirəcəklərini, əlac edəcəklərini elan edəndə düzü, çox sevindim ki, kəndlilərim də, elə o biri rayonlar da taa, bu bəladan qurtuldular... və təsəvvür edirəm ki, kömək gözləyən rayon adamları bu verilişə necə maraqla, ümidlə baxıblar...
Bu qədər gülünc "əlac" eşitməmişdim. Mütəxəssislər vəhşi heyvanların kəndlərə hücumunun səbəbi kimi mal-qaranın sayının həddən çox artmasında, otlaq sahələrinin azalmasında gördülər.
Başqa ölkələrdə vəhşi heyvanların hər il siyahıya alınmasından, onlara helikopterlər vasitəsiylə quduzlaşmaya qarşı vaksinlər vurulmasından, bu zaman hücum edən heyvanın ev hayvanlarını, onların da heyvan sahiblərini yoluxdurmaqdan qorumasından danışdılar, ancaq mətləbə gəlib çıxa bilmədilər. Mən ekran qarşısındakı əlac gözləyən kənd camaatının "mütəxəssislərin" ünvanına nələr dediyini, ürəyindən nələr keçdiyini təsəvvür edirəm...
Deyir darı zəmisinə öküz girir. Ruzi mənbəyi olan zəmidən öküzü necə çıxaraq ki, zəmi tapdanmasın deyə, kənd camaatı baş sındırırlar. Molla deyir: dua oxuyun çıxsın! Oxuyurlar, öküz çıxmır.
Ovçu deyir: güllə ilə vurum! Razılaşmırlar, kəndin yer əkmək üçün istifadə etdiyi öküzü öldürmək olmaz! Ümid ağsaqqala qalır, deyir: yıxın, sürüyün! Mənasını bilənlər bilir, bilməyənlər üçün izah edim: deməli öküzü yıxmaq üçün kənd camaatı tapdayaraq girməliydi zəmiyə və öküzü sürüyərkən də zəmidən əsər qalmayacaqdı...
Dəvət olunmuş mütəxəssislər deyəsən o ağsaqqaldan dərs almışdılar...
Zəhmətkeş kənd camaatı, əlac yenə özünüzə qaldı! İnsanlar sizi anlamadılar, yenə birtəhər canavarla, ayıyla dil tapın!!!

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV