adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bayramınız mübarək

KAMALƏ ABİYEVA
63480 | 2014-03-08 00:55
Çox demişik, eşitmişik ki, dahilərin, tarixi şəxsiyyətlərin əksəriyyəti kişilərdi. Bunu müxtəlif səbəblərlə, məsələn, kişilər daha ağıllıdı, beyinlərində qırışlar çoxdu və bu kimi başqa səbəblərlə izah edənlər də olur. Təskinlik üçün - hər halda mən belə düşünürəm - "onları dünyaya gətirən qadınlardı" deyirlər. Yəni mən də bu haqda düşünmüşəm arada. Və belə qənaətə gəlmişəm: məsələ dünyaya gətirməkdə deyil əslində.
Əslində o səvviyəyə çatdırmaqdı. Məsələn, son vaxtlarda Obamayla bağlı maraqlı əhvalat hər kəsə məlumdu yəqin: Obamayla xanımı bir restorana gedib. Ofisiantlardan biri xanımın uşaqlıq dostu olub və çox səmimi görüşüblər. Xanım prezident olan həyat yoldaşına oğlanın nə vaxtsa onu sevdiyini söyləyib. Obama "yaxşı ki, onunla ailə qurmamısan, yoxsa indi prezident arvadı olmazdın".
"Qadın nə desə yaxşıdı: Yox, mən ona getsəydim, yenə də prezident xanımı olardım. Çünki onda o, prezident olacaqdı". Bax belə. Yəni İstənilən qadın-ana, baçı, həyat yoldaşı, qohum, dost kişini zirvədə görmək istəyir, ona dayaq olur, ruhlandırır, qulluğunda dayanır...g Bəs kişilər? Məsələn, bizdə qadın böyük amallarla yaşayırsa, seçilmək istəyirsə, nə baş verir? Hökmən ona mane olurlar: evdəki kişilər, yəni ata, qardaş, həyat yoldaşı.
Əgər onlar olmasa, hökmən ətrafdakılar. Qadına dəstək olanda o yazıçı da, alim də, deputat da, nazir də, ola bilər və olur da. Üstəgəl məişət qayğılarının heç olmasa yarısı kişinin öhdəsində olsa, dahilərin çoxu qadınlar olar. Diqqətli olsaq məktəbdə yaxşı oxuyan, üzağardan, daha məsuliyyətli olan, daha çox və daha böyük arzularla yaşayan əksərən qızlardı. Amma sonra? Hə, bu sonra kişilərlə bağlı olduğu üçün qızlarımızın arzularının çoxu xəyal olaraq qalır. Məktəbdə işləyənlər də elə qadınlardı.
Heç bu kişi atalar valideyn kimi də məktəbdə görünmürlər. Niyə? Çox ağırdı - çətindi ona görə. Bir polis rəisi olub onun-bunun haqqını tapdalamağı qadınlar baçarmaz. Qadınlar qayğı çəkər, əzab çəkər, dözər, sevər. İndi bunları deməkdə məqsədim odur ki, ay KİŞİLƏR, bütün səlahiyyətləri qadınlara verin. Çünki dünyanı qadınlar xilas edə bilər.
Məsələn, mən düşünürəm ki, idarəçilikdə, siyasətdə nə qədər qadınlar üstünlük təşkil etsə, bu qədər çəkişmələr, müharibələr olmaz. Təbiiki bunu kişi eqosu bacarmaz. Onda heç olmasa həyatınızda, yanınızda, ətrafınızda olan qadınları sevin, sevindirin, dəyərləndirin, hər gününü bayrama döndərin, onların qarşısında kötük olmayın, arxa, dayaq olun. Onları dözümə sürükləməyin, yaşadın. Siz bunu bacararsız! Məhz bunu bacarın, ya da. Çünki qadınlar hər an sevgiyə möhtacdılar. Çünki onların sevinci sizin bayramınızdı. Çünki:

Məni küləklərə sovuran birini yox,
Məni küləklərdən qoruyan birini,
Məni qayalara çırpan birini yox,
Mənimçün qaya olacaq birini sevərim.
Gözlərimdən su olub axanı yox,
gözlərimə dolanı,
qəlbimi bilinməzlərə aparanı yox,
qəlbimdə qalanı, qəlbimlə olanı sevərim.
Məni çiçək kimi dərəni yox,
Məni cicək kimi görəni sevərim.
Mənə defalarca "sevirəm" deyəni yox,
Məni birdəfəlik sevəni sevərim.

Kəmalə ABİYEVA

TƏQVİM / ARXİV