adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YOLLARI QAYITMAQ OLMUR

VAQİF YUSİFLİ
90906 | 2012-03-17 08:06
Solum olub, sağım olub,
   
   Çıxmaq üçün dağım olub.
   
   Enmək üçün enişimg
   
   Bu yolları getmək üçün
   
   Görən kimə gənəşim?!
   
   
   
   Suyun da zirvəsi olur,
   
   Hər dəryanın öz dibi.
   
   Çiçək də yol gedir, solur,
   
   Dərinlik də fikir kimi.
   
   
   
   İnsan gərəkg
   
   Uşaqlıqdan ayıq ola,
   
   Sonradan ayılmaq olmur.
   
   Bu yollar getmək üçündür,
   
   Yolları qayıtmaq olmur.
   
   
   
   Bu şeir Əlislam Bilalındır. Ömür yolu haqqında, bu yolun haçansa qırılacağı bir an, bir gün haqqındadır. Əlislam bir neçə il öncə o yolun sonuna çatdı və bir də geri qayıtmadı.
   
   Bilmirəm, cəmi iki şeirlər kitabı çıxan və sağlığında az-çox tanınan Əlislamı ailəsindən başqa kimsə yad edəcəkmi? Martın 5-də onun 60 yaşı tamam olur. Əlislam Bilal altmış yaşını görmədi. İstəyirəm bu yazıda Əlislamın şair ömrünü yaşadacaq şeirlərindən söz açım.Əvvəlcə qısa bir avtobioqrafik məlumat:
   
   Əlislam Bilal oğlu Səmədov 1952-ci ildə Kürdəmirin Şıxımlı kəndində dünyaya göz açıb. Köhnəbazar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Sonra gəmi təmiri zavodunda klub müdiri, mədəniyyət sarayında müdir, "Maarif" nəşriyyatında böyük korrektor, "İnsan hüquqları" və "Vaxt" qəzeti redaksiyalarında müxbir, redaktor vəzifələrində çalışıb. "Mədəniyyət" qəzetində əməkdaşlıq edib. Bədii yaradıcılıqla 70-ci illərdən məşğul idi. 1983-cü ildə "İlahi səslər" kitabı işıq üzü görüb. Onun haqqında bildiklərim budur. Bu məlumatı da "XX əsr Azərbaycan yazıçıları ensiklopedik məlumat kitabı"ndan götürmüşəm.
   
   Əlislam Bilalı tanıyırdım, təbii ki, bir şair kimi. Dost kimi yox. Amma indi şeirlərini oxuyuram və fikirləşirəm ki, gözəl şeirlər müəllifi ilə gərək dost olaydım. Hərçənd ki, bir neçə dəfə görüşmüşük, oturub söhbət etmişik, çay içmişik.
   
   Onun 32 il öncə yazdığı bir şeiri oxuyuram. Bu şeirdə Ə.Bilal ömrünün müəyyən cizgiləri öz əksini tapıb. Hiss olunur ki, Əlislam sıxıntı içində yaşayıb, mənəvi ağrılar içində qovrulub, amma bunların hamısını bir şair kimi içinə çökdürə bilib. Şeirdə şair ömrü ilə bönövşə ömrü tən tutulur.
   
   
   
   Nə vaxt qurtaracaq şüşə qəlblərin
   
   Daşlara toxunub çiliklənməsi?!
   
   Nə vaxt qurtaracaq tər bənövşənin
   
   Güllərdən ayrıca çiçəklənməsi.
   
   
   
   Bəs niyə bənövşə gül bazarında
   
   Çiçəklərlə birgə dərilməyibdir?
   
   Bəlkə də bar vaxtı gül bazarında
   
   Qiyməti yerində verilməyibdir.
   
   
   
   Elə bil bu yerdə yad bir qəribdir,
   
   Boynu də əyilib çox yandığından.
   
   Bənövşə elə bil Əli Kərimdir,
   
   Tez qaçıb gizlənir utandığından.
   
   
   
   Bu şeirdə iki misra var ki ("Bənövşə elə bil Əli Kərimdir, tez qaçıb gizlənər utandığından"), onu ancaq şair deyə bilər.
   
   Şeirlərindən görünür ki, Əlislam Bilal müasiri olduğu, özünə ustad sandığı şairləri çox sevirmiş. Ustad şairimiz Məmməd Araza həsr elədiyi "Bir kitab var" şeirində də bunu hiss etdirir. Deyir ki: "Bu kitabı gözlərimlə vərəqləyirəm, Bir şairin Vətən hissi sığılıb bura".
   
   Əlislamın şeirlərini mövzuca qruplaşdırmaq istəməzdim. Vətəndən də yazıb, ona məhəbbətini izhar edib, təbiətin gözəlliklərindən və ayrı-ayrı fəsillərinin, çaylarının, sularının, ağaclarının onda oyatdığı təsirdən də. Ana mehrindən, ata ülfətindən də yazıb, ömrün keşməkeşlərindən, ya da sevinclərindən.. Yola döşənmiş daşlardan da,, Bir payız yarpağından da.Amma hər bir şeirində çalışıb ki, nəsə bir söz desin.
   
   "Bir payız yarpağı" şeirində deyir ki, sevgililər bir bağda görüşürlər, həzin küləklər əsir, baharda ayrılanlar bax, bu zaman, bu payız yarpaqlarının uzanan əlləri altında barışırlar.
   
   
   
   Hər yarpaq dalınca uzanar əlim,
   
   Gizli bir həsrətlə döyünər ürək.
   
   Başına qonacaq hansı gözəlin,
   
   Bir payız yarpağı şahlıq quşu tək.
   
   
   
   "Yumruq yetimlər" şeiri var Əlislamın və o şeirdə insan gücsüzlüyünün hansı andasa gücə, qüvvəyə çevriləcəyini, bir yetim yumruğunda ədalətsizliyi, haqsızlığı boğa biləcəyini israr edir.
   
   
   
   Hələm-hələm açılmır yetimin əli,
   
   Hələm-hələm yumulmur yetimin əli.
   
   Əsəbindən yumulur yetimin əli,
   
   Uibində yumulur yetimin əli.
   
   Qalxsa qırmızı boyayacaq
   
   hər yanı yetim yumruqlar.
   
   Qalxsa tikanlı kirpi kimi,
   
   ayıldacaq dünyanı
   
   yetim yumruqlar
   
   yumruq yetimlər!
   
   
   
   Əlislamın şeirlərində bədii təsvir vasitələrinin əlvanlığı da diqqəti cəlb edir.Məsələn, o bir şeirində yazır ki: "Gəzir təkbaşına Ay Məcnun kimi Gecənin gözləri yaman qaradır. Ürəyim çiynimdə bir xurcun kimi, Yaxşı ki, bilirəm yolum haradır" . Dörd misrada iki təşbeh, bir istiarə (metafora) işlənib, hamısı da orijinaldır. İndi bu şeirin axarına düşək, görək ürəyini çiynində xurcun kimi gəzdirən şair hara gedir, yolu hayanadır?
   
   
   
   Dostlarım xurcunun arxa gözündə,
   
   Düşmənim xurcunun qabaq gözündə.
   
   Yaxşı ki, xurcunun o arxa gözü,
   
   Yaxşı ki, xurcunun o ağır gözü,
   
   Basıb kürəyimdən aparır məni.
   
   Nə yaxşı xurcunun qabaq gözündə,
   
   O xəstə gözündə, dabaq gözündə
   
   Ancaq əyrilərim toplanıb mənim.
   
   
   
   Şeirin sonrakı misralarında "xurcunun qabaq gözündəki" namərdlərin, həmzələrin əməllərindən söz açılır.
   
   Alim Qasımova həsr etdiyi şeir də gözəldir: "Oxuyanda təzədən doğulur, səsdən çıxır. Ruhunu Vətəndən alır, çörəyi yaddan çıxır. Simurq quşu tək pərvazlanır, oddan çıxır".
   
   Onun "göylərdə mələk idim" kitabına ön söz yazan şair dostu Mübariz Məsimoğlu yazır ki: "Əlislam Bilalın deyim tərzi özünəməxsusdur. Müxtəlif poetik üsullardan istifadə edir. İstər sərbəst, istərsə də heca şeirlərində bol-bol cinaslı qafiyələrə üstünlük verir. Deyim tərzi ürəyə yatımlıdır". Mən də bu fikirlə razıyam. Andaq əlavə edim ki, Əlislamın şeirlərində bütün bu poetik üsullar fikrin daha tutumlu, daha dolğun səslənməsinə kömək edir. Yəni onun şeirlərində fikirlə hiss bir-birini tamamlayır.
   
   O, ənənəvi mövzularda da çalışırdı təzə söz desin. Məsələn, "Dünya" qoşmasında olduğu kimi:
   
   
   
   Ayları illərə calayıb gedir,
   
   Görəsən, tələsir hayana dünya?!
   
   Namərdi güldürür, mərdi incidir,
   
   Çətin ki yetişə həyana dünya.
   
   
   
   Dağ idim, əridim, yamac kimiyəm,
   
   Dərdin sığalından tumac kimiyəm,
   
   Elə xırdalandım, umac kimiyəm,
   
   Çəkər ayağımdan ha yana dünya.
   
   
   
   Azalıb taqətim,çoxalıb yüküm,
   
   Bir sevinc olmadı ömrümü büküm,
   
   Daha bundan sonra tərpənməz tüküm,
   
   Od tuta, alışa, ha yana dünya.
   
   
   
   Əlislamın sevgi şeirlərində də təzəliklər çoxdur. Bu şeirlərdə yaşanılan, duyulan hisslər səni özünə çəkir. "Sevirəm" sözünü demək çox asandır, ancaq "Mən səni heç zaman sevə bilmərəm" etirafını səsləndirmək çətindir. "Könlümü çəkməyib özünə heç vaxt, Nə sənin həsrətin, nə sənin özün, Atıb həsrətini bir qara gözün, Mən səni heç zaman sevə bilmərəm".
   
   Bu kiçik yazıda mən mərhum deməyə dilim gəlmədiyi Əlislam Bilalın bir neçə şeirindən söz açdım. Neyləmək olar, "ölüm haqdır, qaçmaq olmaz əcəldən". Amma ölümdən də güclü sənət var və Əlislamı yaşadan da şeirləri olacaq, dostlarının xatirəsi olacaq, övladlarının o nəsli davam etdirməsi olacaq. Sözümü Əlislamın bu şeiri ilə bitirmək istəyirəm:
   
   
   
   Nəğmən sevgi üstdə avazlanırsa,
   
   Səsinin sehrində o nazlanırsa,
   
   Bir gözəl eşqinlə pərvazlanırsa,
   
   Yapış tikan kimi, iylə gül kimi.
   
   
   
   Ayaqlar altında torpaq ağlasa,
   
   Qəlbini vətənin dağı dağlasa,
   
   Günəşin üzünü duman bağlasa,
   
   Yumul yumruq kimi, açıl əl kimi.
   
   
   
   Kədər də, sevinc də gəlib keçəndi,
   
   Sevinc göyərdəndi, kədər biçəndi,
   
   Hərə bir libasda gəlin köçəedi,
   
   Ölsən, kəfəni də geyin tül kimi.
   
   
   
   Vursa da hər rəngi min bir budağa,
   
   Yç fəsil pay verər zaman yarpağa,
   
   Kök at palıd kimi, əyil torpağa,
   
   Qocal zaman kimi, yaşa el kimi.

TƏQVİM / ARXİV