adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İNDİ DƏ DÜŞMƏNİ BÖLÜŞƏ BİLMİRİK...

FƏRİDƏ RƏHİMLİ
82690 | 2014-04-12 09:48
Bəlkə Monte Melkonyan əjdaha imiş, yeddi başı varmış və bizimkilər də haqlıdı - hərəsi bir başını kəsib?
Son günlər "Azərbaycan Bayrağı" ordenli keçmiş döyüşçümüz İbad Hüseynov haqqında tənqidi yazılar, müzakirələr səngimək bilmir. Düzü, İbad Hüseynov haqqında bir neçə yazının müəllifi, onu tanıyan biri kimi bu, məni çox məyus etdi. Bir insanın, bir döyüşçünün, bir vətəndaşın haqqının tapdanması həmişə yolverilməzdir. Bu əsaslı-əsassız, yerli- yersiz ittihamlarla baş verdikdə isə daha da dözülməz olur.
Təqribən on il bundan öncə, hələ İbad Hüseynov qəhrəman kimi xalqımıza bu qədər geniş təqdim olunmamışdan əvvəl onun döyüş yolu haqda məlumat alıb, bu döyüşçünü şəxsən tanımaq istəyi keçdi içimdən və onun ofisini soraqlayıb görüşünə getdim. Keçmiş döyüşçülərdən ibarət bir neçə gənclə iş quraraq evinin güzəranını qazanırdı. İşçiləri ilə qardaş kimi münasibəti nəzərimdən qaçmadı. Səbəbini isə belə izah etdi: Biz hər cür çətinliklə üz-üzə gələrək, bir çox sınaqlardan keçərək qardaşlaşdıq. O imtahandan çıxan insanlar çətin ki, bir-birinə xəyanət edə bilsin. Biz artıq ayrılmaz dostlarıq.
Ondan beynəlxalq terrorçu, Qaradağlı, Xocalı soyqırımlarının müəllifi, ermənilərin milli qəhrəman elan edib arxalandıqları Monte Melkonyan haqda soruşdum. O, hadisəni təfsilatı ilə danışdı və sübut kimi düşmənin üstündən götürdüyü qələmi, bıçağı, kəməri göstərdi. Danışdıqca o, sanki həmin ana qayıdırdı və sifət cizgilərinin dəyişməsindən onu Montenin başını kəsdiyi yerdə "olduğunu" anladım... Onu da deyim ki, ağır döyüş yolu, İbadın sifətindən məsum uşaq sadəlövhlüyünü silə bilməyib. Məncə, onun söhbət əsnasında nəyisə düzgün olmayan, uydurulmuş şəkildə söyləməsi o dəqiqə hiss olunardı...
"Bu millət Allahın möcüzəsidi..." Şair Qürbətin bu, ürəyimə yatan misrasını millətim tez-tez xatırladır mənə. Hansı sahədə olursa olsun, bir az qabağa gedənimizi vurmağa çalışanlar o dəqiqə də yanında hazır olur... Erməni, qatı cinayətkarını qəhrəman elan etdiyi halda, bizimkilərin döyüşdə həyatını risk altına qoyaraq sağlamlığını qurban vermiş, ölümlə üz-üzə qalan, bir ailədən beş oğulun döyüşdüyünü gözardı edərək kampaniyaya başlamasını anlaya bilmirəm. Monte Melkonyanı ermənilər bu qədər təbliğ etməmişdilər ki, bizimkilər etdilər. Bir neçə ildi davam edən bu mübahisə bitmək bilmir ki, bilmir. Bəlkə Montenin doğmaları da onu unudublar, bizimkilər onu "yaşadır" (Çünki insan xatırlandıqca yaşayır, deyirlər). Əvvəl Şirin Mirzəyevin döyüşçülərinin onu məhv etdiyi yazıldı, sitatlar, sübutlar... Sonra 708-ci briqadanın məhv etdiyi elan edildi... xatırlamadığım hələ neçələri var, olacaq, bilmirəm. Ay gözəl millətim, sizə nə lazımdı - qızlarımızı, qadınlarımızı təcavüzlə təhqir edən, qocalarımızı, uşaqlarımızı amansız işgəncələrə məruz qoyan, həyatdan kam almamış gənclərimizi dığaların qəbri üstə qurban kəsən düşmənin məhv edilməsi, deyilmi? O da baş verdi! Əsas olan da budur - onu kimin öldürməsi arxa plana keçməlidi və bunu sübut etmək üçün çox inkişaf etmiş elm, texnika, ekspertiza var. İctimaiyyətdə bu qədər çaş-başlıq yaratmaq, döyüşçünü gözdən salmağa çalışmaq, məyus etmək o şəhid ruhların da, döyüşdə əməyi olan hər kəsin də ziyanınadır. Həmişə eyni fikirdəyəm ki, o ölüm-itim anında bircə günlüyə də olsa döyüşdə olan, vətənin dar günündə onu müdafiəyə çalışan hər bir eloğlumuz qəhrəmandı. Bizə monte dığasını məhv etmək lazımdı, o da oldu. Əl çəkin artıq, onu kim öldürdü, müzakirəsindən! Ayıbdı vallah, Türk dünyasının - baş nazir Ərdoğanın, xarici işlər naziri Davudoğlunun hörmətlə qarşılayıb ölkəsinə təqdim etdiyi, nümunə göstərdiyi, Türk Qazilər Birliyinin sədri seçdiyi qəhrəmanımıza qarşı özümüzünkülərin qısqanc münasibəti anlaşılmazdı. Dünya hamımıza çatacaq qədər böyükdü. Başqasının paxıllığını çəkib, özünə problem etməkdənsə, özün üçün nəsə et, heç olmasa öz sadə həyatını rahat vicdanla, sakit ürəklə yaşa!
Əslində İbad Hüseynovun söylədiyinə görə, o, heç vaxt Milli Qəhrəman statusu almaq haqqında heç yerə müraciət etməyib. Etmiş olsaydı da belə, bu, Monte Melkonyansız da ola bilərdi. Onun xalqımız qarşısındakı xidmətlərinin Milli Qəhrəman səviyyəsində qiymətləndirilməsinin kimə zərəri ola bilər ki...
Deyək ki, İbad Hüseynov Monte dığasını öldürməyib. Bəs onun Qarabağ döyüşündəki kəşfiyyat fəaliyyətini necə inkar edəcəksiniz? Axı onun qəhrəmanlığını təsdiq edən yüzlərlə sübutlar var və bunlardan ən böyüyü də ümummulli liderimizin onun döyüşdüyü cəbhədə olarkən döyüş dostlarının söylədikləri və ulu öndərin bunu yerindəcə qiymətləndirməsidir! İbad montesiz də qəhrəmandır!!! Bunu döyüşdə komandiri olmuş və hazırda sağ-salamat olan insan, döyüş yoldaşları, hətta onu məhv edərkən yanında olmuş döyüşçü də təsdiq edir(Onlarla söhbət etmişəm-F.R).
Son zamanlar İbad Hüseynovun haqqında filmlərin, kliplərin, döyüş yolunu işıqlandıran yazıların, mahnıların çox olması bir az qıcıq yaratmış ola bilər bir çox insanlarda. Amma olsun! Özünü düşünmədən düşməndən intiqam almaq hərisliyi ilə döyüşə atılan gəncin əməyi niyə də qiymətləndirilməsin? Siz də özünüzü, bildiyiniz, tanıdığınız qəhrəmanları təbliğ edin. Biz bundan heç nə itirmiş olmarıq, əksinə bu, gənclərə də bir nümunə olur. Daha uşaqlar dastanlardakı, nağıllardakı qəhrəmanlara, qəhrəmanlıqlara inanmırlar. Onlara canlı əfsanəni tanıdıb inandırmaq, vətənpərvər ruh yaratmaq niyə kimlərisə narahat edir?
"Arşın mal alan" filmində söylənən fikrə əsasən düşünürəm ki, kaş monte dığasının yeddi başı olaydı - birini İbad, sonrakıları da başqa, indi montenin baş üstündə dava salanlar kəsəydi və bununla da bu mübahisə bitmiş olardı...
P.S. Düşmən də bu "Kim öldürdü?" mübahisəsindən istifadə edib, elan edib ki, Monte Melkumyan öz yaxınlarının yanında ölüb. Və qondarma dəfn mərasimi də təşkil edərək internet saytlarına yerləşdiriblər...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV