adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İSLAM NƏ DEYİR? - 2

SEYFƏDDİN ALTAYLI
87082 | 2014-05-03 02:57
Bununla üçüncü dəfədir ki, İslam dini ilə bağlı mülahizələrimi əziz oxucularımla bölüşürəm. Xahiş edirəm dinimizlə bağlı yazdıqlarımdan mənim dinə qarşı olduğum fikrinə düşülməsin. Sadəcə olaraq dinimizin nə qədər mütərəqqi, elmə üstünlük verən bir din olduğunu, Müsəlman olan şəxslərin çiyninə yüklədiyi böyük məsuliyyəti idrak etməsinin vacib bir məsələ olduğunu vurğulamaq istəyirəm vəssalam.
On birinci əsrin 1095-ci ilində başlayan Səlib Yürüşləri 1270 ilinə kimi 9 dəfə təkrar olundu. Yürüşlərin yeganə məqsədi bizi Anadolu torpaqlarından qovub çıxarmaq, Anadolunun, Orta və Yaxın Şərqin strateji nöqtələrini ələ keçirmək, Müsəlman dünyasına ağır zərbə vurmaqdı, daha düzü İslamı təbliğ olunduğu yerdə boğmaqdı (bu strateji indi də qüvvədədir). Təbii olaraq o vaxt İslam aləminin yeganə gücü biz Türklər idik.
Səlib Yürüşlərinin təşkilatçısı Roma İmperiyası, yəni indiki İtaliya idi və onlar Papalıqla xristiyanlığı öz mənafeləri üçün vasitəyə çevirmişdilər. Roma İmperiyasını ilk öncə Fransa dəstəklədi, onlara Almaniya və İngiltərə qoşuldu. Yəni Səlib yürüşlərinin əsas təşkilatçısı və aparıcıları bu dörd dövlət idi, digər Avropa xalqları isə, qayğanaqdan pay ummaq fikriylə onlara qoşulmuşdular.
Həssasiyyətə baxın ki, Roma İmperiyasının o vaxtlar Anadoluya yolladığı casusların hazırladıqları arayışlar İtaliya tərəfindən aradan min il ötəndən sonra, 2000-ci ildə dünya ictimaiyyətinə təqdim edildi. Ondan sonrakı vaxtlarda yolladıqları casusların hazırladıqları arayışlar isə hələ də dövlət arxivlərində üstüörtülü şəkildə saxlanılır. İngiltərə, Fransa, Almaniya və digərləri də onlardan geri qalmır. Onlar elə, biz belə...
Sözün burasında, müsəlmanlarla xristiyanlar arasındakı mentalitet fərqini vurğulamaq istəyirəm. Gəlin Səlib Yürüşlərinin təşkilatçısı və aparıcısı olan dövlətlərin sadəcə olaraq avtomotiv sahəsində yaratdıqları tanınmış markalara nəzər yetirək: İtaliya Fərrari, Fiat, Lombargini, Masəratti adlı maşın markalarını yaradıb. Fransa Renault, Citroen, Peugəot; İngiltərə Range Rover, Rolls-Royce, Jaguar; Almaniya Mercedes Benz, BMW, Audi, Wolksvagen, Porsche kimi dünya miqyasında bilinən, satın alınan markalar yaradıb. Bu dövlətlərin digər sahələrdəki markalarını da hamı bilir və tanıyır, sonra onların tamamının nüvə silahı, müasir tankları, qırıcı təyyarələri və nələri, nələri var. Gəlin görək hansı Müsəlman dövlətinin özünün ixtira etdiyi bir roketi, ağır silahı, tankı, qırıcı təyyarəsi, həlikopteri, patenti özünün olan bir maşını varə Nəinki maşın, saldığımız yollardakı hərəkəti, qayda-qanunu tənzimləyən işıqları belə hələ də özümüz düzəldə bilmirik, onları da "gavur" dediyimiz ölkələrdən satın alırıq. Kəndçimiz, fəhləmiz il uzunu işləyir qazancı üç-beş min pul olur, elin oğlu cibimizdə gəzdirdiyimiz ünsiyyət vasitəsi olan telefonların beşini-onunu satanda bir kəndçi ailəsinin illik qazancından daha artıq pul qazanır.
Dəmirin bir tonu uzaq başı min dollardır, heç o qədər də deyil. Gavur dediyimiz bu dövlətlər bir-iki ton dəmiri nail olduqları elm vasitəsi ilə yaratdıqları texnolojilərlə elə bir formaya salırlar ki, axırda onu bizə yüz-iki yüz-üç yüz min dollara, hətta daha artığına da sırıyırlar. Biz də həmin maşınlara minib ətrafa təpədən boylanıb özümüzü div hesab edirik, çünki ətək-ətək pul töküb o boydakı zırpı vasitələrə yiyələnmişik... Evimizdə işlətdiyimiz soyuducudan tutmuş tozsorana, ətçəkmə maşınından, paltaryuyana, özümüzü, vətənimizi qorumaq üçün əsgərlərimizin, polislərimizin əlinə verdiyimiz silahlardan qırıcı təyyarələrimizə kimi hamısı gavur patentlidir.
Ancaq xanımlar və bəylər, bunda çatışmayan bir cəhət var. Məncə biz İslam dininin boynumuza yüklədiyi məsuliyətə əməl etməmişik, etmirik. Etmədiyimizə görə də min ilə yaxın bir zamandır, Güneylilər demişkən başımızı qovzayan kimi xristiyanlar boynumuzdan basıp başımızı zibilə quylayırlar, ölkələrimizdə istədikləri kimi at oynadıblar, oynadırlar.
Rus gəlib torpaqlarımızı işğal edib dünənki nökərlərimizə verir və bizə deyir ki, mənə filan-filan şeyləri ver torpaqlarını sənə qaytarım. Axı bir vaxtlar bu rusların ulu babaları, babalarımızın qaşları çatılanda qorxusundan özünü batırırdı, babalarımıza hər il bac verirdi. Amerikalılar, okeanın o tayından səslənib bizə hədə-qorxu gəlir. İlin müəyyən günlərində gözümüzü onların prezidentinin dodaqlarına zilləyib ürəyimiz uçuna-uçuna qalırıq ki, görəsən filan məsələ üçün nə deyəcək! İngilis, okeanın sahilindən qaşının birini qaldırıb deyir ki, yer altı sərvətlərinin istismarını mənə verməlisən yoxsa ölkəni çaxnaşmanın caynağına tullayaram. PKK terror təşkilatını yaratdıraraq dəstəkləyib, üstümüzə qısqırtdıqları kimi.
Gavur dediyimiz dövlətlər bunlarla da kifayətlənmir, gəlib gözümüz baxa-baxa müqəddəs məkanlarımızı təhqir edir, din qardaşlarımızı anadan üryan soyundurub işgəncə edir, dindaşımız ərəblərin namusuna toxunur, ancaq biz başımızı qaldırıb, "ay gavur mənim dindaşıma bu cür işgəncələri və bəşərə yaraşmayan əməlləri etmə" deyə bilmirik, çünki o boyda gücümüz-qüdrətimiz yoxdur. Yüz illərdir itirə-itirə gəlmişik, itirə-itirə də gedirik..
Xocalı Soyqırımında da bax o səbəbə görə cınqırımızı çıxara bilmədik...
Ərəblər ötən əsrin başlarında gavur dediyimiz İngilisin qızıllarını alıb bizi kürəyimizin tən ortasından xəncərləsələr də şəxsən onların təhqir olunmağına İslam dininə inanmış bir şəxs kimi dözə bilmirəm, bəşər olaraq ürəyim ağrıyır. Dünənki nökərlərimizin, rusun işğal edib onlara təhvil verdiyi torpaqlarımızın üstündə gəzib oraları murdarlamasına tab gətirə bilmirəm.
Bir vaxtlar ulu babalarımızın qarşısında ardıcıl şəkildə məğlub olan rus xalqının çarı Piyotr, "məğlub ola-ola qalib gəlməsini öyrənəcəyik" demişdi. Elə də elədilər və qalib gəlməyi öyrəndilər. İndiki çağda Piyotru, Putin əvəz edir. Dədə-baba torpağımız Krımı Ukraynanın əlindən qamarlayıb aldı, dilimizi də tərpədə bilmədik; eynilə 1944-cü ildə Sibirin Buzlu Cəhənnəminə sürüldükləri vaxtdakı kimi. Putin bununla kifayətlənmir, indi də gözünü keçmiş Sovetlər Birliyinin sərhədlərini bərpa etməyə tikib.
Bəs bizim gözümüz hara zillənib?..
Bəs biz haçan qalib gəlməyi öyrənəcəyik. Sabahkı nəsillərimizi hansı əqidə ilə silahlandırırıq, onların beyinlərinə hansı elmi yeridirik. Görəsən bizdən də Isaac Nəwton, Johannes Kepler kimi elmi kəşflər edən dahilər çıxacaqdı?!
Nəwton bir kəndçi balasıydı və İngilis hökumətinin məktəbləri o cür bir dahinin yetişməsinə imkan yaratdı. Türk cümhuriyyətlərində indinin özündə çağdaş Nəsrəddin Tusilər, Həzərfan əhməd Çələbilər, İbni Sinalar, Mimar Sinanlar, Farabilər yetirəcək təhsil qurumları varə! Biz də çağdaş Newtonlar yetirə biləcəyik görən???
Birinci və İkinci Dünya Müharibələrində yerlə yeksan olan ölkələrini yenidən quraraq dünyanı çaş-baş salan Almaniya 1960-cı illərdən sonra gəlib Türkiyədən fəhlə seçib apardı. Dünyada 630 il ağalıq etmiş Osmanlı Dövlətinin yerində yaranan Türkiyə Cümhuriyyətinin oğulları və qızları Almaniyaya axın-axın gedərək onlara nökərçilik etdilər, dövlət adamlarımız da onların fəhləlik edib Türkiyəyə yolladıqları pullarla illər uzunu fəxr etdilər, sevindilər. Nəcip Fazil Qısakürək, "İş arayan bir millət, diyar diyar göçəbə" deyərək tarixi nökərliyimizi dilə gətirərkən haqsız deyildi. Johannes Kepleri yetirən, Mercedesi, Audini, BMW-ni, Leopard tanklarını və bahalı maşınlarımızla şütüdüyümüz yollarda get-gəli tənzimləyən işıqları nə bilim nəyi-nəyi buraxan Almaniya bugün ildə bir trilyon dollardan artıq ixracat gerçəkləşdirir, elmi və texnoloji sahədə ilbə il irəli gedir.
Bəs Səlcuqlu, Osmanlı kimi imperiyaların mirasçısı olan bizəəə Elmi və texnoloji sahədə hansı ixtiralara nail olduqə Bəli olmuşuq, bizim də böyük ixtiralarımız, nailiyyətlərimiz vardır!!! Türk və Müsəlman olaraq xristiyanlardan daha böyük işlər görür, dünyada namımızı yeridirik..! Oğurluqda, dövlətin malını mənimsəməkdə, gopçuluqda, fırıldaqçılıqda, yerlibazlıqda, dua yazıb pozmaqda, cadugərlikdə, qadını təhqirdə, onu döyüb-öldürməkdə vallah bizə çatan yoxdur.
Doğrudan da İslam dininə Quranın hökmləri istiqamətində qulluq edirik?
Bəli, dinçiyik, ancaq hələ dindar ola bilməmişik, müsəlmançılığa yox ayrı şeylərə qulluq edirik...
Haçan elmimizi və texnolojimizi dünyanın ən irəli səviyyəsinə çıxardıq, bax onda əsl müsəlman olacayıq dadaş...

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV