adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Həmrəylik lazım deyil?

KAMALƏ ABİYEVA
60676 | 2014-05-03 04:21
May ayını çox sevərdim. Ayların ən mehribanıydı mənimçün.Ən çox sevdiyim, ətriylə, gözəlliyiylə güllərin şahı hesab elədiyim,il uzunu həsrət yaşadan yasəmən də mayda olur ,bəlkə bu da səbəbdi. Bəlkə həvəslə 1maya ,sonra 9 maya hazırllaşmağımız idi səbəblərdən biri. Hər ikisi bayram idi. İndi bu bayramları əvvəlki kimi qeyd eləmirik . 9 mayda müəyyən tədbirlər olsa da 1 may hiss olunmur.Yəqin daha zəhmətkeş deyilik, ya da həmrəy deyilik.Ya da həmrəylik lazım deyil.Məndən olsa bu bayramı xüsusi qeyd edərdik.Nə gözəl olardı:bütün insanlar zəhmətkeş və həmrəy olardı.Dünya da bayram edərdi.Həmrəy və zəhmətkeş olmaq çox gözəldi əslində.Təəssüf ki, bunu bacarmırıq.Amma bir vaxtlar əlimizdə gül-çiçək, rəngbərəng şarlar nümayişə çıxardıq.Hamı sevinərdi.Üzlərdə təbəssüm olardı. Mən də sevinərdim hədsiz.Bəlkə əslində dünya insanlarının heç vaxt həmrəy olmadıqlarını anlamırdım. Bəlkə anlayırdım və mümkünsüz olanın bir gün də olsa mümkün olduğuna inanmaq istəyirdim? Bilmirəm,yəni xatırlamıram. Amma o günlərin sevincini xatırlayıram. Həm də daha çox 9 mayı xatırlayıram. O ərəfədə ,adətən, müharibə mövzusunda çəkilmiş çoxlu filmlər göstərilərdi,qəhrəmanlıqlarla,qələbə əzmiylə dolu filmlər.Çox ağır filmlər olsa da nağıllardakı kimi sonuc QƏLƏBƏ idi. Bu isə möhtəşəmdi. O vaxt Kommunist qəzeti vardı. Ədəbiyyat bölməsinə sevimli yazıçımız Əfqan baxardı. Oxucusu olduğum , böyüklüyünü, mədəniyyətini, insanlara, yaradıcılara münasibətini unutmadığım Əfqan müəllim. Unutmuram ona görə ki, heç vaxt özündən razı halını, üzündə-gözündə vacibliyini,kimliyini gözə dürtmək anlamında "hələ bir mən baxım görüm çap etmək olar" kimi mənasız ifadəni görməmişdim. Lap bizim Əbülfət Mədətoğlu kimi. "Kommunist"in qonorarı da yüksək idi, yəqin ki, xatırlayanlar olacaq. Nəsə , qəzetdə poeziya səhifəsi vardı, o səhifədə yazılarım tez-tez gedərdi. 9 may ərəfəsində "Mən xoşbəxtəm" adlı şeirimi də vermişdilər. Çox möhtəşəm duyğudu Qələbəni bayram eləmək. O vaxt müharibəyə filmlərdə baxırdım, kitablardan oxuyurdum. Onda ,yəni mən gənc olanda və sosializmdə yaşayanda həyatda olan müharibə iştirakçıları çox idi. İndikindən fərqli olaraq onlarla görüşlər keçirmək, əlaqə saxlamaq, onlardan hal-əhval tutmaq həm könüllü,həm də məcburi borcumuz idi. Hətta hər məktəbin himayəsində müharibə veteranları vardı. Tez-tez onlara baş çəkərdik. Onlarla söhbətləşməyi, xatirələrinə qulaq asmağı, müharibədən sağ çıxan şəkillərinə baxmağı sevərdim. Yəni bu - dəhşətli müharibədən qalib çıxmağın qələbə duyğusunu yaşamağın sevgisi idi.Azərbaycan radiosuna müharibə iştirakçılarından bəhs edən oçerklər yazardım. Qələbəni bayram eləmək gözəl olsa da müharibələrə nifrət edərdim indiki kimi. Düşünürdüm ki və düşünürəm ki, müharibələr olmasa insanlar daha xoşbəxt olar. "Mən xoşbəxtəm"i də yazanda çox gənc idim və müharibələrdən qorxurdum. Qorxuram da. Mən müharibələrin yaşatdığı ağrılardan, acılardan,ölümlərdən,göz yaşından qorxuram.Dörd kitabımdan heç birində yer almayan bu şeiri bəlkə ona görə yazmışdım:

Mən xoşbəxtəm müharibə görməmişəm,
güllə səsi oyatmayıb axı məni.
Göz açandan öz rəngində görmüşəm mən
Üfüqləri,asimanı,göy çəməni.
Mən xoşbəxtəm,bir düşünün,bu gün mənim

Xəbərim yox müharibə dəhşətindən.
Mən xoşbəxtəm, xəbərim yox çünki mənim
Bircə parça qara çörək həsrətindən.
Müharibə görməsəm də fəqət onun
ağrısıyla inildəyən yerlər gördüm.
Müharibə acısını dadmış olan
Dodaqların gülüşündə kədər gördüm.
Ana gördüm ay izləyir,il izləyir,
Oğlu keçən küçələrdən keçə bilmir.
Ana gördüm intizardır,yol gözləyir,
Ona görə bu dünyadan köçə bilmir.
Ana gördüm hər bi ranı nisgil dolu
kədər qara saçlarına ağ iz salıb.
Nənə gördüm nəvəsiylə, amma dili
Hələ"bala"kəlməsinə həsrət qalıb.
Gözlər gördüm bir vüsalı soraqlayan
Ümidiylə burdan qərbə yollar çəkən.
Yollar gördüm addımlardan hey nigaran,
Yorulubdu yolçusunu gözləməkdən.
Oğul gördüm"ata"deyib çağırırlar,
özü isə"ata" deyib səslənməyib.
Körpəsini əzizləyən gəlin gördüm,
körpə olub"bala" deyə bəslənməyib.
Mən xoşbəxtəm.Bu dünyada dil açandan
"Ana "deyib çağırmışam,"Ata"deyib səslənmişəm.
Mən xoşbəxtəm,öz anamın nəfəsiylə,
laylasıyla,südü ilə bəslənmişəm.
Eşitmişəm"müharibə"sözünü mən,
Görməmişəm onun əsil üzünü mən.
Bəlkə hərdən ona görə bilməmişəm
Bu günümün qiymətinin düzünü mən.
Mən xoşbəxtəm,müharibə görməmişəm,
güllə səsi oyatmayıb çünki məni.
Göz açandan öz rəngində görmüşəm mən
Üfüqləri,asimanı,göy çəməni.

İndi "mən xoşbəxtəm" deyə bilmirəm.Vətənin bu günündə hətta döyüşmək istəyirəm. İndi heç mayı da sevmirəm.Axı, Şuşa var-8 may var.Amma 1 mayı qeyd eləməyə dəyər-HƏMRƏYLİK günüdü.Bütün insanlığın ehtiyacı olan həmrəylik günüdü.Bəlkə həmrəy olaq? Yox elə həmrəy olaq.Bundan gözəl bayram.Alınsa, ən gözəl bayramınız mübarək.

P.S.Az qala unutduğum şeiri 1984-cü ildə Gənclik nəşriyyatında tərtib olunmuş "Cənc istedadlar" kitabında tapdım.

Kəmalə ABİYEVA

TƏQVİM / ARXİV