adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ÖZGƏ DƏRDİ

FƏRİDƏ RƏHİMLİ
41089 | 2014-06-14 04:59
Bir ağanın nökəri ölür. Yasa gələn insan axınından ağanın həyətində ayaq basmağa yer olmur. Biri deyir: Vay dədə, hələ nökər ölüb bu qədər insan toplanıbsa, gör ağa ölsə nə qədər insan gələr ey... O biri cavab verir ki, avam-avam danışma, bu gələnlər özlərini ağaya göstərib hörmət qazanmaq istəyirlər. Ağa ölsə, qohumlarından başqa burda bir nəfər tapmazsan...
Bu məsəli elə-belə xatırlamadım. Cəmiyyətdə baş verən mənəvi aşınmanı hamımız yaxşı görə bilirik. Görməyənlər də var bəlkə, yaxud görüb, halını pozmayanlar, narahat olmayanlar da var. "Palaza bürün, elnən sürün" məsəlini əsas tutaraq yaşayanlar. Elin süründüyü yerlə maraqlanmadan...
Amma aşınma elə hala gəlib ki, narahat olmamaq olmur. Artıq müasir insanın həyatında maddiyat o qədər önəmli yer tutub ki, mənəviyyat, vicdan məhkəməsi, utanc, xəcalət, el qınağından çəkinmə kimi dəyərlər arxaikləşib. Qeyri-səmimi münasibətlər, boğazdan yuxarı təriflər, yarınmalar, məddahlıqlar insanda ikrah hissi oyadır. Bunu müasir gəncdə deyil, artıq dünya ilə vidalaşmağa hazırlaşan qocada görəndə isə daha da təəcüblənirsən. Səni yaltaq, məddah olmağa təhrik edən nədir? ay qoca? - deyə, soruşmaq istəyirsən bəzən - onsuz da ömrün sonuna gəlmisən, barı indi bir az özün ol, üzündəki riya maskasından, içindəki vicdan yükündən, dilindəki yalan vərdişindən əl çək, azad ol, bir az yüngülləş, yazıqsan axı. Bu yüklə necə köçəcəksən o biri dünyaya? Nə vaxt sənə verilən ömrü insan kimi yaşayacaqsan?
İşdə hətta müdirinin aftafasını daşımağa da razı olanlar var, təki müdir ona xoş münasibət bəsləsin. Əslində çox rəhbərlərə də elə, belə işçi sərf eləyir - müti, müstəqil ağlı, fikri, sərbəst düşüncəsi olmayanlar, bütün deyilənlərə "bəli", "baş üstə" deyənlər. Onlarsa arxadan zərbə üçün əlverişli məqam gözləyirlər...
Amma qürurlu işçi həm müdirin, həm ətrafın gözündə "demaqoq", gözügötürməyən simasındadır.
Toylarda, məclislərdə bayağı, içdən gəlməyən sağlıqlar, yaslarda "sağlığında kor Fatma, öləndə badam gözlü" olanlara əndirabadi nekroloqlar, gündəlik içki məclislərində sözlərinə, duyğularına diqqətdən başqa bir təmənnası olmayan bir şairə "sənnən bir dənədi" deyib, arxasınca "bu da özünü şair sayıb, əlinə qələm alır" deyənlər, sevinclə yeni çapdan çıxmış kitabını dost bildiyi birinə hədiyyə edən yazıçını o ki var tərifləyib, o gedəndən sonra kitabını zibilliyə tullayanlar, müdirinin ətini didməyə hazır olub, gecə-gündüz onun gəzdiynin, yediyinin, geyindiyinin hesabını çəkərək onların haram olduğunu söyləyən işçinin rastlaşarkən üzünə gülərək xoş sözlər söyləyə bilməsi... və başqa bu kimi bitib-tükənməyən riyakarlıqlar adi hal almaqdadır. Bəzən heç təmənnası olmayanda belə ikiüzlülükdən istifadə halları adət halını alıb. Çoxu da bunu yaşamağın ən yaxşı, ən asan yolu hesab edənlərdir. Qəribədir, insan bu vicdansızlıqla necə yaşaya bilir? Nə qədər rol oynamaq olar? Səhnədən düşmək də lazımdı axı, dincəlmək üçün.
Əli(Ə) deyir ki: "Qəlbiniz isinmədiyi insanlardan uzaq durun". Bəzən ilk dəfə gördüyün bir insandan zəhlən gedə bilir, bəzən də heç vaxt görmədiyin biriylə rastlaşanda onu sanki çoxdan tanıdığını, özünə çox yaxın bildiyini hiss edirsən...
Sənin qəlbin birinin qəlbinə isinmirsə, deməli o da səni istəmir. Deməli ruhlarınız bir-birini itələyir. Bunu zorla, yaltaqlıqla, riyayla, ikiüzlülüklə düzəltmək mümkün deyil.
Bir anlıq düşünün, qəlbinizin isindiyi çoxmu insan var? Bu insan dost olmaya da bilər, amma aranızda yaxşı münasibət mütləq olacaq. Həqiqi dost ya bir olar, ya iki, deyirlər. Bəlkə üç-dörd də olması mümkündür. Ondan artıq dost olmaz, ola bilməz. Bəzən də ən böyük zərbəni də dost dediyindən yeyərsən, çünki müdafiə sistemin dostlara qarşı deyil, düşmənlərə qarşı qurulur.
İndi insanın ehtiyac duyduğu sadəlik, düzlük, inam, təmizlik kimi keyfiyyətlərin qəhətə çəkilməsi insanda bir aclıq yaradıb, bu keyfiyyətlərə olan ehtiyacın aclığını.
Düşündükcə, əsasən də yaşlandıqda, anlayırsan ki, həyatda ən böyük nemətlərdən biri də həqiqi dostunun olmasıdır. Pikassonun xoşbəxtlik haqqında suala verdiyi çox sevdiyim cavabını tez-tez xatırlayıram. O cavab verir ki: Əgər səni anlayan bir dostun varsa, deməli xoşbəxtsən!
İçini, dərdini, sirrini etibar edə bildiyin, yanında özün ola bildiyin bir insanı tapmaq indi çox çətin məsələdir. Buna nail olanları həqiqətən xoşbəxt hesab etmək olar. Və o xoşbəxtlərin içində özümü də görürəm. Bu dəyərin nə boyda qürurverici olduğunu çox gözəl bilirəm. Kin-küdurətdən, qibtədən, paxıllıqdan, təmənnadan uzaq, yeri gələndə fədakarlıq, yeri gələndə güzəşt ummaq, ən sevdiklərini etibar edə biləcəyin bir dostun varsa, çox zənginsən deməkdir. Bu zənginliyin mayasında da sevgi dayanır - insani sevgi. Bir insanın bir insana verə biləcəyi ən ölümsüz hədiyyə sevgidir. Sevgiylə görülən hər iş uğurlu olar. Çünki Yaradan insanı sevgiylə yaradıb. İçində kin, paxıllıq, gözügötürməzlik, başqasının kədərinə sevinmək, sevincinə kədərlənmək insan xislətinin naqisliyidir. O, bir başqasına ziyan vurarsa, iki özünə vuracaq. Böyük dərddi əslində, nə aça bilir, nə ağarda! Əvəzində özü xəstələnir, vaxtsız qocalır, bu dünyadan da günah qazanaraq köçür.
Həzrət Əli(Ə) deyir ki: "Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər".
Başqasının yüksəlişiylə, xoşbəxtliyi ilə özünüzə sitəm eləməyin! Könlünüzü fərəh tutun, başqasının sevincinə sevinə bilin ki, sizə də pay düşsün.
Uzun ömürlü bir qonşum var, Firuzə xala. Həmişə deyir ki: "Gecə öz şamımı yandırıb, dibində özgənin dərdini çəkməyəcəm ki! Ona sərf elədiyim vaxtı Allahdan özüm üçün bir şey arzulayaram da...".
Bəli, bir az düşünün bu barədə. Bu qədər kini, zəhəri içinizdə saxlamayın! Başqasının uğuruna sevinməyi heç olmasa məşq eləyin, əmin olun, görəcəksiniz, içiniz açılacaq, yüngülləşəcəksiniz! Üstünüzdən dağ götürülmüş kimi hiss edəcəksiniz. Nə yaltaqlanmağa, nə yarınmağa, nə ikiüzlülüyə, yalançılığıa, məddahlığa yer qalmayacaq. Sevdiyinizi ürəkdən, təmənnasız sevin! Xoşlamadığınıza da kin bəsləməyin, sadəcə uzaq durun vəssalam!
Siz hələ bir sınaqdan keçirin...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV