adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

KƏFƏN BİZNESİ

FƏRİDƏ RƏHİMLİ
52116 | 2014-06-21 04:15
20 iyun Dünya Qaçqınlar Günüdür. Hər kəsin günü varmış sən demə, qaçqının da günü gündümü? Yurdu talanmış, xatirələri heysiyatı, uşaqlığı, gəncliyi, xəyalları, məzarları... düşmən tapdağında qalmış, yad eldə də, vətənində də vətənsiz olan insanın günümü olar? Bu günkü mövzum bu deyil əlbəttə. Satanlardan yazacam ... bəlkə qaçqınlara da dəxli var, çünki onlar həm də satqınlığın qurbanlarıdırlar...
Qaçqın rayonundan olan bir qonşum vardı. Qadın yaşlı olsa da, oğlunun on yeddi yaşı vardı. Deyəsən uşaq xəstə idi. Əsgər yaşı çatdığından onu hərbi komissarlığa çağırdılar. Ana da oğlu ilə bərabər komissarlığa getmişdi. Gəlib danışdıqları maraqlı idi: "Bilirsiniz ki, bu uşaq xəstədi, cəmi qırx yeddi kilo da çəkisi var. Komissar özlüyündə guya mənə sataşıb dedi ki, ana, bu cür oğulu harda bəsləmisən? Mən də özümü sındırmadım, dedim ki, neyniyim a bala, tək uşaqdı, əlimə düşəni ona yedizdirmişəm... Zarafat edirdim, arxayın idim ki, uşaq həm xəstədi, həm çəkisi normadan azdır, əsgər aparmazlar. Amma sən demə, oğlumun yerini başqasına satıblarmış. Uşağı elə ordaca əlimdən alıb apardılar..."
O oğlan əsgərliyini çəkdi, necə çəkdi, anası nə çəkdi, bilmirəm, amma o ildən yadımda qalan onun sözü oldu: oğlumun yerini başqasına satıblar...
Bu alıb-aldadan, alıb-satan etibarsız dünyada satılıq olmayan tək-tək müqəddəs amillər var ki, onlar da satlığa çıxarılsa dünyanın sonu gəlibdir demək.
Q.Qarayev metrosunun yanında qəribə bir elana rast gəldim: "Böyrək satıram - l qrup 40 min, ll qrup 50 min dollar". Bu fikri ehtiyacı olan bir çox adamlardan eşitmişəm. Onsuz yaşamağın mümkün olduğu hesab edilən ən təhlükəsiz orqandı böyrək. Və əlacı kəsilən insan ona Allahın əmanət etdiyi bədən üzvünü satıb zəruri maddi ehtiyaclarını ödəmək istəyir...
Dini mağazada isə daha da maraqlı bir şeyi müşahidə etdim. Hazır kəfənlər tikilib satılır. Bəlkə də kimlərəsə bu təəccüblü gəlməyəcək. Amma mənə həm təəccübli, həm maraqlı, bir az qəbuledilməz kimi və bir az da komik göründü bu alver. Adətən bir paltar alarkən şərt kəsə bilirik: rəngi xoşuma gəlməsə, kiçik olsa... satıcı sözü yarımçıq kəsir: eybi yox, gətirib dəyişərsiniz, amma geri qaytarmaq yoxdu. İndi kəfəni görərkən o söhbəti xatırladım. Təsəvvür etdim ki, kəfən alan şərt kəsir, əyninə kiçik olsa... eybi yox, gətirib dəyişərsiniz. Amma qaytarmaq yox... və yaxud, satıcı soruşur, ölünüzün ölçüsü neçədir?..
Maraqlıdır, kəfənin də ölçüsü olurmu? Olar də yəqin, mənim ölçümlə yüz-yüz əlli kiloluq adamın kəfən ölçüsü eyni olmayacaq ki... Doğrudan bu cür alverlər insanlara lazımdırmı?
Bəzən qəbrini öncədən qazdırıb, başdaşına da ölüm tarixindən başqa qalan hissəsini yazdırıb hazır saxlayanlar var. Hətta yan-yörəsində yaxınları üçün torpaq sahəsi alanlar da. Bu, din xadimlərinin sözlərinə görə, mümkün ola bilən haldır. Məncə Allahın buyurduğu, insanlığın qəbul etdiyi qaydaların hamısına əməl edərək əməli-saleh insan kimi yaşayan biri bunu da edərək bu dünyadan rahat köçməsi üçün təminat yaratmaq istəyində ola bilər. Amma ömrü boyu bəd əməllərin sahibi olan, haram pullarla başqalarının həyatını qaraldanın özlüyündə guya ölümündən sonranı düşünməsi cahillikdir. Bir yanda ehtiyac üzündən öz bədən orqanlarını satmağa məcbur olanlar, digər yanda harınlıqdan daha fərqli əyləncə yolları axtaranlar...
Türkiyədə isə kondisionerli tabutların istehsalına başlanılıb və artıq altı-yeddi xarici ölkədən, o cümlədən Azərbaycandan alıcıları var. Əməlləri üzündən Cəhənnəm oduna sürüklənənlərin mühafizə üçün kondisionerli tabutlar köməkləri olacaqmı?
...Qəbir üçün topar al, qəbrini qaz, kondisionerli tabutunu al qoy, içinə də hazır kəfənini - pah, bundan sonra ölülər kef eləyəcək ki!..
Bir azdan qulaqlarımız bunlara da alışacaq: Filankəs nə satır? Tabut alveriylə məşğuldu... kəfən satandı... böyrək biznesiylə məşğuldu...
Sizə necə təsir edir bilmirəm, mənim ürəyim bulandı bu alverdən...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV