adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

CEYHUN olmasaydı

KAMALƏ ABİYEVA
62617 | 2014-07-05 01:49
Deyin ki, yenə təhsildən yazır. Deyin. Deyin ki, sonucda təhsilimiz necədisə, özümüz də, yəni cəmiyyətimiz də elədi. Ceyhun olmasaydı, bəlkə müəllimlərin sınaq imtahanlarından heç danışmazdım. Yəni iştirak etmədim, bu imtahanlardan niyə yazım? Niyə yazım ki, imtahanların təşkili, keçirilməsi özü bunun mənasız olduğunu göstərdi. Hələ sonucların, yəni nəticələrin elan edilməsini demirəm. Camaat imtahan verib, oturub gözləyir ki, cavablar çıxsın. Cavab da neçə dəfə dəyişər, nə qədər qarışıqlıq olar? Gah D variantı, gah B variant səhv oldu. Gah kiminsə cavabları düz hesablanmadı, gün ərzində dəyişdi bir neçə dəfə. Deyən lazım bu qədər görülməli iş var, gərək müəllimləri imtahan edəsiz? Lazım idi qınaq obyektinə çevrilmək? Sonda da müəllimlərə xəbərdarlıq oldu. Guya bütün bu çaşbaşın səbəbi bəzi müəllimlərin kodlaşmada səhv etməsidi. Burda deyiblər "adımı sənə qoyum, səni yana-yana qoyum". Nə olar, öz səhvlərinizi də etiraf edin. Etiraf böyüklüyə xələl gətirmir, daha da böyüdür. Nəsə. Amma bütün bunlara susacaqdım Ceyhun olmasaydı. Ceyhun kimdi? CEYHUN nə edəcəyini bilmədiyi üçün məktəbə gələn, müəllimlərin atasını yandıran, onları özünə, gördüyü işə təəssüf etməyə, az qala ağlamağa məcbur edən, məqsədi təhsil almaq olanlara lapdan bağlanan Araz kurslarına üz tutmaqdan başqa çıxış yolu qoymayan indi məktəblərdə sürətlə artan şagirdlərdən biri. Yəni etiraf etməliyik ki, oxumayan məktəblilərin sayı gün-gündən çoxalır. Yuxarı siniflərdə məktəb çantası götürməyə belə utananlar ha çox. Nə baş verib? Yaxşı sualdı: müəllimin özünü alçalmış durumda hiss edərək güclə 3 yazdığı şagirdimiz riyaziyyatdan imtahan verib və 5 alıb. Məktəbdə aldığı "2 və 3"-lər, ən əsası bəlkə respublikada ən savadlı müəllimlərdən olan bizim riyaziyyat müəllimimizin - Mirzənin verdiyi qiymət həqiqi görünməyib, yekun qiyməti "4" çıxarılıb. İlboyu əziyyət çəkənləri, az da olsa zəhmət çəkənləri üstələyib. Hələ yaxşı oxuyanları demirəm. Adam bir neçə saata onlar kimi "5" alıb. Dahidi vallah. Yəni belə hallar testlə buraxılış imtahanlarında çox olur. Məsələn, 11 il əlaçı olan, olimpiadalarda yer tutan şagirdlərimdən olan Günel bir-neçə il öncə fizikadan "2" almışdı. (Əksinə də çox olur). Mən o qədər əsəbiləşdim ki, az qaldı ürəyim dayansın, görün uşaq nə gündəydi. O qədər hay-küy saldım ki, Qiymətləndirmə şöbəsinə gedib "Sizi məhkəməyə verəcəm" deyə. Sonucda qıza "3" yazdılar.Yəni qiymətləri "5" olduğu üçün. Amma təsəvvür edirsizmi məzunun üzləşdiyi haqsızlığı. İmtahan verdi 500-ə yaxın bal yığdı o boyda həyəcandan sonra. Amma başında şiş yarandı, əməliyyat oldu, indi pis deyil, yaxşıdı. Elə bu il də. Sinfimdə Məhəmməd adlı bütün müəllimlərin sevdiyi bir şagirdim vardı. Bütün günü riyaziyyat müəlliməsiylə misal-məsələ edirdi. Ötən il, yəni 10-cu sinifdə yekun qiyməti "4", 11-ci sinifdə "5" oldu. İndi çox məsuliyyətli uşaqdı, olub da imtahandan "4"alıb TQDK yekuna "4"çıxarıb. Bir şagirdin ümumi qiymətlərinə baxın, cəmi iki dördü vardı. Bir ceyhunların da ümumi qiymətlərinə baxın. İndi ikisi də eyni qiymət alsın??? Axı kompüter insan deyil, amma kompüterlə bu qiymətləri çıxaranlar, nəzarət edənlər insandı axı. Məhəmmədin riyaziyyat müəlliməsi az qaldı ağlasın. Hələ mən - sinif rəhbəri, hələ valideyni, hələ şagird özü. Zəng edib Məhəmməddən üzr istədim kompüterlərin əvəzinə. Məqsədim bu imtahanlarda şagirdlərin, özü də oxuyan, çalışan, zəhmət çəkən, məsuliyyətli uşaqların düşdüyü durumu azca da olsa anlatmaqdı. O qədər belə hallar olur ki. Yəni qiymətlər komputerlə məktəblərə göndərilir. Sənin zəhmət çəkib dərs dediyin şagirdin qiyməti "4" və ya "5" əvəzinə "3" ola bilər. Əksinə "2" və ya"3" verdiyin "4"alar. Hələ desən "5" də alar. İndi bu müəllimləri demirəm, uşaqlara necə təsir edər? Yəni rüşvətlə, ya hansı səbəbdənsə qeyri-obyektiv qimət yazan orta məktəb müəllimlərdən həqiqəti, obyektivliyi qoruyuruq. Amma daha çox haqsızlıq yaranır. Bəs indi? İndi lap çal-çağırdı təhsildə. Məsələn, qiymətlənməyən, heç özünə əziyyət verib imtahana getməyənlər belə attestat alır. Hətta iyunun 29-da keçirilən imtahanlar təkrar imtahanlar olmamış attestatlar məktəblərdə idi. Təsəvvür edin, əvvəl attestat, sonar imtahan...gOnlarından yarıdan çoxu iki fənndən - riyaziyyat və ana dilindən müvəffəq qiymət almadı. İndi məcburdu bunlar attaestat alsın? Hələ gedib ali təhsil də alacaqlar, bəlkə elə müəllim oldular. Mən bu TN-ni heç anlamıram. Yəni KİM yetişdirək? Bu jurnallar, "+" -lar, qayıblar nə üçündü görəsən? Davamiyyəti yoxlamalar, keyfiyyətdən danışmalar nə üçündü? Elə uşaqlar gəzib-dolansın, kim istəyir gedib adını TN-nə versin, sonda attestat alsın da. Bu müəllimləri imtahan eləmək nə üçündü görən? Yəni tutaq ki, zəif bir müəllim də yüksək bal yığıb, necə olacaq? Savadsızlar, əksərən daha bərkdən danışırlar, elə hay-küy salırlar ki, çünki onların utanmaq hissi, məsuliyyəti az olur. Savadlı şagird kimi savadlı müəllim də kimdənsə nəsə soruşmağa utanar, savadsız isə zəhlə tökər, sonda ƏLA qiymət alar Ceyhun kimi. Kim dərsə gələr ki, kim oxuyar ki, belə yanaşmadan sonra? Elə məktəblərə icazə verin oxumaq istəməyənləri, yatıb heç imtahana getməyənləri 9-cu sinifdən çıxarsın. Deməyin ki, hüquqları pozulur. Onlar hüquqlarını özləri pozur. Buyursunlar çalışsınlar, zəhmət çəksinlər oxumaq huququnu qorusunlar. Yoxsa oxuyanların da huqunu pozmasınlar. Yaxşı şagirdlərin liseylərə, Araz kurslarına üz tutmasının əsas səbəbi budu. Mən məsələn, Araz kurslarının niyə bağlandığını bilmirəm. Təbii bütün müəllimlər kimi mən də yaxşı oxuyan şagirdlərimin getməsini istəmirəm. Amma valideyn neynəsin ki? Oxumayan, vaxt keçirmək üçün gələnlər oxumaq istəyənlərə mane olur axı. Axı təhsilə münasibətlər fərqlidi, düşüncələr fərqlidi. Hamıya ucdantutma attestat verəndə orta məktəblərdəki vəziyyəti təsəvvür edirsizmi? İndi bu savadlı, məsuliyyətli, düşüncəli uşaqları biganələrə qurbanmı verək? Sadəcə məqsədi anlamaq istəyirəm? Bir camaata, xalqa izah edin: NƏ İSTƏYİRSİZ? Keyfiyyət bu qədər aşağı ikən, hamı attestat aldı deyə kəmiyyət yaratmaq nəyə lazım? kurikulumda şagirdlərin fəaliyyətinə münasibət bildirmək üçün fikir yazmaq dərsin az qala bütün vaxtını alır. Ən azından buna bir çarə tapaq. Dərs ilinin uzadılmasını problem kimi ortaya atmaq gərək deyil. 11-ci sinif məzunu adam bıçaqlayır, məktəbli qızlar abort stollarına çıxır, məzunların əksəriyyəti iki fəndən müvəffəq qiymət ala bilmir...gDeyirsiz bütün bunlar dərs ilinin bir neçə həftə uzadılması ilə həll olacaq? Axı dərsə gəlmədiyi üçün qiymətlənməyənlərə, illiyində "2" olanlara attestat verirsiz, nə fərqi dərs ili neçə həftədi? Gülməlidi, acınacaqlıdı, utancvericidi, ağrılıdı... Əvvəllər şagirdin qiymətini dəfələrlə yoxlayardıq yekun qiymət çıxaranda. Bir səhvə görə, bir düzəlişə görə, direktoru işdən çıxarardılar. İndi bu qiymətləri uşağın təhsilində bir saat əziyyəti olmayanlar necə çıxarır? Nə haqla bunu edirlər anlamaq olmur. Deyəcəksiz razı olanlar var. İnanın, bu məsuliyyətsiz valideynlərin məsuliyyətsiz uşaqlarıdı. Bir məzunum bir fikir yazmışdı FB-da: İlk dəfə həyatın haqsızlığını test imtahanından "3"alanda, heç nə oxumayanlardan yaxşı qiymət alanları görəndə daddım. Anladım ki, yaxşı oxumaq, yaxşı olmaq gərək deyil. Tədbirlərdə Vətənə aid hazırladığım çıxışları, şeirləri xatırlayıb təəssüf elədim. Bax belə. Düzdür, mən ona yazdım ki, bu haqsızlıqları yaradanlar vətən deyil, ola da bilməz vəs. Amma bəlkə haqlıdı? Bəlkə bu haqda düşünək. Haqsızlıq məktəbdən başlamasın heç olmasa...gBəlkə məktəbə-təhsilə kömək edək? Bəlkə yaxşılar ümidini, inamını itirməsin? Bəlkə uşaqlarımızı qoruya bildikg
Xahiş edirəm "müəllimlər özü günahkardı" deməyin. Nəzərə alın ki, müəllimin heç bir hüququ yoxdu. Əgər bir şagird, bir valideyn şikayətçi olsa, müəllim az qala "xalq düşməni" olur, bircə güllələnməsi qalır. Heç valideynin kimliyi, sözü, şikayəti araşdırılmır. Bəlkə elə "düşmən" odu. Başqa şagirdlərin fikri nəzərə alınmır. Müəllimin günahı "qovula-qovula namərd olmasıdı".

P.S. Elə yazını tamamlamışdım ki, liseylərin, kursların qəfil bağlandığı dönəmdə TV-lərin hansındasa yeni liseyin açılmasıyla bağlı reklamı xatırladım. Hə, əsas məsələ bundadı. Əvvəlkilər pis idi. Amma liseylərə ehtiyac var. Amma bilmədim pulludu, ya pulsuz. Yəni hamı üçündü, yoxsa...

Kəmalə ABİYEVA

TƏQVİM / ARXİV