adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"ATƏŞKƏS" ATƏŞLƏRİ KƏSMƏK GÜCÜNDƏ DEYİL

FƏRİDƏ RƏHİMLİ
28495 | 2014-07-12 04:00
Bu günlərdə cəbhə bölgəsində yaşayan yaxınlarımla telefon əlaqəsi saxladım. Gileylə: niyə heç maraqlanmırsınız burda gün-güzəranımız necədir - deyə iradlarını bildirdilər. Bakıdan cəbhə zonası görünmür, eləmi? Azərbaycan təkcə Bakıdan ibarətdirmi? Çal oynasın, vurçatlasın, toy-büsat, şadlıq evləri, restoranlar, kafelər, şou biznes başınızın açılmasına imkan vermir, eləmi? Kimsəni cəbhə zonasının adamları maraqlandırmır. Siz orda balalarınızı gözəl parklarda gəzməyə, hava almağa aparanda bizim balalarımız qaçıb evə girməyə tələsir ki, atılan güllələr onlara dəyməsin. Aldığımız hava isə sizinkindən fərqli olaraq barıt qoxuyur. Gecə uşaqları yatırırkən özümüz rahat yata bilmirik, sabaha oyanmaq ümidimiz azalır. Çünki biz azğın düşmənin qarşısındayıq və onların nə zaman nə edəcəyi bəlli olmaz...
Bu qədərmi laqeydləşdi insanlar? Bir-birini, soydaşlarını, yurddaşlarını, həmvətənlərini düşünməyəcək, heçə sayacaq qədərmi dəyişdilər? Doğrudanmı heç kimi - nə ziyalıları, nə televiziyanı, jurnalistləri, musiqiçiləri, yazıçıları, sıravi vətəndaşları bu məsələ maraqlandırmır? Axı Böyük Vətən Müharibəsində insanlara inam, ümid verən bir səbəb də onların cəbhə zonasında, ucqarda yaşayan əhali ilə ünsiyyəti olmuşdu. Həm də o vaxtkı qələbəyə on beş dini, dili, adət-ənənəsi ayrı olan respublikanın birləşməsi sayəsində nail olunmuşdu. Nədən indi biz vətənin içində öz vətəndaşımıza dil tapa bilmirik, qaçqın deyirik, nədən "Qarabağlı getsin özü öz torpağını qorusun" deyə bilirik, nə oldu bizə, nə dəyişdi, insanları bu hala salan səbəb nədir? Cəbhə zonasının insanları maddi kömək üçün gözləmirlər sizləri. Burda hər kəs öz əməyinin, zəhmətinin gəlirini yeyir, kimsəyə möhtac deyil, çox şükür. Amma laqeydlik üzür bizi, kimsəsizlik, öz həmvətənləri tərəfindən özünü atılmış hiss etmək, region, rayonlu - bakılı, sünni-şiə, vəhhabi-nurçu ayrı seçkiliyi narahat edir.
Bakı - Füzuli arasındakı məsafə cəmi altı saatlıq yol olsa da, qəlb uzaqlığı, anlayış uzaqlığı minlərcə kilometrə çatıb artıq. Bununla hara gedirik biz? Azərbaycan bölünə-bölünə, parçalana-parçalana şimalına, şərqinə, cənubuna cəmi altı saat yolu olan bir məmləkətə çevrilib. Bu dəhşətdi!!! Bir elin paramparça olmasına səbəb özümüzük, laqeydliyimizdi, təəssübkeşliyimizin, vətənpərvərliyimizin yoxa çıxmasıdır. Qırx milyona yaxın hüquqsuz azərbaycanlıların başqa bir dövlətin bayrağı altında yaşaması və on milyona yaxın əhalisi olan bir müstəqil dövlətin onlara heç bir kömək edə bilməməsi çox üzücüdür. Qonşu Gürcüstanda da soydaşlarımızın vəziyyəti elə də ürəkaçan deyil. Qonşu dövlətlər içində azərbaycanlıların özlərini öz vətənlərindəki kimi hiss etdikləri yeganə ölkə Türkiyədir. "Türkün türkdən başqa dostu yoxdur", deyirik. Amma əvvəlcə bir ölkədə özümüz özümüzə dost ola bilək ki, sonra başqasından dostluq umaq. Bəli, əvvəlcə Qarabağ məsələsi həll olnumalıdır ki, başqa soydaşlarımızın taleyini düşünmək şansımız da olsun...
Orda nə baş verir ki? - soruşdum. - Hər gün atışma səsindən, hər an evinə düşə biləcək güllədən, iri çaplı pulemyotlardan, TŞK-dan, BMP-dən açılan atəşlərin əzizlərinə zərər verəcəyindən narahat olaraq yuxularına haram qatılaraq yaşadıqlarını söylədi.
Bu Füzuli rayonun Mirzənağlı kəndinin sakinləridi. Kənarda qaçqın kimi yaşamağı özlərinə sığışdırmayan kənd camaatı Horadiz əməliyyatından sonra yavaş-yavaş yurd-yuvalarına dönməyə başladılar. Talanmış, viran edilmiş, dağıdılmış xaraba yurd yerində güzəranlarını yenidən bərpa edib yaşamağa başladılar. Kənarda qazandıqları nə vardısa yenidən qurduqları düzənlərinə xərclədilər. Indi əlləri boş, var-dövlətləri yalnız mal-qara, toyuq-cücə olan əhali bilmir ki, güllərlərdən özlərinimi, uşaqlarınımı, mal-qarasınımı qorusunlar.
Kənd kişiləri yenə gecələri ayıq yatmaqla, kəndin giriş-çıxışını nəzarətdə saxlamaqla əllərindən gələni etməyə çalışırlar. Dəfələrlə milli ordunun əsgərləri onlara rahat olun, biz sizdən öndəyik rahat yatın desələr də, göz gördüyündən qorxar deyiblər, hiyləgər düşmənin zərbəsinin hardan gələcəyi bəlli olmadığından rahat ola bilmirlər. Bu atışmanın altında bağ-bostan da becərirlər, otlaq sahələrini suvarırlar, taxıl biçiniylə də məşğul olurlar. Qonşu Qazaxlar kəndindən olan Emil adlı traktorçuya zəng edib, Allah evini tiksin, traktorun arxasına da, qarşısına da düşdü atdıqları, görmürsənmi? - soruşublar. Üstümə ki, düşmədi - deyə cavab verib və işinə davam edib.
Qüdrət kişinin evinin üstündən düşüb içindən keçib iri çaplı silahlardan atılan mərmilər. Qeyrət kişinin evinin divarı aşsüzənə dönüb. Evində körpə uşaqlar yaşayan Xəlil müəllimin həyətinin ortasına düşüb atılanlar. Bilmədiyim daha nə qədər misallar. Bununla demək istəyirəm ki, camaat hər çətinliyə, qorxuya sinə gərir. Onların bir daha yurdunu tərk etmək fikirləri yoxdur. Amma bu yolda dövlət də, həmvətənlərimiz də, ayrı-ayrı könüllülər də onlara heç olmasa mənəvi dəstək olmalıdırlar. Bir amerikan müharibə filminə baxıb təəsirlənən soydaşlarım, əsl həqiqəti görmək istəyirsinizsə cəbhə zonalarına üz tutun! - Füzuliyə, Tərtərə, Tovuza, Qazaxa, Goranboya...
Hadisədən çox narahat olduğumu görən qohumum mənə təskinlik verməyə başladı: Qorxma, biz buna alışmışıq. Mayın on üçündən düşmən aqressivləşsə də ordumuz onların qarşılarını alır. Bunun bir siyasi oyun olduğunu yaxşı anlayırıq. Yoxsa əsgərlərimiz onların qarşısında aciz deyillər. Son döyüşdə olan oğullarımızın şücaətini bir görsəydiniz, arxayın ola bilərdiniz. Atəşkəsi dəfələrlə pozan düşməni layiqincə yerində oturtmağı bacardılar.
Vaqif kişi onlarla görüşməyə getmişdi. Gələndə bizə dedi ki: "A bala, gedin arxayın yatın! Mən o, "ilanyeyən, üzü yazılı oğulları" (xüsusi təyinatlılar) gördüm. Palçığa batmış maşını "yardım karopkası" kimi götürüb kənara qoydular. Onlar mənim kimisini yuxanın arasına qoyub ikicə loxmaya yeyərlər. Erməni onların qarşısında nə qələt eləyə bilər..."
Bəli, şükürlər olsun, ordumuzun sayəsində düşmən azğınlığının qarşısı alınır.
Amma 23 ildir başqasının qoltuğu altında gizlənib torpaqlarımızın işğalını davam etdirən düşmən öz hərəkətləriylə bizim laqeydliyimizə son qoymalıdır. Tolerantlığımızla, qonaqpərvərliyimizlə, açıqürəkliliyimizlə, unutqanlılığımızla bərabər bir həqiqəti də bilməliyik ki, əsrlərdir erməni bizim qarı düşmənimizdir və bunu balalarımıza da aşılamalıyıq. Çünki "qarı düşmən dost olmaz" deyib, ulularımız. Nəhayət bilməliyik ki, Vətən cəbhədən başlayır, səngərdən başlayır. Vətən təkcə Bakı deyil!!! Bakının bu günü kimi, cəbhə xəttinin də bu gününü, sabahını düşünməliyik. Onların yanında olmalıyıq ki, ön cəbhə ilə arxa cəbhə eyni yaşamın iştirakçısı olsun. Biz sözdə deyil, əməldə birləşsək qələbəmiz mütləq olacaq!

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV