adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Əzrayıl andı

FƏRİDƏ RƏHİMLİ
31355 | 2014-07-26 01:54
Sağlamlıq hər şey deyil, amma o olmasa, hər şey heç nədir, deyib Sokrat. Və bu hər şeyi heç nə edən can ağrısı - fiziki ağrılarımız ruhumuzu da pərişan edir və sağlam olmayan bədən sağlam ruhu daşımaq gücünü itirərək bizlərin həkimlərlə, loğmanlarla, türkəçarəçilərlə əlaqəmizi qaçılmaz edir. Amma həmişəmi doğru ünvana üz tuta bilirik?
Təəssüf hissi ilə tam əksini deyə bilərəm ki, əksər vaxtlar məcburən köməyinə ehtiyac duyduğumuz bu peşə sahibləri çoxlarımızı məyus edir. Səhiyyəmizin vəziyyətinin günü-gündən yaxşılaşdığını deyən, yazan səlahiyyətlilərdən fərqli olaraq, ehtiyac sahibləri bu inkişafın axarına düşə bilmirlər ki, bilmirlər. Və yanlış diaqnozların nəticəsi olan yanlış müalicələr əhalinin Hippokrat andına xəyanət edib, onu Əzrayıl andına çevirən zümrəsinin səyi ilə xarici ölkələrə üz tutmalı olurlar. Bu qədər tibbi biliklər verən universitetlər, saysız-hesabsız xəstəxanalar, klinikalar, poliklinikalar sanki doktorçuluq oynayırlar və xarici ölkələrə getməyə imkanı olmayan xəstə yaxınlaşdığı həkimə inamsızlıqla, əlacı kəsildiyindən müraciət etməyə məcbur olur. İnanmıram ki, bu qədər həkim ordusunun içində vicdanlı, işininin bilicisi, təcrübəli həkimlər olmasın, amma çox təəssüf ki, mən onlarla hələlik heç rastlaşmamışam.
Bu günlərdə bir sabirabadlı həkimin rüşvət istəməsi haqda video yayıldı və demək olar ki, KİV nümayəndələrinə bir neçə günlük mövzu vermiş oldu. "Sabirabadlı həkim rüşvət istədi", "Sabirabadda həkim rüşvət istərkən yaxalandı", "Sabirabadlı rüşvətxor həkim Səhiyyə Nazirliyinə çağırıldı", "Sabirabadda rüşvət alarkən yaxalanan həkim işdən qovuldu" və sair, və ilaxır... videolar, şərhlər, təəccüblərin ifadəsi, tənqidi fikirlər...
Düşünürəm ki, nədən bizim millət bu qədər küyə gedəndi! Elə reaksiyalar gördüm ki, bu məsələyə münasibətdə, sanki heç bu sahədə nə rüşvət verən olub, nə alan, nə bunu ömründə bircə dəfə də olsun görən, eşidən. Bu qədər saxtakarlıq kimə lazımdı anlaya bilmirəm! Yəni, bir rüşvətxor tutulursa, bu yaxşı hal kimi qiymətləndirilə bilər. Amma mənim, sənin, onun - bizim hər gün, hər sahədə rüşvətlə rastaşmağımız adi bir hal deyilmi - istər səhiyyədə, istər təhsildə, istər idarə, müəssisələrdə - hər sahədə...
Bəs nədən bu qədər səs-küyə səbəb oldu bir sabirabadlı həkimin rüşvət almağı? Bu vəziyyətin hər yerdə eyni olduğunun sübutu üçün istər dövlət, istərsə özəl xəstəxanalara baş çəkin! O zaman bütün "rüşvətalma prosesini" çılpaqlığı ilə görə bilərsiniz. Niyə məhz həmin video bu qədər ajiotaj yaratdı?!. Millət bu məsələyə o qədər təəccübləndi ki, təəccübdən gözləri bərəldi... Və həkim işdən çıxarıldı...
Hər kəsin bildiyi adi hal almış bir məsələni bu qədər şişirdib dəhşətli bir olay halına gətirmək çox gülməlidir. Bəlkə hər gün bir həkimin rüşvət söhbətini çəkib saytlara qoyaq və səhiyyəmizdəki vəziyyəti "düzəldək". Axı bu, hər kəsin məcburən rastlaşdığı bir problemdir və bunu inkar etmək "cidanı çuvalda gizlətmək"ə bənzəyir. O həkimin xəstə sahibləri ilə söhbəti bizim hər birimizin xəstələnərkən xəstəxanalarımızda rastlaşdığımız təkrarlanan haldr. Mənim əməliyyatdan öncə, yaxud müalicə almaq istərkən eşitdiyim və hamı üçün adiləşmiş bu məsələ sən demə, səlahiyətli məmurların qulağına gedib çatmayıbmış! Orada bu biabırçılıqlardan xəbərləri yoxmuş. Əlbəttə, olmayıb, inanıram!!! Mənim də günahım var bu məsələdə, KİV nümayəndəsi kimi illərdi demək olar ki, Bakıdakı bütün xəstəxanaları gəzərək dərdimə əlac tapmayıb, yalnız pul xərcləməklə rüşvət hallarını görə-görə videosunu çəkib atsaydım saytlara, çoxdan səhiyyə məsələsi həllini tapmışdı...
Bir həkimi cəzalandırmaq, bir xəstəni dövlət hesabına müalicə etmək məsələnin həlli yolu deyil. İnkişafın bütün sahələri üzrə qonşu ölkələrin əksəriyyətindən öndə olsaq da, ən önəmli texniki avadanlıqlar ətraf ölkələrdən öncə bizim ölkəyə ayaq açsa da, problemlərimiz həllini tapmır, tapa bilmir, niyə, çünki bu qədər tərəqqinin, inkişafın, gözəlliyin içində, mayasında rüşvət bəlası var. Və bu bəla bir kərə girdisə cəmiyyətin nüvəsinə, çıxarması çok çətindir. Yəni, əvvəl cəmiyyətin ağrısını, xəstəliyini sağaltmaq, bu yoluxucu xəstəliyin kökünü, səbəbini tapmaq lazımdı ki, nəticəsinin səfasını görə bilək.
Anlaşılan cəmiyyətin bu gün əsl loğmanlara ehtiyacı var. O loğman xəstə cəmiyyəti sağalda bilməsə, həkimlərə, müəllimlərə... və başqalarına ümid bağlamaq əbəsdir.

P.S. Bu yazını kompüterə köçürüb qurtarmamış yenə tanış həkimə zəng edəsi oldum. Çünki illərdi müalicəsi "davam edən" ağrılarım, məhz, hələ də güvənli bir həkim tapa bilmədiyimdən öz işini görməkdədir. Elə yazını da o ağrıların diktəsi altında yazırdım. Xərclədiyim pulları saymadan...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV