adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ERMƏNİNİN XİLASI TORPAQLARIMIZI TƏRK ETMƏSİDİR

FƏRİDƏ RƏHİMLİ
63085 | 2014-08-09 01:32
Bir xəbər eşitdim hərbi jurnalistimizdən, "Qarabağ torpağındayam..." dedi. "Az qaldı... Qarabağın havasını uduram, yovşan ətri burnumdadı..." dedi.
Sevincdən bədənim titrədi, göz yaşlarım selə döndü. Vətən həsrətlisi bilirdim özümü, amma bu dərəcədə deyil.
Hələ eşitdiyim, təsəvvürümdəkilər məni bu qədər həyəcanlandırırsa, mən oraya ayaq basanda nə hallar keçirəcəm görəsən?!. Orda sevincdən partlaya da bilər ürəyim...
Vətən deyib, pafoslu sözlər, şeirlər, dastanlar yazanlar... o həsrəti çəkənlər daha yaxşı bilir. Yüz dəfə yazdığınızın bircə anlıq reallığını yaşasanız, çəksəniz daha aydın anlayarsınız bu həsrəti. Vətən həsrəti elə bir həsrət ki, onu nə sevgili ilə, nə bala ilə, nə dostla olan ayrılıqla müqayisə etmək olmaz. Vətənin ayrılığı bütün həsrətlərin üstündəymiş sən demə. Iyirmi ildən artıq çəkdiyim bu nisgil necə oldu da bir şad xəbərlə leysana dönüb gözlərimdən axmağa başladı, ilahi! Bu necə hissmiş, necə duyğuymuş, necə həsrətmiş.
Yaşlıların hər danışanda gözlərinin dolmasını bugünkü qədər dərindən anlamamışdım. Xarici ölkələrdə dünyasını dəyişənlərin titulları qarşınında "vətən həsrətli filankəs" yazanda bəzən bu titullara o sözün nə dəxli olduğunu da bu gün daha aydın hiss etdim.
Erməni, doğulduğum yurdu viran edəndən sonra, o torpağa ilk dəfə ayaq basanda içimdəki əlacsızlığımı, köməksizliyimi, intiqam, ədalətsizliyə qarşı nifrət hisslərimi ifadə edə bilmirdim. Acığımı, viran qalmış həyətimizdə rastlaşdığım kitablardan ayaqyolunda istifadə edən əsgərdən çıxmağa çalışmışdım o vaxt. O da çaş-baş qalmışdı, Bakıdan gələn xanım nədən bu cəbhə zonasındakı əsgərə "sağ ol" demək əvəzinə onunla acıqlı rəftar edir deyə. Əlacsızlığımıza əsəbləşirdim. Cılız əsgərimizin talanmış torpağımızda kitaba münasibətinə əsəbləşirdim. Əsgərlərin ocaq qalayarkən kitab yandırmağa mecbur olduqları üçün səlahiyyət sahiblərinə acıqlanırdım. 1994-cü il idi...
O vaxtdan çox illər keçdi. Çox səbr etdik. Amma olsun, təki sonu belə şad xəbərlərlə bitsin. Erməni bizim heysiyatımıza ləkə gətirə biləcək xalq deyil. Erməni türkün torpağına sahib çıxa biləcək millət deyil.
Şad xəbərlər üst-üstə gəlir. Ağdamda Bayramlar, Mərzili, Yusifcanlı kəndi düşməndən geri alındı!
Artıq helikopterlərimiz bu kəndin üzərində uçuşur. Şəhid versək də, bu xəbərlər çox sevindiricidir. Əlbəttə, müharibə ölüm deməkdir. Ölümsüz qələbə də mümkün deyil. Mənim oğlum da, bacım oğlanları da, qohum-əqrabaların uşaqları da, qonşularımın uşaqları da, kürəkənim də orduya səfərbərlik yaşındadırlar. Amma mən müharibə tərəfdarıyam! Tam səmimiyyətimlə deyirəm. Oğlum artıq könüllü cəbhəyə getmək üçün yazılıb. Bizim millətə yaraşmayan bir həyat yaşayırıq 20 ildən çoxdur. Gülüşümüz saxta, yediyimiz, şənlənməyimiz haram, istirahətimiz yanlış... torpaqlarımızı azad etsək hər bir oğlumuz alnı açıq, üzü ağ gəzə biləcək. Ondan sonra şadlanaq, şənlənək nə qədər istəyirsiniz. Azadlığın aurasında bu torpağa Allahın bəxş etdiyi sonsuz nemətlərdən payınızı alaraq yaşayaq.
Güclü ordumuz, ürəkli oğullarımız sayəsində çox az müddətdə torpaqlarımızı azad edə biləcəyimiz bütün dünyaya gün kimi aydın olduğu halda bu, təəssüf ki, hələ də mümkünsüzdü. Ikiüzlü siyasət, ikili standartlar, antimüsəlman kampaniyalar, türkün birləşməsindən vahimələnmək haqlı olarkən ədalətsizliyə uğramamızın səbəbidir. Dünya Birliyinin, hegemon dövlətlərin riyakar qərarlarının zaman uzatmaqdan başqa heç bir məqsəd daşımadığı hər kəsə aydındır. Son görüşlərdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən BMT-nin 822, 853, 874, 874 saylı qətnamələri xatırladılmamış, eləcə də bu təşkilatın Təklükəsizlik Şurasının sədrinin məsələ ilə əlaqədar 7 bəyanatından bəhs edilməmiş, Ermənistanın münaqişəyə dair danışıqlarda qeyri-konsturktiv mövqe nümayiş etdirməsi, status-kvonun qorunub saxlanılmasına çalışması, danışıqları pozması barədə bircə kəlmə belə işlədilməmişdir.
Haqq nazilər, üzülməz, deyib babalarımız. Bu əzabların, ədalətsizliyin də bir sonu olacaq inşallah. Bu gün erməni döyüş ruhunda olan oğullarımızın qarşısında duruş gətirəcək gücdə deyil. Bunu onların özü də, dünya birliyi də açıq-aydın görür və qələbəmizin yaxında olduğunu bilirlər. Əsas məni sevindirənsə vətənin bugünkü vəziyyətində gənclərimizin münasibəti oldu. Gənclərdə vətənpərvərlik hisslərinin azalması, avropalaşıb öz adət-ənənəsindən uzaqlaşması, kitab oxumamaları, təəssübkeşlik anlayışını itirmələri haqında söhbətlərin cəfəng olduğu ortaya çıxdı. Bu gün gənclərimizin torpaqlarımızın azadlığı uğrunda könüllü ordu sıralarına yazılma istəkləri bu fikirləri alt-üst etdi. Demək ki, bu anlayışlar qan yaddaşında, ana südündə ötürülür nəsildən-nəslə. Bunu heç bir ətraf təsir dəyişə bilməz.
Bircə əsgərimiz, cəbhədə gedən qızğın döyüşlərdə ermənilərin 6-7 hərbçisini məhv edən gizir Yaşar Hüseynov erməni silahlı qüvvələrinin təxribatına layiqli cavab verərkən, qolundan yaralanıb. Buna baxmayaraq, o, döyüşü saxlamayıb və cəsur hərbçimiz ordumuzun güclü olduğunu bir daha vurğulayıb.
Yalnız Ali Baş Komandanın əmrini gözləyən gənclər çox az bir zamanda, vaxtilə nankor xalqa bağışlanan öz əski dədə-baba torpaqlarımızda ola biləcəklərinə əmindirlər.
Artıq dünya da ağı ağ, qaranı qara görmək iqtidarındadır. Həmişə bir millət, iki dövlət olaraq daim bizimlə olan qardaş Türkiyədən və başqa bu haqq işində bizimlə birgə olduqlarını bəyan edərək uzadılan dost əlləri bizi qürurlandırdı.
Qarabağ ağrısı, Xocalı soyqrımı BƏŞƏRİ XƏCALƏTdir deyən "Qəlbin yaddaşı" kitabının müəllifi rus şairi və publisisti Aleksandr Fomenkov işğalçı ermənilər döyüşmək üçün sabah Bakıya gəlir. 60 yaşlı şair: " Heç olmasa mərmi daşıyaram, yaralı Azərbaycan əsgərlərinə qulluq edərəm!" - deyir.
Ermənilərin atəşkəsi pozduğu, bizi müharibəyə təhrik etdiyi vaxtdan bu sayaq dost təklifləri gəlməkdədir. Təbii ki, Azərbaycan Ordusunun başqalarının fiziki köməyinə ehtiyacı yoxdur. Öz ordumuz kifayət qədər güclüdür və oğullarımız torpaqlarımızı azad etməkdə israrlıdır.
Son vaxtlar erməni azğınlığı artmaqdadır. Böyük Ermənistan xülyasından əli üzülən, iqtisadi durumu get-gedə pisləşən, əhalisinin səksən faizi yaşayış yerlərini tərk edən - yəni, itirəcəkləri bir şeyləri qalmayan ermənilər öz xislətlərinə uyğun olaraq axırıncı variantlara əl atmaqdadırlar. Quduz it ətrafını dalayan kimi bunlar da son anlarını, öz xəstə təfəkkürləri, onlara uşaqlıqdan aşılanmış türkə nifrətlərini bəyan edərək gəbərmək istəyirlər. Artıq uduzduqlarını bilsələr də öz nifrətlərində boğularaq xislətlərindən əl çəkmirlər. Onlara haqları olmadan bağışlanmış bu torpaqda yaşamağı bacarmadılar, heç olmasa çəkilib getməyi bacarsınlar. Bu onların xilası olacaq.
Saytlarda Qarabağda yaşayan çağırılmamış qonaqların təlaşla əşyalarını yığdıqlarının şahidi oldum. Və Müdafiə Nazirimizin sözlərini xatırladım: ... Əgər Qarabağda erməni əsgəri ölürsə, bunu onlardan soruşmaq lazımdır ki, onun burda nə işi vardı...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV