adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

GÖZƏLLƏŞƏN AZƏRBAYCAN - 2

SEYFƏDDİN ALTAYLI
77945 | 2014-08-16 02:09
Azərbaycanın müstəqillik uğrundakı mübarizədə məsuliyyətim nəyi tələb edirdisə, xaricdə yaşayan bir doğması kimi onu yerinə yetirdim. Təbii olaraq müstəqillikdən, istiqlaldan müdafiə edən dostlarımla eyni cərgədə, yəni Xalq Cəbhəsi səflərində idim. Siyasi kimliyindən və mövqeyindən asılı olmayaraq Azərbaycan deyilə bilər ki, küllü halda Xalq Cəbhəsi səflərində öz yerini tutmuşdu.
Ehtiyat edənlər o səflərdə olmasalar da ürəkləri Xalq Hərəkatını yeridənlərlə birgə döyünürdü. Doğma yurdum öz azadlığını əldə etdiyi, kommunist dövrün, daha düzü Sovet Rus qandalının parçalandığı vaxt Azərbaycan xalqı ilk dəfə demokratik şəkildə öz prezidentini, mərhum Əbülfəz Elçibəyi seçdikdən sonra Azərbaycanla bağlı siyasətimdən əl çəkdim, çünki artıq təbii olaraq hakimiyyət-müxalifət mübarizəsi başlayacaqdı, orda da mənim yerim ola bilməzdi. Bunu da deməliyəm ki, seçkidə Elçibəyin vəkili idim və dostlarımla birlikdə 45 gün onun prezidentlik yarışında qazanması yolunda əlimdən gələn işləri gördüm. Seçkinin keçirildiyi günün səhərisi, yəni mərhum Elçibəy Milli Məclisdə andiçmə mərasimində iştirak etdiyində mən artıq Naxçıvanda idim. Hava limanında məni görən Naxçıvan Xalq Cəbhəsindən olan dostlar təəccüblə, "Seyfəddin bəy, Elçibəy andiçmə mərasimində iştirak edəcək, onun vəkili olaraq niyə qalıb orda iştirak etmədiniz?" - şəklində öz heyrətlərini dilə gətirdikdə onlara bu cavabı vermişdim: "Artıq Azərbaycan xalqı öz prezidentini seçdi, mənim işim də seçkiylə birlikdə qurtardı, bundan sonra hakimiyyət-müxalifət anlayışı atmosferi istər-istəməz hakim olacaqdı, mənim isə orda yerim yoxdur. Sizin daxili işlərinizə qarışa bilmərik, çünki xaricdə yaşayan bizlərin buna nə ixtiyarı var, nə də hüququ çatır, artıq bundan sonrası sizin işinizdir. Ancaq bunu da bilməlisiniz ki, Azərbaycan dövlətçiliyinin güclənməsi, onun təbliğatının aparılması məsələsində, Türkiyə ilə Azərbaycan arasındakı əzəli və əbədi qardaşlığın möhkəmlənməsində öhdəmizə nə düşür, iki doğma xalqın övladı kimi onu yerinə yetirəcəyik".
Elçibəy hakimiyyəti cəmisi on ay çəkdi və bu müddət ərzində unudulmaz işlər gördü, öz tarixi missiyasını yerinə yetirdi.
Təzəcə öz müstəqilliyini əldə edən ölkə bir tərəfdən quruculuq işlərini apararkən, digər tərəfdən rusların dəstəyindəki ermənilərin başlatdığı hərbi davam etdirirdi. Yenicə öz müstəqilliyini qazanmış və indiyə kimi hər yöndən Rusiyadan asılı olan bir ölkənin problemləri isə dağ boyda idi. Bir tərəfdən bu məsələlər, digər tərəfdən də Xalq Cəbhəsindəki kadrların dövləti idarəetmə yönündəki təcrübəsizliyi, xaricdən uzanan əllərin törətdikləri fəsat ölkəni hardasa daxili çaxnaşmanın astanasına aparıb çıxarmışdı. Rus ordusunun dəstəyindəki ermənilər, əslində buna rus ordusu desək daha düz olardı, çünki həqiqət belə idi, Azərbaycan torpaqlarını işğala başladılar, axırda mərhum Heydər Əliyev, Elçibəyin dəvətiylə gəlib dövlətin başına keçdi. Onun hakimiyyətinin ilkin vaxtlarında neçə-neçə rayon işğala məruz qalsa da böyük dövlət adamı olan Əliyev öz siyasəti ilə tarazlıq yaratdı, atəşkəs yarandı. Əliyev, Azərbaycanın üzünü tədrici olaraq Rusiyadan çevirib Türkiyə üstündən Qərbə yönəltdi. Öz ömrünü başa çatdırana kimi də tarixdə qeyd olunan böyük işlər gördü. Sadəcə olaraq Bakı-Tiflis-Ceyxan neft kəməri onun nə boyda müdrik bir siyasət və dövlət xadimi olduğunu sübuta yetirməyə kifayət edir.
Sözün burasında Azərbaycanın iki milli dəyəri Elçibəyə və Heydər Əliyevə Ulu Tanrıdan nəhayətsiz rəhmət diləyirəm, qəbirləri nurla dolsun. Onlar gəldilər, öz missiyalarını yerinə yetirdilər və çəkiləri boyda işlər görüb Türk tarixinə unudulmaz imzalar atıb bu dünya ilə əbədilik vidalaşdılar. Onların gördüyü işləri artıq tarix müəyyənləşdirəcək, qiyməti o verəcəkdi.
Heydər Əliyevin dünyasını dəyişməsindən sonra prezidentlik stolunda əyləşən İlham Əliyev də atasının siyasətini buraxdığı yerdən davam etdirdi, etdirir. Azərbaycan günü-gündən gözəlləşən bir diyara çevrilib. Nöqsanları yoxdurmu, əlbəttə var, olacaqdır da. Önəmli olan o nöqsanların təhlil edilib tədricən və tezliklə aradan götürülməsidir, xüsusilə də təlim-təhsil sahəsində. Azərbaycan, yeni-yeni Üzeyir Hacıbəylilər, Əlibəy Hüseynzadələr, Nəsrəddin Tusilər yetirməlidir, könlümüz bunu istəyir.
Azərbaycan Yazıçılar Birliyinin qurultayından sonra istəkli qardaşım Aqil Abbas bəy zəng etdi ki, "İsmayıllıya gedəcəyik, ayrı planların varsa təxirə sal". Aqil bəy, hörmətli həyat yoldaşı, ziyalı bacım İradə xanım Tuncayla, Avrasiya Yazarlar Birliyinin Başqanı dostum Yaqub Dəliöməroğlu, həyat yoldaşı, oğlu və qızı ilə birlikdə məni və həyat yoldaşım Fatma xanımı götürüb İsmayıllıya apardılar. Aqil bəyin və İradə xanımın missiyası belədir, haçan bir xarici Azərbaycana getsə, ona lazımi qayğını göstərirlər, Azərbaycanın gözəl guşələrinə qonaq aparırlar və onun təbliğatı yolunda böyük işlər görürlər.
İsmayıllıda "Qızqalası İstirahət Mərkəzi"ndə üç gün qaldıq. Bu istirahət mərkəzi, artıq Azərbaycanın günü-gündən hər sahədə əsrlə ayaqlaşmaq arzusunun simvollarından biridir. İstirahətə gələnlərə göstərilən qayğı, xidmət, ətraf mühitin təmizliyi Azərbaycanın yönəldiyi yeni anlayışdan xəbər verirdi.
Hər gün deyilə bilər ki, bölgənin gözəl guşələrini ziyarət etdik. 1988-ci ildə də İsmayıllıya yenə həyat yoldaşımla getmişdik. Bizi, mərhum dostum prof. dr. Fərəməz Maqsudov, prof. Rəfiq Zəka Xəndan ilə birlikdə aparmışdı. Gözəl təbiət şairimiz Musa Yaqub ilə ilk görüşümüz də, dostluğumuz da o ildən başlamışdı. İsmayıllıdan Lahıca da getmiş, bizlərə göstərilən çox böyük hörmət və məhəbbətin şahidi olmuşduq. Əslində bizə göstərilən sevgi, Türkiyə sevgisi idi, bunu bilirdik, ancaq onun müxatəbi olmağı Tanrı bizim taleyimizə yazıbmış, o da bizlik deyildi. Aqil bəylə İradə xanımın bu dönə bizi İsmayıllıya və Lahıca aparmasıyla bizlər aradan ötən 26 il ərzində bu bölgələrdə gedən inkişafı daha yaxşı görə, müqayisə edə bildik. Müşahidə olunan müsbət mənadakı dəyişiklik də Azərbaycanın və onu idarə edənlərin uğurudur, Tanrı onlardan razı olsun.
Lahıcda olarkən ekibimizdəkilərə rəhbərlik edən Aqil bəy onları müşayiət edir, lazımi məlumatları İradə xanımla birgə verirdi. Bizimkilər turistlərin də doluşduğu bir dükanda misgərlik işlərinə baxarkən mən küçəni üzüyuxarı qalxdım və Nağı kişinin dükanını sordum. Bir neçə şəxsə sora-sora gedib həmin dükanı tapdım. 1988-ci ildə Lahıca getdikdə Nağı kişinin dükanına getmişdik, özüylə xeyli söhbət etmişdik, yadigar olsun deyə bir mis qazança, bir aşsüzən, bir də kəfkir götürmüş, nə qədər təkid etsək də pul götürməyib onları bizə bağışlamışdı. Onun nişanələrini hələ də tutya kimi saxlayırıq. Dükana daxil olduqda məni 18-19 yaşlarında bir cavan qarşıladı. Salam-əleykdən sonra, "Nağı kişinin dükanı buradır?" - deyə sual verdikdə, cavan, "bəli buradır", - dedi. "Bəs özü hardadırə" dedikdə, "Babam iki il qabaq rəhmətə getdi, mən onun nəvəsiyəm və onun irsini davam etdirirəm", - dedi. Nağı kişinin bir fotosu divardan asılmışdı. Üzündən-gözündən nur tökülən bu gözəl insanın şəkli qarşısında onun ruhuna dinməz-söyləməz "Fatihə surəsi"ni oxudum. Allah rəhmət eləsin. Nağı kişi, Aqil bəy və İradə xanım kimi insanlar Azərbaycan adlı vətənə öz əllərinin əməyi, alınlarının təri və gözlərinin nuru ilə sevgi çələngləri hörən şəxslərdilər, Tanrı onların sayını məhşərə kimi artırsın və doğma yurdumuzu bədnəzərlərdən, yad çəkmələrdən qorusun.
Aqil bəy və İradə xanım bizlərə üç gün ərzində dünyanı bağışladılar desəm, şişirtmiş olmaram. O üç gündə ruhlarımız dincəldi, günü-gündən gözəlləşən Azərbaycanımızın uğurunu gördükcə köksümüz fəxrlə qabardı. Sadəcə olaraq İsmayıllı və Lahıcda olmadıq, Qəbələyə də getdik. Aqil bəy bizi Azərbaycanda "kanat", Türkiyədə "telefərik" deyilən yerə də apardı və ona minib Qəbələ bölgəsinin gözəlliklərinə yuxarıdan tamaşa etdik. Bunu da deyim ki, nə "kanat" bizim sözdür, nə də "telefərik". Dilçilərimiz bu cür yad sözlərin yerinə nəyə görə öz doğma dilimizdən sözlər tapıb yaratmırlar başa düşmək çətindir. Ona niyə ki, "ipyol", "telyol", "teldənyol" və s. sözləri tapıb demirik? Gərək rusun və ya fransızın dediyini mənimsəyək, bizim dilimiz o qədər zəifdir bəyəm?
Sözün burasında "kanat"ın idarəçisi olan dostum əvəz Bəyə bir-iki kəlmə demək istədim. Ona minən hər şəxsdən on manat alırlar, yəni on avro. Əgər başdan bilsəydim ona minməzdim, çünki ona bahalı yox, od qiymətinə deyilsə, yeridir. Onun qiyməti adam başına uzaqbaşı bir manat, ya da manat yarım olmalıdır. Söhbət insanların Qəbələyə gəlib ona minməsindən və Azərbaycanın bu füsunkar guşəsinin gözəliklərinin dönə-dönə şahidi olmasından, dincəlməsindən, razı qalmasından və dostlarına tövsiyə etməsindən gedirsə, bu qiymətə olmamalıdır. Türkiyə ötən il turizmdən 27 milyard dollar qazanc əldə etdi. O qazancı, turistlərə göstərilən qayğı, təbliğat və dincəlmə məkanlarının ucuzluğu sayəsində əldə etdi. Əvəz dostuma da, turizmə xidmət edən digər dostlara da bunu xatırlatmaq istədim, ayrı bir məqsədim də yoxdur.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV