adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TARİXDƏN BİR YARPAQ

SEYFƏDDİN ALTAYLI
78422 | 2014-09-20 01:06
Bugünkü yazımda yenə ulu tariximizin qədim səhifələrinə üz tutmaq və o vaxtkı dövlət anlayışımız, dövlət adamlarımızla indiki vəziyyətin öz daxili dünyamızda da olsa müqayisəsinə imkan yaratmaq istədim. Bundan məqsədim yeni nəsillərimizə heç olmasa bir mesaj verməkdir.
Oğuz Xaqanın bundan 2000 ildən də qabaq Hun dövlətini imperiya səviyyəsinə qaldırdığını və Türk dövlət gələnəyinin bünövrəsini qoyduğunu bilməyənlər çox azdır. Oğuz Xan, idari, hərbi təşkilatı, daxili və xarici siyasəti, hərbi texnikası, ordusu, dini və sənətilə Türk tarixində əfsanəvi bir huviyyət qazanmış mifoloji xarakterli dövlət adamımız və sərkərdəmizdir. Bir sözlə, o bizim tarixi qürur abidəmizdir.
Hamı bilir ki, Oğuz zamanında xalqın əksəriyyəti heyvandarlıqla məşğuldu və kənd təsərrüfatı ilə məşğul olanlar həddən artıq azdı. Dövlət iqtisadiyyatının özülünü isə ilxı təşkil edirdi. O dövrdə Çində torpağa bağlı quldarlıq sistemi vardı, ancaq Hunlarda bu sistemin nəfəsi də çəkilmirdi. Nə hikmətdirsə biz ruslarla öz arzumuzun xilafına olaraq əlaqədə olandan sonra torpaqlarımıza quldarlıq ixrac edilib, həm də zorbazorluqla. O vaxt Hunlarda, eynilə Çində olduğu kimi tayfa aristokratiyası yoxdu, bu aristokratiya da bizə Ruslardan ixrac edilib, həm də Azərbaycanın siyasi və sosial yöndən işğalından sonra.
Qədim vaxtlarda xalq arasında nüfuzu olanlar, ağıllı, düz və bilikli şəxsiyyətlər, idarəçilik istedadı yüksək olanlardı. Xaqan ilə qara camaatın hər hansı fərdi arasında mal-mülk, var-dövlət yönündən bir fərq yoxdu. Xaqanqar varlı-karlı insanlar deyildilər, ola da bilməzdilər. Ona görə Dədə Qorqud dastanlarında Qazan Xanın hər il evini yağmalatdığına işarə edilib. Adi vətəndaş, sıravi hərbçi və ya vətəndaş nə yeyib-içirdisə xaqan da onu yeyir, onlar kimi yaşayırdı. Atillanın ona qonaq gələn xaricilərə gümüş qablarda yemək verdirməsi, özünün isə ağacdan yonulmuş qabqa taxta qaşıqla yemək yeməsi eradan sonrakı çağlarda da davam edən Oğuz Xan gələnəyinin özgə bir çalarıdır.
Hamı, dilindən, dinindən və soy-kökündən asılı olmayaraq dövlət nizamında və törə adlanan yazılmamış qanunlar qarşısında bərabər hüquqa malikdi. Kişi qadın fərqi qoyulmazdı. Qadınlar ailədə olduğu kimi dövlət idarəsində də söz sahibi idilər. Dünənki və ya indiki kimi bəzi insanlar qadının fiziki varlığını və ruhunu qara çadranın mənəvi həbsxanasına salmazdı, salabilməzdi.
Xalq, qan qohumluğu ilə bir-birinə bağlı, dissiplinli və daim hərbə hazır vəziyyətdə yaşayırdı. Bu disiplin, xüsusilə Oğuz tərəfindən ordunun tənzimindən sonra mərhələli olaraq mərkəzdən idarə edilən hərbi təşkilat vəsfini qazanmışdı və Hun dövlətinin əsil qurğusunu təşkil edirdi. Bir sözlə, Hun dövləti mərkəziyyətçiydi. Elə indiyə nəzər salsaq Türkiyə də, digər Türk cümhuriyyətləri də mərkəziyyətçi xarakterə malikdilər. Deməli, dövlətçiliyimizdə Oğuz ənənəsi davam edir.
Oğuz zamanında tayfaçılıq anlayışı aradan götürülmüşdü, dövlətin vətəndaşlarına milli kütlə vəsfi qazandırılmışdı. Həmin anlayış bu gün də bütün Türk tayfalarında mövcuddur. Ancaq xaricilər var güclərilə çalışırlar ki, Türk xalqları arasında eynilə ərəblər kimi tayfaçılıq anlayışı hakim olsun, çünki bu anlayış topluma hakim olduqda o toplumu daimi olaraq çaxnaşmalarla məşğul etmək həddən artıq asandır. Milli şairimiz Məmməd Araz ona görə,
"O zamanmı bitdi bizim dilimizin "sənin", "mənim" qubarı da?
O zamanmı bitdi bizim dilimizin "haralısan" damarı da?" deyir. Şərhi üçün cildlərlə əsər yazılacaq ikicə sətir. Qəbrin nurla dolsun ustad.
Oğuz zamanında ildə biri kiçik olmaqla üç dəfə qurultay çağrılardı. Bu məclislərdə müxtəlif dövlət məsələləri və kütlənin problemləri müzakirə edilərdi. Qurultayda hamı öz fikrini açıqlamaqda azaddı, ancaq axır söz əlbəttə dövlət rəhbəri olan Oğuzundu. Oğuz vaxtından qalma bir atalar sözümüz vardır: "Gen libas geyindikdə cırılmaz, məşvərətlə inkişaf edən məlumat isə pis çıxmaz". Axırıncı səmavi din olan İslamın ulu peyğəmbəri Hz. Məhəmmədin dediyi kimi; "məşvərət edin, bir işi görməmiş bir-birinizin fikrinə qulaq asın" ideyası əsrlərlə əvvəl Hun dövründə həyata keçirilirdi. Bu nümunə də Türklərin, hələ İslam dini gəlməmiş İslam dininin qaydalarını nə cür həyata keçirdiyini sübut edir. Elə buna görə də İslam dinini kütləvi şəkildə qəbul etmədikə ancaq onu layiqincə başa düşüb davam etdirə bildik, ya yox? Məncə yox. Biz daha çox ərəbin və farsın xurafatını İslam adıyla qəbul etdik və İslamın buyurduğu elm yolundan aralandıq, aralandığımıza görə də yeni-yeni texnolojilər ixtira edə bilmədik və bu gün dünənki nökərlərimizin qarşısında zəlil və zəbunuq.
Bir vaxtlar iki Avropalı feodal bəy bir-birləriylə sən-mən yarışına girəndə və mübahisə qızışanda biri digərinə deyirdi ki, "ə sən kimsən, nəçisən, mən Osmanlının sancaq bəyinin üzəngisini öpmüş adamam, rədd ol o yana və mənim qarşımda artıq-əskik danışma..."
Bir vaxtlar bir valimizin atının üzəngisini öpməklə öyünənlərin nəvə-nəticələri bu gün bizə dərs keçmək cürətini göstərir. Kül başına ay Araz üstündən təzək atdanır.
Məncə avropalılar haqlıdılar, çünki gecəli-gündüzlü işlədilər, yeni-yeni elmi yollar, təxnoloji ixtiraların köməyi ilə yeni-yeni markalar yaratdılar, varlanıb-hallandılar, gücləndilər, yüksəldilər və haqlı olaraq bizə indi təpədən baxırlar.
Yenə Oğuz dövrünə qayıtsaq hər il iki dəfə, payızda və yazda böyük qurultaylar keçirilərdi və bütün xalqın bir araya gəldiyi o yığıncaqlar həddən artıq sakitlik içində aparılardı. Kiçik qurultay Oğuzun çadırında, digər ikisi isə (yaz və payız qurultayları) eşikdə təşkil olunardı. Birinciyə xalqın və dövlətin nümayəndələri, digərlərinə isə bütövlükdə xalq da iştirak edərdi. Hər şəxsin və ailənin yeri müəyyəndi. Heç kəs bir digərinə məxsus yerdə əyləşə bilməzdi. Hər şey nizam-intizam daxilində yeriyərdi. Xalqın tamamının və hətta uşaqların da iştirak etməsinə baxmayaraq qurultayda milçək uçsa, səsi eşidilərdi. Orda nitq irad edənlərin və ozanların səsini hamı eşidərdi. Bu da Hun dövlətinin nə miqyasda nəhəng bir törəyə və əxlaqi səciyyəyə malik olduğunu sübut edir. Sonra bu qurultaylarda ox atma, güləşmə, cıdıra çıxma müsabiqələri də təşkil olunardı. Müsabiqələrdə uğur qazananlar Oğuz tərəfindən mükafatlandırılardı. Bu da daha yaxşıya çatabilmək, ən üstün ola bilmək fikrini hamıya aşılayar və kütlənin inkişafında aparıcı rol götürərdi.
Bəs indi. Milli məclislərimizdə bəzən xalqın seçdiyi nümayəndələr yumruq davasına çıxır. Niyə problemlərimizi qarşılıqlı məşvərətlə, danışıqla yox, ayrı yollarla həll etməyə çalışırıq?
Məsələn, Oğuz zamanında törələr dövlətin rəsmi qanunları kimi xalqın fikrində və əməlində öz yerini tapmışdı. Şəxsi kin küdurət bəsləmək və qisas almaq qəti qadağandı, buna uymayanlar o saat edam edilərdi. Yüngül günah işləyənlərin üzü qılınc və ya xəncərlə yazılardı. Bu yara izi isə onun işlədiyi cinayətdən asılı olaraq cəza gördüyünü hamıya bir növ car çəkərdi. Ən başlıcası isə cinayət işləyənlər uzaq başı on gün ərzində hakim hüzuruna çıxarılar və məhkəmədə dindirilərdi. Bir sözlə ədalət ən tez vaxtda təcəlli edərdi. Bəs indi? Mifoloji çağlardakı ulu babalarımız irəlidəydi, yoxsa biz onları üstələmişik?
Bir digər müqayisə: Oğuz Xaqanla bəyləri və xalqı arasında hərhansı sərhəd yaradılmamışdı. O da xalqı kimi çadırda yaşayırdı. İnsanların sağlamlığına və xoşbəxt yaşamağına xüsusi fikir verilərdi. Oğuz, qonşusu Çin xaqanı kimi özünə saraylar, qəsrlər tikdirməmişdi. Yalnızca çadırının qabağında yellənən xaqanlıq bayrağı ilə keşikçilər onun çadırını digərlərindən fərqləndirirdi, çadırında təntənəli bəzək-düzək yoxdu.
Bəli, çağımızda bəzi dövlət adamlarımız eynilə Oğuz Xaqan kimi hərəkət edib. Məsələn, Atatürk özü üçün nəinki bir saray, heç ev də tikdirməyib, varlı-karlı bir dövlət adamı olmayıb. Hətta öz maaşından 12 dənə yetim uşağı məktəbdə oxudub və xərclərini dövlətin kasasına özü keçirib. Tanrı sənə sonsuz rəhmət eləsin ey böyük insan, ona görə düz ilqarlı insanların könlündə əbədi bir abidəyə dönmüsən. Səni başa düşməyənlərə isə yazığım gəlir...


TƏQVİM / ARXİV