adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

VARLANMAQ İSTƏYİRƏM!!!

FƏRİDƏ RƏHİMLİ
28262 | 2014-11-15 01:09




Səhər-səhər yuxudan oyanmaq üçün mənim nə xoruza, nə də zəngli saata ehtiyacım yoxdur. Çünki səhər erkəndən məni şirin yuxudan ayıran daha etibarlı mənbələr var - "Bank of Baku"nun abonetnləri... Bu üç ildir davam edir.
İnternetdəki axtarışlarım zamanı məlum oldu ki, bəzi Avropa ölkələrində absurd məhkəmə iddialarına baxılmır, ya da onlarla bağlı ilginc qərarlar verilir. Amerikada isə vəziyyət bir az fərqlidir. Araşdırmaya görə, dünya üzrə ən qəribə məhkəmə işləri məhz Amerikada baş verir. Buna görə də həmin ölkədə hər il "ilin ilginc məhkəməsi" yarışması keçirilir. Ən ilginc məhkəmə iddiasının müəllifinə isə mükafat verirlər.
Onlardan bəzilərini oxucuların nəzərinə çatdıraq. San-Diyeqodan bir kişi bələdiyyə salonunda keçirilən konsert zamanı kişilərin ayaqyolunda bir qadın gördüyü üçün psixoloji və mənəvi travma yaşadığını iddia edərək, bələdiyyədən 5.4 milyon dollarlıq təzminat almağa nail olub. Elə həmin şəhərdə təkadamlıq kamerada saxlanılan məhkum havayı dezodorant vermədiyi üçün həbsxana rəhbərliyindən məhkəməyə şikayət edib.
Tomas Vilyam adlı 51 yaşlı xərçəng xəstəsi olan Texas sakini həkimlərin qoyduğu müddət ərzində dünyasını dəyişmədiyi üçün xəstəxananı məhkəməyə verib. Onlardan yaşadığı psixoloji travmaya görə düz 3 milyon istəyən Vilyamın iddiasını məhkəmə 50 min dollar təzminat qərarı ilə yekunlaşdırıb.
Yenə həmin ölkədə bir qadın sürücü buzlu yolda motorlu bir xizəklə toqquşdu. Xizəyin sürücüsü öldü, qadın sürücü isə şahidi olduğu ölüm anında yaşadığı şoka görə ölənin dul həyat yoldaşından 1.5 milyon dollar mənəvi təzminat istəyib.
Bu ölkədə oğruların da hüquqları var imiş. Terrens Dikson adlı oğru bir evi soyandan sonra qarajdan çıxmaq istəyəndə qapı avtomatik olaraq bağlanıb, evin giriş qapısı da şifrəli olduğu üçün qapını aça bilməyib. Ev sahibləri tətildə olduğu üçün oğru düz 8 gün evdə yaşamalı olub. 8 gündə ancaq it yeməyi və kola ilə qidalanmaq zorunda qaldığı üçün oğru daha sonra mədə fəsadı keçirib. Buna görə də ev sahibindən 500 min dollar dəyərində təzminat istəyib və məhkəmə onun iddiasını təmin edib.
Floridada bir balıqçı şiddətli fırtınada öləndən sonra ailəsi hava proqnozu doğru çıxmadığı üçün bir telekanaldan 10 milyon dollar tələb edib. Məhkəmə 10 milyon dollar təzminat əvəzinə qərar verib ki, telekanal mərhumun dəfni üçün xərclənən vəsaiti ödəsin.
Həmin ştatda 40 yaşlı Doroti adlı qadın həyat yoldaşını yoldan çıxaran qadınla bağlı məhkəməyə müraciət edib və ondan 1 milyon dollar istəyib. Hakim 18-ci əsrdən qalmış bir səbəblə həmin işə baxılmasını qəbul edib. Proses xəyanətə uğrayan qadına 700 min dollarlıq təzminat verilməsi qərarı ilə yekunlaşıb.
"McDonalds" şirkəti ilə bağlı dünyaya səs salan bu ilginc davadan xəbəriniz var idi? 81 yaşlı Stella Liebekin bu restorandan aldığı qəhvə üstünə töküldüyü üçün dərisində yanıq izləri əmələ gəlib. Buna görə də yaşlı qadın restorandan düz 2.7 milyon dollar təzminat qazanıb. Amma sözügedən məhkəmədən sonra "McDonalds" bu cür iddianı təkrarlamaq istəyən başqa "ağıllılar"a qarşı müəyyən tədbirlər görüb.
Texasda yaşayan Katlin Robertsonun bir mebel mağazasına qarşı 780 min dollarlıq iddiasının qələbə ilə sonuclanması da tarixdə yer alan faktlardandır. 37 yaşlı Katlin bir mebel mağazasında hələ yeni yeriməyə başlayan balaca bir uşağa ilişərək yıxılıb və ayağını qırıb. Qadın mağaza rəhbərliyindən "mebelləri düzgün yerləşdirmədiyinə" görə şikayətçi olub. Amma qərar dükan rəhbərliyi üçün şok olub. Çünki Katlinin ayağına ilişən və yıxılmasına səbəb olan uşaq elə onun öz uşağı imiş.
Bir gecə klubuna girmək istəyən, amma giriş üçün 3.5 dollarlıq ödənişi vermək istəməyən Kara Valtonun məhkəmə hekayəsi isə daha ilgincdir. Bu gənc gecə klubuna ayaqyolunun pəncərəsindən girmək istəyərkən yıxılıb və dişlərini qırıb. Qabaq iki dişini qıran Kara buna görə gecə klubu rəhbərliyindən 12 min dollar təzminat alıb, üstəlik, xəstəxana xərclərini də ödətdirib.
Filadelfiyadakı bir restoranın müştərisi Amber Carson isə yeridiyi zaman ayağı sürüşüb yıxıldığı üçün restorandan məhkəməyə şikayət edib və 113 min 500 dollar təzminat qazanıb. Maraqlıdır ki, Çarsonun yıxılmasına yemək zamanı sevgilisi ilə dalaşanda onun başına atdığı "Kola" butulkasının 30 saniyə sonra ayağına ilişməsi səbəb olub.
İtaliyanın Milan şəhərinin məhkəməsinin qərarı absurd təsir bağışlayır. Belə ki, soyğuna təşəbbüs, kiçik oğurluqlar və narkotik maddə satıcılığında suçlanan evsiz-eşiksiz, küçədə yaşayan adama ev həbsi verilib.
Evsiz adam bu minvalla ev dustağı olmalıdır.
Məhkəmənin qərarına uyğun olaraq 48 yaşlı Domeniko Kodispoti 2006-cı ildən bəri eyni yerdə, küçədə yatmağa məhkumdur. Onun cəzası gələn ilin aprel ayında başa çatır. Hər axşam gün batan kimi polis "Stazione Centrale"nin qarşısındakı "22 Via Vittor Pisani"::: küçəsinə baş çəkir, Kodispotinin səkidə olub-olmadığını yoxlayırlar.
Məhkəmənin qərarına görə, Kodispoti səhər saat 7-dək həmin səkiyə atdığı döşəkçədə olmalıdır.
Almaniyanın Köln şəhər məhkəməsi qəribə hökm çıxarıb. Bu hökmə əsasən sahibkara işçiləri ilə bağlı əlavə səlahiyyətlər verilir. Lenta.ru saytının məlumatına görə, bundan sonra rəhbərlik xanımlardan işə gələrkən mütləq büstqalter geymələrini tələb edə biləcək. Məhkəmə hesab edir ki, bu, heç də hüquq və azadlıqların pozulması deyil. Qərara səbəb aeroportda sərnişinlərin yoxlanılması ilə məşğul olan şirkətlərdən birində bu sahədə yaranmış qalmaqaldır. Məhkəmə qərarına əsasən, indi bu şirkətin rəhbərliyi xanım işçilərin dırnağının uzunluğunu və ona çəkilən rəngi də müəyyənləşdirmək hüququna malikdir. Dırnaqların 0,5 santimetrdən uzun olması qadağandır.
Bu siyahını uzatmaq da olar. Amma məqsədim yalnız bu məlumatları sizə çatdırmaq deyildi. Üç ildir qarşılaşdığım bir situasiya bu barədə maraqlanmağıma səbəb oldu.
Səhərdən, axşam iş saatı bitənədək, bəzən də daha da artıq müddətdək "Bank of Baku"nun abonentləri ev telefonumu susmağa qoymurlar. Bəzisi bankdırmı, soruşub başlasa da, bəziləri salam deyib, arxasınca o qədər tələsik danışırlar ki, nə yarımçıq kəsib dəstəyi qoya bilirsən (onsuz da təkrar zəng edəcək!), nə də axıradək səbr edib dinləyə. Ta ki, abonent ürəyini boşaldır, sonra bircə kəlmə deyirik: bura evdir! Bəzisi anlamayıb dəstəyi qoyub, yenidən yığır. Artıq zəng edənlərə, nömrəyə baxıb, dəstəyi götürən kimi "Bura bank deyil!" söyləməyə məcburuq. Bəlkə də üç ildən artıqdır ki, "Bank Of Baku"nun filialı Xırdalanda fəaliyyətə başlayandan mənim və ailə üzvlərimin bu bankın abonentlərinin bizə verdiyi narahatlıqlar artıq dözülməz hal almaqdadır. Əvvəllər yenidir deyə səbr etdim, öyrəşərlər, daha zəng etməzlər düşünürdüm. Amma insan səbrinin də bir həddi var... Hər gün eyni əsəblə yuxudan oyanmaq, bəzən vacib zəng gözlədiyin halda bank abonentinə yeni nömrəni başa salmaq məcburiyyəti, xəstə olduğun, yaxud da sadəcə dincəlmək istədiyin zaman uzun zənglərin əsəblərini pozması xoşagələn hal deyil. Bu haqda dəfələrlə telefonla, banka gedərək xəbərdarlıq etmişəm. Əməkdaşın sözü bu olub ki, sizin ev nömrəsi ilə bizim nömrənin bir rəqəm fərqi olduğu üçün abonentlər səhv yığırlar. Vəssalam! Belə çıxdı ki, məni narahat etməkdə bunların günahı yoxmuş!
İndi, dünyada baş verən ilginc məhkəmə qərarlarına baxanda düşünürəm ki, bizim də dövlətimiz demokratik ölkələrin ön sıralarında adı hallandığı üçün mənim kifayət qədər şansım var narahatlığım üçün Bank of Bakuya "mənəvi təzminat" davası açdırım.
Onsuz da quru maaşla dolanmaq çətinliyindən xilas yolu axtarırdım. Pul da harda olar - bankda!
Nə deyirsiniz?.. Mənə kömək etmək istəyən vəkil varmı?..
P.S. Elə indicə telefon zənginə görə yazını yarımçıq qoymağa məcburam. Bank of Bakunu soruşdular. Kişi səsi, düzgün nömrəni ona söylədim. Təşəkkür etdi, üzr istədi. Etik olmasa da, doğru söylədiyimi isbat etmək üçün bir neçəsinin nömrəsini də yazmağa məcburam: 055 896 18 33. Səhər saat 9:10. 012 449 41 99. Saat 9:50. 14.11.2014 ...
İşə getməsəm, bu siyahı axşamadək çox uzanacaq.


TƏQVİM / ARXİV