adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ƏSLİNDƏ BU, QIŞ NAĞILI DEYİL...

FƏRİDƏ RƏHİMLİ
56987 | 2014-11-22 01:41
Bir qış nağılıdı bu qış gecəsi
Şaxta da, sazaq da köhnə tanışım...
Bircə evim yoxdu, balalarımı -
Toplayıb başıma, nağıl danışım...

Trabzonlu dostumuz Ahmet bəyin yolladığı bir qar mənzərəsinə baxdıqca düşüncələr məni özümdən alıb həm məsafəcə, həm zamanca uzaqlara götürdü. O, öz doğma yurdunda yenicə çəkdiyi real bir qış mənzərəsini - meşənin içində taxtadan, odun sobasıyla isinidirilən ev... hər tərəf ağappaq qar, insanın içini, mənəviyyatını, düşüncələrini yeniləyən, təmizləyən, rahatlıq, huzur gətirən bir mənzərə...yollamışdı. Bu mənzərəyə bayıldığımı bilən dostum "Aslında sizde de öyle yerler çok" söylədi. Məni də üzən bu sözlər oldu.
Çünki o, Zaqatala, Balakən, Quba, Şamaxının adını çəkdi... Şuşanın, Laçının, Kəlbəcərin, Xankəndinin...deyil. Çünki o, əsl cənnətməkan olan Qarabağımızda heç vaxt olmamışdı. Qaradəniz bölgəsinin doğrudan bir "yer üzünün cənnəti" olması təsdiq olunmuş fakt olsa da, yolladığı mənzərənin eynisinin Qarabağımızda da varlığından xəbərsizdi dostumuz...
O, meşə içindəki taxta daxma mənim uşaqlıq xəyalımın ən kövrək məqamıydı. Baxdığım mənzərə sanki gözlərim önündə canlanırdı yavaş-yavaş - daxmanın pəncərəsindən qarın bolluq, təmizlik, fərəh...eyni zamanda qüssə gətirən mənzərəsini seyr edirəm. Qar yağışı zamanı səbəbsiz bir sevinclə sonsuz bir qüssənin birlikdə qəlbimdə necə "yola getdiklərini" bu yaşa qədər də anlaya bilməmişəm. Amma hər dəfə də eynilə təkrar olaraq baş verir bu hiss...
Uşaqlıq xatirələri ölüncəyədək insanın yaddaşından silinmir, mən buna bir daha əmin oldum. Hətta həyatın ən şirin xatirəsi məncə, uşaqlıq illərindən qalanlardır. Bu xatirələr acı da ola bilər, amma o acı, o qüssə, o nisgil də sənin həyatının bir parçasıdır, sənə sadiqdir və səni heç tərk etmir. Və yenidən o "qarlı düşüncələr"ə daldıqca bir həqiqəti dərk edirəm ki, uşaq beyni də qar kimi tərtəmiz, məkrzis, hiyləsiz, yalansız...olduğu üçün uşaqların sevimlisidir qar. Üşütsə də, göynətsə də, xəstələndirsə də.
Hələ də o daxmanın pəncərəsindən qarı seyr edirəm. Quşların, heyvanların qar üzərindəki gül şəklində ayaq izlərini, uzaqdan başqa isti daxmaların bacasından burula-burula çıxan tüstünü, qar adam düzəltmək həvəsində olan içimdəki qızcığazı və beynimdə dolaşan problemlərə rəğmən məni sevindirmək gücünə malik olan qarın Allahın bir lütfü olduğunu düşünərək seyr edirəm.
Bu mənzərə mənə nədən bu qədər çox tanışdı... harda görmüşdüm mən bunu? Xatirələr təzələnir - Kəlbəcərdəmi, Laçındamı, Şuşadamı, Xankəndidəmi... Bəli, tapdım sevinclə baxdığım mənzərənin içində məni kədərləndirən, ürəyimi sıxan nisgilin səbəbini! Bir səbəb artıq əlimin keçmişə çatmaması həqiqəti isə, digər ən böyük səbəb yurd həsrətidir. Mən də o mənzərənin eynisindən vardı, Ahmet bəy, indi də var! Bərbad halda erməni vəhşilərinin talan etdiyi yurd yerlərimizdi. Bəli, siz dediyiniz yerlər də gözəldi, amma əbədi-əzəli torpağımız, cənnət məkanımız Qarabağı əvəz edə bilməz o yerlər...
Siz mənə gözəl, ruha qida verən bir mənzərə yolladınız. Amma içində bir nisgil, bir kədər, bir hüzn də büküb yolladığınızdan xəbəriniz olmadı. Baxıb hönkür-hönkür ağladım, əlacsız halda, o yerləri bir daha görə biləcəmmi sualı beynimi yordu, kədərim, üzüntüm təzələndi. Özünüz də bilmədən, istəmədən mənə o qarın içində yarımcan Qarabağı göstərdiniz.
Qar bir anlıq gözlərim önündə o mənzərədən çıxaraq Qarabağın kimsəsiz çöllərinə, viran qalmış şəhərlərinə, kəndlərinə, dağıdılmış məzarlıqlarına, itib-batmış cığırlara, suyu qurumuş İsa bulağına, qızlara həsrət Qırxqız yaylağına, ərlərin pərən düşdüyü Ərimgəldi qayasına, çıxanı gəlməyən Qırxpillə abidəsinə, atları sürülmüş Cıdır düzünə... yağmağa başladı.
Bu il hələ Bakıya qar yağmayıb. Görünür təbiət bir milyondan çox qaçqına mənim yaşadıqlarımı yaşatmaq istəmir. Gündəlik qayğısına başı qarışan insanların ürəyinə qarlı düşüncələrin, ağır yük olan kədərin, nisgilin də yüklənməsini istəmir. Qaçqın şair Əbülfət Mədətoğlunun yuxarıdakı nisgildən, yurd həsrətindən, əziyyətlərdən yaranmış şeirindəki kimi, balalarını başına toplayıb Laçın, Şuşa, Kəlbəcər...nağılı danışmağa artıq güc, həvəs də qalmayıb insanlarda. İnsan, ayağının altında doğulduğu torpaq olanda, özünü güclü sanır.
Artıq taqəti qalmayıb qaçqınların, Vətəndə vətənsiz yaşamağa məhkum olanlar, nəinki "qış nağılının" kədərini, qüssəsini, nostaljisini, heç qarın xəfif ağırlığını də daşıyacaq gücdə deyillər. Artıq onların Qarabağsız böyüyən uşaqları danışdıqları "Qarabağ nağılına" inanmırlar.
Hələ çox qarlar yağacaq. Hələ çox yerlər ağ örpəyə bürünəcək. Amma o örpəyin altındakı mənim yurdum deyilsə, mənə hey nisgil gətirəcək bu qar...

TƏQVİM / ARXİV