adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

BİR BARMAQ ALTINDA BİRLƏŞƏNLƏR

FƏRİDƏ RƏHİMLİ
59225 | 2014-11-29 01:07



Bəli, səhv yazılmayıb - bayraq deyil, məhz barmaq altında! Barmaq söhbəti bir az qəliz məsələdi və dünyada onun bir tərpənişiylə həyatların alt-üst olması təhlükəsi get-gedə artmaqdadır.
İnternetin əhəmiyyəti, yoxsa ziyanı çox olduğunu düşünərkən adətən qəti bir qərar qəbul etmək çətin olur. Onsuz isə, artıq həyatın yarım qalacağı şübhəsizdır. İllərlə axtardığımız bir kitab, film, ünvan, hər hansı sözün tərcüməsi, ən son dəb, hansı mövzuda istəsən əsərlər, tibbi, elmi, iqtisadi, sosial v.s. yeniliklər hər janrda musiqilər... bir neçə dəqiqəyə barmaqların hərəkəti ilə qarşında hazır olur.
İllər öncə fantastik mövzuda əsərlər oxuyanda, filmlərə baxanda onlara aludə olsaq da, bunun inanılmaz şeylər olduğunu düşünürdük. Ancaq son illərin təcrübəsi göstərir ki, o fantastikanı insan beyni, təfəkkürü düşünə, yarada, yaza, çəkə bilibsə, onu həyata tətbiq etmək də insan üçün çətin olmayacaqmış. Əsasən də Hollivud filmlərində çoxluq təşkil edən bu fantaziyalarda baş verənlər zaman-zaman həyata keçməkdədir. "Kompüter əsri" ifadəsi bir neçə il əvvəldən leksikonumuza daxil olsa da, əsl kömpüter əsri indi gəlib və bütün dünyanı ağuşuna almaqda olan internet şəbəkənin torları arasında qurbana çevrildiyimizin fərqində deyilik. Fərqində olanlar da çoxdur, ancaq qarşı durmaq iqtidarında deyilik, yaxud da buna həvəsimiz yoxdu. Fikir verirsinizsə, küçədə, nəqliyyatda, yolda, məclislərdə, evdə... hər yerdə on nəfərdən səkkizinin diqqəti əlindəki telefondadır. Ya facebook səhifəsində yazışır, ya whatsapp-da, ya da internetin başqa imkanlarından istifadə edir. Evdə ana da, ata da, uşaqlar da ayrı-ayrılıqda hər kəs internet şəbəkənin "qurban"larıdırlar. Hətta bu yaxınlarda bir lətifə də oxudum buna aid. Deyir "İki saatlığa işığımız sönmüşdü. Evdə söhbət etdik, dedik-güldük, yaxşı insanlarmış". Yəni, internet evimizə, beynimizə, şüurumuza qədər girərək ailə bağlarının qopmasını, yaxınların bir-birindən uzaq düşməsini məharətlə bacarır.
Bəzən internetin köməyi əvəzsiz olsa da, əksər vaxt ikiqat təhlükədir.
Biz özümüz də bilmədən bir, yaxud bir neçə adamın idarəsi ilə hərəkət edirik, onun əmrinə tabeyik. Kodla, şifrəylə gizlətdiyimizi zənn etdiyimiz istənilən mövzudan, xəbərdən, danışıqdan, şəkildən bizi "idarə edənlər" istədiyi an istifadə edə bilərlər. Bir vaxtlar on beş respublikanı bir bayraq altında birləşdirən Lenini dahi sanırdıq. İndi dilindən, dinindən, irqindən, inancından, mövqeyindən asılı olmayaraq dünyanın bütün nöqtəsinin insanlarını barmaqların sehri ilə, kimsəyə açıq müraciət, çağırış, dəvət etmədən, üzünü görmədən bir yerə toplayan qüvvənin nə qədər təhlükəli olduğunu düşünməmək olmur. Belə görünür ki, mutant adamları, yarı insan-yarı robotları, zombiləri, vampirləri, klonları ortalıqda dolaşan görəndə təccüblənməyəcəyimiz zaman da uzaqda deyil. Çünki bir zamanlar görərkən "qulağımızı çəkdiyimiz" çox şeylər indi gözümüzün qarşısında adi hala çevrilib. Və ən pisi də insanın gördüyünü qəbul edib öyrəşməsidir. İstər yaxşı olsun, istər pis.
Babalarımız "hər şeyin təzəsi, dostun köhnəsi" deyərdilər. İndi virtual dostluqları görsəydilər babalar... hələ sevgiləri demirəm! Bir dostdan incimək, ayrılmaq günlərlə, aylarla göz yaşlarına, kədərə, ruh düşkünlüyünə gətirərdi adamı. Bu ayrılığın kədərindən qəm yüklü səmimi şeirlər, mahnılar yaranırdı - "Dost gedib, özümə gələ bilmirəm...".
İncidiyin dostla üz-üzə gələnədək "bəlkələr" səni düşünməyə vadar edirdi, doğru nəticəyə gəlmək üçün zamanın olurdu və bəzən yanlışlığa yol verdiyini, haqsız olduğunu anlayıb dostunu itirməmək üçün üzr istəyə bilirdin. İndi bir düyməyə bənddi ən möhkəm dostluqlar - incidin, küsdünmü, düyməni bas, "blok" və bitdi dostluq! Saniyə keçməmiş yenisi peyda olacaq. Sevgilər də eyni - nə hicran, nə həsrət, nə göz yaşları, nə ayrılıqdan doğan hüzn... onlarla, yüzlərlə "aşiqlər" pusqudadı. Birini sil onu peyda olsun. Hamısının da əlinin altında hiss, həyəcan, duyğu yaradan, şairlərdən, yazıçılardan, rəssamlardan, bəstəkarlardan "kopyaladıqları" hazır eşq mesajları. İki dəqiqəyə sevir də, tanış olur da, ayrılır da... sevgi etirafları da kopyalanıb beş-on yerə birdən yollanır, hansı tuta, tuta!
Ülvi hisslər, müqəddəs dəyərlər incə maraqlı "O" barmağın köməyi ilə ələ salınır, oynadılır. Yaxın, uzaq qohumlar, orta məktəb, tələbə yoldaşların, qonşular, hətta evdəki, tutaq ki, dörd nəfər üzvün hər biri əl uzatsan çatdığı halda internet vasitəsiylə əlaqə saxlayır. Bu ilk baxışda çox sadə, adi görünsə də məni son günlər daha çox narahat etməkdədir. Adətlər, gələnəklər dəyişir, ailə bağları qopur, qohumluq, yaxınlıq, dostluq, sevgi də virtuallaşır. Bu, həqiqətdən üz çevirib, xəyala bel bağlamağa bənzəyir. Evdən kənarda, gəzintiyə çıxaraq təmiz hava udaraq, güvənilən bir dostla söhbət etməkdən, fikir bölüşməkdən saatlarla qapalı otaqda hərəkətsiz oturub gözlərini kompüterin zərərli mikrobları ilə şikəst etməyi üstün tutanların sayı günbəgün artır.
Bəzən ən yaxınlar bir-birindən uzaqlaşır, ən uzaqlar isə yaxınlaşır. Bunun bəzi müsbət tərəfləri olsa da, təhlükəli yanları daha çoxdur. Tanımadığın adamlarla - dünyanın ən ucqar guşəsindəki insanların həyat tərzi, mədəniyyəti, adətləri və s. ilə tanış olmaq maraqlıdı.
Amma bu tanışlığın mənfi tərəfləri daha çox olmaqdadır və təəssüf ki, bunun qarşısını almaq artıq çox gecdir, mümkün deyil. Dövlət əleyhinə çağırışlar etmək, dini sektaların fəaliyyətinin güclənməsinə xidmət edən dəvətlər, kütləvi davalara təhriklər, intiharların təbliği, qızların yoldan çıxarılması, işə götürmək adıyla gənclərin müxtəlif təhlükəli yönlərə cəlb olunması, ailələrin dağılması və sair bir çox təhlükələrin burdan daha asan olduğu hamıya məlumdur.
O barmaqların hər bir istifadəçiyə istər musiqiylə, istər hər hansı test sualları ilə, istər cürbəcür xəbərlərlə şüuraltı təsiri izsiz qalmır. Ən qorxulusu da budur ki, bu şüuraltı təsirin əsasən də gənclərin, azyaşlı uşaqların psixikasında buraxdığı izlərə heç bir valideyn tərbiyəsi, mühafizəkarlığı qarşı çıxa bilməyəcək.
Yəni, bir vaxtlar atomun kəşfindən sonra Eynşteynin söylədiyi kimi, "Həddən çox inkişaf insanları vəhşiliyə doğru aparır".




TƏQVİM / ARXİV