adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SƏLİB YÜRÜŞLƏRİ DAYANIB?

SEYFƏDDİN ALTAYLI
83318 | 2014-12-13 01:39
Bəzən, ""dünyada qəribə şeylər olur"" deyirik. Doğrudan da onlar qəribə əhvalatlardır, yoxsa fikrimiz qəflətən üzləşdiyi o cür hadisələri qəbul etməyə hazır olmadığına görə bizə qəribə gəlir?
Biz müsəlmanlar dünyanı, yaradılışı, insanı, insanlığın məsuliyyətini doğrudan da kamil mənada dərk etmişik, ya yox?
Yazılarımı zəhmət çəkib oxuyan oxuculardan bəziləri haqlı olaraq mənə belə bir sualla müraciət edə bilər: ""Siz nəyə görə biz müsəlmanlara sataşırsınız, özünüz də Müsəlmansınız axı"".
Çox doğru şəkildə, insanın harası ağrıyırsa canı ordadır deyiblər, mənim də, ""görəsən bir müsəlman olaraq şüurumun əmr etdiyi məsuliyyətimin neçə faizini yerinə yetirə bilmişəm?"" sualına məndən asılı olmayan səbəblərə görə düzgün və ürəyimcə cavab verə bilmədiyimdən ürəyim ağrıyır, ona görə də bu məsələni dönə-dönə gündəmə gətirirəm ki, bu mürəkkəb məsələnin həllini birlikdə tapaq.
Neçə ildən bəridir imperialist qərblilərin dilindən düşməyən bir termin var ""islamafobiya, islami terror"". Ancaq biz ingilislər, fransızlar, almanlar, portuqaliyalılar, italyanlar və digərləri Afrikada, Asiyada, Avstraliyada, Amerikada vəhşi heyvanların belə etmədiyi vəhşilikləri edərkən onların əməllərinə xristianafobiya, xristian terroru adını qoymadıq.
İndiki zamanda qərblilər zahiri yöndən haqlıdılar, çünki savadsız, cahil insanlar yığnağı olan müsəlman ölkələri onların məxfi təşkilatlarının oyunu ilə qəssabxanaya və qan gölünə dönübdür. Vuran da Allah deyir, vurulan da, ölən də Allah deyir, öldürən də. İnsan bu cür hadisələrlə üzləşdiyində, onları eşitdiyində istər-istəməz ""axı İslam bu deyil"" deyib ""dünyada qəribə şeylər olur"" sözünü işlədir.
Dünyada İslam Konfransı adında bir təşkilat var və bu təşkilata 57 müsəlman ölkəsi üzvdür. Bu ölkələrdə bir milyard yarımdan artıq müsəlman yaşayır. Gəlin görün ki, bu 57 ölkənin tamamında olan universitetlərin sayı yalnızca 500 qədərdir. 15-ci əsrin axırlarında kəşf edilən və Avropada nə qədər cinayətkar, qatil, əxlaqsız, alkoqolik, nəşəxor, dustaq vardırsa gəmilərə doldurularaq aparılıb tökülən Amerika qitəsində o cür insanların uşaqlarının yaratdıqları dövlətdə, yəni ABŞ-da olan universitetlərin sayı bu gün 5758-dən artıqdır, yəni İslam ölkələrinin tamamındakı universitetlərdən on qatdan da artıq. Amerika buna görə dünyaya ağalıq edir də...
Bugünkü kimi yadımdadır, uşaqkən kəndimizdə biri İgdirdən qırmızı badımcan (pomidor) tumu alıb gətirmişdi ki, əksin. Həmin şəxs dükanda yığışan camaata dədi ki, ""mən bu tumları ziraət texnisyənliyindən (kənd təsərrüfatı şöbəsindən) aldım, adına vaşinqton tumu deyirlər, oranın işçiləri dedilər ki, əla növdür, bunu əkin daha çox məhsul alarsınız, mən də aldım, siz də gedib bunlardan götürün əkin"". Orda olan ağsaqqallar hərə bir yandan, ""o tumlara gavurların əli dəyibdir, günaha batarıq, murdar olduqlarına görə o toxumları alıb əkmərik, öz tutduğumuz toxumları əkəcəyik"". Ağsaqqallarımız ""o tumlarda hər hansı gavur oyunu ola bilər, onların üstündə nəsə əməlliyyat aparılmış ola bilər, ona görə əkmərik"" demir, onun əvəzinə, ""onlara gavur əli dəyibdir"" deyir, bu da onların siyasi, mədəni və sosioloji biliyinin səviyyəsini göstərirdi, nə deyək...g
Bu gün Türkiyə müsəlman ölkələri arasında elmi, siyasi, sosioloji və iqtisadi yöndən mənə görə başda dayanan bir ölkədir. Bir vaxtlar böyüklərimizin pomidor toxumlarına gavur əli dəyibdir, onları əkmərik dedikləri gavur ölkələrində bu gün savadlıların səviyyəsi 89 faizdir və onların içindəki 15 ölkədə isə xalqın yüz faizi savadlıdır. Müsəlman ölkələrdə isə oxuma-yazma bilənlərin, savadlıların sayı isə 40 faizdir, yəni yarıdan azı. Türkiyə də daxil olmaqla xalqın tamamının savadlı olduğu müsəlman ölkəsi təəssüflər olsun ki, yoxdur. Xristianların hər yüz şəxsindən azı qırxı ali təhsillidir, Müsəlman ölkələrində isə yüz şəxsdən ancaq iki nəfər ali təhsi alıbdır.
Türkiyədə təlim-təhsil sistemi hələ də yaz-poz lövhəsi olmaqdan canını qurtara bilməyib, digər Türk cümhuriyyətlərində vəziyyət necədir, onu da oralarda yaşayan ziyalılarımız bilir, bu məsələyə də onlar fikir versinlər.
Ötən günlərdə ABŞ-ın sabiq prezidenti Buş bəyanat verib demişdi ki, ""İraqı işğaldan sonra Əfqanıstana kimi gedib çıxmağımız səlib yürüşüdür"".
Buş, Mitterrand, David Cameron, Angela Merkel, onlardan qabaqkılar da, sonra gələcəklər də 11-ci əsrdə başlayıb üç yüz il davam edən Səlib yürüşlərini davam etdiriblər, etdirəcəklər. Əldə etdikləri elmi səviyyə, ixtira etdikləri texnoloji, elmin və texnolojinin bəxş etdiyi güc qərblilərin həris tamahının quluna dönübdür, onların arzusu istiqamətində iş görür, indən belə də görəcəkdir, bundan əmin olun...
1919-cu illərdə Amerikalı Wilson, İngiltərəli Lloyd George və Fransalı Clemenceau yığıncaq qurmuş və həmin yığıncaqda bu qərara gəlmişdilər; ""Türkiyənin İzmir tərəfini yunanlılar işğal edəcək, Muğla vilayətinin Marmaris qəsəbəsindən başlayıb Mersin vilayətinin bir hissəsini və Qonya vilayətini də əhatə edən bölgəni dillənməsinlər deyə italiyanlara buraxaq.
Anadoluda dairəvi saqqallı, başı çalmalı bəzi mollalar minbərə çıxıb fitva vermişdilər; ""Yunan ordusu Padşahımız cənablarının əmriylə gəlir, onlara hörmətsizlik etməyin"" (təəssüflər olsun ki, bugün də həmin padşahlığın həsrətini çəkənlər var). Albay (polkovnik) Bəkir Sami Günsav həmin o xain və satqın mollaları əcəb eləyib güllələtmişdi. Dənizlidə, İzmirin işğalı qarşısında təşkil edilən mitinqdə isə çıxış edən mömin və millətçi bir din xadimi olan Ahmət Xulusi Əfəndi isə; ""İşğala məruz qalan bir ölkənin silaha əl atması və vuruşması fərzdir, fitva verirəm silahlanıb düşmənə qarşı döyüşün"" demişdi.
Ulu Tanrının Türk millətinə xilaskar kimi seçib yolladığı Mustafa Kamal Atatürk adında biri meydana çıxıb səlibçilərə qarşı azadlıq bayrağını qaldırdı, ""necə gəldilərsə, o cür də gedəcəklər"" dedi, millətçi, vətənpərvər, mömin insanları azadlıq bayrağı altında yığaraq yeddi düvəlin ordularıyla döyüşlərə girdi və hamısından qalibiyyətlə çıxdı, Tanrı istədiyinə görə Türk milləti əsarət altında qalmadı.
Əgər bu gün Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarının iyirmi faizi işğal altındadırsa, Azərbaycana, Türkiyəyə, Qazaxıstana maddi, mənəvi və siyasi hücumlar çəkilirsə, vallah onları çəkənlər Səlib yürüşlərinin davamçılarıdır. Çarəni Ələvi ozanı Pir Sultan Abdal əsrlər əvvəldən deyib;
""Gəlin canlar bir olalım"".



TƏQVİM / ARXİV