adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SON İSTƏK

FƏRİDƏ RƏHİMLİ
28814 | 2014-12-20 01:20




Hər dəfə atamın ağrıları tutanda dünya gözümdə qaralırdı. Hər dəfə nəsə qorxunc bir hadisə baş verəcəyini -atamı itirəcəyimi düşünür, bu qorxunun həyəcanını anbaan yaşayırdım. Həmişə ağrılarla çarpışdığından, onun üzündə azca təbəssüm görəndə sevincimdən yerə-göyə sığmırdım. Bu ağrı çox uzun çəkdi, ta ki, yurd itkisi də o ağrının üzərinə əlavə olanadək...
Hər ağrıya, çətinliyə mərdliklə sinə gərib ətrafa büruzə verməyən atamın sən demə, zəif cəhətləri də varmış. O, yurd itkisinə dözə bilmirdi. Bu utancı qəbullənə bilmirdi. Kişinin torpağından qaçma məcburiyyətini özünə sığışdırmırdı. Bütün başqa qayğılar, məhrumiyyətlər artıq düşündürmürdü onu. İndiyə qədər çəkdiyi dərdlərin bir heç olduğunu - yurd itkisinin yanında bunların çox cüzi, mənasız göründüyünü etiraf edirdi. Məskunlaşdığı şoran torpaqlı yerdən dəfələrlə, evdən gizlin çıxaraq yurduna getmiş, amma əsgərlər bəlli sabəbdən ona o yana keçməyə izn verməmişdilər.
Yenə yola tərəf addımladı. Füzuliyə getmək istədiyini dedi. Birbaşa marşrut olmurdu buralardan. Sürücünün -Füzuli nə gəzir, ay dayı - deməsi onu haldan çıxardı.
- Nə tez fatihəsini oxudunuz?
-Mən oxumadım ey, o torpaqları qoyub qaçanlar oxudular...
Söz qocanı yamanca tutmuşdu. Bu sözləri deyən ağızın üstünə yumruqla vurmaq keçdi içindən, oradakı vəziyyəti bilmədən, əsl səbəbi anlamadan boş-boş danışan nanəciblərin hansına cavab verəydi? Öz vətənində vətənsiz qalan qaçqınlar, məcburi köçkünlər bu sözləri hər gün eşidirdilər, baxmayaraq ki, hər birinin evindən indi cəbhənin ən ağır nöqtəsində döyüşən oğullar vardı. Onun iki oğlu da döyüşdə idi.
Birtəhər gedib Füzuli ərazisinə çatdı. Burdan o yana, cəbhəyə yaxın ərazilərdə xidməti işi olanların maşınları və hərbi maşınlardan başqa nəqliyyat gözə dəymirdi. Əl qaldırıb keçən maşınların birinə əyləşdi. Hara getdiyin soruşanda - Mirzənağlı kəndinə - cavabı əsgəri təəccübləndirdi. "Orda yaşayış yoxdu axı...". Qocanın susduğunu görüb sakitcə maşını sürməyə davam etdiı. Maşın dayanan kimi qocanın cəld addımlarla irəli getməsi əsgəri qorxutdu:
- Ay əmi, ora olmaz, icazə yoxdu! - deməsi ona çox toxundu. Əsəbindən əsgərin üstünə qışqıraraq:
-Sən kimsən, a bala, mənim yolumu kəsəsən, olar, olmaz deyəsən? Səs-küylərinə nisbətən yaşlı komandir yaxınlaşmışdı:
-Sizi anlayırıq, əmi, amma müvəqqəti olaraq icazə verilmir, hər yer minalanıb. Siz ağsaqqallar bizə sağ lazımsınız. Biz tezliklə izinsiz torpağımıza soxulmuş düşmənin başını əzəcəyik. Az qaldı, bir az səbirli olun. Siz arxamızda olun ki, biz də rahat döyüşə bilək. Bu kəlmələr sanki qocanın əsəbinin üstünə su çilədi və dönüb tərs-tərs əsgərə baxdı. Minalanmış sahəyə bilə-bilə girmək istəyən bu qocanı key-key süzən gənc hələ də heç nə anlamırdı. Yurd həsrətinin nə qədər acı olduğunu, içindəki təlatümləri, doğulduğu, uşaqlığı, gəncliyi, sevgisi, acılı-şirinli xatirələri olan bu yurdu uşaqları tərəfindən məcburən tərk edən qocanın dərdini on səkkiz yaşlı gənc hardan anlaya bilərdi ki...
O, dayandığı yerdən o üzə nisgilli gözlərlə baxırdı. "Getməsək də, görməsək də, o kənd bizim kəndimizdi..." Ürəyinə bir sancı girdi. Sanki o dağıdılmış kənd əzizlərinin məzarı idi. Ürəyi göynəyirdi. Çarəsiz bir-iki addım atıb, dayandı. Üzünü komandirə tutdu:
-Ay oğul, mənim bundan sonrakı həyatım onsuz da bir qəpiyə dəyməz. Burax gedim, heç olmasa son günlərimi torpağımın üstündə gəzərəm, torpağımın üstündə ölərəm. Görmürsənmi halımı, mənim əlacım, dərmanım o yerlərdi. Yoxsa ürəyim partlayacaq.
Komandir artıq vəziyyət barədə kəndin, yaxında yaşayan hörmətli adamlarına zəng etmişdi. Bir neçə dəqiqəyə Bayandur kişi, Kamil kişi, Mehman kişi özlərini çatdırdılar. Xasiyyətinə bələd olduqlarından özlərini bilməməzliyə vuraraq ağsaqqala yaxınlaşıb:
- Vəli dayı, nə yaxşı gəlmisən! - dedilər.
"Sən buralarda xeyir ola?" desəydilər, hər şeyi məhv etmiş olardılar. Əsəbi xasiyyətinə bələd olduqları ağsaqqalın nə cavab verəcəyini bilirdilər. Amma onu buradan uzaqlaşdırmaq üçün mülayimliklə ötən günlərdən, oğul-uşaqdan, tezliklə geri dönəcəklərindən danışa-danışa əks tərəfə apardılar. Gedək qonağımız ol. Əvvəlki şərait olmasa da, bir çayımızı içərsən - dedilər. Qoca nisbətən sakitləşmişdi.
Qaçqınlığın ilk günlərindən yaddaş pozğunluğundan əziyyət çəkirdi. Yaşadığı ağır itki zəif əsəblərinə güc gəlsə də, el adamını görmək sanki onun yaddaşını bərpa etmişdi. İçində bir az yaşın, ayrılığın, itkinin gətirdiyi kövrəklik, bir az ölümlü-itimli dünyada doğma adamlarla görüşməyin xoşhallığı, bir az da torpağındakı "yad adamlar"ın əmr verməsini həzm edə bilməməsinin əsəbi bir-birinə qarışmışdı.
Ötən günlərin şirin xatirələrini çözdülər, ağsaqqala el adamları tərəfindən olan sonsuz hörməti etiraf etdilər və xahiş etdilər ki, geri dönsün. Tezliklə görüşəcəklərinə, yurd-yuvalarına qayıdacaqlarına inandırdılar qocanı. Polis Aydın qocanı maşınına oturdub geriyə -Sabirabada yola düşdü. Cəbhədən bir neçə günlüyə əzizlərini görməyə gələn oğlu həmyerlisi Aydınla görüşmək üçün yaxınlaşanda maşında atasını görüb gözlərinə inanmadı. Birlikdə məskunlaşdıqları Güdəcühür kəndinə üz tutdular...
O gündən yuxusu ərşə çəkildi. Sonra sayıqlamalar başladı. Kənddəki adamları, əsasən dünyadan köçənləri, ötən günlərin hadisələrini qarmaqarışıq danışmağa başladı. Bəzən bura niyə gəldik? -deyə soruşur, bəzən də yaddaşı qayıdır, reallığı anlayıb qanıqara vəziyyətdə susurdu.
On beş gün yataqdan qalxa bilmədi. Yaxınları gecə-gündüz ətrafında keşik çəkirdilər.
...O günsə yanında tək mən vardım. Yaddaşı tamamilə qayıtmışdı. Gözlərini üzümə zilləyib: Məni evimə aparın... - dedi. İlahi, bu necə bir istək idi! Bu necə bir arzu idi! Mən atamı heç vaxt belə acizanə xahiş edən görməmişdim. İçim yandı. Taleyə də, qədərə də, doğuma da, yaşama da bir üsyan keçdi içimdən. Hətta ən qatı cinayətkarın da son arzusunu yerinə yetirirlər. Bir insanın yurdunda ölmə arzusu suya həsrət birinin təşnəli dodaqlarından çıxan "Su!"-kəlməsinə bənzəyirdi. Əməl edə bilmədim o arzuya. Əməl edə bilmədik... O gözlərin yalvarıcı baxışlarını unuda bilmirəm. Mənim də bunda günahım vardımı, bilmirəm, amma o baxışların məni ömrüm boyu izləyəcəyinə artıq əminəm...



TƏQVİM / ARXİV