adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

GAVURLAR-MÜSƏLMANLAR

SEYFƏDDİN ALTAYLI
46403 | 2014-12-20 01:21


Əziz oxucular məni bağışlayın, Taliblərin 150-yə yaxın şagird və müəllimi ancaq vəhşilərə məxsus bir duyğuyla qətlə yetirmələri məni bu yazını yazmağa vadar etdi. Əslində bu gündən başlayaraq Dədə Qorduq dastanlarında öz əksini tapan dövlət gələnəyimizlə bağlı ardıcıl məqalələr yazmağı fikirləşirdim.
Gəlin birlikdə sadəcə olaraq "la ilahə illallah, Məhəmmədən rəsulallah" deməyən, əslində İslam dininin bütün əmrlərini yerinə yetirən bizim gavur dediyimiz, öz xalqını firavan yaşatmaq, öz dövlətini dünya miqyasında gücləndirmək üçün daim maxiyavellizm yolunu izləyən qərblilərlə bizimkiləri müqayisə edək və çıxan nəticəyə birlikdə nəzər salaq.
Bizim gavur dediyimiz qərbin inkişaf etmiş ölkələrində, Ulu Tanrının, yaratdığı vaxt özünü öydüyü və əşrəfi məxluqat deyilən insana verilən qiyməti görəndə insan dəhşətə gəlir. Qanunlar nöqsansız və dinindən, dilindən, dərisinin rəngindən asılı olmayaraq hamıya eyni səviyyədə tətbiq edilir. Hər kim qanundan kənara çıxırsa, haqlı, ya haqsız cəzasını da o saat görür, o şəxs millət vəkili, nazir, baş nazir və ya dövlət rəhbəri olsa da.
Burda bir-iki məsələni təkrar dilə gətirmək, daha düzü yada salmaq istəyirəm.
Tony Blair bir vaxtlar İngiltərənin baş naziri idi, həyat yoldaşı işə metroya düşüb qatarla gedib-gəlirdi. İsveçdə baş nazir Olof Palme işinə yelatıyla (velosiped) gedib-gəlirdi, bir dənə də cangüdəni yoxdu. O, terror hadisəsinə qurban getdi, ancaq ondan sonra gələnlər də deyilə bilər ki, həmin qaydada ömür sürür. Dəfələrlə tv ekranında görmüşük, qərbli bir nazir kürsüdə çıxış edir, ona yaxınlaşan bir tələbə və ya bir vətəndaş əlindəki boyağı təpəsindən aşağıya calayır, ya da əlindəki tortu var qüvvəsilə üzünə yapışdırır. Polislər isə o nalayıq işi görən kəsi sadəcə olaraq salondan çıxarırlar. Bizdə olsa onun dərisini soyarlar. Türkiyədə millət vəkillərinin toxunulmazlığı vardır, şükür Allaha hamısı müqəddəslik zirehinə bürünüb, tutyaya dönüblər, hamısı Allah tərəfindən göydən zənbillə endirilib...
İngiltərədə bir nazir bankdan kredit götürür, ancaq bank işçisi səhvə yol verir və kreditin faizini daha aşağı göstərir. Aradan bir müddət ötəndən sonra nazir həmin səhvin fərqinə varır və banka müraciət edərək dövlətin kassasına ödəməli olduğu pulu aparıb banka köçürür, ancaq məsələ mətbuatda öz əksini tapır. Nazir də söz-söhbət olar, dövlətin etibarına xələl gələr deyə nazirlikdən istefaya çıxır.
Bizdəki nazirlər necədir görən? Bu sualın cavabını da əziz oxucular versinlər.
Almaniyanın sabiq dövlət rəhbəri Christian Wulff dövlət başqanı olmazdan əvvəl Aşağı Saksonya vilayətinin (ştat) baş naziri olduğu vaxt evi üçün tanışı işlədiyinə görə bir bankdan kredit götürür, ancaq kredit ona digər vətəndaşlardan fərqli şəraitdə verilir. Hadisə mətbuatın dilinə düşür və Wulff lazımi cavabı vərsə də, onun özüylə bağlı ittihamlara istənən şəkildə cavab verə bilmədiyi iddia edilir. Dövlət başqanı olduğu vaxt da həmin məsələ ilə bağlı xəbərlərin mətbuatda təkrarən əks etməsinə maneəçilik törətdiyi irəli sürülür və ittiham edilir. Aradan bir müddət ötəndən sonra Sylt Adasına dincəlməyə getdiyi vaxt onun xərclərini bir dostunun ödədiyi irəli sürülür və Hannover şəhərinin savçılığı (prokurorluq) işə daxil olub sorğu-sual başladır. Savçılıq, Christian Wulffun dövlət başqanlığı məqamından sui istifadə edərək özünə mənfəət təmin etmiş ola biləcəyini irəli sürərək onun toxunulmazlığının götürülməsini tələb edir. Əgər toxunulmazlıq götürülmüş olsa Wulff istintaqla üz-üzə dayanacaqdı. Wulff da "dövlət başqanlığı məqamı ilə dövlətin etibarına kölgə salmamaq" üçün istefaya çıxdığını bəyan edir və istefa verir. Məhkəmə işi başladılır. Savçılıq, apardığı araşdırmalardan sonra 2013-cü ilin Mart ayında, sabiq dövlət başqanı Wulffun 400 avro rüşvət ala biləcəyi barədə öz mülahizəsini bildirir və əgər cənab Wulff 20 min avro cərimə ödəyərsə, bu ittihamdan imtina edə biləcəyini bildirir. Wulff da savçılığın bu təklifini o saat geri qaytarır və savçılıq da "rüşvət almaq" ittihamıyla Wulff əleyhində məhkəmə işini davam etdirir. Hannover vilayət məhkəməsi apardığı sorğu-sual və araşdırma nəticəsində Wulffun rüşvət almadığını, ancaq dövlət rəhbəri olmaqla bu məqamdan öz mənfəəti üçün sui-istifadə edə biləcəyi qərarına yetişir. Wulff isə özünün nahaq yerə ittiham edildiyini bildirərək təzminat davası işi qaldırır və özünə yönəldilən ittihamın gerçəyi əks etdirmədiyini bildirir, axırda bəraət qazanır, ancaq dövlət başqanlığından da istefaya çıxmış olur.
Wulff, Almaniyanın liberal və aşkarlıqdan müdafiə edən siyasətçilərinin nümayəndəsiydi. Təbii olaraq siyasətdə bu cür şeylər hər ölkədə ola bilər. Siyasi rəqibləri Wulffu uzaq başı 500 avroluq bir məbləğlə ləkələməyə çalışıblar və o da dövlət başqanlığı ilə dövlətin etibarını nəzərə alaraq öz siyasi gələcəyini qurban verir.
Almaniyanın siyasi atmosferi və alman toplumunun sosial qurğusu, əxlaqa zidd olan zərrə boydakı bir səhvi belə bağışlamır. Bəs bizlərdə necə?
Bir neçə həftə qabaq İspaniyada kraliçanın adı rüşvətxorluğa (yolsuzluq) bulaşdığına görə kraliçalıq statusundan kənarlaşdırıldı.
Vay dədəm vay, gavurlara (???) bax..
Müqəddəs kitabımız "Qurani-Kərim"in Nəxl surəsinin 37-ci ayətində "(Ey Məhəmməd), Sən onların yola gəlmələrini nə qədər istəsən də Allah azdırdığını yola gətirməz və onların yardımçıları da olmaz" yazılıb.
Nə qədər cəhd etsək də imperialistlərin qarşısında zəlil və zəbun olduğumuza görə, deməli, biz yolumuzu azmışıq.
Rüşvət, qohumbazlıq, yerlibazlıq, oğurluq, qətl-qarət, qırğın, qan-qada müsəlman coğrafiyasındadı, ədalət, insana verilən gerçək dəyər, qanun-qayda, nizam-intizam, düzlük, dövlət və toplum mənfəətinə verilən dəyər bizim gavur dediyimiz qərb ölkələrindədi. Bəlkə mən səhvə yol verirəm?! Nəyə görə qərb ölkələrində İŞİD, PKK, Taliban yoxdu???
Əhzab surəsinin 24-cü ayətində; "Çünki Allah düzləri, düzlükləri səbəbiylə mükafatlandıracaq, münafiqlərə isə istəsə əzab vərəcək, istəsə tövbəni nəsib edəcəkdi. Şübhəsiz ki, Allah günahların üstünü örtər, o rəhman və rəhimdir" deyə buyurulub.
Deməli, bizim gavur dediklərimiz düz olduqlarına, düz yolda yeridiklərinə görə onları mükafatlandırır. Biz tövbə edib əsl müsəlmançılıq yoluna düşsək, ancaq elmə üstünlük verib günü-gündən qabağa getsək, keçmiş vaxtlardakı kimi məzlumların pənahı olsaq pis olardı görən?
Əzizlərim, mənə deyin görüm Mirzə Ələkbər Sabir ölüb, yoxsa yaşayır, çünki elə bil Talibanı, İŞİD-i, PKK-nı, rüşvətxor, qarınqulu din xadimlərini, məmurları, iyrənc xarakterli toplum rəhbərlərini bizimlə yanaşı izləyərək şeirlərini yazır. Axı o yaşamasa və bəşər əxlaqına zidd olan bu olayların şahidi olmasa yazdığı şeirlərin məramı-məqsədi çoxdan köhnəlib getmiş olmazdı?.. Biz nəyə görə onun dünyasını dəyişməsindən yüz ildən artıq vaxt ötsə də bir arpa boyu yol getməmişik?
Allah sənə sonsuz rəhmət eləsin ey böyük insan;

"Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram"




TƏQVİM / ARXİV