adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Coşqun seli xatırladan Aşıq Yusif Cəfərov

FƏRİDƏ RƏHİMLİ
58046 | 2015-01-15 01:39


Hacı Tofiq Seyidzadə Sədərək şairləri haqqında dörd kitab, Sədərəyin aşıqları, o cümlədən, Aşıq Yusif Cəfərov haqqında da bir o qədər kitab yazıb ərsəyə gətirib. 2015-ci ilin yanvar ayında "Aşıq Yusif Cəfərovun yaradıcılığına həsr olunmuş dördüncü kitab" işıq üzü görüb.
Dəyərli qələm sahibi, 56 kitab müəllifi Hacı Tofiq Seyidzadə aşıq sənəti barəsində belə yazır: Aşıq yaradıcılığında bu günədək coşqun sel olan aşıq olmayıb. Çünki o, elə bir sahə yoxdur ki, bu sahəyə ya qoşma, ya təcnis, ya da dodaqdəyməz qoşmasın. Həqiqətən Naxçıvan aşıqları içərisində Aşıq Yusif Cəfərovu Naxçıvanın "Aşıq Ələsgər"i adlandırıblar. O, Sədərək kənd orta məktəbinin nəzdində fəaliyyət göstərən əyani-qiyabi məktəbi lupa ilə oxuyub - qurtarmışdı. Aşıq Yusif Cəfərov bir çox tədbirlərdə iştirak edən coşqun qoşma və təcnislər ilə çıxış edən aşıqlardan biri idi.
"Ağ aşıq Yusif Cəfərov yaradıcılığına baxış" müəllifin üçüncü kitabıdır. Xatırladaq ki, Aşıq Yusif Cəfərov 1930-cu ildə bu kəndə dünyaya gəlib. Kənd məktəbinin nəzdindəki əyani-qiyabi orta məktəbdə təhsil alıb. Saz çalmağı ilk olaraq atası Məhərrəm kişinin tut ağacından düzəltdiyi aləti ələ götürəndən sonra ustadı Əli Nəcəfoğlundan öz bacarığı, aşıq sənətinin sirrinə-sehrinə varmış və aşıq sənətini dərindən öyrənmişdir.
Naxçıvanın aşıqları sırasında özünəməxsus yeri, mövqeyi olan Ağ aşıq Yusif Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi seçilib, qurultayda həmkarları qarşısında çıxış edib, qurultayın mükafatına layiq görülüb, qoşma və təcnisləri qurultay materiallarının dərc edildiyi almanaxda yer alıb.
Hacı Tofiq Seyidzadə yaradıcılığında Naxçıvanın folkloru, aşıq sənəti, onun təşəkkülü, inkişaf yolu xüsusi yer tutur. Müəllifin yaradıcılığını izləyən hər kəs Naxçıvanda hələ 1935-ci ildə Aşıqlar İttifaqı yarandığı zaman Azərbaycan Aşıqlar Birliyinin 1993-cü ildə keçirilən qurultayında Naxçıvandan 8 nəfər 2008-ci ildə isə keçirilən V qurultayında isə 6 aşığın nümayəndə seçdiyi həmin aşıqların kimliyi barədə oxuculara ətraflı məlumat çatdırır.
Müəllif qeyd edir ki: "XX əsrdə yaşayıb-yaratmış, "Ağ aşıq" təxəllüsü ilə tanınan Aşıq Yusif Cəfərov çox qiymətli əsərlər yaratsa da, zamanında bütün bunları xalqa çatdıra bilməyib. Onun 1250-dən artıq şeir, qoşma, təcnis, dodaqdəyməz, gəraylı, müxəmməs, bayatı və dastanını mən tapıb üzə çıxarmış, 1956-cı ildən izləyərək 3 kitab şəklində xalqa çatdırmağı özümə mənəvi borc bilmişəm".
Hacı Tofiq Seyidzadə bu yöndə araşdırmalarının 2008-ci ildə nəşr etdirdiyi Ağ aşıq Yusif Cəfərovun həyat və yaradıcılığından bəhs edən iki kitabında, 2012-ci ildə çap etdirdiyi "Sədərək şairləri II hissə" kitabında və haqqında söhbət açdığımız "Ağ aşıq Yusif Cəfərov yaradıcılığına baxış" kitabında bu el sənətkarlarının yaradıcılığını izləyənlərə ərməğan edib.
Müəllifin 115 səhifə həcmində olan "Ağ aşıq Yusif Cəfərov yaradıcılığına həsr olunmuş dördüncü kitab"da da öz ənənəsinə sadiq qalaraq onun dodaqdəyməzlərinə, rübailərinə, təcnislərinə istinad edib. Kitaba alim, şair-tərcüməçi Şamil Zaman müqəddimə yazıb. Bundan başqa kitbada professor Nizami Xudiyevin "Naxçıvanın Aşıq Ələsgəri", "Səs" qəzetinin əməkdaşı Zümrüd xanımın isə "Aşıq Yusif böyük insandı" adlı məqalələri də öz yerini tutub.
Yeni kitabdan aşığın yaradıcılığından bir neçə nümunələri oxuculara təqdim edirik.

DÜNYA SƏNDƏN

Kimi canın oda saldı,
Kimi dərdə qəmə daldı,
Kimiləri savab aldı.
Dünya səndən, dünya səndən.

Kim oldu qəm dustağı,
Kimi oldu elə yağı.
Kimi köçdü cavan çağı,
Dünya səndən, dünya səndən.

Çoxlar atdı namus arı,
Qucaqladı dövlət, van.
Pozuldu qurduğu hasarı,
Dünya səndən, dünya səndən.

Kimlər-gəldi, kimlər getdi,
Kimlər elə zülüm etdi.
Kimlər əlləri boş getdi,
Dünya səndən, dünya səndən.

Aşıq Yusif gedər qalmaz,
Nadan onu yada salmaz.
Telli Sazın daha çalmaz,
Dünya səndən, dünya səndən.

YARI YANINDA

Ürəyi sevinclə dolu o kəsin,
İstəkli cananı yarı yanında.
Nə dərdi olarki nə də qüssəsi,
Könlü sevəninə yarı yanında.

Xainlər ox atdı o yaralandı,
Yarın qadasını o yar alandı.
Köçdü yurddan yurda ev aralandı,
Canda getdi onnan yarı yanında.

İnsaf eylə saçlarını hey dara,
Aşiqini çəkdirirsən hey dara.
Aşıq Yusif sığın şahı-Heydara,
0 olar arxası yarı yanında!

GEDƏR

İnsan ki, var bu dünyada,
Bir quş kimi düşər gedər,
Dözər qışa indi yaza,
Alovlanıb bişər gedər.

Kimi olar dərdli, qəmli,
Kimi olar kefli, dəmli,
Kimi zilli, kimi bəmli,
Kimi taxtdan düşüb gedər.

QOCALANDA

Bu çarxı fələyin işinə baxın,
İşləmir damarda qan qocalanda.
Can deyən dostların nazlı cananın,
Səndən ötür keçir yan qocalanda.

Gecələri sübhə kimi yatmırsan,
İstədiyin məqsədinə çatmırsan.
Əvvəlki tək matahını satmırsan,
Açılmır üzünə dan qocalanda.

Övlada, uşağa keçməyir sözün,
Əlacsız-əlacsız yaşarır gözün.
0 vaxt təəccüblənib deyirsən özün,
Kaş ki, yaşamaya can qocalanda.

Bəzisi söyləyir dəlidi-dəli,
Başına gələndə bilərsən, bəli.
Düşgünlük adamı edir məzəli,
Mənim sözlərimi an qocalanda.

İstərsə də nökər ol, istər hökmdar,
Çiçəkli baxçanı bürüyürdü qar,
İşıqlı gözlərin görəcəkdi tar,
Gündüzün gecədi sən qocalanda.

TƏQVİM / ARXİV