adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

DƏYİRMAN DAŞI

FAİQ QİSMƏTOĞLU
52898 | 2015-03-14 01:30

...Dünyada çox yekə daşlar var. Bu daşlar o qədər böyük və iridir ki, onları yerdən tərpətmək, qaldırmaq hər kişinin işi deyil. O daşların arasında dəyirman daşının öz ağırlığı, öz çəkisi və öz yükü var...
Yadımıza Cırtdanın nağılı düşür. Cırtdan çayı keçib dikdirə çıxır. Bu vaxt xəlbirlə suyu götürən div başını qaldırır və soruşur:
- Sən çayı necə keçdin?
Cırtdan:
- O dəyirman daşını görürsən, onu götürüb boynuma keçirdim və çayı keçdim.
Div də Cırtdanın sözünə inanır, dəyirman daşını boynuna keçirir və çaya atılır. Atıldığı ilə boğulmağı bir olur...
Bu, bir nağıl və bir əfsanədi. Divləri heç vaxt cırtdanlar aldada bilməz. Çünki divlər çoxlarına "papış" tikirlər. O divlər ki, onların əlindən çoxları boğaza yığılır, ölüm və qalım arasında yaşayır...
Elə bil bir qədər mətləbdən kənar düşdük. Axı biz dəyirman daşından danışırdıq. O dəyirman daşından ki, o çox yekədir, iridir və böyükdür. Əlbəttə, dəyirman daşı elə-belə daşlardan deyil. O daşı da düzəltmək, hamarlamaq və hardasa bir qəlibə salmaq lazımdı. Dəyirman daşını da hər adam hamarlayıb-düzəldə bilməz.
Yenə yadımıza əlli il bundan əvvəl bizim kəndimizdə işləyən su dəyirmanı düşür. O su dəyirmanı ki, kəndin yuxarısında və "Qurultay" deyilən kanalın yanında yerləşirdi. O kanaldan da dəyirmana novalça ilə su axırdı. Axan su da dəyirman daşına güclü zərbə ilə dəyərək onu hərəkətə gətirir və işlədirdi. Dəyirman daşının ortasına buğda tökülürdü. Buğda da yavaş-yavaş dəyirman daşı tərəfindən üyüdülürdü...
Həsənqulu oğlu Qəbil bu dəyirmanı işlədən yeganə adam idi. Çünki hər adamın su ilə işləyən dəyirmandan başı çıxmazdı. Bir dəfə Qəbil kişi xəstələnir və bir ay yatır. Onun yerinə başqa birisi qolunu çırmayıb deyir ki, bu dəyirmanı bu gündən mən işlədəcəyəm. Heç bir gün keçmir ki, dəyirman işləmir, yəni daş xarab olur və fırlanmır. Camaat da düşür həmin adamın üstünə ki, niyə dəyirman daşı fırlanmır. O da yazıq-yazıq baxır və gözlərini döyür.
Amma gözlərini döyməklə iş bitmir. Camaatın taxılı tikmədə, kisədə bir ay qalır, yavaş-yavaş nəmişlik olduğuna görə kif atmağa başlayır. Kimin ağzından nə çıxırsa dəyirmançının üstünə tökür. Dəyirmançı da deyir ki, gedin özünüzə başqa bir dəyirmançı tapın. Mənim əlimdən day heç nə gəlməz. Yenə camaat hirslənir və deyir:
- Nə təhər olur, Həsənqulu oğlu Qəbil otuz ildir su dəyirmanı işlətdi, bir dəfə dəyirman xarab olmadı, ancaq sən bir gün dəyirmana gəldin və sonra da hər şey dayandı.
Kişi diqqətlə camaata baxır və dillənir:
- Ay başınıza dönüm, bu kənddə Qəbil kişidən başqa heç kəs bu dəyirmanın dilini bilməz. Lalın dilini anası bildiyi kimi Qəbil kişi də dəyirmanın "dilini" yaxşı bilir. İndi məni niyə öldürürsünüz, əlimdən gələni elədim bir şey çıxmadı.
Bir aydan sonra Qəbil kişi yataqdan qalxdı və dəyirmana gəldi. Gördü ki, dəyirmanın altı-üstünə çevrilib. Yəni mizan-tərəzi itib və dəyirman daşı da fırlanmır. O dəqiqə barmağını dişlədi ki, dəyirman daşına nəsə ilişib, o da dayanıb. Dəyirmana gələn suyu kəsdi və düşdü aşağı. Aşağıda gördü ki, həqiqətən də iri daş ortaya düşüb və dəyirman daşını fırlanmağa qoymur...
Qəbil kişi iri daşı ordan çıxarıb yenidən yuxarı qalxıb dəyirmanın arxa tərəfindəki arxı açdı. Su sürətlə dəyirman daşına tərəf axmağa başladı. Və dəyirman daşı fırlandı. Deyəsən camaatın gözünə işıq gəldi. Heç onda dəyirmanda işıq da yox idi. Gecələr Qəbil kişi çıraq işığında, gündüzlər isə gün işığında dəyirmanda taxıl üyüdərdi. Özü də onun üyütdüyü taxılın unu o qədər şirin və o qədər isti idi ki, adam onu yemək istəyirdi.
Biz də 10-12 yaşımızda həmin dəyirmana gedər, taxılımızı üyüdəndə unu ovcumuza alar və çörək kimi yeyərdik. Qəbil kişi də deyərdi ki, ay bala, bir az səbrli olun, aclıqdan çıxmısınız? Unu apararsınız nənəniz təndirdə çörək bişirər və doyunca yeyərsiniz.
Biz də unu aparandan sonra nənələrimiz və analarımız o undan təndirdə çörək bişirərdilər. Və o çörəyin dadından heç vaxt doymaq olmazdı. Onda bizim kənddə bir nəfər də olsun şəkər xəstəsi yox idi. Çünki su dəyirmanında üyüdülən unun tərkibindəki kəpək o xəstəliyin qarşısını tamamilə alırdı.
Rəhmətlik Süleyman həkim deyirdi ki, əgər çörəyin tərkibində kəpək yoxdursa, onda onun nə dadı olacaq, nə də urvatı. Bax, həmin çörəklərin indi biz həsrətini çəkirik. Nə qədər təndir çörəkləri yesək də, həmin çörəklərin dadını və tamını vermir. Çünki yediyimiz çörəklərin unu su dəyirmanlarında yox, elektriklə işləyən dəyirmanlarda istehsal olunur. Bax belə. Bu də dəyirman daşının qeyri-adi bir sehri...

TƏQVİM / ARXİV