adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

YAZ YAĞIŞI

FAİQ QİSMƏTOĞLU
29652 | 2015-04-11 01:01


... Göy üzünü bulud alsa da bir damcı da yağış yağmırdı. Yağış yağmayanda Davud kişinin kürkünə birə düşürdü. Qarşıdakı təpənin üstünə çıxıb əlini gözlərinin üstünə qoydu və göyə baxdı. Öz-özünə dedi:
- Bir həftəyə yağış yağmasa hər şey batdı. Yazığım özümə yox, uşaqlara gəlir. Çünki qış boyu yer şumlayıblar, torpağı arata qoyublar, taxıl səpiblər. Gözləyiblər ki, bəlkə yaz gələ bu dəmyə torpaqda hər şey bitə.
Davud kişinin iki yerdə torpaq sahəsi vardı. Birinin yanından su arxı keçirdi və onu asanlıqla suvarırdı. Orda da yonca əkərdi, bir az da kənarında taxıl səpdirərdi. Su əkin sahəsinin başının üstündə olduğuna görə hər şey daha tez böyüyərdi.
... Dəmyə torpaqda isə Allahın ümidinə qalmışdı. Yəni yağış yağsaydı torpaq öz mayasın tutacaqdı, taxıl sahəsi göyərəcəkdi və bol da məhsul olacaqdı. İki il əvvəl də yağış yağmadı, taxıl sahəsi yaxşı su içmədi və nəticədə də quraqlıq oldu, biçin zamanı kombaynın ağzına bir şey keçmədi.
Elə Davud kişi həmişə dizinə döyərdi ki, ilahi, bir neçə il bundan əvvəl olan hadisəni mənim başıma gətirmə. Axı, bizim banklara nə qədər borcumuz var. Uşaqlar da ümidini bu taxıla bağlayıb. Özü də dəmyə torpaqda yetişən buğdanın dadı başqasından fərqlənirdi. O buğda həm digərlərindən iri olardı, həm də aparıb dəyirmanda üyüdəndə onun çörəyinin ətrindən insan doymurdu. Davud kişinin uşaqlarının da burnunda həmin çörəyin ətri qalmışdı.
Yenə əllərini gözünün üstünə qoydu. Gözlərini qıyıb bir daha buludlu səmaya baxdı. Bir qədər irəli gedib əlindəki beli torpağa sancdı. Deyəsə belinin ağrısı tutmuşdu. Zarafat deyildi, səksən yaşı olsa da işləməkdən, əkib-becərməkdən və torpaqla əlləşməkdən yorulmazdı. Uşaqları tez-tez onu dilə-tavazaya tuturdu:
- Ay dədə, bu yaşda ta çölə gedib iş-güc görmə. Şükür Allaha, evimizdə hər cür imkanımız var. Artıq sənin işləyən vaxtın deyil. Maşallah, gör nə qədər övladın, nəvə-nəticən var. Qoy onlar işləsin, sən də çəkdiyin zəhmətin bəhrəsini gör.
Amma Davud kişi heç vaxt uşaqlarının bu məsləhətinə qulaq asmaz və deyirdi:
- Ay oğul, Allah sağ əli sol ələ, sol gözü də sağ gözə möhtac eləməsin. Nə vaxta qədər canımda su var işləyəcəyəm. Əgər bir gün çöldə-bayırda bir işin qulpundan yapışmasam, inanın o dəqiqə yorğan-döşəyə düşərəm.
... Onun səksən yaşı olsa da hələ indiyə qədər bir dəfə də həkimə getməmişdi və bir dəfə də dava-dərman atmamışdı. Hərdən bir soyuqlayanda, ya zoğal, ya da moruq mürəbbəsini çaya qarışdırıb içir, sonra möhkəm tərləyir və bununla da xəstəlikdən qurtarırdı.
Bir də göyə baxdı. Bir də əlini gözünün üstünə qoyub göy üzünə tamaşa elədi. Deyəsən buludlar daha da çoxalırdı. Əvvəl qırmızı bulud gəldi, sonra lay-lay qara buludlar onu üstələdi. Davud kişi doyunca ciyərlərinə hava çəkdi. Və nəsə ürəyinə damdı:
- Yağışın ətri hiss olunur!
Əvvəllər də belə olurdu. Əvvəl göy üzünü bulud alırdı, qara buludlar çoxalırdı və ondan sonra yağış ətri gəlirdi. Yağış ətri gələndə Davud kişinin kefi ala buluddan nəm çəkirdi. Bu dəfə Allahın ona yazığı gəlmişdi. Bu dəfə ötən illər olduğu kimi, quraqlıq keçməyəcəkdi. Onun dəmyə torpaqda əkdiyi taxıl yenidən yaşıllaşacaq və bol məhsul verəcəkdi...
... Göy guruldadı. Şimşək çaxdı. Sanki elə bil yerlə göy bir-birinə dəydi. Bir şıdırığı yağış yağdı ki, tut ucundan göyə çıx. Davud kişi bu yaz yağışının altında durub maddım-maddım taxıl sahəsinə baxırdı. Oğlunun onu səsləməsinə baxmayaraq qayıdıb daldalanacağa girmədi. Və sonra da gülümsəyərək:
- Oğul, bu yaz yağışından heç vaxt adam xəstələnməz. Bu yaz yağışı tozu, torpağı yuyub apardığı kimi, güllərə, çiçəklərə, taxıla can verdiyi kimi insanın qəlbinə, ürəyinə də nur səpələyir. Bu yağış deyil ey, nurdu, bərəkətdi!
Davud kişi yaz yağışının altında cumculuq olmuşdu. Sanki torpaq da, taxıl sahəsi də bu yaz yağışından doymur, onu canına çəkirdi. Yağış yağdıqca taxıl sahəsi cana gəlirdi...



TƏQVİM / ARXİV