adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AVTOBUSLAR TƏMİZ SAXLANILMIRSA...

FAİQ QİSMƏTOĞLU
55667 | 2015-04-16 08:49
Hər bir sərnişin avtobusda əyləşərkən ilk növbədə onun salonunun və oturacağının təmiz olmasını düşünür. Əgər avtobusun içərisinə daxil olarkən orda təmizlik varsa və oturacaqlar da normal qaydadadırsa, təbii ki, sərnişin rahat yerdə əyləşərək mənzil başına asanlıqla çatır. Bu da hər bir sərnişinin arzuladığı məqamlardır.
Təbii ki, sərnişin olaraq biz çox şeyləri tələb edirik. Ən azından ona görə ki, avtobusa minəndə gediş haqqı ödəyirik və buna görə də sürücüdən yüksək xidmət tələb edirik. Əlbəttə, sərnişinlər bu mənada haqlıdırlar. Yəni onlar avtobusda mənzil başına təhlükəsiz çatmaq istəyirlərsə, bu onların öz hüquqlarıdır. Üstəlik də avtobus səliqəli olanda sərnişinlər ikiqat razı qalır.
Amma gəlin onunla razılaşaq ki, Bakıda heç də bütün marşurtlarda işləyən avtobusların hamısı təmiz saxlanılmır. Xüsusən də yağışlı, yağmurlu və hava şəraitinin mürəkkəb olduğu günlərdə bir çox avtobusların salonuna ayaq qoymaq mümkün deyil. Bir müddətdən sonra o avtobusdakı palçıq quruyur, sonra da gün düşür və toz salonu bürüyür. Sərnişin də məcbur olub o tozu udur. Hansı ki, o tozun tərkibində insanın ağ ciyərində müxtəlif xəstəliklər yaradan mikroblar mövcuddur. Əgər avtobus axşam saatlarında qaraja aparılarkən təmiz yuyulub normal hala gətirilmirsə, sabahı günü salondakı toz daha şiddətli şəkildə özünü göstərməyə başlayır.
Bakı şəhərində sərnişinlərə nümunəvi xidmət göstərən kifayət qədər marşrutlar var. Onların içərisində 65 və 61 saylı marşrutlarda işləyən avtobuslar digərlərindən fərqlənir. Çünki həmin avtobuslar təzə olmaqla yanaşı, həm də səliqəli və təmiz saxlanılır. Sürücülərinə gələndə isə, bu marşrutda çalışan sürücülər həm geyimləri, həm də sərnişinlərlə mədəni rəftarına görə digərlərindən seçilirlər. Üstəlik də bu cür kamfortlu avtobuslarda mənzil başına sərnişinlər daha təhlükəsiz və daha rahat çatırlar.
Bunlar məsələnin müsbət tərəfləridir. İndi biz bəzi avtobus marşrutlarında mövcud olan neqativ hallardan söhbət açmaq istəyirik. Məsələn, Yeni Günəşlidən Suraxanı rayonu istiqamətində hərəkət edən 104, eyni zamanda metronun "Elmlər Akademiyası" stansiyasının yanından Bakı şəhər Dövlət Yol Polisi İdarəsi istiqamətində hərəkət edən 102 saylı marşrutlarda demək olar ki, çox vaxt səliqə-səhman olmur. Həmin avtobusların salonları çirkli olmaqla yanaşı, xarici görünüşləri də pis vəziyyətdədir. Xüsusən də yağış yağanda həmin marşrutlarda işləyən avtobusların salonunda vəziyyət daha da mürəkkəbləşir. Yəni avtobusun içərisində palçığın, zığın əlindən tərpənmək mümkün olmur. Üstəlik də oturacaqların dəyişdirilməsi və ləğv edilməsi işi bir qədər də qəlizləşdirir. Oturacaq dedim, yadıma Bakıdan Sumqayıta işləyən avtobuslar düşdü. Metronun "20 Yanvar" stansiyasından Sumqayıta gedən avtobusların əksəriyyətinə qeyri-qanuni olaraq 3-cü cərgədə oturacaqlar quraşdırılıb. Hansı ki, həmin oturacaqlar mövcud qanunla iki cərgədən ibarət olmalıdır. Amma buna baxmayaraq, bəzi qurd ürəyi yemiş sahibkarlar külli miqdarda pul qazanmaq üçün 3-cü cərgədə qeyri-qanuni olaraq oturacaqlar quraşdırdıblar. Sərnişinlər isə bu cür vəziyyətlə rastlaşanda istər-istəməz həmin hallara qarşı etiraz eləyir. Təbii ki, mövcud nöqsanlar Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda Nəqliyyat Nazirliyi tərəfindən sahibkarların nəzərinə çatdırılmalı və onlar isə bu neqativ halları aradan qaldırmağa borcludurlar.
Bəzi avtobuslarda isə oturacaqlar sökülüb. Bir neçə sürücü ilə söhbət edəndə onlar bildirirlər ki, ayaq üstə sərnişin aparmaq üçün bu addımları atmışıq. Belə hallara metronun "Gənclik" stansiyasından Binəqədi istiqamətinə hərəkət edən 133 saylı marşrutda, eləcə də 28 Maydan Hövsan qəsəbəsinə gedən 175 saylı avtobuslarda rast gəlmək olar. Ümumiyyətlə, həmin marşrutda da bir çox avtobusların salonları təmiz saxlanılmır və hətta avtobusların kənarları da çox vaxt çirkli olur.
Mövcud qanunla avtobuslar axşam saatlarında növbə başa çatandan sonra qarajlara gəlir və qarajlarda yuyularaq təmizlənir. Üstəlik də avtobuslar texniki baxışdan keçirilir və onların nasazlıqları aradan qaldırılır. Amma indi gəlin görək Bakıda əksər sahibkarlar bu tələblərə əməl edirmi? Təbii ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Bəzi sahibkarlar nəinki bu məsələləri diqqətdə saxlayır, hətta öz maraqlarını təmin etmək üçün işə götürdükləri adamlarla əmək müqaviləsi bağlamır və üstəlik də nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə etibar edirlər.
Təsadüfi deyil ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reyddə nə az, nə çox onlarla sürücülük vəsiqəsi olmayan və ancaq sükan arxasında əyləşən şəxs saxlanılıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyir ki, bir çox marşrutlarda hər gün qanunlar kobud surətdə pozulur. Avtobuslarla bağlı keçirdiyimiz reydlər zamanı bir-biriylə ötüşən, dayanacaqda saxlamayan, sərxoş halda sükan arxasında əyləşən və sürücülük vəsiqəsi olmayan insanlar barəsində ciddi ölçülər götürürük. Təsadüfi deyil ki, bu cür səriştəsiz və sürücülük hüququ olmayan şəxslərin günahı üzündən Bakı şəhərində bir neçə avtobus qəzası baş verib və nəticədə ölən və yaralanan olub. Biz isə birmənalı olaraq bütün bu hallara qarşı Nəqliyyat Nazirliyi ilə birgə mübarizə aparırıq. Və bir daha sahibkarların və avtobus sürücülərinin nəzərinə çatdırırıq ki, yol hərəkəti qaydasını kobud surətdə pozan heç bir sürücüyə güzəşt edilməyəcək və onlar qanunauyğun məsuliyyətə cəlb olunacaqlar.
Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz bir çox marşrutların avtobus salonları çirklidir və eyni zamanda sürücülər yol hərəkəti qaydalarına əməl etmirlər. Amma bu qətiyyən sərnişinləri maraqlandırmır. Çünki hər bir sürücü qaydalara əməl etməli, avtobusu yudurtmalı, texniki baxışdan keçirməli və səhər saatlarında özü də həkim tərəfindən müayinə olunmalıdır.
Təsadufi deyil ki, bu məsələlərə bəzi sahibkarlar və sürücülər barmaqarası yanaşırlar. Amma gəlin onunla razılaşaq ki, avtobus sükanı arxasında əyləşmiş bir neçə sürücü ürək tutmasından dünyasını dəyişib və nəticədə qəza yaranıb. Deməli, bunları aradan qaldırmaq üçün hər səhər sürücülər həkimlər tərəfindən müayinə olunmalı və səhhətində problem yaranan insanlar xəttə buraxılmamalıdırlar.

TƏQVİM / ARXİV