adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Bizim bir vətənimiz var - Azərbaycan!

RZA RZAYEV
55653 | 2011-01-20 06:49
İctimaiyyətimiz arasında belə bir süni yaradılmış ənənə var. Küçədə, tədbirdə, televiziya verilişlərində biri özünü təqdim edəndə, doğulduğu bölgənin adını çəkəndə, fikrini sona çatdırmamış digəri o tərəfdən qayıdır ki, Azərbaycanı bölgələrə bölməyin, biz hamımız azərbaycanlıyıq. Bu fikri söyləməklə biz azərbaycanlı olduğumuzu görəsən, inkar etmiş olmuruq? Biz naxçıvanlı, qarabağlı, irəvanlı, lənkəranlı, ağdamlı, gəncəli, tovuzlu, zaqatalalı, qusarlı olmasaq azərbaycanlı ola bilərikmi? Olarıqsa necə?
   
   Xəritədə Azərbaycana baxın. Azərbaycan ümumi regionun, ümumi bölgənin, ümumi coğrafi ərazinin adıdır. Azərbaycan dövlət adıdır, vətən adıdır. Bu vətən, dövlət adı kiçik torpaq, daş dənələrindən, kənddən, qəsəbədən, şəhərdən, regiondan, ərazidən, bölgədən ibarətdir. Və biz niyə bölgələrimizin adını çəkməməliyik? Çəkən kimi də ağzımızdan vurmalıdırlar ki, biz hamımız azərbaycanlıyıq.
   
   Niyə? Bu insanlara sual edirəm, mənə Azərbaycanı göstərin. Göstərə bilməyəcəklər, göstərəndə də Naxçıvanı, Bakını, Şəkini, Tovuzu, Qazaxı və s. göstərəcəklər. Deməli, Azərbaycan bu bölgələrdən ibarətdir.
   
   Biz Azərbaycan və azərbaycanlı deyəndə nə başa düşməliyik? Fəlsəfə elmində universaliya, ideya anlayışları vardır. Azərbaycan sözü də ideyadır, universaliyadır. Universaliya termini ümumi anlayışları, yəni xassələri (qəhvəyi, dəyirmi) və növləri (insan, at və s.) ifadə edir. Biz bütün adları, bölgələri sadalamaq əvəzinə, ümumi addan, ideyadan, universaliyadan, yəni Azərbaycan və azərbaycanlı sözündən istifadə edirik.
   
   Fəlsəfədə buna hissə və bütövün qarşılıqlı əlaqəsidə deyirlər. Yəni söz cümlənin bir hissəsi olduğu kimi, cümlə abzasın bir hissəsi olduğu kimi, fərd də bütövün - ailənin, qonşunun, cəmiyyətin bir hissəsidir. Naxçıvan, Qarabağ Azərbaycanın bir hissəsi olduğu kimi, naxçıvanlı da, qarabağlı da azərbaycanlı kimliyinin bir hissəsidir.
   
   Biz cümləni anlamaq üçün, sözləri anlamalıyıq, amma biz sözlərin mənasını düzgün başa düşmək üçün həmçinin cümləni başa düşməliyik. Biz naxçıvanlı, qarabağlı və s. sözünü düzgün başa düşmək üçün azərbaycanlı, azərbaycanlı sözünü düzgün başa düşmək üçün isə naxçıvanlı, qarabağlı sözünü düzgün başa düşməli və dərk etməliyik. Azərbaycan hissələrin, bölgələrin, regionların ümumi adı, azərbaycanlı isə bu hissələrdə, bölgələrdə, regionlarda yaşayan insanların ümumi kimliyidir.
   
   Bəzi fərdlər, şəxslər haralısan sualını, sözünü niyə düzgün anlamır, dərk etmir? Bunun səbəbi haralısan kəlməsinin, sözünün təhrif olunmasıdır, düzgün dərk edilməməsidir. Haralısan kəlməsi indoktrinasiya edilib. İndoktrinasiya termini altında o başa düşülür ki, insan xarici təsir altında müəyyən nöqteyi-nəzəri həqiqət olaraq qəbul edir. Haralısan kəlməsi ilə azərbaycanlı kəlməsinin arasındakı ziddiyyətdə, bizim əsaslandırmaq istədiyimizlə, bizim əsaslandıra bildiyimizin arasındakı ziddiyyət yatır.
   
   Haralısan kəlməsinin təhrif olunması ona gətirib çıxarıb ki, vətən kəlməsi də təhrif olunub. Düşmənin əsas məqsədi bizim təfəkkürümüzdə vətən kəlməsini təhrif etməkdir.
   
   Bu gün didərginlərimizdən, qaçqınlarımızdan (necə də çətindir bu kəlmələri yazmaq) səfirlər, beynəlxalq təşkilatların nümayəndələri soruşanda ki, sizə burada bundan da yaxşı şərait yaradılsa, itirilmiş torpaqlarınıza, kəndlərinizə qayıtmaq istəyərdinizmi? Suala bax! Qaçqın - əlbəttə ki, biz vətənimizə qayıtmaq istəyirik, vətənimizdə ölmək istəyirik. Vətən deyəndə -itirilmiş torpaqlarımız, kəndlərimiz, şəhərlərimiz, doğulduğumuz bölgə nəzərdə tutulur. Qaçqın bu cavabı verərkən vətənindədir, lakin doğulduğu bölgədə, bundan öncə yaşadığı regionda deyil.
   
   Haralı kəlməsini söyləməməklə, düzgün başa düşməməklə vətən, bölgə anlayışlarını eyniləşdirmişik. Düşmən istədiyinə çatıb. Doğulduğumuz bölgəni, yəni hissəni bizə vətənə, ümumiyə çevirib, anladıb. Şüurumuza yeridiblər ki, tək doğulduğumuz, yaşadığımız bölgə vətəndir.
   
   Haralısan kəlməsini işlətməmək təfəkkürünü bizdə imperiya yaradıb. Çünki birdən haralısan kəlməsini işlədərsən, vətənin coğrafiyasını tanıyarsan. Biz haralısan kəlməsini deməklə vətəni hissələrə bölmürük, hissəni, bölgəni bütövləşdiririk, bizim edirik. Bir neçə bölgə, hissə birləşəndə yeni ad, anlam yaranır. Bu yeni ad, vətən adıdır. Biz çəkinmədən haralı olduğumuzu, doğulduğumuz bölgənin adını deməliyik.
   
   Qarabağda bütün bölgələrin insanları döyüşübdür, şəhid olubdur. Amma 1991-1993-cü illərdə, müharibə dövründə belə bir deyim var idi: Qarabağda mən niyə döyüşməliyəm, qarabağlı döyüşsün, mənim vətənim deyil ki?! Bu təfəkkürü, düşüncəni imperiya daha çox böyük şəhərlərdə yaratmışdı. İnsanlarımıza təbliğ etmişdilər ki, yalnız doğulduğunuz, yaşadığınız yer, bölgə sənin vətənindir. Bakıda, Sumqayıtda, Zaqatalada, Qusarda doğulmusan, Qarabağdan sənə nə?! İmperiya məqsədlərini həyata keçirtmək üçün insanlarımıza vətən kəlməsini, öz (imperiya) dilində anlatmışdı. Bölgələrimizin adını bizə unutdurmağa çalışırdılar. Biz bölgələrimizin adını unutduqca, düşmən torpaqlarımızı özəlləşdirirdi. İrəvanı, Dərbəndi, Təbrizi, Borçalını, Kərkükü.
   
   Gəlin bir-birimizdən haralısan soruşmaqla Tanrının cızdığı vətən sərhədlərini tanıyaq, Təbrizi, Borçalını, Dərbəndi, Kərkükü, Qarsı. Keçmişdə bizim olan vətən hissələrini bu gün bizim olmasa da, haralı kəlməsi ilə ən azı bizim edək. Gəlin biz haralı olduğumuzu unutmayaq, sərhədlərimizi unutmayaq. Gəlin vətən hissələrinin, vətən bölgələrinin adını çəkməklə vətənimizin sərhədlərini tanıyaq, böyüklüyünü dərk edək, görək. Axı bizim vətən sərhədləri kosmosda, göydə, səmada daha böyükdür. Bir vaxtlar torpaqda da böyük idi. Keçmişdə bizə bu sərhədləri tanıdıblar, göstəriblər. Yerdə birləşə, bütövləşə bilmiriksə, göydə, kosmosda birləşək, bütövləşək. Tanrı göydə bizim yanımızdadır, bizim tərəfimizdədir, yəni haqqın tərəfindədir.
   
   Biz bu gün daha çox qarabağlı, təbrizli, borçalılı, dərbəndli, kərküklü, irəvanlı olmalıyıq ki, azərbaycanlı olaq. Onlarsız olammarıq və ola da bilmərik. Həmin bölgələr vətən adlı canlı bədənin itirilmiş orqanlarıdır, başıdır, beynidir, qoludur, gözüdür və s.
   
   Əslən olduğumuz bölgələr, babalarımızın, atalarımızın doğulduğu bölgələrdir. Gəlin bir-birimizdən haralısan soruşmaqla - naxçıvanlıyam, qarabağlıyam deməklə həm azərbaycanlı olduğumuzu, həm də bu bölgələrin Azərbaycanın olduğunu bir daha təsdiq edək. Haralısan kəlməsindən qorxmayaq. Qorxduqca bölgələrimizi itiririk. Biz həqiqi azərbaycanlı o vaxt olacağıq ki, itirdiyimiz bölgələri qaytaraq, bütöv olaq. Azərbaycan başqaları üçün tək dövlət adıdır, bizim üçünsə həm də vətən adıdır.
   
   Doğulduğumuz bölgə, vətən səmasını ilk dəfə gördüyümüz, vətən torpağına ilk dəfə ayaq basdığımız, vətən kəlməsini ilk dəfə eşitdiyimiz məkandır. Vətən ilk dəfə doğulduğumuz yerdən, məkandan başlayır. Biz o hissəni necə dərk ediriksə, seviriksə, vətənimizi də o cür dərk edirik, sevirik.
   
   Su gəminin altında olanda onu üzdürür, içinə dolanda batırır. Hər bir söz düzgün ifadə olunmalı, doğru dərk edilməlidir.
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində Naxçıvanda olarkən, əslən naxçıvanlı olduğunu və bununla fəxr etdiyini söylədi. Cənab prezident bununla cəmiyyətə mesaj verdi - bölgə, region anlayışını düzgün dərk etmək, düzgün anlamaq lazımdır. Gəlin bizlər də haralı kəlməsini işlədək, adiləşdirək. Başımız üzərində qılınc kimi saxlamayaq. Haralı kəlməsindən özümüzə potensial düşmən düzəltməyək. Azərbaycanlı bizim soyadımız! Adlarımızı söyləyək!
   
   Bəzi siyasi partiyalar və mətbuat orqanları öz məqsədlərini həyata keçirmək üçün bu çirkin üsuldan istifadə edirlər. Mən deməyim naxçıvanlıyam, qarabağlıyam və s. Düşmən desin? Kimlərdi bunu istəyənlər? Biz haralı olduğumuzu söyləyəndə - naxçıvanlıyam, qarabağlıyam deyəndə, niyə azərbaycanlı olduğumuzu başa düşməyək? Niyə bir daha biz azərbaycanlıyıq deyək?
   
   Bir-birimizə yeri gəldi-gəlmədi həm "biz hamımız azərbaycanlıyıq", həm də qarabağlıyam, naxçıvanlıyam deməməliyik. Məgər bilmirik azərbaycanlıyıq? Tanıya bilmirik bir-birimizi, özümüzü? Çox vaxt da, pis mənada işlədirik "biz azərbaycanlıyıq daa...". Ümumi insan psixologiyasına aid olan mənfilikləri tək özümüzə aid edirik, guya təkcə yaltaq, satqın bizdə var!
   
   Gəlin doğulduğumuz bölgələrin adı ilə bir-birimizə böhtan atmayaq, bir-birimizi şantaj etməyək! Azərbaycanlı olmaq haralısan kəlməsindən, sözündən başlayır. Biz haralı olduğumuzu unutduqca Azərbaycan kiçilib, balacalaşıb.
   
   Qanun insana nəyi etməli, nəyi etməməli olduğunu müəyyənləşdirir. Gəlin biz də məişət qanunlarımızla yaşayaq. Məişət qanunları ilə formalaşan insan dövlət qanunlarını daha yaxşı dərk edir. Məişət qanunu insanı formalaşdırır, dövlət qanunu isə insanlar, dövlətlər, cəmiyyətlər arasında münasibətləri müəyyən edir. Məişət qanunları dövlət qanunlarının mənbəyidir. Gəlin məişət qanunlarımızla yaşayaq, dövlət qanunlarımızla münasibət quraq. Bu gün güclü dövlətlərin meydana çıxması, dövlət qanunları ilə məişət qanunlarının sintezi ilə mümkündür.
   
   Məişət qanunları yazılı yox, kodlarla ötürülür, yaddaşla daşınır. Bəlkə bizim ailə sistemimizi məişət qanunları işləməsin deyə dağıdırlar. Məişət qanunları ailədə təbliğ edilməli, yaşadılmalıdır. Uşaq ikən insanlarımızı laylalarla, milli adətlərimizlə, dini qanunlarımızla formalaşdırmalıyıq. Uşaq hələ dərk etmir, qulağına pıçıldamaq lazımdır. Necə ki, düşmən pıçıldayır "türk sənin düşmənindir". Adamın bu sözü eşidən qulağı kəsməyi gəlir. Bir çox dövlətlərdə uşaqlar, gənclər kilsədə formalaşır, məscidlərdə formalaşır, hətta dövlət siyasəti də. Artıq uşaq dərk etməyə başlayanda bilir ki, pis nədir, yaxşı nədir, düşmən kimdir, dost kimdir. Nə düşmən, nə dost heç vaxt dəyişmir, millətlər üçün də. Uşaq ailədən cəmiyyətə hazır gəlməlidir.
   
   Ümummilli liderimiz Heydər Əliyev türk dövlətlərinin təhsil nazirlərindən soruşmuşdu - bizim "Şahnamə"miz nə vaxt yazılacaq? Həmin tədbirdə türkiyəli təhsil naziri ümummilli liderimizin bununla nəyə işarə etdiyini anladığını bildirmişdi. Nə oldu bəs?
   
   Nə vaxt yazılacaq azərbaycançılıq ideologiyasının əsasları? Vaxtımız çoxdu hələ? Yaşadığımız regionun - Şərqin bu ideologiyaya ehtiyacı var. Gəlin dünyanı ehtiyacsız qoymayaq. Biz həmişə dünyanı fikirləşmişik axı. Axı biz özümüzdən çox başqasını düşünürük. Gəlin dünyanı tanıyaq. Biz başqalarını tanımayınca özümüzü tanımayacağıq. Biz dəyişməliyik, keçmişi dəyişmək üçün yox, keçmişə qayıtmaq üçün. Axı bizim keçmişimiz, tariximiz, sərhədlərimiz böyükdür. Biz özümüzə qayıdanda daha böyük oluruq.
   
   Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim alt qatımız türk, üst qatımız azərbaycanlıdır. Azərbaycançılıq türkçülüyün müasir formasıdır, yəni yeni türk düşüncəsidir. Yeni Türk kimliyidir. Necə ki ingilislər amerikalı oldular, yeni İngilis düşüncəsi yaratdılar, dünyanı fəth etdilər. Bu gün də amerikalılar məişətlərində İngilis olduqlarını təbliğ edirlər, yaşadırlar.
   
   Bu gün Azərbaycançılıq fəlsəfəsi, ideologiyası artıq yeni mərhələyə keçib. Bunu bütün türk dövlətləri anlamalı və dəstəkləməlidir. Azərbaycançılıq fəlsəfəsi, ideologiyası türk birliyinin əsasıdır və nəticələri göz önündədir. Biz artıq bu günü yox, sabahı yox, birisigünü görməliyik, düşünməliyik.
   
   Azərbaycançılıq fəlsəfəsi alt qatı daha qatılaşdırmaq, daha möhkəmləndirməkdir! Azərbaycançılıq fəlsəfəsi, düşüncəsi türk varlığının immunitetidir! Azərbaycançılıq dövlətçilik düşüncəsidir!
   
   Azərbaycançılıq fəlsəfəsinə, düşüncəsinə bütün şərqin, bütün dünyanın ehtiyacı var. Biz hələ bu gün kiçik Azərbaycana böyük dünyanı yerləşdirmişik və mütləq bir gün dünyada Böyük Azərbaycana yer olacaq. Böyük Azərbaycan dünyada öz yerini tutacaq!
   
   Bizim üzümüz nə şərqə, nə qərbə, nə şimala, nə cənuba olmamalıdır. Bizim üzümüz göyə olmalıdır. Göyə inanmalıyıq. Göy həm də bizim əzəli yerimizdir. Bizim yerdə nə işimiz var axı?! Göy özümüzük! Kimin üzü qalıbsa üzünü Göyə tutsun! Göy onu tutacaq, Göy onu qoruyacaq!
   
   Bizim ürəyimizdə, torpağımızda hamıya yer var, hətta yeri olmayanlara da.
   
   Biz bu gün xarici ölkələrdə bölgələrimizin adını daşıyan cəmiyyətlər yaratmalıyıq. Dünyaya bölgələrimizin adını tanıtmalıyıq, bizim olduğunu söyləməliyik. Biz bunu etmədikcə düşmən edir, bölgələrimizi öz adlarına çıxırlar necə ki, bu gün Qarabağı, Naxçıvanı öz adlarına çıxırlar, dünyada təbliğ edirlər. Yaxın zamanlarda Naxçıvanda keçirilən Türk Dövlətlərinin Sammiti - bölgələrimizin dünyada tanınmasında, düşünülmüş, önəmli atılan addımlardan biri idi.
   
   Böyük ideaları, fikirləri zaman, vaxt vərəqləyir, ya təsdiq edir, ya inkar. Bu gün dünyada və regionumuzda gedən prosseslər, baş verən hadisələr Azərbaycançılıq fəlsəfəsinin nə qədər böyük, əhəmiyyətli olduğunu bir daha təsdiq etdi.
   
   Azərbaycan fərqli dəyərlərin yaşadığı, ümumi dəyərlərin birləşdiyi, bütövləşdiyi məkandır! Azərbaycançılıq birgə olmaq, bütöv olmaq, bir olmaq deməkdir!
   
   Çeçenistanın şəriət məhkəməsi bir neçə çeçenə ölüm hökmü çıxarmışdı, içlərində bir azərbaycanlı da var idi. Onları zibillikdə güllələdilər. Çeçenistanın səhra komandirlərindən biri bəyanat verdi: Şəriət məhkəməsinin çıxardığı qərar ədalətlidir, onlar güllələnməli idilər, lakin onları güllələyənlər bir şeyi unudublar, çeçeni zibillikdə güllələmək olmaz! Allah, Allah, millətinə olan münasibətə bax!
   
   Düşmən bizim kimliyimizi heç vaxt unutmayıb, gəlin biz də unutmayaq! Gəlin biz də öz cinayətkarımıza, ziyalımıza və s. azərbaycanlı olduğu üçün hörmət edək, qiymətləndirək! Azərbaycanlı olmaq bizim qürur yerimizdir!
   
   Şahmatı şaha görə oynayırlar. Bizim bir şahımız var - Azərbaycan! Gəlin bir yerdə Azərbaycan üçün oynayaq! Biz mənəviyyatımızdan doğan bütün vasitələrlə Azərbaycan adlı gəmini dünya okeanında üzdürməliyik.
   
   Gəlin başqalarına özümüzü azərbaycanlı kimi təqdim edək, ümuminin ifadəçisi kimi!..
   
   

TƏQVİM / ARXİV