adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

iNTiHAR HAQQINDA çOX FiKiRLƏŞiRƏM

RZA RZAYEV
58412 | 2011-02-17 07:12
Əslində budəfəki yazım "blok uşaqları" idi. Amma telefonuma gələn mesaj düşüncələrimi alt-üst etdi.
   
   
   
   ***
   
   Həyatımın son 5-6 ili çox ağır, gərgin, dözülməz keçir. Mən də 5-6 ildi günlərin qarşısını kəsirəm, keçməsin. Hər gün səhərlər günəşi tuturam doğmasın, gecələr ayı tuturam batmasın - gün keçməsin. Hər gün keçdikcə mən o günə yaxınlaşıram. O günü görmək istəmirəm, amma hər gün o gün haqqında düşünürəm!
   
   Canlıların içində ən vəhşisi insandır. Bilir ki, öləcək yaşayır, bilir ki, sonu ölümdü, ölümə inanmır. Neçəsi gözünün önündə ölür, neçəsini dəfn edir, yenə öz ölümünə inanmır. Bəlkə də, öz ölümünə inanmamaq insanı yaşadır. Bəlkə də, ölümünün vaxtını bilmədiyinə görə yaşayır insan. Görən insan öləcəyi günü bilsəydi nə edərdi? Öləcəyi gün öncədən insana bəlli olsa insan nə edər, necə yaşayar - məncə yaşamaz. İnsan ölənə qədər öləcəyinə inanmır... Heç öldüyünü də bilmir...
   
   İnsan yaşamaq uğrunda mübarizə aparır. Neçəsini yaşamağa qoymur. İnsanlar öləcəklərini bildiklərinə görə bəlkə, bir-birlərinə qarşı belə qəddardırlar, amansızdırlar.
   
   Öləcək insanın yaşamaq səbəbi nədir bəs - ölümdən qorxmağı. Yarandığı gündən insan təbiətlə mübarizədədir. Təbiətə müdaxilə edir. Ölümsüzlüyə qarşı mübarizə aparır. Amma ölümdən qorxan insan təbiətə müdaxilə etməklə ömrünü azaldır.
   
   Biri üçün canından keçməyə hazırsan. Hazırsan ona atılan gülləyə sinəni önə verməyə. Amma bir gün yolunda ölümünə hazır olduğun insan arxadan sənə elə zərbə vurur ki, şükür edirsən Allaha, yaxşı ki, bunu tez göstərdin, yoxsa qanım ortada hədər yerə batmışdı. Yəni yolunda ölümə hazır olduğum insana güllə atmadılar, yoxsa mənasız ölmüşdüm - o da - bir axmağı da belə yola saldıq deyəcəkdi.
   
   Bir gün Tanrı poza qanununu fərman verə, bu gündən ölməyəcək insan. Amma bir nəfər könüllü ölməlidir ki, bundan sonra ölüm olmasın, ölməsin insan.
   
   Görən kim seçər bu könüllü ölümü - bundan sonrakı insanlar ömürlük yaşasınlar deyə. Kim bugünkü insanları görübsə... Bu ölümü seçməyəcək... Yoxsa Tanrı bu fərmanı çoxdan vermişdi...
   
   Tanrı bilirdi ki, çoxları bu həyatdan, bu insanlardan bezəcəklər ona görə intiharı günah buyurdu.
   
   Getdikcə yaşamaq çətinləşir... Çətini alırsan çiyninə... Çətin nəfəs alırsan... Çətinlik o qədər çiynində çoxdur ki, başını itirirsən... Sonra başını kiminsə ayağının altında tapırsan... Çətini bircə dəfədir başını itirmək... Elə ki, itirdin - top kimi o, ona atacaq, o da buna.
   
   Hər gün küçədə öz-özünə danışanların sayı artır. Başqalarına deyə bilmədiyin sözü öz-özünə deyə-deyə gedirsən. Ətrafdakıları unutmusan - artıq onsuzda kimsə yox, birdən siqnal səsinə oyanırsan, baxırsan ki, düz yolun ortasındasan - sürücü də ağzına gələni deyir sənə.
   
   Hər kəsin ürəyi var... Amma hər kəsin ürəyin görmək olmur, bilmək olmur... Hər kəsin əli var... Amma çoxları əlini ürəyinin üstünə qoyub danışmır... Hər kəs əli ürəyinin üstündə gəzmir...
   
   İndi çoxlarının ürəyi əlində deyil... Soruşursan bunu niyə etdin - deyir - mənlik deyil, mənim əlimdə deyil... Çoxları əlini itirib... Çoxları əli açıq gəzir... Kim əlinə bir şey qoyur səhər onun tərəfindədir, onun haqqında danışır...
   
   İndi əl uşaqları, cib adamları yaranıb... İndi çoxları cibində adam gəzdirir... İndi pul ilə hər şeyi almaq olur, ən ucuzu da adamdı...
   
   İyirmi ildir dostluq etdiyim insanlar var. Çox zaman xeyirə-şərə birlikdə gedirik. Bizi bir yerdə görən tanışlar soruşurlar - siz hələ də bir yerdəsiniz? İyirmi il insanların bir yerdə olması, bir olması təəccüblü gəlir insanlara. Artıq bunu bacarmaq çətindir çoxlarına.
   
   Son dövrlər insanların bir-birinə inamı tam itib. Bir-birindən asılı olan insanların, bir-birinə qarşı bu qədər inamsız yaşaması - sözün əsl mənasında dəhşətdir.
   
   Bir-birindən asılı insanlar bir-birlərini asırlar. Bir insanın nə qədər asmaq istədiyi insan var! Əgər, bir-birini asmaq imkanı yaransa nələrin baş verəcəyini düşünmək olmur.
   
   İnsan yaşamağa məhkumdur, insanlarla yaşamağa məcbursan. Sağlığında sənsiz yaşaya bilmərəm, dediyin insanları itirəndən sonra yaşayırsan. Sənsiz yaşaya bilmərəm, deyənlər səni itirəndən sonra yaşayırlar.
   
   İnsanların təbiəti eynidir. Fərqli xarakter, fərqli həyat tərzi seçmək insanları fərqləndirir.
   
   Bir bazar var... Birbaşa ünvanı yoxdur... Yeri yoxdur, yersizdir... Adını üstünə yazmayıblar... Çoxları satılır burada... Çoxları girib-çıxır bu bazara, amma boynuna almır... Sonra bütün günü o bazarın əleyhinə danışır... Bazar açanları söyür... Bu bazarda nələr satılmır...
   
   
   
   ***
   
   
   
   Bir səs var, uşaqlıqdan narahat edir məni. Bu səs əzir məni, işgəncə verir mənə. Tutmaq istəyirəm bu səsi, boğmaq istəyirəm. Bu səsi nə sözlə, nə səslə ifadə etmək olmur. Bu səs bənzəmir başqa səslərə. Bu səsi başqa səslər kimi tələffüz etmək olmur. Bu səsi danışmaq olmur. Bu səs həmişə içimdən asılı qalır, dəymir yerə. Boğur məni, asır məni, döyür məni - bir sözlə əzab, dərd verir mənə.
   
   Bəzən bezirəm, canımı qurtarmaq istəyirəm bu səsdən. Tapa bilmirəm, ala bilmirəm bu səsin səsini. Bu səs bir yoldur. Çox səs eşidirəm, amma bu səsi həmişə dinləyirəm. Bu səs yatmır, həmişə var qüvvəsi ilə qışqırır. Bəzən başıma, ürəyimə düşür bu səs. Əlimlə axtarıram səsi. Əlim nəbzimdə dayanır, tuturam bu səsi. Əlimi sıxıram səsin üstünə. Sən demə, bu səs ürəyimin səsidir. Elə bil mən ağlayanda bu səs ağlayır, elə bil mən sıxılanda bu səs sıxılır. Bu günə qədər olanlara necə dözüb bu səs, səsini çıxarmayıb? Qaçıram bu səsdən. Ayağımın altından qaçır səs. Qaça-qaça səsi gəlir. Bu səs hərflə ifadə olunmur, yazılmır. Yazan belə yazıb bu səsi.
   
   Bu səs həmişə dəyir, toxunur mənə. Hara gedirəmsə bu səs əlimdən tutur, aparır məni. Bu səs görür - doğrunu, düzü, əyrini, şəri. Bu səs müdafiə edir haqlını, zəifi, gücsüzü.
   
   Səslərin çoxu yerində deyil, yerinə düşmür. Bu səs həmişə yerindədir. Bu səs yerini tərk etməz. Bu səs tonunu, mənasını dəyişməz. Çox səslər satılar, çox səslər alınar. Bu səs satılmaz, bu səs alınmaz.
   
   Bu səs içimizdən keçər, içimizi açar, içimizi bağlayar, içimizdə donar, üşüyər, çox vaxt utanar, tərləyər. Bütün səsləri bu səslə eşidərsən, dinləyərsən.
   
   Hamı yatanda bu səs yatmır, hamı susanda bu səs susmur, bu səs səsin içində yatır, səssizlik olanda oyanır.
   
   Bu səs səssizcə yeyir içimi... Bir gün səssizcə öləcəm... Bir gün səssizcə ağlayın məni... Bir gün səssizcə dəfn edin məni... Səs eləməyin... Səs salmayın... Ta oyatmayın O səsi...
   
   
   
   ***
   
   Həyatda elə insanlar var ki, o heç kimə daş atmır. Amma hamı onu daşlayır - daş atmadığına görə. Həyatın qanunu budur - gərək, daş atasan. Amma bir adamın bədəni antibiotik götürür, birininki götürmür. Bədəni antibiotik götürməyən insana antibiotik vuranda, insan şoka düşür. Hamının nə etdiyini anlayırsan, hamının nə edəcəyini yaşxı bilirsən. Edilənləri, ediləcəkləri edənlərdən daha yaxşı edə bilərsən, amma etmirsən, etsən şoka düşəcəksən.
   
   Hər kəs öz atasının davamıdır... Atasının yaşadıqlarının davamını yaşayır... Heç kim qaça bilmir bundan... Qaçanlar atasız qalır... Hər kəs atasından gileylənir - məni niyə belə böyütdün, məni niyə belə tərbiyə etdin, mənə nə olar, nə olmazı niyə belə öyrətdin!
   
   Dostum, əzizim, canım, intihar günahdır! Onsuz da hər gün ölürük... Onsuz da hər gün günah edirik... Bəlkə, hələ tezdir... Bəlkə, düzəldi... Amma inan yaşamaq gözəldi... Sən bacarmadınsa... Sən başqaları üçün yaşadınsa... Bu seçimi özün etdin...
   
   Dostum, özü yıxılan ağlamaz. Çoxları əlinə baxır, çünki sən öyrətdin onları əlinə.... Sən ürəyini vermə onlara... Ürəyində bir boş yer var... Qoyma kimsə o yeri tuta... Kimsə o boş yerə layiq deyil... Əliaçıq olsan da ürəyini açma insanlara!
   
   Suyun təbiətində boğmaq, atəşin təbiətində yandırmaq var. Amma suyu yandırdıqca təbiətini dəyişirsən. Sonra su başlayır yandırmağa... Axı su yandıqca yanır... Yanan yerdə su qalmır artıq...
   
   Namərdlər mərd olmaq istəmir, mərdlər də dönür namərd olur.
   
   
   
   ***
   
   
   
   Telefonuma gələn mesaj:
   
   - İntihar haqqında çox fikirləşirəm!
   
   - Mənim haqqımı mənimsəməyin, o haqda daha çox özüm düşünürəm, SİZƏ o şansı verə bilmərəm, məni tələsdirməyin... hər şeyin öz vaxtı var...
   
   
   
   Bu elə vəziyyətdir ki, insan özü-özündən qaçır, getməyə də yeri yoxdur - YERDƏ YER YOXDUR YERİ OLANLARA!!!
   
   

TƏQVİM / ARXİV