adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ÖMRÜNƏ BİR AY QALIB

FAİQ QİSMƏTOĞLU
72228 | 2015-05-13 09:10
Bu sözləri indi bəzi həkimlər ağır yox, hətta səhhəti normal olan xəstələrə utanıb-eləmədən açıq-aydın deyirlər. Amma bu həkimlər fikirləşmirlər ki, Allah-Təaladan başqa heç kim deyə bilməz ki, filankəsin ömrünə neçə gün, neçə saat vaxt qalıb. Nə peyğəmbərlər, nə seyidlər, nə ekstrasenslər, nə də falçılar heç vaxt kimin nə qədər yaşayacağını və nə vaxt dünyasını dəyişəcəyini bilməz. Bayaq dedim ki, bu qüvvə ancaq yerin-göyün və bütün kainatın sahibi Allah-Təalaya məxsusdur.
Bir dəfə həkim ağır vəziyyətdə olan xəstəyə baxıb və sonra da onun yaxınına deyib ki, bunu aparın öz kəndinə, qoy rahat dünyasını dəyişsin. Uzaqbaşı xəstənin beş-on gün ömrü var. Beş-on gün keçib xəstəyə bir şey olmayıb. On ildən sonra yenə həmin xəstə buz baltası kimi yaşayıb. Amma ona o proqnozu verən həkim səkkiz il öncə avtomobil qəzasına düşərək dünyasını dəyişib.
Bizim bir qohum da var, burda çox hörmətli və tanınmış klinikaların birində müayinə olunaraq analiz vermişdi. Orda bildirmişdilər ki, onun qara ciyəri xərçəngdi və heç bir əlacı da yoxdur. Yəni qohumum həkimə gec üz tutub. Amma eləmədi tənbəllik, üç gündən sonra qardaşı ilə birgə Tehrana uçdu. Tehranda onu müayinə elədilər və iki ay müddətində müalicə uğurla başa çatdı. Qohumumu müalicə edən iranlı həkim deyb ki, sizin o professoru biz burda tibb bacısı vəzifəsinə də götürmərik. Sizdən gələn əksər xəstələrə belə ağır diaqnoz qoyurlar, biz də müayinə edəndə görürük ki, tamamilə səhv diaqnoz qoyulub. Başa düşmürük, axı sizin o həkimlər görəsən niyə bilmədikləri, öyrənmədikləri xəstəlikləri pasiyentlərin ayaqlarına yazırlar?
Bizim məmləkətimizdə çox yaxşı həkimlər və klinikalar da var. Amma gərək adam onları ələk-vələk eləyib tapa bilsin və sonra da müayinədən keçsin. Elə ki, bəzi naşı və savadsız, tamahkar həkimin əlinə düşdün, sənin başına olmazın oyununu açacaq. İllah da ki, imkanın, pulun çox olsa, səndən əl çəkən deyil, səni qorxudacaq və o ki var əlində-ovcunda olanları çəkməyə çalışacaq. Bu ifadəmizə görə üzr istəyirik, vaxtilə xərçəng xəstəliyindən əziyyət çəkən məşhur bir müğənninin başına bir həkimin hansı oyunlar açdığını çoxları yaxşı bilir. Bir ətək pulunu almışdı, sağaltmağa söz vermişdi, çətin vəziyyətə düşəndə yaxasını kənara çəkib demişdi ki, mən bacardığımı elədim. Əgər, ay hörmətli həkim, bacardığın bu idisə niyə xəstənin başına olmazın əzab-əziyyətin gətirirdin? Elə bəri başdan deyəydin ki, qardaş, bu mənlik deyil, get xarici ölkələrdən birinə. Həmin xəstə komaya düşdü, Allahdan ipi üzülmədiyinə görə və xeyirxah bir insanın köməkliyi ilə ölümün pəncəsindən xilas edildi. İndi deyin, səhv müayinə edən və düzgün də müalicə etməyən belə həkimlərə kim inanacaq?
Təsadüfi deyil ki, Səhiyyə Nazirliyi son vaxtlar Bakıda lazımi tələblərə cavab verməyən bir neçə özəl klinikanın fəaliyyətini dayandırıb. Və bu günün özündə də bəzi özəl klinikalar var ki, onların müayinəsi və müalicəsi heç vaxt düzgün olmur. Mənim qohumlarımdan biri üç "bərkgedən" özəl klinikada analizlər vermişdi, hər üç analizi də fərqli olmuşdu. Gözü su içmədi və tez də Türkiyəyə müalicəyə getdi. Türkiyədə müayinə olunandan sonra hər üç özəl klinikanın analizlərinin səhv olduğu aşkarlanmışdı. Həmin xəstə çox yox, on beş gün İstanbuldakı Acıbadəm klinikasında müalicə olundu, tam sağalıb ölkəyə qayıtdı.
Hippokrat andı içən indi bəzi həkimlər pulu hər şeydən üstün tuturlar. Əvvəllər xəstələrə ən ağır vəziyyətdə olanda belə və ömrünə bir neçə gün qalsa da deyilməzdi ki, sən dünyanı dəyişəcəksən. Amma indi bəzi həkimlər burda heç bir qəbahət görmürlər. Deyirlər ki, müasir tibb tələb edir ki, xəstənin vəziyyətini onun özünə deyəsən. Bəli, xəstənin ağır vəziyyətdə olmasını bəlkə də ona demək olar, amma xəstəyə demək olmaz ki, sən bir aydan sonra öləcəksən. Bilmirəm, bu nə dərəcədə məntiqlidir və qanunauyğundur, başa düşmək olmur. Heç olmasa bu cür vəziyyəti və xəstənin mürəkkəb durumunu onun yaxınlarına demək olar. Biz burda Amerika açmırıq, sadəcə olaraq bəzi həkimlərin xəstələrlə bu cür davranışına təəccüblənirik. Sovet dönəmində ölümcül vəziyyətdə olan xəstələrə belə bir söz deyilməzdi. Ən azından ona görə ki, ümid sonda ölür. Elə Sovet dönəmində də dəfələrlə həkimlər xəstənin ağır vəziyyətdə olduğunu bildiriblər. Deyiblər ki, aparın evə, qoyun rahat yaşasın. Amma başqa həkim gəlib ona baxıb, əməliyyat edib və həmin xəstə nə az-nə çox, düz 20 il yaşayıb. Mən heç də nağıl danışmıram. Vallah, olanları yada salıram. Bu əhvalat da bizim kənddə baş verib.
Heç bir xəstə ümidsiz olmasın. Ömrü verən də Allahdır, onu alan da. Yazımızın əvvəlində qeyd etdik ki, insanın nə qədər yaşamasını Allah-Təaladan başqa heç kim bilə bilməz. İndi bizim əksər xəstələr həkimlərin çoxuna inanmırlar, çünki onlara çox ağır diaqnozlar qoyulur və qısa zamandan sonra dünyalarını dəyişəcəkləri bildirilir. Ona görə də bu cür xəstələr ya İrana gedir, ya Türkiyəyə, bir az da imkanlılar Almaniya və Amerikaya üz tuturlar. Yaxşı da edirlər, çünki ora üz tutanlar gedib şəfa tapılar və sağalıb ailələrinə, ev-eşiklərinə dönürlər.
Heç kim ümidsiz olmasın, çünki ümid insanı daha çox yaşadır. Allah-Təaladan ipin üzülməyibsə, sadəcə olaraq həkim bir səbəbkar olur ki, o xəstəliyi aradan qaldırır. Mən inanıram ki, yaxın dostlarımız, tanışlarımız, qohumlarımız da ağır xəstəliklərə düçar olanda tezliklə sağalacaq və həyata qayıdacaqlar.

TƏQVİM / ARXİV