adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YOL ÇƏKƏN GÖZLƏR SEVİNƏCƏK

FAİQ QİSMƏTOĞLU
73784 | 2015-06-03 01:31
Çöhrəsindəki kədəri bir anlıq əritmək istəyir. Və çöhrəsinə yenidən təbəssüm qonur. Amma gözünün dərinliyindəki o kədər yenə özünü göstərir. Sanki onun qəlb dünyasında kədərlə sevincin döyüşü gedir. Və bu döyüşdə sevinc kədərə, qəmə üstün gəlir. Bir anlıq yenidən sifətində ilıq bir təbəssüm yaranır. Və Füzulini, onun küçələrini xatırlayır. Sonra da deyir ki, müəllim, məni qınamayın, ürək o torpağa, o yurda bağlıdır. Hərdənbir yuxumda yanan şəhərimizi görürəm. Və diksinib tez də qalxıram. Deyirəm ki, kaş hər şey yerində olaydı. Evimiz, eşiyimiz, gözəl binalar yanmayaydı...
Bu sözləri bizimlə söhbətində Füzuli rayonu İnşaatçılar qəsəbəsi Uşaq Musiqi Məktəbinin direktoru Zöhrə xanım Rzayeva deyir. Digər füzulililər kimi, o da 1993-cü ilin avqustun 23-də öz dədə-baba yurdundan didərgin düşüb. Və Bakı şəhərində məskunlaşıblar. Elə məktəbləri də çətinliklə olsa Dərnəgüldəki köhnə bir binaya sığınıb. Amma bu köhnə binada, köhnə otaqlarda musiqi məktəbinin hər cür şəraitini bərpa ediblər. Sanki otaqlarda Füzulinin, onun ab-havasının ətri duyulur. Hətta bir çox ləvazimatlar və əşyalar elə Füzulinin özündən gətirilib. Zöhrə xanım çox nikbin bir ziyalıdır. Nə az, nə çox, düz 1991-ci ildən İnşaatçılar qəsəbəsi Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır. Amma həmişə deyir ki, bizi sabaha, gələcəyə aparan Füzuliyə qayıdacağımız gündür. Və o günü tək mən deyil, o yurddan, o obadan didərgin düşən bütün insanlar gözləyirlər. Çünki hər dəfə Azərbaycan prezidenti İlham Əliyev Füzuliyə səfər edəndə, rayonda gedən abadlıq-quruculuq işlərinə diqqət yetirəndə bizim inamımız birə-beş artır.
Ona görə də bu gün Bakıda olsaq da qəriblik hiss etmirik. Çünki bura da doğma bir yerdir. Musiqi məktəbində tar, kamança, fortepiano, qarmon, nağara, xanəndəlik, skripka şöbələri fəaliyyət göstərir. İlk növbədə bu sənətə meyli olan uşaqlar məktəbə qəbul edilir. Təsadufi deyil ki, bu gün məktəbdə 202 şagird həmin musiqi şöbələrində müxtəlif alətlərin sirlərini öyrənirlər. Daha doğrusu, həmin alətlərdə ifa etməyi əxz edirlər. Əlbəttə, müəllim yaxşı olanda onun şagirdləri də hər hansı musiqi alətini daha gözəl ifa etməyi öyrənir. Burda da 70 müəllim şagirdlərə bayaq dediyimiz kimi, müxtəlif çalğı alətlərində musiqiləri səsləndirməyi öyrədirlər.
Bu sənətdə əsas məsələ şagirdin istedadı və bir də hər şeyi tez qavramasıdır. Əgər şagirdin istedadı varsa, təbii ki, o müəllimin öyrətdiklərini yadında saxlayacaq, onu zaman-zaman inkişaf etdirəcəkdir. Bu mənada məktəbin şagirdləri beynəlxalq və respublika müsabiqələrində çox böyük uğurlara imza atıblar. Məktəbin şagirdləri İsmayıl Xəlilzadə fortepiano, Nəriman İmanzadə xanəndəlik, Fərhad Yolçuyev tar üzrə keçirilən respublika müsabiqəsində qalib adını qazınıb və fəxri fərmana layiq görülüblər. Öncə onu qeyd edək ki, bu şagirdlər tək müsabiqədə iştirak etməklə və uğur qazanmaqla öz işlərini bitmiş hesab etmirlər. Onlar həmişə arayıb-axtarır, klassik və müasir bəstəkarların mahnılarını peşəkarcasına ifa etməyə çalışırlar. Bunun üçün isə əziyyət çəkmək, öyrənmək və axtarışlar aparmaq lazımdır.
Fərəhli haldır ki, məktəbin fortepiano müəllimləri İlahə Qasımova, Vəfa Musayeva, Aynurə Qarayeva, tarda Ramiq Mehdiyev, Səbuhi Rzalı, xanəndəlikdə Könül Tağıyeva, nəzəriyyəçi Lətafət Məhərrəmova öz şagirdləri ilə çox səmimi münasibət qurur və onları seçdikləri musiqi sənətində hər şeyi əxz etməsi üçün əllərindən gələni əsirgəmirlər.
Bu il musiqi məktəbinə 30 şagird qəbul olunacaq. Onların da seçimi təbii ki, çox şəffaf və sadə aparılacaq. Ən azından ona çalışılacaq ki, istedadlı şagirdlər musiqi məktəbinə qəbul olunsun. Məktəbin direktoru Zöhrə Rzayeva qeyd edir ki, bizdə bir istedadlı uşaq var, indi ikinci sinifdə oxuyur, Ayna Həsənovanı deyirəm. Masallıdandı, ancaq tara o qədər böyük sevgisi və istəyi var ki, bu uşağın istedadı qarşısında məəttəl qalırıq. Üstəlik də, ikinci sinifdə oxuyan şagirdimiz artıq özünü həyat üçün tam hazırlaya bilib. Yəni o tarda gözəl çalır, klassik və müasir musiqiləri ustalıqla səsləndirir.
Bizimlə söhbətinin sonunda Zöhrə xanım bildirdi ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədov məktəbimizə böyük qayğı göstərir. Onların köməkliyi nəticəsində bizim bütün çətinliklərimiz öz həllini tapır. Tez-tez yolumuz möhtəşəm və abad Horadiz şəhərinə düşür. Bax, onda Füzulinin havasını doyunca ciyərlərimizə çəkirik. Gün o gün olsun ki, Füzuli şəhərinə dönək və oranın havasını udaq, suyunu içək.


TƏQVİM / ARXİV