adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ÇİMƏRLİK MÖVSÜMÜ

FAİQ QİSMƏTOĞLU
69373 | 2015-06-04 08:26

Çoxlarımız isti yay günlərini böyük səbirsizliklə gözləyirik. Gözləyirik ki, çimərlik mövsümü nə vaxt gələcək və biz də gedib çox ləzzətlə dənizdə çiməcəyik. Amma bəzən arzumuz ürəyimizdə qalır. Çünki yay isti keçmir, su yaxşı qızmır və nəticədə çimərliklərə gedə bilmirik. Bu da insanlarda bir çimərlik həsrəti yaradır.
Ancaq deyəsən bu yaya isti olacaq. Belə ki, iyun ayı gəlməmişdən öncə mayın axırlarında Şıx çimərliyində çoxlu sayda insanlar gözə dəyirdi. Marağımızı gizlədə bilməyib çimərliyə gedən bir neçə orta yaşlı insanla söhbət elədik. Öyrəndik ki, onlar həqiqətən də mayın axır günləri isti keçdiyi üçün çimməyə gedirlər. Özü də bir çoxları artıq tez çimməyə alışıblar. Onların arasında isti qumda ayaqlarını basdırıb şəfa tapmaq istəyən yaşlı insanlar da var idi. Allah hamıya şəfa versin. Kimin ürəyi nə istəyirsə, ona da qovuşsun.
Bir neçə gündən sonra çimərlik mövsümü başlayacaq. Ancaq gəlin onunla razılaşaq ki, mövsümdən öncə müxtəlif çimərliklərdən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri nümunələr götürüblər. Həmin nümunələr laboratoriya şəraitində analiz olunub və məlum olub ki, bəzi çimərliklərdə suyun bioloji və kimyəvi çirklənməsi normadan artıqdır. Təbii ki, bu da həmin çimərliklərdə insanların çimməsinə böyük təhlükə yarada bilər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov mətbuata bildirib ki, 3 çimərlikdə laboratoriya müayinəsindən sonra simmək qadağan edilib. Bu çimərliklərə Sumqayıt, Sahil və Şıx çimərlikləri daxildir. Həmin çimərliklərdən götürülən su nümunələri analiz olunub və aydınlaşıb ki, bu sualarda bakterioloji çirklənmə və bağırsaq çöpləri normadan çoxdur. Çünki həmin çimərliklərə axıdılan kanalizasiya suları təmizlənmir və nəticədə bu cür vəziyyət yaranır.
Göründüyü kimi, artıq mütəxəssislər də üç çimərlikdə çimməyi məsləhət bilmirlər. Hətta həmin çimərliklərin bir neçə yerində "Çimmək qadağandır!" lövhələri vurulub. Təəssüf ki, bu xəbərdarlığa bir çox insanlar məhəl qoymurlar. Nə qədər qəribə olsa da deməliyik ki, şəhərin "ağzının içində" olan Şıx çimərliyinə gündə çoxlu sayda isti havalarda insanlar axın edirlər. Onlar ağına-bozuna baxmadan çimərliyə gəlir və bakterioloji cəhətdən normadan artıq çirklənmiş sularda çimirlər.
Biz Şıx çimərliyində olarkən bir neçə çimərlik həvəskarı ilə söhbət elədik. Onlar qumun üstündə voleybol oynayır və bir-biriylə zarafatlaşmağı belə unutmurdular. Yanlarında o yan-bu yana qaçan beş-altı yaşlı uşaqların da hiss olunur ki, valideynləri elə voleybol oynayan insanlardılar. Həmin gənclərdən birinə yaxınlaşırıq. Soruşuruq ki, qardaş, axı burda çimmək qadağan edilib, hətta bu qadağa ilə bağlı lövhə də vurulub. O isə soyuqqanlı halda topu yerə atır və dillənir:
- Ay rəhmətliyin oğlu, siz nə qoyub, nə axtarırsınız? Onsuz da hər il çimərlik mövsümü başlamamışdan televiziya kanallarında bizim gözümüzü qorxudurlar. Deyirlər ki, kim Şıx çimərliyində çimsək, xəstələnəcək. Nə bilim, bağırsaq xəstəliyinə tutulacaq və başına olmazın əziyyəti gələcək. Amma mən beş ildir ailəmlə, uşaqlarımla bu çimərliyə gəlirəm, bütün mövsümü çimirəm və heç bir xəstəliyə də tutulmuram. Çünki bura o ümidlə gəlirəm ki, istirahət və günəş vannası qəbul edim. Elə ki, gəlib bu dediklərimi həyata keçrirəm, bax onda il boyu nə qripə, nə də digər xəstəliklərə yoluxmuram. Bəs bilmirsiniz ki, qorxan gözə çöp düşər?!
Bizimlə söhbət edən digər gənclər də həmkarlarına haqq qazandırdılar. Bildirdilər ki, nə xəstəlik? Nə filan şey? Biz bura yalnız və yalnız istirahətə gəlirik və hər şey də super alınırg
Təbii ki, biz onlara heç bir irad tuta bilməzdik. Ən azından ona görə ki, söhbət elədiyimiz bu gənclər düz beş ildi qadağan olunmuş Şıx çimərliyinə gəlirlər. Onların şikayəti onunla bağlı idi ki, burda bir çox yeyinti məhsullarını və suları şəhərdəkinə nisbətən qat-qat baha satırlar. Ancaq bundan da çıxış yolu tapmışıq. Hər şeyi şəhərdən alırıq və yeməyi də evdən gətiririk. İstəyirsiniz gəlin siz də çimin və bizimlə bir tikə çörək kəsin. Həmin gənclərə "çox sağ olun" deyib ayrılırıq.
Düşünürük ki, balam, bəs onda bu çimərlik çirklidirsə, bu qədər insan nə üçün çimməyə gəlir?! Əgər çimməyə gəlirsə, deməli, burda onlar istirahət edə bilirlər və dincəlirlər. Ancaq yenə həkimlərin dediklərinə diqqət yetirmək lazımdır. Çünki dünyanın işini bilmək olmaz. O çirkli sudan bir qurtum insanın daxilinə getsə, heç kim təminat verə bilməz ki, həmin adam mədə bağırsaq xəstəliyinə düçar olmayacaq. Hər halda, bu barədə ciddi düşünmək lazımdır. O ki, qaldı çimərliklərə, onsuz da Bakıda çoxlu sayda suyu təmiz və saf olan çimərliklər var. Elə orda da gedib çimmək mümkündür. Təki istilər olsun və camaat da sərinləməyə yer axtarsın. Sərinləmək üçün isə bayaq dediyimiz kimi, Xəzərin sahilində çoxlu sayda hər cür tələblərə cavab verən çimərlikər var.


TƏQVİM / ARXİV