adalet.az header logo
  • Bakı 13°C
10 Iyun 2015 14:49
58644
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Məhəmməd Rza Çalqın ilə

"Ədəbiyyatı zaman tənzimləyir. Zaman dəyişdikcə poetik üslubiyyət də dəyişir”, - bu fikirləri güneyli həmsöhbətim deyir. O taylı-bu taylı Azərbaycan poeziyası zamanın süzgəcindən keçib, müxtəlif üslubiyyətlərdə səslənsə də zənginliyini, böyüklüyünü heç vaxt itirmədi. İstər Güney, istərsə də Quzey poeziyası millətin ruhunu, düşüncəsini özündə əks etdirib müxtəlif zamanlardan boylandı. Bəs zamanımızda poeziyamız hansı məqamdadır? Şeirimizin bugünkü durumuna Cənubi Azərbaycan ədəbiyyatının tanınmış gənc şairlərindən olan Məhəmməd Rza Cəfəri ilə göz gəzdirdik.

Çalqın təxəllüsü ilə yazıb-yaradan Məhəmməd Rza Cəfəri 1976-cı ilin mart ayinin 21-də Təbrizdə dogulub. Təbriz Universitetində Riyaziyyat və Kibernatika fakültəsində təhsil alıb. Hazırda Təbrizdə yaşayıb-yaradan şair 13 yaşından "qələmə sarılıb”. 25 yaşından sərbəst və modern uslubda yazır. Bundan başqa, təsviri sənətlə də məşğul olur.

Qeyd edək ki, bu günlərdə Bakıda keçirilmiş V Şairlər Gününə qatılan Calgının çıxışları və şeirləri böyük maraqla qarşılandı. Müşfiq Mükafatina layiq görülən şair həmçinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edildi.

 

... Və Məhəmməd Çalqınla zamandan ədəbiyyata baxış:

 

– O tayda zaman necə axır? Güneyin insanı zamanla necə ayaqlaşır?


– Zaman məkana baxmadan öz işindədir. İnsanlar da zamanın axarında yaşamına, fəaliyyətinə davam edirlər, buna məcburdurlar, çünki zaman kimisə gözləmir. Bu çağa ayaq uydurmağa çalışırlar, bacarırlar, müxtəlif sahələrdə fəaliyyət göstərirlər...


Zaman sizin ədəbi fəaliyyətinizdə nə kimi təsir göstərdi?

– Şeir yazmağa əvvəlcə əruz və heca vəznlərində başlamışam. 14 il bundan öncəyə qədər əsasən qəzəl, qoşma, gəraylı yazardım. Bunlar arasında çox uğurlu şeirlərim olub. Bu gün İranda gənc şairlər mənim ənənəvi 4-lüklərdə yazdığım şeirləri izləyirlər, yəni o üslubda davam edirlər. Amma daha sonra zamanın tələbinə uyğun olaraq modern üslubda yazmağa başlamışam, düşünürəm ki, müvəffəq olmuşam. Bu da var ki, İranda bir şair olaraq yaxşı tanınsam da, orada kitab çap etdirməmişəm.


– Səbəb?

– Özüm istəməmişəm. Mənim ilk şeirlər kitabım Bakıda çıxacaq və bu, mənim üçün çox önəmlidir. Düzdür, İranda jurnal və qəzetlərdə, saytlarda müxtəlif şeirlərim dərc olunub. Bundan başqa dərnək və məclislərdə haqqımda danışılır və tez-tez mənə müraciət olunur.


– Hansı dildə yazırsınız?

– Mən bütün şeirlərimi doğma türkcədə yazmışam. Farsca şeirlərim yoxdur, yazmaq istəməmişəm, mənə öz dilimdə yazmaq daha xoş gəlib. Bununla belə düşünürəm ki, əsas əsərin özüdür. Əgər o maraqlıdırsa, onun hansı dildə yazılmağının önəmi yoxdur.


– Məhz Azərbaycan türkcəsində yazdığınıza görə hər hansı problemlər, deyək ki, təzyiqlər olurmu? Ümumiyyətlə, fars oxucusu Azərbaycan ədəbiyyatına, şairinə necə münasibət göstərir?

– Şəxsən mənimçün problemlər olmayıb. Mən dövlətçilik əleyhinə çıxmamışam. Dəfələrlə dövlət tədbirlərində çıxışlarım olub. Və fars mətbuatına hər hansı əsər də verməmişəm ki, görüm mənə təzyiqlər olacaq, ya yox?

 

"Dünya müstəvisində tanınmaq istəyən şair əvvəlcə tam yetişməlidir

 

– Bəs elə isə sizin indiyədək qarşınızı nə alıb ki, orada kitab çıxartmaq istəməmisiniz?

– Mən ədəbiyyata çox ciddi yanaşıram. Zənnimcə, özünü dünya müstəvisində tanıtmaq istəyən şair, geniş oxucu kütləsi əldə etmək istəyən ədib əvvəlcə tam yetişməlidir. Yəni əli qələm tutub bir yığın şeir yazdıqdan sonra tez kitab çıxartmağa tələsməməlidir. Müəyyən səviyyəyə çatana qədər gözləməlidir. Öncə bu yolda o, təcrübə toplamalı, püxtələşməli və özünü tamamilə hazır hiss etdikdən sonra kitab nəşr etdirməlidir. Mən İranda tanınmış şairəm, bir qələm adamı olaraq sevilirəm. Buna rəğmən, indiyədək tələsməmişəm, özümü hazırlamışam.  Məhz bu gün üçün özümü hazır hesab edirəm. Mənə görə, artıq deyilən sözümü dərc edəcək qədər yetişmişəm. Artıq poeziyada öz üslubum, yolum var. Bu üslubum gələcəkdə Azərbaycan ədəbiyyatına necə xidmət edəcək, dəsti-xəttim gələcək nəsillərə nə kimi iz qoyacaq, töhfələr verəcək, bunu zaman göstərər. Amma mən özümə, qələmimə inanır və güvənirəm.


–  Bəs Bakıda necə, sizin əsərləriniz dərc olunub? Bu tayın naşirləri sizi nə dərəcədə tanıyırlar?

– Məni bu taya tanıtdıran, hətta deyərdim kəşf edən gözəl şairəmiz Fərqanə Mehdiyeva olub. Ondan sonra şair-tərcüməçi və bu gün mənim əziz dostim Səlim Babullaoğlu yaradıcılığımı işıqlandırıb, "Kitabçı” jurnalında yer verib. Şimali Azərbaycan oxucusuna məni tanıdan bu iki şəxs olub. Və bu gün, məhz onların sayəsində doğma Azərbaycanımızda məni hörmətlə qarşılayırlar, şeirlərimin, kitabımın çıxması üçün müraciət edirlər. Danışıqların nəticəsi olaraq yaxın gələcəkdə bir ya iki məcmuəmin nəşri nəzərdə tutulur.


– Şimali Azərbaycan şairləri demişkən, vaxtilə böyük şairlərimiz Rəsul Rza, Süleyman Rüstəm, yazıçılardan Mirzə İbrahimov, Məmməd Səid Ordubadi Güney Azərbaycan ədibləri ilə sıx əməkdaşlıq edirdilər. Cənub dərdimizi, oradakı problemləri öz əsərlərində işıqlandırırdılar. Bəs bu gün hər iki Azərbaycan şairləri arasında münasibət, əməkdaşlıq necədir?

– Onu deyim ki, biz – yəni İran ərazisində yerləşən azərbaycanlıların öz doğma dillərində akademik təhsili olmadığı üçün Azərbaycan dilini yüksək səviyyədə, təkcə danışıq deyil, bədii-ədəbi dil olaraq bu taydakı ədiblərimizdən, onların kitablarından öyrənirik. Bu danılmaz faktdır. Əgər onları oxumasaydıq, bizim öz türkcəmizdə bilgilərimiz akademik səviyyədə ola bilməzdi. Eləcə də ədəbi janrların bir çoxunu, milli üslubiyyəti burdakı şairlərimizdən öyrənmişik. Xüsusən də heca vəznində yazılan şeirlər cənub ədəbiyyatındakından qat-qat güclüdür. İran azərbaycanlıları doğma şeiri ustad Şəhriyar, Həbib Sahir, Əlirza Oqtay, Səhər Ərdəbili və başqaları ilə tanımaqla, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Fikrət Qoca, Ramiz Rövşənlə sevib. Sevdiyimiz, dönə-dönə oxuduğumuz, fəxr etdiyimiz Quzey Azərbaycan şairləri çoxdur, sadəcə, bir qisminin adını çəkdim. Hətta cəsarətlə deyərdim ki, şairlərimizi burdakı azərbaycanlılardan daha yaxşı tanıyır və sevirik, daha çox oxuyuruq. Biz bir ürəyik, iki bədəndə çırpınırıq, bir sözük iki dodaqda səslənirik. Bu gün də müasir şairlərimizlə əlaqələrimiz var, yaxşı, hətta dost münasibətlərdəyik.

 

"Müasir şeir mədhiyyədən çıxıb sərbəstliyə can atır

 

Bugünkü poeziyamız - Quzey Azərbaycanın ədəbi mühiti haqqında nə deyə bilərsiniz?

– Azərbaycanda dediyim kimi heca vəznində yazılmış şeirlər, xüsusən yuxarıda adlarını çəkdiyim şairlərdə çox güclü olub, amma heca vəzni ötən əsrdə qəbul edilən və sevilən idi. Bu gün dünya sərbəst vəznə üstünlük verir. Müasir poeziyanın vəzni budur. Amma təəssüf ki, burada modern ədəbiyyata tam çatmağı görə bilmədim. Bu yola başlanılıb, dünyanın anladığı sərbəst vəznə son zamanlar üstünlük verilir. Müasir Azərbaycan poeziyasında görüləsi çox iş var. Bəli, heca vəzni bizə doğmadır, qanımıza hopub. Lakin qəbul etməliyik ki, bu gün, dünyanın şeiri sərbəst vəzndədir. Zamanın poeziya üçün tələbi budur. Bir milləti ən çox onun ədəbiyyatı ilə tanıyırlar. Ədəbiyyat millətinin kimliyidir. Bir millətin güclü ədəbiyyatı həm də onun güclü siyasəti və iqtisadiyyatı deməkdir. Bu gün müasir ədəbiyyatın ən əsas göstəricisi onun qəlibdən, diktədən çıxıb sərbəstləşməsidir. Müasir şeir özü formadan, mədhiyyədən çıxıb sərbəstliyə can atır. Bizim keçmişdə çox zəngin ədəbiyyatımız olub, indi də güclü ədiblərimiz var. Amma bu gün o qələm adamlarımız dar çərçivədən çıxıb sərhədləri aşmaq üçün dünyanın anladığı və qəbul etdiyi janra müraciət etməlidir.


– Bəs bu, bizim indiyə kimi qəbul etdiyimiz heca və əruz vəznini kölgədə qoymazmı?

– Biz klassiklərimizi, öncəki ədəbiyyatımızı danmırıq. Qeyd etdiyiniz şeir forması onsuz da bizimdir, bütövlükdə şərq ədəbiyyatınındır. Biz milliliyimizi qoruyaraq dünyanı da nəzərə almalıyıq.


– Cənubi Azərbaycan ədəbiyyatında modernləşmə nə həddədir?

– Orada vəziyyət nisbətən qənaətbəxşdir. Bu gün cənub ədəbiyyatında modernləşmə aşkar görünür, şairlərimiz sərbəst vəzndə maraqlı əsərlər ortaya qoyurlar. Təbii ki, bu yöndə püxtələşmə davam edir, yeni şairlərimiz yetişir.


"Qərb ədəbiyyatından modernliyi yamsılayırıq, hələ özümüz ola bilmirik"


– Amma o da danılmazdır ki, bu gün güneyli-quzeyli Azərbaycan poeziyası əvvəlki böyük təmsilçilərlə, adlarla dünyaya səs sala bilmir...

– Bunun səbəbi ondadır ki, müasir ədəbiyyatda qarışıqlıq var. Daha çox təqlid olunur. Sərbəst şeiri çoxları hələ anlamır: düşünürlər ki, biri qısa, digəri uzun cümlələri bir-birinin ardınca düzməklə sərbəst şeir alınacaq. Və ya söz oyunu ilə diqqət cəlb etmək istəyirlər. Məsələn "mən xiyabanda gedirəm” cümləsini "xiyaban məni gedir” deməklə yeni ifadə yaratdıqlarını zənn edirlər. Amma modernlik sözün formasında, oyununda deyil, onun düşüncəsində, məğzindədir. Əvvəlcə gərək şairin öz düşüncəsi modern olsun. Biz qərb ədəbiyyatından modernliyi yamsılayırıq, hələ özümüz ola bilmirik. Bizim güclü keçmişimiz, gözəl poeziyamız var, onların əsasında sərbəst şeiri yarada bilərik. Belə olmayanda, qərb də bizi qəbul etməz. Gəlin özümüzü aldatmayaq. Sərbəst vəzn qərb ədəbiyyatında artıq oturuşub, özünə yer edib. Onları təqlid etməklə dünyaya nümayiş olunmaq yerinə özümüzü gülünc vəziyyətə qoya bilərik. Qərb bizim modernliyimizi o zaman istəyəcək ki, orada bizim şərqliliyimiz, türklüyümüz itməsin, o təqdim olunan əsərlərdə bizə aid motivlər olsun.   


– Bəlkə sərbəst vəzn poeziyaya sonradan gəlib deyə, hələ təqlidlə məşğuluq. Bütün böyük rəssamlar öz tərzlərini tapana qədər başqalarını yamsılayıb, hətta şəkillərinin üzünü köçürüblər. Ola bilsin ki, müasir şairlər də hələ bu yolu keçirlər...

Əslində sərbəst vəzn bizə sonradan gəlməyib! Əksinə bizdən qərbə gedib... Dədə Qorqud boylarındakı nəzmiyyəyə baxaq. Yeri gəlmişkən, şeirlə nəzmi qarışdırmaq olmaz. Həmin boylar məhz sərbəst ölçüdə nəzmə çəkilib. Bu gün dünya şeirindəki söz oyunu onlardan öncə elə bizim aşıq şeirlərimizdə olub. Hər millətin özünə xas bədiiliyi var. Şair təqliddən qaçmalıdır, özünəxaslıq poeziyada çox vacib amildir.


– Bu da danılmazdır ki, bizim dünyaya səs salan dahilərimiz – Nizami, Füzuli, Sabir, Şəhriyar və başqaları dünyaya çıxacaqlarını düşünüb yazmayıblar. Öz üslublarında, qəzəlində, məsnəvisində xalq üçün yaradıblar. Amma bununla belə qərb onları məmnuniyyətlə qəbul edir...

– Burda zaman faktorunu unutmaq olmaz. Dövran nəyi tələb edir, o da vacibdir axı! Ədəbiyyatı zaman tənzimləyir. O vaxt dünya şərqə baxırdı, şərqdən öyrənirdi. Təkcə ədəbiyyatını deyil, elmini, icadını da şərqdən götürürdü. Bu gün isə əksinə, biz qərbə baxırıq, onlardan öyrənirik. Bunu etiraf etməliyik, rollar dəyişib... Üstəlik, əruz da türk ədəbiyyatının bəhrəsi deyil. Bu bizə ərəblərdən keçib. İslam dinini qəbul etməyimizlə, ərəblərin ədəbiyyatını da qəbul etmişik, özümüzə daşımışıq. O zaman əruz vəzni hökmranlıq edirdi, bu zamanda da sərbəst vəzn. Düzdür, ərəblərdə poeziya həmişə güclü olub: klassik ədəbiyyatda da, müasir ədəbiyyatda da belədir. Farslarda son 50 ildə durğunluq müşahidə olunur. Modern poeziyada ən yaxşı göstərici Türkiyədədir, çox irəli gediblər. Azərbaycan isə, dediyim kimi, hələ öyrənir.


– Belə fikir var ki, təkcə Azərbaycanda deyil, bütün dünya poeziyadan doyub. Artıq nəsrə üstünlük verilir...

– Mən belə deməzdim. Mən əksini düşünürəm. Bugünkü insanda 500 səhifəlik roman oxumağa vaxt yoxdur. Bu günün insanı daha sosial, daha məşğuldur. Bütün bunlardan özünə ayırdığı vaxtda irihəcmli əsərlər oxuya bilmir. Şeirə üstünlük verir, çünki şeir qısadır, vaxt aparmır. Kiçik ölçüdə böyük mətləbdən xəbər verir. İnsanlar şeirdən doymayıb, şeir öz yolunu itirib, azıb, hara gedəcəyini kəsdirmədən yol ayrıcında qalıb. Öncə şeir öz yolunu tapmalıdır. Biz yaza bilmirik, oxucuda günah yoxdur. Həm də bizdə müasir poeziya dili formalaşmayıb, daha doğrusu, fərdiləşməyib. Şairin gərək özünün dili olsun. Amma bu gün bunu görmək mümkün deyil. Sanki bütün şairlər bir məktəbdən, kobud da səslənsə, inkubatordan çıxıblar. Hamısı bir-birini təkrarlayır.


"Şimalda sevginin özündən yazılır, cənubda isə fəlsəfəsindən


– Cənublu bir şair müsahibəsində demişdi ki, şimalda şeiri çox sadə yazırlar. Dərin, fəlsəfi məna yoxdur. Şeirin mənası üzdədir... Həqiqətənmi kənardan baxanda belə görünür?

– Hardasa razılaşmaq olar. Amma bir şeyi də unutmaq olmaz ki, şimal ədəbiyyatında təbiət, gözəllik şeirlərinə maraq çoxdur. Sanki burdakıların genində, iliyində bu var. Təbitədə, gözəllikdə isə dərin məna axtarmağa dəyməz. Bu onsuz da üzdədir. Amma o taydakılar gözəllikdən bu qədər yaza bilmirlər. Orada fəlsəfi, siyasi çalarlara üstünlük verilir. Şimalda sevginin özündən yazılır, cənubda isə fəlsəfəsindən.


– Siz əsasən nədən yazırsınız?

– Şeirlərimdə daha çox etiraz mövzuları üstünlük təşkil edir. Qadağaları sevmirəm, azad ruhluyam. Ona görə azadlığı qandallayacaq tabulara qarşı çıxıram. Bundan başqa, lirik şeirlərim də çoxluq təşkil edir. Amma ən əsası, fərqlənməyi sevirəm.  Bir şairin 500 şeiri olsa, ondan 10-u tarixdə qalacaq. Amma bu o demək deyil ki, 490-ı lazımsızdır. Bu 490 şairin düşüncəsini, kimliyini, getdiyi yolu göstərəcək. Onun illər boyu təcrübəsini əyani nümayiş etdirəcək. Bəzi əsərlər olur ki, zamanında dəyərləndirilmir, anlaşılmır. Zaman keçdikcə o əsərin dəyəri, mahiyyəti ortaya çıxır. Düzdür, bütün zamanlarda keçərli olan, bütün nəsillərin qəbul etdiyi əsərlər də var. Poeziyanın qiymətini zaman özü verir:

 

Dərd düşüncə

Sətir sətir oxuduğun kitablar

Dərd yəni qürurun vitrinlərə əl açması

Gözləri anamın şəvə muncuğuna bənzəyən qızın

Əzrayılla qoşulub qaçması,

Dərd yəni mən -

qanadından yaralanmış gövərçinəm

elə keçmə böyrümdən.

Dərd yəni sən

Göy məscidin həyətindəki dərdlərin suyu çox şirindir, giləm

Ooooy  Təbrizim,

Dərdlərini görəndə ölürəm...

 

– Bu gün Azərbaycan ədəbiyyatında sizə yaxın olan, sizin üslubunuzda yazan şair varmı?

– Üslubuma yaxın olanı yoxdur. Nə bu tayda, nə də o tayda. Mən tam fərqliyəm. Demirəm tam müvəffəqəm, amma fərqliyəm. Bununla belə, burda sevdiyim, qəbul etdiyim şairlər çoxdur. Hətta məndən də qat-qat gənc şairlər gördüm ki, onların şeirlərindən böyük zövq aldım. Ramiz Rövşəni, Səlim Babullaoğlinu çox bəyənirəm. Səlim çox savadlı şairdir, yaxşı ədibdir. 


– Azərbaycan oxucusuna bir sözünüz, diləyiniz?

– Oxucuyla bərabər şairlərimizə də diləyim budur ki, kaş elə bir əsər yarada bilək ki, onunla həm özümüzü, həm oxucumuzu zirvələrə apara bilək. Düşüncələrimizi tam təfsilatı, səmimiliyi ilə oxucuya çatdıraq. Əgər bacarmasaq, bu, bizim zəifliyimizdir. Oxucunun könlünü ala, oxşaya bilək. Çünki onlar olmasa biz kimi ki?! Bizi şair edən oxuculardır. 


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa