adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Iyun 2015 15:26
51664
RUBRİKA
A- A+

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adlı dünya xalqlarından seçilmiş hikmətli sözlərin budəfəki təqdimatında çin atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Çinlilər - Şərqi Asiyada yerləşən bu böyük dövlətin əhalisi dünyada sayına görə birinci, ərazisinə görə isə üçüncü ölkədir (birinci Rusiya, ikinci isə Kanadadır). Dünyanın heç bir ölkəsində Çində olduğu qədər şəhərli (500 milyon nəfər) və milyonçu şəhər (40-dan çox) yoxdur. Şəhərlərin 90%-dən çoxu ölkənin şərq hissəsində yerləşir. Ən iri şəhərləri Şanxay, Pekin, Tyantszin və Şenyandır. Çini dünyanın ən qədim sivilizasiyalarından biri adlandırırlar. Çin dili bugünkü günə qədər istifadə olunan ən qədim dillərdən biridir. Çin adı Tsin imperator sülaləsinin adından əmələ gəlib.  Çini həmçinin "Gül krallığı” da adlandırırlar.

Bu gün dünya iqtisadiyyatında hökmranlıq edən, bununla belə bəşəriyyəti keyfiyyətsiz, təhlükəli mallarla təchiz edən Çin tarixin yaddaşında bir sıra icadları ilə də qalıb. B. e. ə. 130-cu ildə Çjan Xen, Çin astronomu və ədəbiyyatşünas, zəlzələlərin monitorinqi üçün ilk cihaz icad edib. Çinlilər kompas, kağız, barıt və möhürü icad ediblər. Tualet kağızı ilk dəfə 1300-cü ildə Çində düzəldilib. Çərpələnglər də 3000 il bundan əvvəl Çində icad olunub. İlkin olaraq onları əyləncə məqsədləri ilə deyil, hərbdə də istifadə edirdilər. Rəqibi qorxutmaq üçün müharibə zamanı çərpələngi havaya buraxırdılar. Çin dondurmanın vətənidir. Avropaya "soyuq” desertin resepti səyyah Marko Polonun sayəsində gəlmişdi. İlk dondurmaları südün və qarın qarışığından düzəldirdilər. Su Sonq adlı dövlət xadimi ilk mexaniki saatların ixtiraçısı olub.


Çin haqqında maraqlı məlumatlar:

 

Çində hava o dərəcədə çirklidir ki, hətta atmosferadakı bütün tullantılar Sakit okeanı keçərək San-Fransiskoya gedib çıxır. 

Pekində nəfəs almaq gün ərzində 21 siqaret çəkməyə bərabərdir. 

Hər il Çində təxminən 4 milyon pişik yeyilir.

Ən uzun tıxac rekordu Şanxayda qeydə alınıb. 99 kilometrlik tıxac 12 günə açılıb. 

Dünyada hər beşinci insan çinlilərdir.

Çində bir zamanlar qıdıqlama bir işgəncə metodu idi. Çünki həm işgəncə verən iz buraxmırdı, həm də işgəncəyə məruz qalan adam tezliklə özünə gəlirdi.


Görək, çinli müdriklər insanlığa nə tövsiyə verirlər:

 

Ağac nə qədər hündür olursa olsun, yarpaqları yenə də yerə tökülər.

Ağıllı adam dəlini danlamaz.

Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar.

Ağız yeyəndə mədənin də fikrini soruşmalıdır.

Arvad seçərkən özündən savadsızını, dost seçərkən özündən savadlısını seç.

Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar.

Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən atın varsa at getsin.

Eyni yastığa baş qoymaq, eyni yuxunu görmək demək deyil.

Ata yəhərinə görə qiymət biçmə.

Başqalarını danlayar kimi özünü danla, özünü bağışlayar kimi başqalarını bağışla.

Birinin ağlından keçəni bilmək istəsən, söylədiklərini dinlə.

Böyük insanların iradələri, zəiflərin isə ümidləri olar.

Bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər.

Çox danışan çox səhv buraxar.

Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin.

Dərin olan quyu deyil, qısa olan ipdir.

Dünyada qüsursuz iki insan var: biri ölən, o biri isə hələ doğulmayan insandır.

Əgər Tanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane ola bilməz.

Ən yaxşı döyüş baş tutmayan döyüşdür.

Ən iti qılınşı cəsur əsgərə verirlər.

Güclülər maneələri, müdriklər bütün yolu keçərlər.

Gülüş dolu koma darıxdırıcı saraylardan daha zəngindir.

Heç kim boğulma ehtimalı üzündən yeməyi rədd etməz.

Xəncər kimi bir dilə, lakin pambıq kimi bir ürəyə sahib ol.

İçkini tərgitmək istəsən, sərxoşa bax.

Kiçik yaxşılıqları unutma, kiçik səhvləri unut.

Küncə qısılanda dovşan da dişləyər.

Qardaşlar ortaq işləsə dağlar qızıldan olar.

Ən böyük həbsxana içimizdədir.

Meşədə də yaşasan ağacın qədrini bil.

Oyun oynamaq fikrindəsənsə, oyunun qaydalarını, bitmə vaxtını öncədən müəyyən et.

Önünə atılan nizədən qorunmaq asandır, sən arxadan atılandan qorx.

Sevgisiz insan cilalanmamış almaz kimidir.

Sevilən insan sevgisini insanlara verən insandır.

Zaman bütün qapıları səbirli insanların üzünə açır.

Yaxındakıları xoşbəxt et, uzaqdakılar özü gələcək.

Yaşlısansa öyüd ver: gəncsənsə. yaşlıların öyüdlərini eşit.

 

Şəfiqə Şəfa