adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
18 Iyun 2015 11:38
86176
RUBRİKA
A- A+

“Sürəti azaltmağa, kökdən düşməyə mənəvi haqqımız yoxdur!”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə Mandat rublikasının bugünkü qonağı 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin millət vəkili Rafael Hüseynovdur.

-- Rafael müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-- Artıq bitməkdə olan 5 illik müddətdə Azərbaycan Milli Məclisinə IV çağırış dövründəki deputatlıq fəaliyyətimi mən 2001-ci ildən başlanan yolun ayrılmaz bir parçası hesab edirəm və irəlicədən içərimdə müəyyənləşdirdiyim başlıca vəzifə də bundan ibarət idi ki, hansı ritmdə hərəkət etmişəmsə o tempi də saxlayım. Zənnimcə, bu vəzifəni də yerinə yetirməyə müvvəffəq oldum.

-O "ritm” dediyim, fəaliyyətimizin sabit qalmalı nəbzi nədən ibarət idi?

-İş elə gətirib ki, mən Milli Məclisə üzv seçildiyim ilk başlanğıcdan həm də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Daimi nümayəndə heyətinin üzvü olmuşam. 15 il ərzində həmin tərkibdə dəfələrlə dəyişilkilər baş verib və ilk heyətdən bugünədək qalan ikimizik Səməd Seyidovla mən.

Orada stajlı üzv olmağınsa yalnlz təcrübə baxımından deyil, həm də illərcə müxtəlif avropalı həmkarlarımızla qurulmuş dostluq əlaqələri, təşkilatın çox incəliklərinə yaxından bələdlik baxımından faydaları misilsizdir.

AŞPA Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən ən nüfuzlu beynəlxalq təşkilatlardandır və həmin qurumda Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri bu gün Azərbaycan dövlətinə uğurla rəhbərlik edən Prezident İlham Əliyev olmuşdu.

15 il ərzində bu təşkilatda bizim çox nailiyyətlərimiz olub və beynəlxalq təşkilatlar sırasında AŞPA yeganəsidir ki, əvvəldən işlərin düzgün qurulması və sistemli şəkildə davam etdirilməsi səbəbindən ermənilər burada daim məğlub durumda qalmışlar.

Beynəlxalq təşkilatlar sırasında münaqişə başlanandan bəri Ermənistanı birbaşa olaraq rəsmən işğalçı adlandıran ilk qətnaməni də 2005-ci ilin yanvarında məhz Avropa Şurası qəbul edib.

Mən bir neçə ay əvvəl bu qurumdakı 15 illik fəaliyyətimi kitablaşdırmaq qərarına gəldim. Çünki bu bizim müasir tariximizin ən diqqətəlayiq səhifələri barədə hadisələrin içərisində olan şəxsin müşahidələri kimi bütün gələcəkdə siyasətşünaslar, tarixçiçilər üçün də mühüm qaynaq ola bilər. Bunlar müstəqilliyimizin elə maraqlı və nadir səhifələridir və həmin yolda çoxlarına bəlli olmayan, mətbuata çıxmayan o qədər ilginc pərdəarxası məqamlarla rastlaşmışıq ki, bunları gərək gələcək nəsillər bilə.

Materiallar bir cildə sığmadı. Bu 15 il ərzində mən 100-ə yaxın müxtəlif qətnamə, 14 mühüm mövzulu məruzə hazırlamışam və plenar iclaslarda, üzvü olduğum müxtəlif komitələrdə, siyasi qruplarda, Assambleya tərəfindən təşkil edilən kollokviumlarda və forumlarda 200-dək çıxış etmişəm.

Vurğulamaq istərdi ki, Avropa Şurasının məruzəçisi olmaq bu qurumda ən yüksə statuslardan hesab edilrir. Bir çox üzv ölkələrin heç indiyə qədər bircə məruzəçisi də olmayıb. Mənə həvalə olunmuş məruzələrin əksəri isə son dərəcə aktual ümumavropa problemlərinə həsr edilib.

Beləliklə baxdım ki, indiyədək görülmüş işlərin sadəcə mətnləri 700-800 səhifə edir. Amma bu müddət boyunca yüzlərlə müxtəlif görüşlər, səfərlər, hadisələr, gərgin anlar da yaşanıb ki, onların da hamısı ilə bağlı yaddaşlarım, düşüncələrim, müşahidələrim var. Elə bu da təxminən həmin bayaqkı həcmdə digər cild deməkdir. Güman edirəm ki, 2016-cı ildə həmin iki cildi sahmana salaraq nəşr etməyə müvəffəq olacağam. Ancaq bunu da nəzərə almaq lazımdır ki, həmin çıxışların və hazırlanmış sənədlərin, məruzələrin hamısı ingilis dilində olub. Deməli, faktik olaraq Azərbaycan oxucusuna təqdim etmək istədiyim iki cildin ingiliscəsi də paralel olaraq yaranır və o cildlərin beynəlxalq auditoriyaya çatması çox mühümdür. Bu minvalla, iki cild ingiliscə, 2 cild azərbaycanca.

Azərbaycanın elə bir ümdə ictimai-siyasi problemi yoxdur ki, bu illər ərzində Avropa Şurasında qaldırılmamış olsun. Mən bu sahədə 15 il əvvəl nə qədər səfərbər, məsuliyyətli, ardıcıl idimsə, həmin iş və mübarizə ovqatını bu gün də saxlayıram. Çünki bu çətin mübarizəli, məsul yol bir tərəfdən ölkəmizin və xalqımızın ümdə maraqları ilə əlaqədardırsa, digər tərəfdən həmin yolda ilk rəhbərimiz olmuş, indi də AŞPA-dakı fəaliyyətlərimizi daim diqqətdə sxlayan cənab İlham Əliyevin adı ilə bağlıdır.

Sürəti azaltmağa, kökdən düşməyə, sayıqlığı itirməyə mənəvi haqqımız yoxdur!

Avropa Şurası 1949-cu ildən möcduddur. Bu illər ərzində hansı ölkələrdən hansı deputatlar oranın üzvü olub və nə işlər görüb, hamısı qurumun rəsmi saytında əksini tapıb. Açıb baxsanız şahid olacaqsınız ki, şəxsən mənim gördüyüm həcmdə işləri yerinə yetirməyə müvəffəq olmuş AŞPA üzvlərinin sayı bu 66 illik dövrdə tək-təkdir.

Bu da nəzər alınsın ki, biz orada yalnız ölkəmizin maraqları ilə bağlı məsələlər qaldırmırıq, ümumavropa problemləri ilə də məşğul olururuq ki, bu da Azərbaycanın Avropa Şurasına verdiyi töhfələr kimi qiymətləndirilir.

Bütün bunları nəzərə alaraq məmnunluqla qeyd edə bilərəm ki, son 5 ildə də AŞPA-da Azərbaycanı ləyaqətlə təmsil etmək üçün can yandırdığımı təsdiq edə biləcək yetərincə işlər görmüşəm.

Başa çatan 5 il və ondan əvvəlki digər 5 illik dönəmdə də mən Hacıqbul-Kürdəmir dairəsi üzrə deputat seçilmişdim. Əsasən Hacıqabul rayonu və Kürdəmirin də bir neçə kəndi bu dairəyə daxildir. 10 il əvvəlki Hacıqabulla bugünkü Hacıqabulu müqayisə etsək, yer-göy fərq var. İnkişaf göz qabağındadır. Təbii, bu ilk növbədə dövlətimizin diqqəti, qayğıları və səyləri ilə bağlıdır.

Bəzən nabələd adamlar deputatın vəzifə və slahiyyətləri ilə icra strukturunun vəzifələrini qarışdırır, hakimiyyətin qanunverici qanadının təmsilçisi olan deputatdan əslində ona aid olmayan işləri görməsini də tələb edirlər.

Lakin bu yanlış yanaşmada belə ən azı o həqiqət var ki, deputat gərək bütün sahələrlə maraqlansın, seçicinin səsinin çatmadığı məqamlara onalrın səsini çatdırmağa, müşküllərini həll etməyə əlindən gələni əsirgəməsin.

Mən də öz növbəmdə Hacıqabul üçün həyata keçirilməsi vacib olan işlərin planlaşdırılması və icra edilməsi, tikintilərin reallaşdırılması və digər məsələlərdən ötrü mütəmadi olaraq cürbəcür instaniyalara müraciətlər etmişəm, imkanım çatdığı dərəcədə çalışmışam.

Ayrı-ayrı vətəndaşların yüzlərlə xahiş və istəyinin yerinə yetirilməsi, problemlərinin həlli, şikayətlərinə baxılması yolunda da səylərimi əsirgəməmişəm.

Ola bilər nəsə alınıb, nəsə alınmayıb, amma mən bir seçicinin də bircə məkubuna belə etinasız qalmamışam, hamısını istisnasız olaraq cavablandırmışam.

Qanun yaradıcılığı istiqamətində də fəaliyyətlərimi davam etdirmişəm. "Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” hazırladığım qanun layihəsi dəfələrlə üzvü olduğum Mədəniyyət komitəsində müzakirə edilib, Azərbaycanın görkəmli sənət adamları və sənətşünaslarının iştirakı ilə bir neçə dəfə mötəbər ekpert süzgəcindən keçirilib, plenar iclasda baxılması tövsiyyə edilib. Haçan gündəliyə salınacağı isə artıq Milli Məclis rəhbərliyi tərəfindən həll edilməli məsələdir. Ancaq mən əlavə olaraq həmin silsilənin davamı kimi "Azərbaycan aşıq sənəti haqqında”, "Azərbaycan miniatür sənəti haqqında” qanun layihələrini hazırlamışam, həmçinin "Azərbaycanın daşyazma, əlyazma və səsyazma irsinin qorunması və inkişafı” haqqında lazımlı bir qanun layihəsi üzərində də işimi əsasən yekunlaşdırmaqdayam.

Bunu da diqqətə çatdırmaq istərdim ki, mənə yalnız seçilmiş olduğum Hacıqabul və Kürdəmir rayonunun sakinləri müraciət etmirlər. Bakıdan, Abşerondan və Azərbaycanın dörd bucağından yanıma da gəlirlər, məktub da yazırlar, zəng də vururlar. Bu hələ deputat olmadığım vaxtlarda da belə idi, yəqin həmişə də belə qalacaq. Səni kimsə ümid yeri bilirsə, ağız açırsa, kömək diləyirsə gərək bacardığını edəsən, həm də bunu sonra hay-küylü hesabat vermək, mətbuata çıxarmaq üçün deyil, sakitcə, reklamsız, təbliğatsız, qəlbinin, vicdanının hökmü kimi yerinə yetirəsən.

Sənin çiyinlərin hansısa yükləri daşımalıdırsa, "sağ ol”, təşəkkür gözləmədən işinin başında olmalısan. Kimsə bunları görməyə bilər, kimsə görmək istəməz, kimsə görüb dilə gətirməz. Buna görə ruhdan, həvəsdən düşməyə, inciməyə dəyməz. Geci-tezi var. Sən xeyirxahlığını, nəcibliyini et, görməli olduğun işləri gör, vaxtı yetişəndə yerdə insanlar və dövlət, göydə Allah mütləq hər şeyi görür, bilir, dəyərləndirir.

Ən azı sən özün bilirsən, daxilən rahatlanırsan ki, düz və haqq yoldasan.

İndi arxada qalan və hələ tam bitməmiş 5 illik deputatlıq yoluma, həmin yol içərisindəki özümə qiymət verəsi olsam, bunu deyə bilərəm ki, getməli olduğum düz yola, o yolun insanımıza və Azərbaycanımıza təmənnasız xidmət şərtlərinə hər an sonacan sadiq qalmışam.

-- Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-- Bilavasitə mənim ən yüksək instansiyalara ardıcıl müraciətlərimin nəticəsi olaraq Hacıqabulda Mərkəzi kitabxananın, Diyarşünaslıq muzeyinin inzibati binalarının tikilməsi qətiləşdirilib və bununla əlaqədar həm Nazirər Kabinetindən, həm Mədəniyyət və Turizm Nazirliyindən, həm İqtisadi inkişaf nazirliyindən, həm Maliyyə Nazirliyindən rəsmi cavablar almışam. İnanıram ki, Hacıqabulda çoxdan olamasını arzuladığımız musiqi məktəbi də apardığımız işin və yzışmalarımızın nəticəsi olaraq uzaq olmayan gələcəkdə həmin tərzdə həllini tapacaq.

Bunlar elə ocaqlardır ki, qarşıdakı onillər boyu oradan minlərlə gənc keçəcək, işığını artıracaq, bu ünvanların hər biri durmadan bölgədə və ölkədə yüksəlişlərə yardımçı olacaq.

Yol, su, qazlaşma məslələri ilə əlaqədar da bir sıra kəndlərimizin, yaşayış məntəqələrimiizn çoxdan açıq qalan çatışmazlıqlarının həllinə mümkün təsirimi göstərmişəm.

Bir ağac əkirsən, onun il-il böyüməsinə, qol-budaq atmasına fərəhlənirsən.

Sadaladığım mədəniyyət, maarif ocaqları zaman ötdükcə nəhəng çinarlar kimi ucalacaq və o ünvanlardan gələn hər xoş sorağa mən də könüldən sevinəcəyəm.

Hər dəfə yolum o tərəflərdən keçəndə xatırlayacağam ki, bax bu məkan bir vaxtlar ilan mələyən bom-boş düzənlik idi, indi isə içi də, çölü də cənnət kimi göz, ruh oxşayan məkandır...

- MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

- Problemlər heç vaxt tükənən deyil. Çünki yaxşının və arzunun hüdudu yoxdur. Bu gün nəyəsə nail olursan, sabah ondan daha yaxşısını istəyirsən. Bu da çox təbiidir, elə belə də olmalıdır. Ömür qısadır, Azərbaycan insanı xoşbəxt olmaq, rifah içərisində yaşamaq haqqı olan gözəl xalqdır və nəyinsə daha da yaxşısını istəyirsə, bu narazılığın əlaməti deyil, daha gözələ sahib olmağa doğru canatmadır. Daha yaxşıya yetişməyə çalışaq, amma eyni zamanda həm də qədirbilən olaq, nankorluq etməyək, görülən miqyasasığmaz dərəcədə böyük işlərin də qiymətini verək, minnətdar hisslərlə yaşamağı da bacaraq.

Fikrimcə, əsas uğur ondan ibarətdir ki, biz istər Azərbaycan üzrə, istərsə də Hacıqabulda əhalinin ümumi problemlərinin əksərinin həllinə tədricən nail omuşuq və oluruq. Fərdi məsələlərin həlli isə daha asan həll olunandır. Yəni bir var bir dağ kəndinin yol, qaz, işıq, yaxud su problemi köklü şəkildə həll edilsin, bir də var, tutalım həmin kənddə yaşayan imkansız bir şəxsin hansısa qəzadan yararsız hala düşmüş evinin bərpasına vasitəçi olasan. Əlbəttə ki, ikincinin həlli daha sadədir. Amma gərək həm o, həm bu məsələyə eyni məsuliyyətlə, eyni şövqlə yanaşasan ki, nəticə qənaətbəxş, sevindirən ola bilsin.

-- Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

- Milli Məclis mənim nəzərimdə dövlət və millət üçün son dərəcə gərəkli olan elə ali bir qurumdur və millət vəkilliyi də o qədər yüksək bir addır ki, yalnız şəxsi ambisiya və istəklərini əsas götürərək deputatlıq sevdasına düşmək yaramaz.

Vəziyyəti avqust-sentyabr aylarında, seçki ərəfəsində bir də diqqətlə təhlil edəcəyəm. Əgər tam əmin olsam ki, mən yenə bir deputat kimi qarşıdakı 5 ildə də dövlətə və millətə lazımam, onda namizədliyimi irəli sürəcəyəm.

-- Rafael müəllim, Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

- Qəribədir ki, bəzən millət vəkilinin fəallığının meyarı kimi yalnız onun iclaslarda nə qədər çıxış etməsini götürürlər. Ola bilər ki, hansısa deputat plenar iclaslarda ayda-ildə bir dəfə danışır, lakin dövlət üçün, xalq üçün Milli Məslis xətti ilə çox iş görür. Sadəcə, gördüyü işi həm də hamıya göstərməyi münasib saymır. Elə deputat da ola bilər ki, heç susmaz, ifrat canfəşanlıq göstərərək hər məsələdən danışar, fəaliyyətlərinin nəticəsi də uçub gedən quru söz olar.

Bu baxımdan Milli Məclisin indiki tərkibində də mən zahirən bəlkə qabarıqlığı ilə seçilməsə də, mahiyyətdə yetərincə fəal olan çoxlu deputatın varlığına şahidəm.

Ancaq bunu da kiməsə nəsihət vermək, ağıl öyrətmək niyyəti ilə deyil, elə vacib istəyim olaraq söyləyirəm ki, millətin vəkili kimi şərəflidən şərəfli adı daşımaq xoşbəxtliyinə nail olmuş istənilən şəxs gərək bunun həqiqətən tarixi bir qismət, əsl səadət olduğunu daim yadında saxlasın. Bu adın və mandatın qədrini bilsin. Bu ada özünü qorumaq üçün əlavə vasitə, siyasi fürsət, mandata isə biznesini toxunulmaz edəcək zireh kimi baxmasın, əksinə, həyatının hər anında bu adın ucalığını hifz etməkdən ötrü bir Vətən və millət əsgəri kimi ürək qoysun!

Milli Məclisin IV çağırış dönəmindəki 5 illik yolu sona yaxınlaşır. Az iş görülməyib. Lakin hər halda ən dəqiq tərəzi elin gözüdür. Son qiyməti xalq verir. Arzu edək ki, növbəti tərkib bundan da sanballı olsun!

- Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

- Dilə gətirdiyim sözün bütün tarixi məsuliyyətini hiss edərək tam səmimiyyətimlə bəyan edirəm ki, Azərbaycan xoşbəxtdir ki, bu gün onun İlham Əliyev kimi qüdrətli, qətiyyətli, yüksək intellektli və ali zövqlü üstündən üstün lideri var.

Bu fikirlərim nəşr olunacaq, tarixdə qalacaq və siyasi havaların istənilən şəraitində 10, 20, 30 il sonra da bu sözlərimə cavabdeh qalacağam.

Bunca qəliz bir geosiyasi məkanda qərara tutmaq, dövlətlərarası münasibətlərin bunca pırtlaşıq kələfində həmişə ən dürüst qərarları qəbul etmək mürəkkəbdən mürəkkəb bir işdir.

Prezident İlham Əliyevlə Azərbaycanın boyu bu gün əslində olduğundan da xeyli möhtəşəm görünür.

Hərdən hansısa siyasətçi, məmur, lap deputat çıxış edərək dünyaya üz tutur və "heç kəs bizimlə güc dili ilə, yuxarıdan aşağı baxaraq danışa bilməz”, "heç bir dövlət bizə təzyiq göstərə bilməz” deyir.

Necə yəni danışa bilməz, necə yəni təsir göstərə bilməz!

Edər, o yana da keçər!

Bir özümüzə baxaq, bir bizdən qat-qat iri, güclü dövlətlərə.

O sözü demək haqqı yalnız Prezident İlham Əliyevindir. Əsərin qəhrəmanı odur! Onun iradəsi, qətiyyəti, dünyadakı nüfuzudur ki, bizimlə zor, diktə, hökm dili ilə danışmağa cürət etmirlər. Çünki kimliyindən, nəhənglitindən, bizimlə tərəfdaşlığının səviyyəsindən asılı olmayaraq Prezidentimiz bu iddiaya düşənlərin anındaca bütün kəskinliyi ilə cavabını verir, lap qardaşımız ola, milli mənafelərimizə ziyan verə biləcək hansısa addımı atmaq xülyası qafalarından keçənlərə qəfilcə elə sərt mövqe, boz sifət göstərir ki, dərhal özlərini yığışdırmağa məcbur qalırlar.

Azərbaycan Milli Məclisinin regiondakı nüfuzu və apatıcı rolu da ilk növbədə Prezident İlham Əliyevin regionda və dünyadakı yüksək nüfuzuna bağlıdır.

O böyükdür, ona görə biz də güclü görünürük və Prezidentimizə layiq olmaq, təsəvvür edildiyimiz gücdə olmağımızı sübut eməkçün də ikiqat, üçqat artıq səylər qoyuruq.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Şəxsən nənim istər Haciqabul, istərsə də Kürdəmir rayonlarının icra hakimiyyətinin hazırkı başçıları ilə çox səmimi, işgüzar, qarşılıqlı hörmət və ehtirama əsaslanan nümunəvi münasibətlərim var. Onlar rəhbəri olduqları rayonların inkişafı üçün ürəkdən çalışan intizamlı, dövlətə, onun rəhbərinə sadiq etibarlı insanlardır. Mənim üçün əsas şərt də budur. Kim ki Prezidentin layiqli əsgəridir, dövlətimizə və millətimizə cani-dildən qulluq edir, mən daim onlarla bir yerdəyəm, çiyin-çiyinə, əl-ələyəm. Və şəxsi münasibətləri də bu müstəvidə həmişə kənara qoymağı bacarmaq lazımdır. Mən o yüksək məqam tutan məmurları anlamıram və qətiyyətlə qəbul etmirəm ki, müəyyən hallarda cılız hisslərə əsir olaraq höcətləşmələrini, qarşılıqlı narazılıq və iddialarını ictimailəşdirir, əlləri çatan vasitələrdən yararalanaraq açıq ya anonim şəkildə mətbuata çıxarırlar. Lap yumşaq desəm, bu, dövlətin içərisində olub mahiyyət etibarı ilə, dövlətin normal fəaliyyətinə mane olmaqdır. İstər depuatat olsun, istər icra başçısı, istər nazirlər, istərsə də digər yüksək çinlilər. Belə hallar ortaya çıxanda bu qəbil çaşmışlara qarşı ən sərt tədbirlər görülməlidir. Ailənin bir başçısı var və kimin harada olmasını da o, onun tövsiyyələri, siyasəti, apardığı xətt müəyyənləşdirir. İndiki mürəkkəbdən-mürəkkəb zəmanədə, içəridə və dişarıda löyün-löyün rəqiblərimizin, bədxahlarımızın, bəzənsə lap düşmənlərimizin mövcud olduğu riskli əyyamlarda biz hər saniyə sərvaxt olmalı, belə cızıqdançıxmalara yol verməməliyik.

Ədil Ədilzadə