adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyun 2015 12:30
87400
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Mənsum İbrahimovla

Tarixin bütün zamanlarında sərhədləri aşan, dünya xalqlarını birləşdirən bir həqiqət olub – musiqi! Bəşəriyyətin qəlbini, ruhunu fəth edən musiqilər arasında Azərbaycan muğamının da olması hər birimiz üçün böyük qürurdur. Elə müsahibimin dediyi kimi, "Muğam bəşəri musiqidir, onu bütün dünya anlayır”. Bu dəfə zamana muğamla körpü saldıq. Söhbətdən öncə qonağımızı daha yaxından tanıyaq:


Xanəndə, xalq artisti Mənsum İbrahimov – 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil alıb. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Bundan başqa, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa edib. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2005-ci ildə isə Xalq Artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasının professorudur.


...Və Mənsum İbrahimovla zaman yolçuluğu:


– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman geniş anlam daşıyır. Bizim həyatımız elə zamana bağlıdır. İnsan necə yaşayır, hansı işlər görür, özü, başqaları üçün nələr edir – bütün bunlar həyat adlı zaman çərçivəsində baş verir. Biz bəzən hesab edirik ki, zamanı idarə edirik, amma əslində o bizi idarə edir. Biz zamandan asılıyıq, o isə öz işindədir.


– Siz zamandan nə dərəcədə faydalanmısınız, zaman sizdə nəyi dəyişə bilib?

– Mən deyə bilmərəm ki, zamandan maksimum yararlana bilmişəm. Amma bu yaşıma qədər düşünürəm ki, faydalanmışam, öz sənət yolumda müəyyən işlər görmüşəm. Amma insan həmişə zamanını düzgün bölə bilmir. Nə qədər hər işdə dəqiq olmağa çalışsaq da, yenə buraxdığımız dəqiqələr, əldən qaçırdığımız məqamlar olur. Çünki insan kompyüter deyil, canlı bir varlıqdır. Bəzən adam tənbəllik edir, özündən asılı olmadan onda ətalət yaranır. Mən şəxsən, həmişə zamanı düzgün dəyərləndirməyə çalışmışam və hesab edirəm ki, bu məndə alınıb.


– Bəzən adamın könlündən bilərəkdən vaxt öldürmək keçir. Özü bunun yanlış olduğunu bilsə də, yenə də vaxt itkisinə yol verir. Sizdə necə, belə hallar olurmu?

– Olur. Məsələn, çox vacib bir işin reallaşmasını gözləyirəm. O iş alınana qədər əlim başqa heç nəyə yatmır. Oturub həyəcanla həmin işin gerçəkləşməsini gözləyirəm, aradakı, bilərəkdən itirdiyim vaxtı belə hallarda nəzərə almıram. Yaxud harasa getmək istəyirəm, o səfərə qədər arada boşluq yaranır. Fikirləşirəm ki, bu vaxt tez keçsəydi... Amma o boşluqdakı vaxt da ömürdən gedir axı! Tələsməyin və ya vaxt itirməyin faydasız olduğunu bilirik, amma yenə də buna yol veririk. Qəribədir, əlbəttə, amma insan həqiqətən də ziddiyətli məxluqdur.


– Hər birimiz vaxtın surətindən gileylənirik, kimi dindirsən "vaxt uçur” deyəcək. Siz necə vaxtın tempini tita bilirsinizmi?

– Bacardığım qədər vaxtı düzgün bölməyə çalışsam da, yenə də zaman çatmır. Bəzən bir dəqiqə belə vacib olur. Səhər 9-da dərsə gəlirəm, sonra operada məşqlərim başlayır. Məşqdən sonra lent yazısına və ya çəkilişə, tədbirlərə gedirəm. Amma bütün bu hərəkətliliyə baxmayaraq, səhər yenə də vaxtında dərsdə oluram. Mən yalnız xanəndə deyiləm, pedaqoji, ictimai fəaliyyətim də var. Müəllimlik mənim üçün çox şərəflidir. İfaçılıq bir başqa, müəllimlik isə daha artıq məsuliyyət tələb edir.


– Yeri gəlmişkən, bu zamanın müəllimliyi necədir? Məsələn, əvvəllər müəllim anlayışı tamam başqa idi...

– Təbii ki, əvvəlki zamanlarda müəllimlik insanlar üçün çox uca bir zirvə idi. Amma o da var ki, müəllim öz peşəsini sevirsə, həmişə ucadır. İstənilən zamanlarda yaxşı müəllimlər də olub, pis müəllimlər də... Ümumiyyətlə, öz sənətində peşəkarsansa, zamanın heç bir fərqi yoxdur.

 

"Ən gözəl meyar xalqın verdiyi dəyərdir”

 

– Bəs bugünkü tələbələr necə?

– Tələbə hər zaman tələbədir – müəlliminin güzgüsüdür. Tələbənin necə yetişəcəyi müəllimdən asılıdır. Təbii ki, tələbənin özünün, çalışqanlığının da burda rolu var. Bəzən görürük ki, istedad var, amma tələbənin tənbəlliyi bunun tamamilə üzə çıxmasına imkan vermir. Amma bu məqamda da əgər müəllimi yaxşıdırsa, tədricən öz həllini tapan məsələdir. Bizim sahəmizdə tələbənin ilk növbədə istedadı olmalıdır. Biz Allahın bəxş etdiyi istedad üzərində işləyirik, onu püxtələşdiririk. Yəni təkcə bilik vermirik, həm də ifaçı yetişdiririk. Bizim əməyimizin nəticəsini sabah xalq ekranda görəcək. Şəxsən mən, tələbəmin ifası ilə yanaşı onun nitqindən tutmuş, özünü aparması, oturuş-duruş mədəniyyətinin də formalaşmasına çalışmışam. Çünki ekranda xalq o tələbənin timsalında həm də onun ustadına qiymət verir. Bizim sənətin məsuliyyəti ondadır ki, hər bir işimiz göz önündədir, hər bir hərəkətimizə qiymət verilir. Ən gözəl meyar da elə xalqın verdiyi dəyərdir.


– Bu qədər məsuliyyəti daşımağa hər insanın gücü çatmaz. Hərdən bezginlik, yorğunluq hiss edirsinizmi?

– Bezginlik yox, çünki mən öz işimi, sənətimi sevirəm. İnsan öz peşəsini sevirsə, ondan heç vaxt bezmir. Amma yorğunluq əlbəttə ki, olur. Hətta bəzən o qədər yoruluram ki, heç su içməyə belə halım olmur. Ancaq səhər yuxudan qalxıb, yenə də həvəslə, yüksək əhval-ruhiyyəylə işə gedirəm. Hərdən bayram günlərində özümə istirahət verib, evdə oluram. Amma istirahətdən çox özümü boşluğa düşmüş kimi hiss edirəm. O iş qrafikinin gərginliyindən sonra durğunluğu sevmirəm. Məni formada saxlayan elə işimin gərginliyidir. Mən artıq alışmışam və özüm bunu sevə-sevə qəbul etmişəm. Bu, mənim həyat tərzimdir. Özümü bu cür cəmiyyətə yararlı hesab edirəm.


– Biz iki əsrin qovşağında yaşadıq, bir-birindən tamamilə fərqlənən dövranları gördük. Müstəmləkədən, müstəqilliyə adladıq. Amma hər iki dövranın da özünəməxsus cəhətləri, üstünlükləri olub. Sizcə, sənət adamına hansında daha çox diqqət vardı, hansı dövranda daha rahat işləyə bilirdi?

– Əlbəttə indi daha rahatdır! Mənim sənətə gəlişim 1985-ci ilə təsadüf edir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə əlaqədar müsabiqə keçirilirdi. Mən o müsabiqədə laureat oldum. Şövkət Ələkbərova kimi böyük bir sənətkar münsiflər heyətində idi. Məni operaya Şövkət xanım apardı. O zaman orda təcrübə qrupu vardı. Kiçik rollarda oxuyub, ayda 80 manat maaş almağa başladım. Ümumiyyətlə, o dövr – 1985-1993-cü illər arası çox gərgin oldu, böyük xaos yaşandı, torpaqlarımız işğal olundu. Sənət adamları üçün də çox çətin idi. Üstəlik, həmin dövrdə Azərbaycanın cəmi bir telekanalı vardı, gərgin vəziyyətlə əlaqədar incəsənət tədbirləri də az təşkil olunurdu. Mən 80 manat maaşla dolanır, heç toylara da getmirdim, dözürdüm. Amma niyə dözdüyümü də bilirdim, mənim ümidlərim, məqsədim vardı. İnanırdım ki, Azərbaycan səhnəsinin ən yaxşı Məcnunlarından biri olacam. O zaman bunu kimə desəydim inanmazdı. Çünki çox gənc idim, məndən daha təcrübəli ifaçılar vardı. Açığı, həm də gəncliyə qarşı çox böyük qısqanclıq olurdu...

 

"Öz üzərində işləyən insan hansı yaşda olursa-olsun mütləq hədəfinə çatacaq”

 

– Əslində, bütün dövrlərdə belə nəsillərarası "savaş” olur. Daha yaşlı olanlar gəncləri tənqid edir, gənclər özlərindən əvvəlkiləri bəyənmir...

– Bəli, bu həmişə olur. Amma özünü təsdiq edən, öz üzərində işləyən insan hansı yaşda olursa-olsun mütləq amalına, hədəfinə çatacaq. Məsələn, oturub məni nə vaxt Məcnun qoyacaqlarını gözləmədim. Çətinliklərə dözdüm, çalışdım, təcrübə topladım və 1993-cü ildə Məcnun oldum. İndi mən 130-cu dəfə səhnədə Məcnunu oynamışam. Məni qəbul etməyən, bacarığıma inanmayanlar, sonralar dedilər ki, ən yaxşı Məcnunlardan birisən. Deməyim odur ki, kənardan tənqidlərə baxmadan, yüksək iradə, əzmkarlıq, dözümlülük sayəsində məqsədə çatmaq olar.



– Yeni muğam ifaçıları yarana bilər, Azərbaycanda istedadlı gənclər çoxdur. Yəqin ki, hər muğam ifaçısı da Leyli və Məcnunu oynaya bilməz...

– Tamamilə doğrudur. Xanəndəlik başqadır, Leyli və Məcnunu oynamaq tamam başqa. Burda kompleks ifa özünü göstərir. Həm oxumalısan, həm tamaşaçıya o rolu çatdırmalısan. Konkret olaraq, Leyli və Məcnunu ifa etmək üçün yetişməlisən. Onların paltarını geyinib, ifalarını əzbərləməklə olmur. Hər şey tamaşaçının gözü ilə ölçülür, tamaşaçı bu rolda ifaçını qəbul edəcəksə, o bir nov, təsdiqlənir. Bu yeganə sənətdir ki, hətta bəyənməsə, övladın belə səni dinləməz. Qulaq kimi dinləmək istədiyini özü seçir. Mən hər dəfə Məcnun kimi səhnəyə çıxanda elə bilirəm ki, Füzulinin, Üzeyir Hacıbəylinin ruhu qarşısında imtahan verirəm. Obrazın içindən çıxış etmək böyük məsuliyyətdir. Tələbələrə də bunu aşılamağa çalışıram, bacardıqca onları səhnədə irəli verirəm. Təbii ki, biz səhnədə əbədi deyilik. Bizi gənclər əvəz edəcək, onların da püxtələşməsinə çalışmalıyıq.    


– Muğam yarandığı vaxtdan Azərbaycan xalqının qəlbindədir, həmişə sevilib. Ancaq muğamın da eniş-yoxuş dönəmi oldu. Məhz bu gün muğam öz zirvə nöqtəsindədir. Amma necə oldu zirvəyə gəldi? Başqa musiqi janrlarını dinləyib muğamın qədrini bildik, yoxsa özümüzə xas olduğunu bir daha anladıq?

– Düz buyurdunuz, muğam bizim qəlbimizdədir. Muğamı xalqımız ona görə sevir ki, bu bizim həyat tərzimizdir. Muğam təkcə ifa deyil, o həm də obrazdır: burda anamızın laylası, xalqın keçdiyi keşməkeşli həyat yolu, kədərimiz, itkilərimiz, sevincimiz, qürurumuz əks olunur. Həqiqətən də muğam zaman-zaman enişlərdən, yoxuşlardan keçdi, amma heç vaxt ölmədi. Sadəcə, ona qarşı diqqət, maraq zəiflədi. 1993-cü ildən bəri muğama yaxşı mənada münasibət dəyişdi. Bu, əlbəttə, dövlətimizin qayğısından irəli gəldi. Hər şey ulu öndərimiz Heydər Əliyevin muğama göstərdiyi diqqətlə başladı. Sənətkarlara dəyər verdi, konsertlərimizə gəldi. Konsertlərdən, tamaşalardan sonra şəxsən hər birimizlə maraqlandı. Bu da, əlbəttə, xanəndəyə stimul verdi, tamaşaçıda isə maraq artırdı. Daha sonra əməli işlər başlandı. Muğam təbliğ olundu. Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın muğama göstərdiyi xidmətlər misilsizdir. Mən bu prosesin içindəyəm, həm münsif, həm də bir ifaçı kimi. 2005-ci ildən etibarən muğam müsabiqələrinə başlandı. Qarabağ xanəndələrinin diskləri ərsəyə gəldi, Beynəlxalq Muğam Mərkəzi yaradıldı, xanəndələr təltif olundu, onlara ev verildi...  Muğama və onun ifaçılarına olan bu qayğı xalqın diqqətini, marağını çəkdi. Artıq 10-cu dəfə muğam müsabiqəsi keçirdik, hər müsabiqədən xalqımıza 20 yeni ifaçı təqdim edirik. Heç bir dövrdə muğama bu qədər axın olmamışdı, bu qədər istedadlı gənclər hazırlanmamışdı.

 

"Muğamımız bu gün intibah dövrünü yaşayır”

 

– Mən bir tamaşaçı kimi hər dəfə muğam müsabiqələrini izləyəndə həm təəccüblənir, həm də qürurlanıram ki, bizim nə qədər istedadlı gənclərimiz varmış...

–  İnandırım sizi ki, bu müsabiqə olmasaydı, o gənclərin çoxunun istedadı batacaqdı. Çünki onların çoxu ucqar rayonlardadır, gündəlik məişət qayğılarına başları qarışıb, çoxunun şəhərə gəlməyə imkanı olmurdu . Biz belə gəncləri əvvəllər rayon-rayon, kəndbəkənd gəzib tapırdıq. Amma bu gün yeni nəsil muğam ifaçılarını müsabiqəyə cəlb edəndə, onları yetişdirəndə, milli mədəniyyətimizə nə qədər töhfə vermiş oluruq! Və bu işdə Mehriban xanım Əliyevanın müstəsna rolu var. O bunu sadəcə, iş xatirinə eləmir. O, Azərbaycanın milli mədəniyyətini qəlbən sevir. Bir görsəydiniz, xarici ölkələrdə bizim azyaşlı ifaçılarımız Qarabağ şikəstəsini oxuyanda o, necə qürur hissi keçirir!.. Biz həqiqətən də şanslıyıq ki, müstəqil dövlətimiz mədəniyyətimizə, muğamımıza belə qayğı göstərir, dünyada təbliğ olunuruq. Şanslıyıq ki, möhtəşəm tədbirlər ölkəmizdə keçirilir: Eurovizion mahnı müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqələri və nəhayət, Avropa İdman Oyunları – bu qlobal layihələrlə Azərbaycan dünyada yeni bir tarix yazır. Və bu cür möhtəşəm tədbirləri də muğamla başlayırıq, fəxr edirəm ki, milli komandamız mənim ifamda səslənmiş "Qarabağ şikəstəsi”nin sədası altında irəlilədi. Milli ədəbiyyatımızı, musiqilərimizi dünyaya göstərdik, balabanın, "Sarı gəlin”in, Nizami Gəncəvinin məhz bu xalqdan olduğunu sübut elədik. Bura gələn turistlər təkcə idmanımızı görmür ki, mətbəximizdən, musiqimizdən, mədəniyyatimizdən, insanlığımızdan xəbərdar olur. Bütün bunlar Azərbaycan rəhbərliyinin 24 il ərzində qurduğu düzgün siyasətin nəticəsində baş verdi. Konkret olaraq, muğamımız bu gün intibah dövrünü yaşayır. O qədər xalqın qanına hopub ki, hətta toy şənliklərində belə hər bir müğənni muğam oxumağı özünə borc bilir.


– Toy demişkən, belə bir fikir səsləndirilir ki, muğam kimi müqəddəs bir ifa toyda – içki məclisində oxunmaz...       

– Bilmirəm bu fikirləri kimlər səsləndirir, amma mən bu düşüncəni qəbul etmirəm. Tarixən bizim muğam üçlüyümüz toy şənliklərinin bəzəyi olub. Ən tanınmış sənətkarlarımız el şənliklərində muğam ifa ediblər. Muğam xalq sənətidir. Bəs elə isə niyə xalqın xoş günündə səslənməsin?! Bu da bir rəngarənglikdir ki, muğam özündə həm kədəri, həm şadyanalığı birləşdirir. Muğam sevgi aşılayan, şux xalq mahnıları ilə birgə oxunur.


– Zamanla hər bir sənət, eləcə də ədəbiyyat, incəsənət modernləşir. Bəs muğamda necə, yeniliklər, sintezlər olmalıdır, yoxsa onun klassikliyi qorunmalıdır?

– Elə sənət növləri və ya dahilər var ki, onları müasirləşdirmək olmaz. Çünki onların klassikliyi istənilən zamanda aktualdır, keçərlidir, başqa sözlə, öz klassikliyi ilə bütün zamanlarda müasirdir. Amma muğama gəlincə, peşəkar səviyyədə sintezlər olarsa, bu muğama rəngarənklik qatar. Elə ilk dəfə muğama sintezi Üzeyir Hacıbəyov "Leyli və Məcnun”da edib – muğamı opera ilə birləşdirib. Daha sonra Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov və bir çox böyük bəstəkarlarımız muğamı sintez edib. Götürək Vaqif Mustafazadəni: muğamla cazı necə birləşdirdi! Bu gün bütün dünyada caz-muğam məşhurdur. Hazırda muğamı bəstəkar Siyavuş Kərimi peşəkar şəkildə sintez edir. Latın Amerika musiqisi ilə birləşdirdi. Muğam elə hər bir xanəndənin ifasında yeniləşir. Hər ifaçı muğama bir nəfəs gətirir. Yüz il bundan öncəki muğamla, bugünkü arasında böyük fərq var. Yüz il sonra da indiki muğamdan fərqlənəcək. Sxem dəyişmir, amma onun içərisində hər kəs öz ifasını, improvizəsini gətirir. Biz 2007-ci ildən bəri dünya orkestrləri ilə muğam ifa etməyə başlamışıq. Artıq 15 ölkədə belə konsertlər vermişik və hər millətin tamaşaçısı da ifamızı yüksək coşquyla qarşılayıb. Braziliyada tələbəm Arzu Əliyeva ilə o ölkənin simfonik orkestrinin müşayiəti ilə konsert verdik. 2500 nəfərlik zalda konsertimiz anşlaq olmuşdu. İfadan sonra tamaşaçılar yenidən bizi səhnəyə dəvət etdilər. Həmin səhnədə isə yalnız barmaqla sayılacaq qədər azərbaycanlı vardı. Bu onu göstərir ki, Azərbaycan muğamı həqiqətən də, bəşəri musiqidir.


– Zamanla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Ən əsası zamanı düzgün dəyərləndirsinlər. Adam gənc olanda vaxtın qədrini bilmir. Düşünür ki, həmişə belə qalacaq, istədiyi vaxt müəyyən bir işi görə bilər. Anlamır ki, zaman bizi gözləmir. Amma yaşa dolduqca yanıldığını dərk edir. Ona görə də zamanı boşa vermək olmaz. Tələbələrimə də deyirəm, sizi tənqid edən, haqqınızda danışan insanlara gülüb keçin. Bu cür adamların işi elə nöqsan tutmaqdır. Sizin onlara cavabınız işiniz, uğurlarınızdır. Zaman keçəcək, onların boş danışığı, sizin isə gözəl ifalarınız qalacaq. Həyat o qədər qısadır ki, su kimi axıb gedir. Nə vaxt ömrün keçdiyini heç hiss etmirsən. Hər birimiz bu dünyada qonağıq, ona görə də bizə ayrılan zamanı düzgün dəyərləndirməliyik. Zamanda bir iz qoymalıyıq.  


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa