adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Iyul 2015 16:16
53099
RUBRİKA
A- A+

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adlı dünya xalqlarından seçilmiş hikmətli sözlərin budəfəki təqdimatında latın atalar sözləri olacaq. 

Bəzi millətlərin payına uzunömürlülük, bəlkə də əbədilik yazılıb. Çünki ta qədimdən mövcud olublar, bu gün də yaşamını davam etdirirlər. Təbii ki, zamanın sınağına tab gətirməyib parçalanan, kiçilən, dünya üzərində əvvəlki hakimiyyətini itirən xalqlar da var. Amma o xalqlar ki, eradan əvvəl də, indi də elə öz adları ilə var olublar, onlara həsəd aparmamaq olmur. Bir xalq da var ki, yer üzündən silinib, amma ölməyib, onu ölməyə dili, ədəbiyyatı, zəngin irsi qoymayıb. Bu gün dünyanın əksər xalqlarının əlifbasından istifadə etdiyi, atalar sözlərini, aforizmlərini, dilini öyrəndiyi möhtəşəm  - LATIN. Bəli, möhtəşəm dil olduğu danıla bilməz, dünyanın qədim və müasir elmini, ədəbiyatını birləşdirən müdriklərin dili. Söz və əlifbası ilə dünya dillərinin ən az yarısını təşkil edən bir dil... Kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvvür etmək qeyri-mümkündür. Hətta ifadələrin də əksəriyyətini bu dildən almışıq: "İkinci "Mən””, "Süd anası”, "Kor məhəbbət”, "Qızıl orta”, "Sözdə qəhrəman” və s. İnanmaq olmur eləmi? Adama elə gəlir ki öz dədə-baba ifadə və sözlərimizdir. Hələ atalar sözlərini oxuyanda da bu günə qədər dilimizə hopmuş, özümüzün bildiyimiz fikirlərə rast gələcəyik. Kobud da səslənsə, yiyəsi olmayan dili mənimsəyərlər və bütün dünya da elə bununla məşğuldur.


Qeyd edək ki, hind-Avropa dillərinə daxil ölü dil olan latın dili ən çox Qədim Roma ərazisində işlədilib, elə hazırda da Vatikanda dövlət dilidir.

Latın milləti onun ilk nümayəndəsi - əfsanəvi çar Latinusun adı ilə bağlıdır. Yunan mifologiyasında onu Odisseyin və ya Heraklın oğlu təsvir edirlər. Eradan əvvəl I əsrdə Apennin yarımadasının qərbində Latsiya adlı dövlət yaranıb. Buranın sakinləri isə latinium adlanırdı. Kiçik dövlətin paytaxtı Roma şəhəri idi. Tədricən, yarımadaya yığışan və çoxalan indiki italyanların içində latınlar "əriməyə” başlayıblar. Özlərini romalılar adlandıran yeni toplum ərazisinə sahib çıxdığı xalqın dilinə, ədəbiyyatına, qanun-qaydalarına da sahib çıxıb. Latınlar bir xalq kimi e.ə V-VI əsrdə məhv olublar. Bu barədə məlumat 1978-ci ildə qədim şəhər olan Satrik (Romadan 50 km aralı) viranəliklərində tapılmış sənəddən alınıb. Araşdırmalara görə, ən qədim rəsmi sənədlər, yazışmalar da latınlara aiddir.  

 

Günümüzdə bir çox xalqların folkloruna daxil olmuş latın atalar sözləri:

 

Allah onu tanıyanları tanıyır.

Sağlam bədəndə sağlam ruh olar.

Vərdiş - ikinci xasiyyətdir.

Zövqlər müxləlifdir.

Ölülər haqqında pis danışmazlar.

Xarici görünüş aldadıcı ola bilər.

Parçala və hökm et.

Saqqal filosof olmağa bəs eləmir.

Heç kimi sevməyəni heç kim sevmir.

Kim birinci gəlirsə, qəniməti də o aparır.

Sərxoşla mübahisə edən, olmayan düşmənlə vuruşur.

Bir anda elə şey baş verir ki, ona illərlə ümid etmirsən.

Zirvəyə aparan yol çətin olur.

İnsan insanın canavarıdır.

Tez qərar verən, tez peşman olur.

Uca palıd ilk zərbədən aşmaz.

Həyatın əsas qanunu - həddən ziyadə heç nə.

Kiçik borc borclu edir, böyük borc düşmən.

Başqalarının qüsurları gözümüzün önündədir, özümüzünkü kürəyimizin arxasında.

Dostlar - vaxt oğrularıdır.

Eşq yarasını vuran müalicə edər.

Məhəbbət dərmanla müalicə olunmur.

İncəsənət əbədidir, həyat qısa.

Qoçaqlara tale yardım edir.

Nəzərə çarpmadan yaşayan yaxşı yaşayır.

Yaxşı sağlamlıq ən böyük var-dövlətdən bahadır.

Ağzını yum, gözlərini aç.

Heç kim düşüncələrinə görə cəzalandırılmır.

Vicdan — min şahiddir.

Tale irəli getmək istəyənləri aparır, istəməyənləri - sürüyür.

Nə qədər ki, həyat var, ümid var.

İki nəfər mübahisə edəndə, üçüncüsü sevinir.

Sərt tərbiyə - ən yaxşısıdır.

Heç nə heç nədən yaranmır.

Təcrübə - ən yaxşı müəllimdir.

Cəhənnəmə düşmək asandır.

Şayiələr dolaşdıqca böyüyür.

Düşməndən də öyrənmək olar.

Bacardığımı etdim, kim bacarırsa daha yaxşısını etsin.

Nəticə – işin tacıdır.

Şan-şöhrət xasiyyəti dəyişir, amma nadir hallarda yaxşıya doğru.

Əmin olmayanda bitərəf qal.

Həqiqət şərabdadır, sağlamlıq suda.

Qəzəb qısamüddətli dəlilikdir.

Alaq otu tez boy atır.

Zaman dəyişir, onunla birlikdə biz də dəyişirik. 


Şəfiqə ŞƏFA