adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Iyul 2015 12:37
87910
RUBRİKA
A- A+

“Qarşıdan gələn seçkilərdə iştirak qismət məsələsidir”

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Lakin son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə, qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə "Mandat” rubrikasının bugünkü qonağı 20 saylı Nərimanov ikinci seçki dairəsindən millət vəkili seçilən Adil Əliyevdir.

-Adil müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Bu suala qısa olaraq cavab vermək çətindir. Düzdür, media nümayəndələri fəaliyyətimlə bağlı bu barədə çox sual ünvanlayıblar. Mətbuatda kifayət qədər məlumatlar var. Yenidən hansısa məlumat verməyim təkrarçılıq olar. Həm də istərdim ki, 5 illik fəaliyyətimi ictimaiyyət, jurnalistlər nümayəndələrim və xüsusilə, seçicilərim qiymətləndirsinlər. Hesab edirəm ki, onlardan alınan cavab daha çox obyektiv ola bilər. Əslində, öz fəaliyyətim haqqında çox danışmağı xoşlamıram. Bir millət vəkilinin üzərinə düşən vəzifəni layiqli şəkildə yetirinə yetirməyə çalışıram.

-Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-Qeyd etdiyim kimi, gücüm çatdığı qədər seçicilərimin problemlərinin həllinə çalışıram. Onların şikayət və təkliflərini dinləyirəm, lazım olan qurumlara yazılı və ya şifahi formada çatdırıram. Elə insanlar var ki, onlar problemlərini həll olunduqdan sonra, bizim qərargaha teleqramlar ünvanlayırlar, ya da zəng edib öz təşəkkürlərini çatdırırlar. Bu bizə mənəvi stimul və güc verir. Elə problemlər var ki, onların həlli bizdən asılı deyil. Onlara məsləhətlərimizi veririk. Ay ərzində seçicilərimlə görüşüm olur. Bir-bir onların fikirlərini dinləyirik. Üstəlik, 10-a yaxın könüllü köməkçilərim var ki, onlar insanların problemlərinin həllində bizə yardımçı olurlar. Köməkçilərim seçicilərimlə sıx ünsiyyətdədirlər və onların problemlərini bizə çatdırırlar.

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

- Problemsiz cəmiyyət yoxdur. İnsan və cəmiyyət varsa, problem də var. Biz çalışıb insanlarımızın problemlərinin həllinə kömək etməliyik. 40-mindən çox seçicim var. Təbii ki, onların problemlərini bir dəfəlik həll edə bilmərik. Elə insanlar var ki, onlar bizdən gözləyirlər. Halbuki onların problemlərinin həlli başqa qurumlardan keçir. Amma, biz yenə də onları dinləyirik.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Bu barədə hələlik danışmaq istəmirəm. Qismət məsələsidir.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Hansısa millət vəkilinin yerinə danışmağım və fəaliyyətini qiymətləndirməyim anlaşılmazlığa səbəb olar. Həm də bu düz olmaz. Hər bir millət vəkili özünə görə fəaldır. Bu ola bilər ki, bunu çoxluq görmür. Eyni zamanda, onlar gördükləri işlər haqqında mətbuata məlumat vermirlər. Şəxsən elə fəaliyyətlərimiz olur ki, onları mətbuata vermirik. Çünki bunu işıqlandırmağımız bizə yaraşmaz və insanlar başqa cür qarşılayarlar. Həm də nəzərə almaq lazımdır ki, millət vəkili vəzifəsi geniş ştata malik icraedici vəzifə deyil.

-Adil müəllim, Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

- Milli Məclis ölkənin xarici və daxili siyasətində mühüm rola malikdir. Bu danılmaz faktdır. Bildiyiniz kimi Azərbaycanın başqa ölkələrlə imzaladığı sazişlər və sənədlər Milli Məclisdə ratifikasiya olunur. Millət Məclis ali qanunverici orqan olaraq, Azərbaycan xarici siyasətinin güclənməsində böyük rolu var. Parlamentin rəhbərliyi xarici ölkələrə səfərlər edirlər, Spikerimiz, vitse-spikerlərimiz, komissiya rəhbərlərimiz və deputatlarımız ayrı-ayrılıqda səfərlər edərək, xarici ölkələrdə görüşlər keçirirlər. Ölkəmiz haqqında məlumatlar verirlər və ikitərəfli əlaqələrin qurulmasında öz səylərini göstərirlər. Azərbaycan dövlətçiliyi gücləndikcə, parlamentin dünyada mövqeləri güclənir. 

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Bu sarıdan belə ciddi problemlərimiz yoxdur. Sağ olsunlar ki, keçirdikləri tədbirlərə məni dəvət edirlər və təkliflərimizi dəyərləndirirlər.

Ədil Ədilzadə