adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

YOLA VERİN GETSİN...

FAİQ QİSMƏTOĞLU
77457 | 2015-07-11 08:36
İndi tamamilə başqa bir zamandır. Heç kim heç kimi "yola vermək" istəmir. Elə hamı çalışır ki, iki daşın arasında özünə bir gün ağlasın və işlərini sahmana salsın. Gərək adam dilinin altına "qənd qoysun" ki, dili şirin olsun. Bir başqası zəhər dilini işə salanda o birisi onu ələ alsın və hər şey qaydaya düşsün...
Uzun müddət Füzuli rayonunda baş həkim işləmiş Tapdıq Behbudov öz xatirələrində yazır ki, mən həmişə işçilərimə deyərdim ki, bir-birinizi yola verin. Xüsusən də çətin iş olanda, hər şey düyünə düşəndə görürdüm ki, işçilərimiz bir-birilə yola getmirlər. Bax onda deyirdim:
- Dünya dağılmayıb ki, şükür Allaha, salamatlıqdı. İndi bir-birinizi yola verin getsin. Ən çox da mən bu sözləri kardioloq-həkim Rafiq Yusifliyə deyərdim. O da gülərdi və sonra da mən dediyim kimi hərəkət edərdi.
"Yola verin getsin" ifadəsini nahaq yerdən dilimizə gətirmirik. Yazımızın əvvəlində qeyd elədiyimiz kimi, indi kiminsə sözü bir başqasının boğazından keçmir. Kal armud kimi ilişib qalır onun boğazında. Bir söz də deyəndə həmin adam göyün yeddinci qatına çıxmaq istəyir. Sanki elə bil zalım oğlu bu dünyanın adamı deyil.
Biri ev tikmək istəyir, əlində də sərəncamı. Sərəncamı da ona görə veriblər ki, onun üçün ayrılmış torpaq sahəsində özünə bir koma düzəltsin. Bir neçə gün bundan əvvəl bir şair gəlmişdi bizim redaksiyaya. Deyirdi ki, Bakıda torpaq sahəsi almışıq, sərəncamımız var, amma ev tikməyə icazə vermirlər. İcra hakimiyyətindən deyirlər ki, gərək bizimlə oturub söhbət edəsiniz. Söhbət də elə-belə söhbət deyil. Kiminsə bığını yağlayandan sonra o adam razılıq verir, tikintiyə day bir söz demir. O yazıq şairin də "yağı" hardadır ki, gedib kiminsə bığını yağlasın, yaxud da saqqalının altından keçsin. Elə ora-bura qaçır ki, təki tikinti işləri görə bilsin. Şairə xatırlatdıq ki, əgər sənə ev tikmək üçün torpaq sahəsi ayrılıbsa, sadəcə olaraq qanunu bilməlisən. Yeni qanunda da bildirilir ki, bir və yaxud ikimərtəbəli mənzil inşa edərkən onun üçün icra hakimiyyətindən sərəncam almağa ehtiyac yoxdur. Sadəcə olaraq, tikilən evlən layihəsini və çertyojunu icra hakimiyyətinə göndərməlisən və bir ay müddətində onlar da sənə cavab verməlidir. Əgər cavab vermirlərsə belə yerli orqanı məlumatlandırmısan və evini də tikə bilərsən.
Əsl həqiqət isə başqa cürdür. Çünki gəlin onunla razılaşaq ki, çoxları qanunu saya salmır və ev tikmək istəyən insanların hüququ savadsızlığından istifadə edib onları get-gələ salır, nəsə bir şey qoparandan sonra razılıq verirlər. Sadəcə olaraq, bir çoxlarımız mübarizə aparmağı, haqqımızı tələb etməyi və məmurlarla qanunun dili ilə danışmağı bacarmırıq. Elə çalışırıq ki, tez-bazar daşı-daş üstə qoyaq və nəyinsə tikintisini başa vuraq. Belə də olanda istər-istəməz icra strukturlarının çaldığı hava ilə oynamağa məcburuq. Burda yenə günahkar bizim özümüzük. Tənbəllik, zəiflik, acizlik bizi gətirib atır uçurumun içərisinə.
İndi kimsə papağını qabağına qoyub yaxşı-yaxşı düşünməlidir. Düşünməlidir ki, mən bu addımı atacağım təqdirdə hansı süründürməçilik və bürokratik əngəllə üzləşəcəyəm? Məhz buna görə də o ana, o məqama hamı hazır olmalıdır. Bəziləri də maşınlarını texniki baxışdan keçirəndə qarşılaşdıqları çətinliklərdən gileylənirlər. Deyirlər ki, yol polisi bizi yola vermir. Nədir-nədir onlar maşınılarını ya vaxtında texniki baxışdan keçirmirlər, ya da keçirərkən nəqliyyat vasitələrində texniki nasazlıq aşkar olunur.
Yeni qəbul olunmuş qanuna əsasən bütün nəqliyyat vasitələri mühərrikin gücündən asılı olmayaraq texniki baxışdan keçirilərkən buna görə 20 manat məbləğində pul ödənilməlidir. Əgər maşın texniki cəhətdən nasazdırsa, onda sürücü zəhmət çəkib bu nasazlığı aradan qaldırmalıdır. Bəziləri isə buna əhəmiyyət vermir və çalışırlar ki, qısa zaman kəsiyində nəqliyyat vasitəsini bir çox problemlər olduğu halda texniki baxışdan keçirsinlər. Maşında qüsurlar aşkar olunanda, texniki nasazlıq üzə çıxarılanda bax onda sürücülər gileylənirlər ki, yol polisi bizi yola vermir. Öz gözündə tiri görməyən başqasının gözündə tük axtarır. Bax, belə də olanda istər-istəməz qanqaraçılıq yaranır və kimlərinsə işi tərsinə düşür.
Yola vermək insanları bəlkə də bir-birinə yaxınlaşdıran, doğmalaşdıran səbəblərdən biridi. Ataların belə bir sözü var: "Biri od olanda, biri də su olar". Amma deyəsən indi çox şey dəyişib və heç kəs su olmaq istəmir. Çoxlarımız yeddibaşlı əjdaha kimi ağzımızdan od püskürürük. Bu od da başqasını yandırmaqla yanaşı, elə özümüzü də qarsır və yandırır. Bir balaca bir-birimizi anlasaq və bir-birimizi başa düşsək, onda hər şey çox yaxşı alınar. Bax, burda da Tapdıq həkimin işçilərinə dediyi söz yadıma düşür: "Yola verin getsin!" Yola verməyi bacarsaq nə qan təzyiqimiz qalxar, nə əsəbləşərik, nə də şəkərdən dodağımız quruyar...

TƏQVİM / ARXİV