adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyul 2015 13:11
60742
RUBRİKA
A- A+

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adlı dünya xalqlarından seçilmiş hikmətli sözlərin budəfəki təqdimatında Afrika atalar sözləri olacaq. 

Afrika - böyüklüyünə görə Avrasiyadan sonra ikinci materik olan Afrika "ən”lərin mövcud olduğu yerdir. Ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir.

"Afrika" sözü materikin şimal-şərqində yaşamış "afriqi" tayfasından götürülüb. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.

Materik qədim Qondvananın (superqitə Rodiniyanın parçalanmasından sonra cənub yarımkürəsində yaranan və Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya, Yeni Zelandiya, həmçinin, Ərəbistan yarımadası, Madaqaskar və Hindistanı əhatə edən qədim geoloji qitədir. Qondvana qitəsi təxminən e.ə. 750 milyon və e.ə. 530 milyon illər boyu mövcud olmuşdu)

Afrika ən qədim insanların yaşadıqları ərazidir. Əhalisi 3 irqə mənsubdur. Afrikanın ən ucaboylu xalqı (180-220 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır. Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşmışdır. XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960- cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il "Afrika ili” adlanır. Madaqaskar adasında isə monqoloid irqinə aid olan malaqasilər yaşayır. Afrikanın digər yerli xalqlarına bantular, ximilər, tutsilər, piqmeylər, nilotlar, buşmenlər, qotentotlar aiddir.



Bir az da Afrika atalarından: 

 

Kiçik hüznlər danışar, böyük dərdlər lal olar.

Biri o biri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər.

Atasız uşaq tavansız ev kimidir.

Bu dünya bizə atalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq.

Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu keçər.

Başının dinc olmasını istəyirsənsə, arvadının bütün istədiklərini et.

Eşqin yumruğu üzüm kimi şirindir.

Əsl dostu iki əlinizlə birdən tutun.

Gündüzün bir saatı gecənin iki saatından yaxşıdır.

Heç bir mətbəx iki qadının yerləşəcəyi qədər geniş deyil.

Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir.

Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər.

Min an artıq yaşamaq min qızıla bərabərdir.

Həqiqəti də Günəş kimi ovucla örtmək olmaz.

Yaxşı şagird, ustası yoxkən bəlli olar.

Kiçik qazanclar sərvət gətirər.

Səndən uzaqlaşana qədər timsaha "yekəağız” demə.

Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür - adı qalır.


Şəfiqə ŞƏFA