adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

YAXŞI Ki, SƏN VARSAN, AY MUSA YAQUB...

VAQİF YUSİFLİ
47632 | 2012-05-12 07:31

   
   Gözəl şairimiz Musa Yaqubun bu may günlərində 75 yaşı tamam olur.
   
   Bu gün Azərbaycanın elə bir kəndi, şəhəri yoxdu ki,Musa Yaqubu orada tanımasınlar. Kökdən, bünövrədən təbii şair olan Musa öz poeziyasında da bu təbiiliyi bir sərvət kimi yaşadır.
   
   Adətən, şairlərin adı qarşısında sıra-sıra təyinlər işlədirlər: "milli şair", "beynəlmiləlçi şair", "cəbhəçi şair", "sevgi şairi", "vətənpərvər şair" və s. Musa Yaquba "təbiət şairi" deyirlər. Başqa şairlərin adları qarşısında işlədilən o təyinlərin ömrü bəzən ötəri, keçici olur. Amma Musaya "təbiət şairi" deməmək günahdı.
   
   Çağdaş Azərbaycan poeziyasında elə bir şair tapılmaz ki, təbiətə, onun gözəlliklərinə şeir həsr etməsin. Lakin qətiyyətlə deyirəm ki, Musa Yaqub təpədən-dırnağadək təbiət şairidir. Hərdən mənə elə gəlir ki, yarı kənddə, yarı şəhərdə yaşayan Musa heç cür şəhərli ola bilməz. O, şəhərdə yeriyən bir qaya parçasıdır, yarpaqları heç zaman solmayan yaşıl bir ağacdır-yeriyən ağac..
   
   Oxucu məni qınaya bilər, deyə bilər ki, hər hansı şairi müəyyən bir mövzu çərçivəsinə salmaq məhdudluq deyilmi? İstəyirəm bu suala Musa Yaqubun aşağıdakı misralarıyla cavab verim:
   
   
   
   Burda hər yamacın çiçəkdir daşı,
   
   Burda hər çiçəyin şehdir göz yaşı.
   
   Burda şeh damlası bir üzük qaşı,
   
   Hər qaşın qızılı qurşağı vardır.
   
   Harda bu saydığım gözəllik olsa,
   
   Orda Azərbaycan torpağı vardır.
   
   
   
   İsmayıllının Buynuz kəndinə yolunuz düşsə, Müsa Yaqubun təbiət poeziyasının sirləri də, möcüzələri də sizə aydın olar. Musa bu kənddən dünyamıza boylanır, onun torpağına ayağı dəyəndə ürəyində mehr çırağı yanır, çəmən sakitliyi, bulaq dincliyi, könül rahatlığı tapır, "yaxşı ki, sən varsan, ey ana kəndim" deyir. Musa Yaqub təbiətdən cəmiyyətə boylanan, cəmiyyətə təbiətin gözüylə baxan şairdir. Təbiəti hamı vəsf edə bilər: hamı dağı, dənizi, gülü, çiçəyi, dərəni, bulağı gözəl misralarla canlandırar. Amma çox az şairə nəsib olar ki, təbiətin içində, onun sehr və möcüzəsində, təzad və burulğanlarında dünyamızın ahəngini, nəbzini tapa bilsin. Beləliklə, o şeir "təbiət şeiri", o şair "təbiət şairi" məhdudluğundan xilas olsun - Musa Yaqub məhz belə şairdir.
   
   "Yaxşı adamları qoruyaq gəlin" şeiri Musa Yaqubun proqram tipli şeirlərindəndir. Musa bu şeiri 40 il əvvəl yazsa da,onun bütün yaradıcılığına bu şeirin işığında boylanmaq olar.
   
   
   
    Demə ki, çiçəklər qucaq-qucaqdır,
   
    Qanqallar necə var yaşayacaqdır,
   
    Yulğunlar necə var yaşayacaqdır,
   
    Zərif çiçəkləri qoruyaq gəlin,
   
    Təmiz ürəkləri qoruyaq gəlin.
   
   
   
   Amma qorumaq mümkündümü? Həmin şeirdən 19 il sonra yazdığı bir şeirində ("Heyf, heyf") Musa şikayətlənir ki,indi bir çiçəyin beş ləçəyini beş ada, beş kökə parçalayan var, allahın çayına, çayının daşına da bir sifət yapışdırırlar, yaxşı-yaman elə qarışıb ki,haqq tərəzisi elə əyilib ki,tikanlar çəmənə, alaq bostana, çəpərimiz bağa buraxmaz bizi. Bu əhval-ruhiyyə M.Yaqubun son şeirlərində də davam edir. Həyatın təzadları, ömrün-günün qayğıları, məmləkətimizin dərdləri şairin fikrində, hissində bir təlatüm yaratmaya bilməz:
   
   
   
    Heç insan dilini başa düşən yox,
   
    Gəlib zərifliklə bir görüşən yox,
   
    Bir könül səsinə qulaq asan yox,
   
    Haqqın yazdığına möhür basan yox,
   
    İlahi, mən hara gəlib çıxmışam?!
   
   
   
   Ömrünü-gününü şeirə həsr edən Musa Yaqub Azərbaycanın ən işıqlı ziyalılarından biridir. Mən dəfələrlə Musanın iştirak etdiyi şeir məclislərində olmuşam, onun doğulduğu İsmayıllını gəzmişəm. Oxucularının Musaya ehtiram və rəğbətinin şahidi kimi deyə bilərəm ki, hamı onu sevir. Və bu sevgi hardasa Musanın təbiət şeirlərindəki o təbiiliyi, səmimiyyəti xatırladır. Musa Yaqub Milli Məclisin üzvü idi, ancaq orada da heç dəyişmədi,yenə əvvəlki Musalığını saxladı, üz-gözündə, baxışlarında heç bir rəsmilik, quruluq, iddia görsənmədi. Lap elə şeirlərinə oxşayır Musa.
   
   Böyük Azərbaycan şairi, XX əsrin poeziya ustalarından olan Şəhriyara xüsusi məhəbbəti var Musanın. Onun şeirlərini oxumaqdan, əzbərləməkdən, hər misrası üzərində düşünməkdən yorulmur. Oğlunun adını da Şəhriyar qoyub.
   
   
   
   Söz-söz, şeir-şeir birləşir Vətən,
   
   Sən varsan, biz varıq, ümidlə varam.
   
   Adınla bir oğul böyüdürəm mən,
   
   Bu şeiri adınla tamamlayıram.
   
   
   
   Musa Yaqub bizim iç dünyamızı, mənəvi və ruhi dramamızı, uca Tanrıya gedən yolumuzu təbiət diliylə oxuyan şairdir. Təbiətdə təkcə gözəlliyi və sakitliyi yox, böyük dünyanın, yaşadığımız cəmiyyətin fırtınalarını yazan şairlərdəndi Musa. Mənim nəzərimdə təbiət, insan və Allah vəhdətini öz poeziyasının mehvərinə çevirən Musa həmişə bu harmoniyaya can atır. O, bu harmoniyanı hiss edəndə məsud və bəxtiyar, hiss etməyəndə qəmgin və üzüntülü görünür.
   
   
   
   Dünyaya gəlmədim hayla-harayla,
   
   Bir sakit guşədə, bir döşdəyəm mən.
   
   Gündüzlər günəşlə, gecələr ayla,
   
   Səhərlər quşlarla görüşdəyəm mən.
   
   Hansı çiçəklər ki burda uyuyar,
   
   O çay ki, yanımdan axar sübhədək,
   
   O yer ki, nəğməmi eşidib duyar-
   
   Mənim kainatım burdadır, demək.
   
   
   
   Bəli, Musa Yaqubun "kainat"ı, dünyaya boylanışı o kənddən başlanır: "Yaxşı ki, sən varsan, ey ana kəndim!".
   
   Şair var ki, dünyadan, ölkələrdən, qitələrdən yazır, amma dünyadan öz kəndinə boylana bilmir, Musa isə kəndindən kainatı görür.
   
   Musa qum dənəsində kainatı arayan şairlərimizdəndir.
   
   May ayı həmişə gözəl olur.Yüz il bundan əvvəl də, 1918-ci ildə də, lap elə 1 May bayramını keçirdiyimiz illərdə də...
   
   Yetmiş il bundan əvvəl-gözəl may günlərinin birində dağlar qoynu İsmayıllının Buynuz kəndində bir oğlan uşağı dünyaya gələndə də... O may günlərində Azərbaycanda ziyalılara qarşı repressiya tüğyan çağlarını yaşayırdı və elə İsmayıllının özündən də neçə nəfəri gedər-gəlməzə yola salmışdılar. Cavidlərin, Cavadların, Müşfiqlərin bir də geri dönməyəcəyi 37-ci ildə, neçə ildən sonra bu boşluğu doldurmağa çalışacaq gələcəyin şairləri, yazıçıları dünyaya göz açırdı.
   
   Həmin ildə doğulanlardan biri də Musa Yaqub idi.
   
   İndi Musa 75 yaşındadır. Taleyinə düşən bir ömür payını yaşayır. Tərcümeyi-halı da qətiyyən heyrət doğurmur. Orta məktəbi, sonra Göyçay pedoqoji məktəbini bitirib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almağını da bura əlavə etsək, düz 17 il öz kəndlərində müəllim və məktəb direktoru işləyib. Sonra dördcə il (1974-1978) Bakıda yaşayıb. "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri olub. Yaxşı yadımdadır, Musa Bakıya köçəndə Xalq şairi Süleyman Rüstəm ona bir şeir həsr eləmişdi: "Kimə tapşırıb gəldin". Mənası bu idi ki, bir vaxt hərarətlə vəsf etdiyin o buz bulaqları, o yaşıl meşələri , o göy çəmənləri kimə tapşırırsan? Axı, Musa o zaman da əsl təbiət şairi kimi sevilirdi, tanınırdı.
   
   Təpədən-dırnağa təbiət şairi Musa şəhərə, bu sonsuz izdihama, bu göz qamaşdıran zahiri gözəlliklərə, bu par-par parıldayan asfalt yollara çox tablaşmadı. Ürəyi orda-o dağlar qoynundaydı.
   
   Və qayıtdı öz doğma Buynuz kəndinə. O kənd ki:
   
   
   
   Üstündən sehirli küləklər əsən,
   
   Meşələr öyrətdi dilini mənə.
   
   Özümü kimsəsiz sayanda bəzən
   
   Çinarlar uzadıb əlini mənə.
   
   Qapıda, eyvanda eldən qorunub
   
   Armud ağacının qızıl yarpağı.
   
   Dövlət quşu kimi çiynimə qonub
   
   Artırar rütbəmi hər payız çağı.
   
   
   
   Musanın tərcümeyi-halı bax, beləcə, öz kəndinə dirənir.
   
   Nə var o Buynuz kəndində?
   
   Təmizlik, saflıq,ülvilik, gözəllik...
   
   Musa Yaqub o kənddən bu dünyaya baxır və bu boyda kainatı o balaca kəndin qoynuna sığışdıra bilir.
   
   Və Musanın təbiət şeirlərini oxuyandan sonra təbiətin möcüzələrinə heyrət etdiyin bir yana, sənə elə gəlir ki, Musanın özü də elə bu möcüzəli təbiətin bir parçasıdır: ya günəş şüalarının işıldatdığı, müxtəlif rənglərə boyatdığı qızıl bir yarpaqdır, ya suyu qurumaz bir bulaqdı, ya da bir ağacdı ki, heç vaxt quruyan deyil. Nə qədər dostanə və mübaliğəli olsa da, qoy deyim: Musa təbiət şairi yox, bəlkə elə təbiətin özüdür.
   
   Musa Yaqub elə şairdir ki, bu gün onun haqqında söz demək üçün gərək təbiəti Musa kimi sevəsən, otun, gülün-çiçəyin, dağın, çayın, zəminin, bulağın, meşənin dilini biləsən, gərək sən də o Buynuz kəndindən dünyaya, kainata boylana biləsən və bir də bu təbiətin fəlsəfəsinə bələd olasan. Çünki təbiətin özü də insandı, torpaqdı, daşdı, keçmişdi, bu gündü... Əslində, Musanın şeirləri təbiətdən cəmiyyətə bir xitabdır.
   
   Yenidənqurmanın puç və yalançı xülyaları üzə çıxanda Musa yazmışdı:
   
   
   
   Ey əldə ləngiyib, dildə quranlar,
   
   Ay zəncir döyənlər, bizi yoranlar,
   
   Düşün o kürsüdən, çıxın bu zaldan,
   
   Qurtaraq ölkəni ağır zavaldan.
   
   Bir görək əkində-biçində nə var,
   
   Bir görək sünbülün içində nə var,
   
   Bir görək çayımız hayana axır,
   
   Bir görək yolumuz hayana baxır,
   
   Qaldırdıq kürsüyə bütün ölkəni,
   
   Nə yaman uzandı bu dil örkəni.
   
   
   
   Təbiət murdarlıq, rəzillik götürmədiyi kimi, Musa Yaqub da öz insani, təbii saflığını beləcə qoruyub. Və şair üçün bu dünyada ən böyük nemət onun azadlığıdır. Musa bir şair kimi fikrən, ruhən, mənən azaddırmı, sərbəstdirmi? Və bu sualların çoxu da inanmıram "bəli" cavabına dirənə. Amma bütün bu tipli suallara ən yaxşı cavab elə Musanın öz şeirləridir:
   
   
   
   Ey yaylaq diliylə, bulaq diliylə,
   
   Bənövşə diliylə, meşə diliylə,
   
   Çiçəyi qotazlı yamac diliylə,
   
   Daha nə danışım ağac diliylə,
   
   Heç insan dilini başa düşən yox,
   
   Gəlib zərifliklə bir görüşən yox,
   
   Bir könül səsinə qulaq asan yox,
   
   Haqqın yazdığına möhür basan yox,
   
   İlahi, mən hara gəlib çıxmışam?!
   
   
   
   Musa Yaqubun 10 il əvvəl "Xalq qəzeti"ndə çap etdirdiyi silsilə şeirlərdən birində belə misraya rast gəldim: "Payızdan yaza yol varmı?"
   
   Bu, ancaq təbiətdən cəmiyyətə və eyni dönərliklə cəmiyyətdən təbiətə boylanan bir şair düşüncəsindən doğa bilər.
   
   Payızdan yaza bir ağır qış gəlir-bu, təbiətin qanunudur. Amma insan gözündə qış da gözəlləşir, insan inadına qış da ram olar.
   
   Cəmiyyətdə, xalq həyatında boz aylar, illər olur, sonra bu ağır günlər arxada qalır-bu da cəmiyyətin qanunudur.
   
   Və mən bilirəm ki, həyatımızı bürüyən bu boz aylardan, illərdən- bu ağır sınaqlardan sonra gözəl bir yaz gələcək, Musa ilə birgə o yazı Şuşada, Ağdamda, Zəngilanda qarşılayacağıq. Mən də, siz də, Musa Yaqub da o yazı görəcəyik.

TƏQVİM / ARXİV