adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

SÖZüN MüHARiBƏ RƏNGi

VAQİF YUSİFLİ
46046 | 2012-05-19 07:47

   
   Ədəbiyyatımızda müharibə mövzusu, Qarabağda baş verən hadisələrin bədii sözün obyektinə çevrilməsi artıq ayrıca söhbət üçün yetərli görünür. İndi 90-cı illərdən üzü bəri yazılan, ədəbi ictimaiyyətin də tanış olduğu ədəbi əsərlərə qiymət verməyin, onları elmi-nəzəri tədqiqat hədəfinə çevirməyin vaxtı çatmışdır. Artıq bu mövzuda bəzi namizədlik dissertasiyaları da yazılmış, məqələlər də çap edilmişdir.
   
   Bir oxucu və tənqidçi kimi deyə bilərəm ki, müharibə mövzusunda yazılan əsərlər kəmiyyətcə heç də az deyil. Xeyli sayda şeirlər, poemalar, publisistik əsərlər içərisində müharibə həqiqətlərini bədii sözün ahənginə çevirən, sözün əsl mənasında bir günün, bir ayın deyil, illərin, ayların, gələcəyin bədii yaddaşına həkk oluna biləcək əsərlər var Şeirə və publisistikaya nisbətən nəsrdə bir az qıtlıq hiss olunur. Amma yenə sevinməyə dəyər. Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestini və "Dolu" romanını oxuyandan sonra ürəyimdə dedim ki, bizdə müharibə yazıçısı yetişir. Hüseynbala Mirələmovun "Dağlarda atılan güllə" romanı da mənə xoş təsir bağışladı. Mən bu sıraya Elçin Hüseynbəylinin "Əsirlər" povestini, "Gözünə gün düşür" hekayəsini də əlavə edə bilərəm.
   
   Müharibədən yazmaq ilk növbədə müharibə dövrünün psixologiyasına dərindən bələd olmağı tələb edir. Adi bir əsgərin də, yüksək rütbəli bir hərbiçinin də, müharibədə iştirak etməsə də, müharibəni içində yaşadan insanların da duyğu və düşüncələrini bədii sözdə reallaşdırmaq yazıçıdan dərin müşahidə tələb edir. Yazıçı-publisist Nurəddin Ədiloğlunun "Qara sarmaşıq" romanını oxuyandan sonra hiss etdim ki, müharibə hələ də davam edir. Romanda əsl müharibə əhval-ruhiyyəsi gördüm.
   
   Romana ön söz yazan həmkarım İsmayıl Vəliyev qeyd edir ki, bu əsər yüksək bədii dəyərə malikdir, yaratdığı obrazların fonunda incə, təsirli, bədii detallarla Qarabağ hadisələrini canlandırmağı bacarıb. Mən də bu fikrə şərikəm.
   
   Janrını "kino-roman" kimi müəyyənləşdirdiyi bu əsərdə müəllif Nasir adlı bir döyüşçünün taleyini izləyir. Biz onu gah döyüş meydanında, gah Bakıda-hərbi qospitalda, gah da müxtəlif adamların əhatəsində görürük. Özümüzü doxsanıncı illərin o qovğalı, xaos içində çabalayan bir ölkədə hiss edirik. Təsvir edilən mənzərələr bizə tanışdır. Həmin o ekstremal şəraiti çoxumuz yaşadıq. Bir tərəfdən müharibə gedir,igidlərimizin qanı tökülür, o biri tərəfdən daxili çaşqınlıq və xaos hökm sürür. Bir tərəfdən, sosial-mənəvi birlikdən, qüvvələri səfərbər etməkdən danışılır, o biri tərəfdən qırx partiya, altı yüzə yaxın qəzet milli-mənəvi birliyi parçalamaqla məşğuldur. Bir tərəfdən xalq əziyyət içində çabalayır, qaçqınlıq, köçkünlük və bunların yaratdığı sosial bəlalarla üzləşirik, o biri tərəfdən vəzifə və kreslo uğrunda ölüm-dirim mübarizələri gedir. Bax, doxsanıncı illərin siyasi-ictimai mənzərəsi, mənəvi-əxlaqi görünüşü belə idi. Biz o günləri yaşadıq.Nurəddin Ədiloğlunun "Qara sarmaşıq" romanında da həmin illərin heç bir zaman unudulmayan mənzərələri ilə qarşılaşdıq.
   
   Nasir o illərin vətənpərvərlərindən biri idi. Olsun ki, müəllif onun obrazını yaradarkən konkret olaraq kimi isə nəzərdə tutub. Amma hətta tanış cizgilər olsa belə, Nasir ümumiləşdirilmiş surətdir. Bütün əsər boyu o, hərəkətdədir; həm döyüşür, həm də fikirləşir. Həm də kiminsə qayğısına qalır.
   
   "..Bu saat, lap elə bu dəqiqə onların səngərdə elədikləri söhbəti müharibədən uzaq kəndlərdə, şəhərlərdə də danışırdılar. Hardasa Şahnaz yaşında xanım şəhid olmuş əsgər qardaşının yasında ağı deyirdi. Bu cavan əsgərlərin yaşıdları hansısa restoranda oturub, Vətənin qeyrətli oğlanlarının sağlığına badə qaldırırdılar. Abbas, Xıdır, Rüstəm, Zaur, Sadiq yaşında gənclər gözaltı elədikləri qızların yaşadıqları küçələrdə gəzib-dolaşırdılar. Toy boğçalarında saralan üzüklər neçə-neçə Nasirin, Etibarın, Vahidin yolunu müharibə qurtaranacan gözləməyə məhkum olunmuşdugMüharibədə məhəbbət də, nifrət də iştirak edirdi. Düşmən üstünə kiçik dəstə ilə hücuma keçən bu gənclər təkcə tankla-topla, tüfənglə deyil, həm də sevgi ilə silahlanmışdılar, Vətən sevgisi ilə. Amma müharibədə sevgilər də həlak olurdu."
   
   Bu mənzərə tanışdır. Ümumiyyətlə, N.Ədiloğlu bədii-publisistik manera ilə müharibənin insanların mənəviyyatına vurduğu zərbələri bircə-bircə göz önünə gətirir.
   
   Romanda maraqlı obrazlarla qarşılaşırıq. Nasirin döyüşçü yoldaşlarının obrazları ilə yanaşı, qadın obrazları da diqqətdən kənarda qalmır. Qadın və müharibə!-doğrusu, müharibə romanlarının əksəriyyətində biz bununla, yəni qadınların müharibədə iştirakı ilə az qarşılaşmamışıq. Bir az quru, ritorik təsir bağışlasa da, Şahnaz müəllimə obrazı rəğbətlə yaradılmışdır. O, müharibədən əvvəl tarix müəllimi idi, şagirrdlərə Vətən tarixini sevdirirdi, indi isə əldə silah, həmin o şagirdləri ilə birgə səngərdədir. Azmı belə qadınlarımız olub? Mən istər-istəməz şair dostum Məmməd İlqarın böyük məhəbbətlə yaratdığı Qaratel obrazını xatırladım. Qaratel-uydurma obraz deyildi, cəngavər misallı bir qızdı və Məmməd İlqar onu həyatdan, daha doğrusu, müharibənin odları-alovları içərisindən bədii ədəbiyyatın qəhrəmanı səviyyəsinə qaldırdı. Qaratel indi Şəhidlər Xiyabanında uyuyur.
   
   Romanda erməni qadını-Çiko obrazı da var. Bu obraz haqqında söz açmamışdan öncə deyim ki, bizim yazıçılar sırf humanizm mövqeyindən çıxış edərək, belə qənaətdədirlər ki, düşmən millətin içində də humanist adamlar, ələlxüsus qadınlar ola bilər. Bunu qeyri-məqbul saymaq olmaz. Yəni doğrudan da, erməninin içində də Uiko kimiləri ola bilər . Erməni əsilli (anası rus) Uiko da belə qadınlardandır. İlk andan o, əsl, türkə nifrət bəsləyən, "görüm içərinizə bomba düşsün!" qarğışıyla yadda qalır. Ancaq hadisələr inkişaf etdikcə elə öz erməniləri onu alçaldır, mənliyini tapdalayırlar. Bu səbəbdən də, ləyaqət hissi ona ermənilikdən üstün gəlir. O, başa düşür ki, Azərbaycana qarşı ədalətsiz müharibə gedir. Nəhayət, o, içindəki ermənilikdən tamamilə təmizlənir və bir faciənin qarşısını alır, bunu Nasirə xəbər verir.
   
   Əsərin "Qara sarmaşıq" adlandırılması da təbiidir. Azərbaycan da o dövrdə hər tərəfdən qara sarmaşıqla əhatə olunmuşdu. Romanda bu mənada o dövrün bütün hadisələri bircə-bircə xatırlanır. Xaos və hərcmərclik dövrünün anlaşılmaz, indi isə tam mənada anlaşılan mənzərəsi göz önündə canlanır. Gəncədə, Lənkəranda baş verən hadisələr, Bakıdakı mürəkkəb ictimai-siyasi mənzərə fraqmental şəkildə olsa da, diqqətdən yayınmır.
   
   Romanda simvolik DƏYİRMAN obrazı var.
   
   "Dünyanın gözünü qan tutmuşdu; köhnə dəyirman kimi fırlandıqca, qoynuna təzə-təzə qanlar ələnirdi, böyük-böyük dərdlər üyüdən iri daşları, insan əlinə həris olan dəmir dişli çarxları qanla hərəkət edirdi.". Roman bu təhkiyeyi-kəlamla başlayır və əsər boyu bu qoca Dəyirmanın "insan əlinə həris dəmir dişli çarxlarının" hərəkət etdiyini görürük. Sonda da dəyirman fırlanmağında davam edir: "Dünya təzə dəyirman kimi belə "bəlkələr" üzərində fırlanırdı. Tarixsə köhnə işindəydi.Hər gün minlərlə günahsız insan siyasətin və təbiətin qurduğu tələyə düşürdü; kimisi ailəlikcə öz doğma torpağında qətlə yetirilirdi, kimisi qasırğanın, suinaminin hücumuna məruz qalırdı, evindən-eşiyindən didərgin düşənlərin çoxu canlı tabuta bənzəyirdigDünya siyasətində artıq heyvanlar aləmində mövcud olan cəngəllik qanunları hökm sürürdü. Qara sarmaşıq ağzı qara canavar sürüsü kimi özündən zəiflərin isti yuvasına daraşmışdı."
   
   Nurəddin Ədiloğlu ədəbiyyata publisistikanın qanadlarında gəlib. Onu yaxşı tanıdığımdan deyə bilərəm ki, uzun müddət Masallı və Bakıda nəşr olunan qəzetlərdə curnalist kimi fəaliyyət göstərib. Amma hər curnalist publisist ola bilmir. Publisistika çətin, məsuliyyətli canrdır, gərək həyatın, gerçəkliyin nəbzini tuta biləsən, ətrafında baş verən hadisə və olayları çevik və operativ şəkildə əks etdirməyi bacarasan. Təbii ki, publisistika özü də çoxçalarlıdır. Amma Nurəddin Ədiloğlunun publisistik yazıları bədii publisistikaya yaxın nümunələridir. Elə romanda da bu hiss olunur.Biz roman boyu onun dünyada gedən ictimai-siyasi proseslər, Azərbaycanda baş verən olaylar, həmin dövrün mənzərəsi barədə publisistik şərhlərlə qarşılaşırıq. Bunların bir qismi romanda təsvir olunan hadisələrin məna və mahiyyətini açıqlamaq xarakteri daşıyır. Amma mən istəməzdim ki, müəllifin istedadla yaratdığı bədii obrazları tez-tez publisistik bir dillə danışsınlar. Bu, romanın bədii-emosional təsir gücünü azaldır. Onsuz da müharibə haqqında sənədli, faktlarla, informasiyalarla dolu publisistik əsərlər çoxdur.
   
   Romanda Əziz müəllim obrazını da Nurəddinin bədii uğuru hesab etmək olar. Doğrudur, başqa obrazlarla müqayisədə Əziz müəllim çox xəsisliklə təsvir olunub. Hətta belə olduğu təqdirdə də, bu obrazın romandakı yükünü hiss etmək olur.
   
   Əsərin sonunda məlum olur ki, Nasir itkin düşüb. Amma hamı inanır ki, o, sağdır, ölməyib. Əlbəttə, müəllif əsas qəhrəmanının taleyini başqa cür də həll edə bilərdi. Amma fikirləşirəm ki, Nasir bir vətənpərvər kimi romanda öz missiyasını şərəflə yerinə yetirdi. "..Qəbristanlıqda yan-yana qazılmış qoşa məzarın baş daşından Əziz müəllimlə Mübariz isə yola boylanırdılar. Elə bil hələ də Nasirdən soraq gözləyirdilər. Paytaxtda media nümayəndələri isə atasının qəfil ölümündə işsiz-gücsüz oğlunu suçlu bilirdi. Amma heç kim fərqinə vara bilmirdi ki, "Şəhidlər Xiyabanı"nda general olmaq arzusuyla yaşayan balaca Nasirlə rastlaşanda, heyrətdən Əziz müəllimin ürəyi dayanmışdı. O, köksü yeddi yerdən oxlanan orta əsr cəngavərləri kimi ölümlə təkbətək çarpışsa da son anda məğlub olmuşdu".
   
   Oxucu inanır ki, Nasir sağdır və müəllifin dili ilə desək, Bakıya məğlub döyüşçü kimi qayıtmaq istəmir.
   
   Elə biz də bunu arzulayırıq.

TƏQVİM / ARXİV