adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

AğACƏFƏR HƏSƏNLiNiN "AğAC KiTABXANALAR"I

VAQİF YUSİFLİ
44927 | 2012-06-15 07:57

   
   İki ildən sonra Ağacəfər Həsənlinin (adının qarşısında ŞAİR sözünü işlətmədim, çünki külli-aləm bilir ki, Ağacəfər Həsənli ŞAİRDİR, özü də əlüyyül-əlasından!) altmış yaşı tamam olacaq. Mən onu iyirmi üç yaşından -yəni 1977-ci ildən tanıyıram və bu 35 illik dostluğumuzun tarixində onun uğurlarına sevinən kəslərdən biri olmuşam. Ağacəfər bir insan kimi də, dost kimi də, şair kimi də çox maraqlı adamdır. Amma mən Ağacəfərlə dostluğumdan və onun maraqlı insan olmasından deyil, şeirlərindən söz açmaq istəyirəm.
   
   Şair Ağacəfər Həsənli Azərbaycanın uca dağlar qoynunda yerləşən Lerik rayonunun Rvarud kəndində dünyaya göz açıb və nədənsə "dağlar qoynu" deyəndə mənim gözlərimin qarşısında böyük şairimiz Musa Yaqubun obrazı canlanır. Leriklə İsmayıllı bir-birinə çox oxşayır və əgər təbir-caizsə, deyim ki, İsmayıllı Lerikin sanki cilalanmış formasıdır. Rəhmətlik Səyavuş Sərxanlı Musa Yaquba "dağ qartalı" deyərdi və mən Musa Yaqubun saysız-hesabsız pərəstişkarlarından biri kimi buna qətiyyən təəccüblənməzdim. Çünki nəinki poeziyası, özü də təbiətin bir parçasına çevrilən Musa Yaquba bu ayama çox yaraşır. Ağacəfər Həsənliyə də səksəninci illərdə dostumuz Baba Vəziroğlu "AĞAU" deyə bir ayama yaraşdırmışdı. Babanın "ayama əməliyyatı" çox sadə idi, o, ərk elədiyi dostlarının adlarının və familiyalarının ilk hərflərini bir-birinə "calaq" edirdi. AĞAU-yəni Ağacəfər Həsənli. Amma illər keçəndən sonra bu AĞAU ayaması ilə Ağacəfərin şeirləri arasında bir yekdillik gördüm. Ağacəfər Həsənli təbiətdən çox yazıb, indi də yazır və ağaclardan da yazır. Şairlərimiz Ağacı insana, insanı da ağaca çox bənzədiblər (Xatırlayın ulu türk şairi Nazim Hikməti: "Mən bir ceviz ağacıyam Gülhanə parkında"), ağaca üz tutub dərdlərini söyləyiblər ("Dədə Qorqudda: "Məkkə ilə Mədinənin qapısı ağac! Musayi-kəlimin əsası ağac! Böyük-böyük suların köprüsü ağac! Qara-qara dənizlərin gəmisi ağac!").
   
   Ağacəfər Həsənlinin yetmişinci illərdən (yəni ilk yaradıcılıq təcrübələrindən) üzü bəri yazdığı əksər şeirlərində təbiətlə bağlı çox şeirləri ilə qarşılaşmışam və bu şeirlərdə doğrudan da təbiəti duyan, gülün, çiçəyin, dağın, dərənin, quşun sirrini bilən (Nəsimi demişkən: "Bu quş dilidir, bunu Süleyman bilir ancaq") və özünü də təbiətin bir parçası hesab edən bir şairin təbii yaşantılarının şahidi olmuşam. Yetmişinci illərin lap əvvəllərində Ağacəfər Həsənli Bakıya köçdü və o zaman yaşıdları olan cavan şairlərin əksəriyyəti kimi başladı kəndi və anası üçün darıxmağa. Şəhər həyatı Lerikin Rvarud kəndindən bura tələbə olmağa gələn bir cavanın kəndçi təbiətinə heç cür uyuşmurdu və Ağacəfər ta səksəninci illərə qədər o həsrəti şeirlərində yaşadırdı. Ağacəfər yazırdı ki: "Yaşıl-yaşıl ümidlərin" arxasından boylanan anam, mən sənin ola bilmədim". Yazırdı ki: "Hər gecə yuxuma gəlir kəndimiz O köhnə bərəmiz, köhnə bəndimiz". Ağacəfər and içirdi ki: "Bir gün də hamıyla xudafizləşib Kəndimə qoşulub gedərəm burdan". Amma Ağacəfər Həsənli də həmyaşıdlarının bir çoxu kimi kəndinə qayıda bilmədi. Bir anlığa təsəvvür edək ki, Ağacəfər qayıtdı kəndə. Lerikin tanınmış, seçilən ziyalılarından biri olardı və yenə burada Musa Yaqub yada düşür. A.Həsənli Lerikdə qəzet redaktoru olardı, bir az da Musadan fərasətli çıxıb rayon partiya komitəsində, ya icra hakimiyyətində məsul bir vəzifə tutardı, sonra da Musa kimi deputat. Amma qayıtmadı, yəni əbədi köç eləmədi. Bakıda müxtəlif qəzet və curnal redaksiyalarında korrektordan tutmuş şöbə müdirliyinə, bölgə müxbirliyinə, sonra da curnal ("Mars") redaktorluğuna qədər yol keçdi. Və qayıtmaqla qayıtmamağın yol ayrıcında etiraf elədi ki:
   
   
   
   Mən köklü-köməcli bir kənd oğluyam,
   
   Köməksiz, köməkli bir kənd oğluyam.
   
   Bir gün bu dağlara arxa çevirdim,
   
   Yollar qaranəfəs ha dartdı məni.
   
   Ürək o yerləri yenə sevirdi,
   
   Tələbə bileti "aldatdı" məni.
   
   
   
   "Aldatdı", bal qatdı arzularıma,
   
   Düşdüm kotanımdan, xışımdan ayrı.
   
   Baharımdan ayrı, qışımdan ayrı,
   
   Kəpənək sevdalı yaşımdan ayrı.
   
   
   
   Əlbəttə, elə düşünməyin ki, şəhəri mənzilgah seçməyiylə bir şair doğulduğu kənddən ayrı düşür və başlayır yaşadığı şəhəri, onun uca binalarını, gözəl parklarını, xiyabanlarını, dənizi mədh etməyə və kənd yaddan çıxır. Təbii ki, elə deyil və Ağacəfər Həsənli mənim müşahidəmə görə ayda bir-iki dəfə Lerikə gedir, yenə də vurğunu olduğu təbiətin qoynunda gəzir-dolanır, Lerikin dağ çeşmələrinin suyunu içə-içə, balını, qaymağını nuş edə-edə bir az da cavanlaşır, hər şeydən əvvəl, doğmaları, dostları, tanışları ilə görüşür. Bax burada "Mən bir kənd oğluyam" kəlamını təsdiq etməli olur.
   
   Ağacəfər Həsənlinin şeirləri haqqında söhbətimə bu nöqtədən başlamağım heç də təsadüfi deyil. Çünki Ağacəfər bir şair kimi çox inkişaf edib və onun ilk şeirlər kitablarında ("Arxamca atılan su", "O ağacın kölgəsi") oxuduğum şeirlərlə "Ürəyim döyünür, qapım döyülür" (1997), "Tanrı pıçıltıları" (2004), "Yağmur əlifbası" (2006), "Ümidimin adına küçə" (2010), "Ağac kitabxanalar" (2011) kitablarındakı şeirlər və poemalar arasında doğrudan da fərqi, yəni poetik boy artımını asanlıqla hiss edə bilirsən. Allah min rəhmət eləsin tənqidçi həmkarım Nadir Uabbarlıya... O da bu poetik inkişafın şahidi kimi hələ 1997-ci ildə yazırdı ki: "Vaxtilə başı qarlı Zuvand dağlarının kövrək xatirələrinə, zümrüd rəngli Lerik meşələrinin göynər xiffətinə bələnmiş, dəli-dolu gəncliyin iztirabları ilə dolub-daşan Ağacəfərin şeirinin bu kitabın ("Ürəyim döyünür, qapım döyülür"-V.Y.) səhifələrində dünya kədərinə, "qəmi-aləmə" inadkar həssaslığı ilə qəfil qarşılaşsam da, açığını deyim ki, bu görüşə heyrətlənmədim. Çünki bu şeirlər, bir küll halında sübut edir ki, həmən həssaslıq intiutiv və spanton həssaslıq deyildir. Onda hər hansı bir ədəbi dəbin əlamət və izlərini axtarmaq da əbəsdir. Dünya kədərinə, aləm qəminə dəruni can atma, hər şeydən əvvəl, bu şeirlərin stixiyasından irəli gəlir, gerçəkliyə bədii nüfuzun mahiyyətini əks etdirir".
   
   Nədə təzahür edir bu poetik inkişaf?
   
   Birincisi; Dəyişən, Yeniləşən Dünya ilə Poeziyanın bir ahəngdə köklənməsi və Ağacəfər Həsənlinin də bir şair kimi bu harmoniyaya qoşulması. Söhbət ondan gedir ki, dünyada və konkret olaraq bizim məmləkətdə baş verən ictimai-siyasi hadisələr insanların mənəvi aləmində dərin izlər buraxır. Amma Zaman təkcə insanların deyil, onların duyğu və düşüncələrinin sözlə ifadəsi olan poeziyaya da təsirsiz qalmır. Bu günün şairi etiraf edir ki:
   
   
   
    Dəyişmək istəyirəm,
   
    dəyişmək!
   
    İçimi çölə çevirmək istəyirəm,
   
    çölü içimə köçürməkg
   
    İşıq telləridi-əsəb tellərim.
   
    Haçanacan eyni havaya oynayaram,
   
    eyni sudan içərəm,
   
    eyni yoldan keçərəm.
   
    eyni sünbüldən biçərəm,
   
    gözümü kor edib eyni işıqlar,
   
    qulağım dəng olub oxşar sözlərdən.
   
   
   
   Ağacəfər Həsənlinin son on-on beş ildə yazdığı şeir və poemalar məhz Sözün, poetik fikrin yeniləşməsi, yeni bir ahəngə köklənməsi prosesini əks etdirir. "Eyni havada oynamaqdan" yorulan şair, oxucunu inandırır ki, həyatda olduğu kimi poeziyada da məqsədə gedən yollar birmənalı qəbul edilə bilməz. Yollar müxtəlifdir. Çətini də olur, asanı da. Əsl şair həmişə yolun çətinini seçir. Müşgülü asan eləyir.
   
   Ağacəfər Həsənlinin şeirlərində ilkin yaradıcılığındakı "naturadan birbaşa poeziyaya" ifadə üsulunu indi başqa bir tendensiya əvəz etməkdədir: təbiəti, onun gözəlliklərini ayrı-ayrı söz lövhələrində rəsm edən şair, indi rəssamlıqla yanaşı, həm də filosofluq etməyə çalışır. Beləliklə, düşüncə arealı genişlənir.
   
   
   
    Carçı təbiət-
   
    suların səsində,
   
    quşların bəhsəbəhsində,
   
    torpağın nəfəsində
   
    gözünü açırg
   
    Nədir həyatın fəlsəfəsi-
   
    yarpaqların yaşıl rəngi çağırışmı?
   
    Ölümlərin rəngi
   
    Əbədi yuxulara çağırışmı?
   
   
   
    Anamın qulağıma oxuduğu pıçıltı,
   
    çaydan gələn zəif qıcıltı-
   
    qarşımda səs filarmoniyası,
   
    söz harmoniyası yaradıb.
   
    Bu, nəyəsə çağırışmı?
   
   
   
   İkincisi; Şairin fərdi üslubu əgər belə demək mümkünsə, onun dəyişməz sifətidir. Təbii ki, sifət bir bədən üzvü kimi yaşlaşa bilər, amma ona məxsus cizgilər, o məxsusi quruluş dəyişmir, sadəcə, "qocalır", "müdrikləşir". Ağacəfərin şair sifəti də bu mənada "qocalır", "müdrikləşir", amma dəyişmir. İyirmi il əvvəlki şeirlərində gənclikdən gələn çılğınlığı, hisslərin tüğyanını indi sakit, amma içəridən narahat bir hiss əvəz edir. Həyatın, gerçəkliyin dramatik, faciəli məqamlarından süzülüb gələn bu nigarançılıq şeirlərin ovqatına da hakim kəsilir:
   
   
   
    Məmləkətin hər yaylağı,
   
    alaçıqdı, çadırdı.
   
    Məmləkətin hər düzü,
   
    bir meydandı, cıdırdı.
   
   
   
    Hanı Qarabağ atı-
   
    şimşəklərdən qanadı?
   
    Qaldırsın təlx ovqatı-
   
    dörd dolanan qatırdı.
   
   
   
    Kim vətəni unutdu,
   
    ana qarğışı tutdug
   
    Kimini dərd ovutdu-
   
    kimi qarın otardı.
   
   
   
   A.Həsənlinin "Ağac kitabxanalar" şeirlər kitabı şairin yaradıcılığında yeni bir hadisə kimi maraqlıdır. Artıq yaşın hökmü də özünü göstərir, amma Ağacəfər Həsənli "ədəbi pensiyaya" çıxmaq fikrində deyil. O, müasir Azərbaycan poeziyasında açdığı balaca bir cığırla rahat irəliləmək imkanını itirmək istəmir, odur ki, hələ bitməyən poetik potensialından faydalanır.
   
   Dərk edir ki, XXI əsrdə, oxucuların professionallığının, poeziyanı dərketmə səviyyəsinin artdığı bir zamanda öz şair imicini qorumaq lazımdır.
   
   Odur ki, dünyanı, təbiəti, insan mənzərələrini yeni bir poetik baxışdan müşahidə etmək və bunları poeziya dili ilə ifadə etmək məqamını itirmək olmaz. "Ağac-kitabxana, yarpaqları-kitablar.
   
   Təbiətin gizlin çap maşınları hər yaz yarpaqları nəşr eləyirlər, çiçək rayihəsi basır meşəni"- bu misralar yetmiş-səksəninci illərin A.Həsənlisinin XXI əsrdə təbiətə tamam yeni rakursdan yanaşdığına bariz bir nümunədir. Ağacəfərin Kənd, Ağac və Torpaq nağılı davam edir, amma indiki nağıllar daha poetikdir:
   
   
   
    Rəngi kağız kimi ağarıb qışın,
   
    Soyuqlar iliyə, qana işləyib.
   
    Havalar yiyəsi olub qarğışın,
   
    Yerin qulağını şaxta dişləyib.
   
   
   
    Hara tələsir qış, bu qovhaqovla,
   
    Donub dərələrdə yenə buz daxıl.
   
    Gözləyir qapıda ağ atlı oğlan,
   
    Görəsən nə zaman bitəcək nağıl.
   
   
   
   Arzu edək ki, bu nağıl heç zaman bitməsin.

TƏQVİM / ARXİV