adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"ƏLiNi QOY üRƏYiMiN üSTüNƏ"

VAQİF YUSİFLİ
48832 | 2012-09-29 00:12
Hər gün, hər həftə, hər ay yeni şeir kitabları çapdan çıxır, nəşriyyatlarımız sanki nəhəng bir dəyirmana oxşayır. Amma bu dəyirmanın məhsulu heç də bizi ürəyimizcə sevindirmir. Mirzə Ələkbər Sabir demişkən: "Ələnirsə saf bir yanlıq, tozu bir yanlıq olur". Özü də toz daha çoxdu. Amma bu kütləvi şeir axınında saf və təmiz, ilahidən gələn şairlik istedadının bəhrəsi olan poeziya nümunələri ilə də qarşılaşırıq.
   
   Anar Həbiboğlu Lənkəranda yaşayır və demək olar ki, qaynar ədəbi mühitdən çox uzaqdadır. Onu Bakıda, Yazıçılar Birliyindəki "Natəvan" klubunda görməzsən, bu klubda bəzən Anar Həbiboğlunun bircə şeirini yaza bilməyən "şairlərin" şeir kitablarının təqdimatı keçirilir. Onu Bakıdakı ədəbi mətbu dərgilərinin redaksiyalarında da görməzsən. Şeirlərini bu dərgilərə ya poçtla, ya da kiminləsə yollayır. Bu ilə qədər mətbuatda şeirləri çap olunmağına və bu şeirlər barədə məqalələr dərc edildiyinə baxmayaraq heç Yazıçılar Birliyinin üzvü də deyildi. Sağ olsun Fikrət Qoca və İntiqam Qasımzadə ki, Anarı Yazıçılar Birliyinə üzv qəbul olunmasına kömək elədilər.
   
   Anarın ilk kitabında toplanan şeirlər müxtəlif illərdə yazılıb, bu müxtəliflikdə onun bir şair kimi inkişafını da görürsən. Nədir onun şeirlərinin başlıca məziyyəti və Anar öz yaşıdlarından necə seçilir? Mən Anarın şeirlərini mövzular üzrə standart təhlil üsulundan yan keçirəm. Bu şeirlərin hamısında bir insan ömrünün, bir şair taleyinin poetik duyğuları əks olunub.
   
   Şair ömrü heç də ölçülü-biçili, qəlibə, standarta sığışdırılmış bir ömür deyil. Sovet dövründə şairdən söz açanda əksərən onu öz subyektiv aləmindən, özünəməxsus hisslər, duyğular dünyasından ayırıb sırf ictimai bir obraz yaradırdılar. Amma indi belə düşünmürlər. Şair təkcə dünyanın, cəmiyyətin, gerçəkliyin, onu əhatə edən mühitin yox, həm də öz duyğularının, düşüncəsinin əzabkeşidir. Anar Həbiboğlunun şeirlərində subyektiv duyğular ön plandadır, dünya da, cəmiyyət də, mühit də bu duyğularda öz əksini tapır. Necə deyərlər, qəlbin pəncərəsindən dünyaya baxır. Əslində, bizim ən gözəl şairlərimizin yolu bu olub.
   
   Həyat çox mürəkkəbdir, ziddiyyətlidir. Şirrini az, acısı çox olur. Bu təzadı Anar Həbiboğlu həcmcə ən uzun şeiri olan "Həyat"da ümumiləşdirə bilib:
   
   
   
   Yerə meydan oxudum,
   
   Göyə meydan oxudum.
   
   Savaşdım hər şeylə,
   
   Ürəyimdə ağrı, saçlarımda dən.
   
   Qıpqırmızı qanım axdı
   
   doğmalarımın gözündən
   
   damla-damla.
   
   Nə qansızdı HƏYAT.
   
   
   
   Azadlıq içinə çəkib nəfəsini
   
   Bir qumru oxuyur budaqda,
   
   yamsılayır Xanın səsini.
   
   Yuxumuzda analar
   
   Saçlarını yolub axtarır
   
   İtkin düşmüş körpəsini.
   
   Biz-keçmişimizi itirmiş
   
   ƏSGƏRLƏR
   
   kəpənək qovuruq Qarabağda,
   
   çiynimizdə avtomat,
   
   Sən nə qədər qəribəsən, HƏYAT..
   
   
   
   Anar başqa bir şeirində yazır ki: Oğranmış, Doğranmış bir məmləkətin Çətindi Nəğməkar Şairi olmaq. Doğrudan da, Anar Həbiboğlu nəğməkar şair ola bilmədi. Ancaq tale şairi oldu və bütün şeirlərində öz taleyinin ardınca yüyürdü. Daha doğrusu, taleyiylə öz hissləri, duyğuları arasında ucalan o körpüdən keçməyə can atdı.
   
   
   
   Həyat da şahmatdı, ağ-qara yollar,
   
   Gərək vəziyyəti görüb duyasan.
   
   Ömrün milyon cürə gedişləri var,
   
   Hansını edəsən, uduzmayasan.
   
   
   
   İnsan müvəqqəti də olsa, doğulduğu torpaqdan ayrı düşür və içində Vətən yenidən doğulur. Həmin hissləri də Anar, şeirlərində yaşaya bilir. Harda ki VƏTƏN var, ürəyim orda, Harda ki, VƏTƏN yox, özüm ordayam.. Bu yerlərdə yad kimiyəm Yükümə torpaq ərinər. Qışqırım, külək aparsın Səsimi Vətən yerinə.
   
   Anarın şeirlərində ona əziz, doğma olan bir neçə obrazla qarşılaşırıq. Başda ANA durur.
   
   
   
   Kişi işlərindən yapışdı anam,
   
   Daş kimi bərkidi gəlin əlləri.
   
   Elə bu ocaqtək alışdı anam
   
   Bəmbəyaz buludtək ağarmadı ki,
   
   Tüstütək ağardı uzun tğelləri.
   
   Bu ocaq anama oxşayır mənim.
   
   
   
   Bu gün poeziyada sözün israfı baş alıb gedir. Füzuli babamızın "Ver sözə ehya ki.." tələbi sanki unudulmaqdadır. Xüsusilə, sevgi şeirlərində sevgisiz misralar yetim cücələr kimi baş-başa verib.. Yaşanılmayan, duyulmayan hisslər nəzmə çəkiləndə Füzulinin qəbri od tutub yanır deyirəm. Anarın sevgi şeirlərini oxuyuram və burada ürəksiz bir misra da tapa bilmirəm. Yəni bunlar şeirdir, hisslərdən, eşqin yandırdığı alovlardan ucalan şeir. Ağlın yox, hissin tufanlarından doğan eşq. Burda mədəni bir erotika da var (Ağappaq sinənə, gül dodağına Açır ürəyini lal barmaqlarım.), tale yazısına boyun əyməmək kimi bir itaətsizlik də var (Yox, yox, dayan, mənə əlvida demə, Əlvida bu qışın soyuğuna de-Bir də gəlməyəcək bu qışın sonu.) ayrılıq tonqalının ürəkdə yandırdığı od da (Bulandı, gözümün yaşı bulandı, Gözün də işığı açılır, sönür. Sənin saçlarından xəbər gəlmədi Mənim barmaqlarım quruyan günü), kövrələn anlar da, bu anların yaratdığı göz yaşları da (Qorxdum isladacaq bu yağış səni, Mən səndən gizlətdim göz yaşlarımı), xatirələrin oyatdığı şirin acılıqlar da var (Soyuyur ürəyim, soyuyur ahım, Buzuna üz qoydum torpağın, yerin. Yummuşam gözümü, yağış da yağır, İslanır yamyaşıl xatirələrim.)g Gətirdiyim misallardan da görünür ki, Anar Həbiboğlunun sevgi şeirlərində Füzulidən gələn bir nəfəs var. Glmək, dirilmək, yenə ölmək, yenə dirilmək və bu oyunun sonu yoxdur.
   
   Müasir şeirin gücü, enerjisi sözlərin yaratdığı poetik mənadadır. O şeirdə ki, sözlər, ifadələr və sonra misralar heç nə yaratmır, orada şeirdən söhbət gedə bilməz. Anar şeirdə sözləri adiliyindən çıxara, onlara məcazi, obrazlı biçim tərzi verə bilir. "Nəğmə" şeirində lirik qəhrəman bir qızla bağlı xatirələrinin izinə düşür.
   
   
   
   Gəlirəm sahilə yağışda, qarda,
   
   Gələrəm sağ qalsam, gələrəm ölsəm.
   
   Bir ağ gəmi batıb mavi sularda,
   
   Onu gözlərimdən hönkürə bilsəm.
   
   
   
   Bu tipli metaforik düşüncə tərzi onun əksər şeirləriniə obrazlılıq bəxş edir. Anarın şeiri demək olar ki, metaforalarla zəngindir. Küçənizdə üzüqoylu yıxılan Gözlərimin işığını danışdır. Təbii ki, işıq danışmaz və üzüqoylu yıxılmaz. "Gözlərimin işığı" -burada həsrətə işarədir.
   
   
   
   ...gözümdə o qədər ucasan, uca,
   
    Gözlərim qaralır, əllərini ver.
   
   Belə ucalıqda alışmaq olar,
   
   Belə ucalıqda yıxılmaq olar.
   
   Nə qədər hündürdü oturduğun yer
   
   O qədər əzabla yıxılmaq olar.
   
   
   
   ...sənin sağlığına bu son badəni,
   
   Qədəhimə süzmə, süz ürəyimə.
   
   Hər dəfə gözümdən salırlar səni,
   
   Salırlar, düşürsən düz ürəyimə.
   
   
   
   Burada xəyalla reallığın qovuşuğu, gerçəklə irreallığın vəhdəti əks olunub.Şeirin adına baxın: "Sərxoşun şeiri". Amma bunu müstəqim mənada yox, məcazi anlamaq lazımdır. Anarın şeirlərində rəng duyğusu da obrazlı fikrin ifadəsinə çevrilir. Yamyaşıl bir şəhər. Yaşıl köyeəkli oğlan qırmızı maşında şütüyən xanımın ardınca baxır. Bu oğlan bəmbəyaz buludun kölgəsi altda neçə vaxtdır onu gözləyirmiş. O oğlanın ürəyinin yaşılı ümiddir. Və o ürəkdən bir arzu keçir ki, o xanım bəyaz əllərini ağ yaylıq kimi dolasın yaşıl köynəkli oğlanın qoluna, belinə, boynuna. Rənglər bir-birinə qarışmır. Çünki "Yaşıl köynək geyinmişəm, ürəyimdə yaşıl işıq". "Sinəmə sancılıb od baxışların, Mənim könlüm nar çiçəyi-qırmızı"- Anarın şeirləri içərisində belə nadir, bənzərsiz təşbehlər az deyil. Şairin şairliyini də bəlirləyən elə bu ustalıqdır. Tapıb gözlərimin xəritəsini Məni ara, axtar, gəz ürəyində"- nə qədər uğurlu deyim. Belə deyimləri ancaq ŞAİR yarada bilər.
   
   Əlbəttə, Anar Həbiboğlunun metaforik düşüncə tərzi ilə yoğrulan şeirlərindən, o şeirlərdəki uğurlu bənzətmələrdən, istiarələrdən çoxlu misallar gətirə bilərəm. O, ŞAİRDİR! Amma yaxşı şairin də hələ gizlində qalan, üzə çıxmayan potensialı olur. Deyim ki, Anar Həbiboğlunun poetik enerjisi tam sərf olunmayıb. Onun bütün şeirlərini nəzərdən keçirdikdə bir ƏZABKEŞ obrazla qarşılaşırıq. Təbii ki, bu, onun özüdür. Qırx yaşına qədər (o, bu yaşın astanasındadır) əzabkeş yaşamaq olar, lap ömrün sonunacan. Amma həyat təkcə əzab və əndişələrdən ibarət deyil. Uzaq Xabarovskda Vətəndən ötrü darıxmaq olar, bəlkə də bu, Vətəni sevməyin ən ali məqamıdır. Amma Vətənə qayıtdıqdan sonra Vətəni ikiqat sevəsən gərək. Yəni bunu poeziyada əks etdirəsən. Lənkəran doğrudan da sevgilər şəhəridir. Amma Anar deyir ki, Lənkəran SEVGİLƏR ŞƏHƏRİ deyil, Yerdi ƏR EVİNDƏ QARIMAQ üçün. Razılaşmıram. Yaxud: Şair olmaq yaxşı şeydi. Ancaq gərək pulun ola. Hansı münasibətlə deyilirsə-deyilsin, yenə razılaşmıram.
   
   Əgər razılaşmalı olsam, onda gərək bizim böyük şairlərimizin çəkdiyi maddi sıxıntılar hara getsin. Onları pul yox, pulsuzluq şair eləyib. Elə Anar Həbiboğlunun özünü də.
   
   Bir sözlə, Anar Həbiboğludan çox şey gözləmək olar. Onda Yeseninvari bir sərbəstlik var. Hisslərini, duyğularını cilovlaya bilmir və heç bunun üçün onu qınamaq da olmaz. Amma bir gün görəcək ki, (mən bunu ona arzulamıram) eyni marşrut üzrə eyni yollardan keçib getmək və yenə eyni marşrutla eyni yoldan geri qayıtmaq nə qədər yorucu, usandırıcı olurmuşg
   
   Təbii ki, bu iradları və eyhamları onu istədiyimdən deyirəm. Çünki o, ŞAİRDİR!
   
   İlk görüş isə hər halda, çox uğurlu alındı.
   
   Anar, ilk kitabın mübarək!

TƏQVİM / ARXİV