adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Sentyabr 2015 12:16
87273
RUBRİKA
A- A+

“Öz vicdanımız qarşısında hesabat verəndə utanmırıq”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə "Mandat” rubrikasının bugünkü qonağı 31 saylı Suraxanı ikinci seçki dairəsindən millət vəkili Fərəc Quliyev (Ulusoy)dur.

-Fərəc müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Düşünürəm ki, Millət vəkillərinin fəaliyyəti ilə bağlı onlara ünvanlanan suallara cavab verərkəncəmiyyətdə yanlış təəssüratın yaranmasına səbəb olurlar. Millət vəkillərindən fəaliyyətini soruşanda daha çox sosial məsələlərə aid olan istiqamətdə, seçicilərdən xoş təəssürat almaq naminə fikirlər səsləndirirlər. Ancaq deputatın ən mühüm işi ilk öncə qanunverici orqanda qanun yaratmaqdan, ölkəsini başqa xarici dövlətlərdə təmsil etməkdən, seçiciləri ilə sıx təmasda olmaq və ümumiyyətlə ölkə ərazisində olan bütün seçicilərin istək və arzularını dinləmək, bu məsələləri gündəmə gətirməkdən, eyni zamanda millət vəkilinin işi "Təhlükəsizlikdə olum” doktorinasının həyata keçirilməsi üçün qanunverici işlərin görülməsinə töhfə verilməsindən ibarətdir.

Bu baxımdan hesab edirəm ki, millət vəkili kimi beş illik fəaliyyətim müddətində seçicilərim məndən narazı qalmayıb.

Seçicilərimlə ciddi şəkildə işləyə bildim. Ən azından heç bir seçicinin istəyini geri çevirmədim, heç bir seçicinin görüşündən imtina etmədim. Təbii ki, millət vəkili kimi bizə olunan müraciətlərin hamısını həll edə bilmədik. Konkret olaraq işsizliklə bağlı müraciətlərdə ciddi çətinliyimiz oldu. Ancaq ümumən götürəndə bizə etimad göstərən insanların etimadlarını doğrulda bildik.

Eyni zamanda onu da qeyd edim ki, bu beş illik fəaliyyətim dövründə Avropa təşkilatları ilə sıx çalışdım. Avronestdə xüsusilə fəaliyyət göstərdim. Bir neçə ölkələrdə Qarabağ dinləmələrində məruzəçi kimi çıxış etdim. Avropa Parlamentinin 750-yə qədər üzvünə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif dillərdə müraciət ünvanladım. Yeddi dostluq qrupunda təmsil olunmuşam və bu ölkələrin səfirləri və parlamentləri ilə əlaqə saxlamışam. Diaspora sahəsində də fəaliyyətimiz olub. Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü kimi daha çox hərbiçilərin problemləri ilə bağlı bir sıra məsələ qaldırdıq. Yeri gəlmişkən, Mən prezident İlham Əliyevə təşəkkür edirəm ki, hərbiçilərə daimi mənzillərin verilməsi ilə bağlı sərəncam imzaladı. Belə bir sərəncamın imzalanması bütün sahələrdə olan insanları, xüsusən hərbiçiləri daha çox sevindirdi.

Fəaliyyət dövründə qanunverici təşəbbüslərlə çıxış etdik. Parlamentin elə iclası olmayıb ki, qaldırılan məsələlərə münasibət bildirməyək. Bu münasibət bildirmək də münasibət bildirmək xətrinə olmayıb. Çalışmışıq ki, qanunverici bazada olan çatışmamazlıqlar ardan qaldırılsın.

Bütövlükdə beş illik fəaliyyəti faydalı yaşadıq. Ən azından öz vicdanımız qarşısında hesabat verəndə utanmırıq. Mən hesab edirəm ki, hər kəsi aldada bilər. Özünü və allahını aldada bilməz. Bu baxımdan alnımız hər kəsin yanında açıqdır.

-Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-Dediyim kimi Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü olduğum üçün mənə müraciət edənlərin çoxu hərbiçilər idi. Onların mənzil və xüsusən döyüşmüş adamların, o cümlədən hazırda xidmət edən hərbiçilərin problemlərini həll edən də mənə daha çox xoş olub. Bu məni daha çox sevindirib.

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadala bilərsiniz?

-Problemlər əslində bir-birinə bağlıdır. Elə problem yoxdur ki, bizdə olsun, başqasında olmasın. Bu gün dünyada gedən iqtisadi böhranın nəticəsində baş qaldıran sosial-iqtisadi vəziyyət Azərbaycandan da yan keçməyib. Azərbaycanda da istehlak səbəti ilə insanların aldığı əmək haqları adekvat deyil. Milli Məclisdə dəfələrlə ziyalıların, müəllim və həkimlərin maaşlarının qaldırılması məsələsini qaldırmışam. Mən hesab edirəm ki, ayrı-ayrı müəllimin, az təminatlının problemini həll etməkdənsə, məsələni köklü şəkildə həll eləmək lazımdır. Və bu yöndə dövlət tərəfindən də müəyyən addımlar atılıb.

Bəzən elə olub ki, imkansız ailələrdən bizə müraciətlər olub. Çətinliklərin qarşısında əlimizdə o imkanlar yoxdur ki, onlara kömək edək. Mətbuatda, elektron KİV-lərdə dəfələrlə çağırışlar edirdim ki, bəzi insanlar boş yerə pul xərcləməyi özlərinə qəhrəmanlıq hesab etməsinlər. O qədər uşaq evləri var ki, onlara yardım etmək lazımdır.

Ümumən onu deyim ki, bizə edilən müraciətlərin bəziləri qarşısında susqun qalmağa məcbur olmuşuq, arzuladığımıza çatmamışıq.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının seçkilərdə iştirakla bağlı qərarı var. Yaxın günlərdə siyahımızı geniş ictimaiyyətə təqdim edəcəyik. Bloklara qoşulmuruq, seçkilərə müstəqil gedirik. Bu seçkilərə fərqli yanaşmamız var. Biz bütün dairələrdə namizədimiz olsun deyə davranmırıq. Layiq bildiyimiz, düşüncəsi düşüncəmizə yaxın olan, bitərəf adamların, ziyalı və jurnalistlərin müəyyən dairələrdə alternativ vermədən müdafiəsində heç bir təmənnamız, qarşılıq istəmədən iştirakını təmin edəcəyik.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Ola bilər ki, hər hansı millət vəkili Milli Məclisin plenar iclaslarında aktiv deyil. Ancaq onların çox ciddi fəaliyyətləri var. Məsələn, götürək Elxan Süleymanovu. Elxan Süleymanovun bircə dəfə də olsa parlamentin iclasında iştirak etməyə imkanı olmayıb. Ancaq Azərbaycanı Avropa Şurasında, Avronestdə çox yüksək səviyyədə təmsil edə bilib.

-Fərəc bəy, Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Mən sizə bir məsələni deyim ki, bugünkü Azərbaycan qanunvericiliyi çox zəngindir. Biz Azərbaycan xalqı olaraq, millət vəkilləri olaraq mükəmməl Azərbaycan qanunvericiliyini ərsəyə gətirmişik. Həyat dinamik bir prosesdir. Və hər gün yeni nəsnələr ortaya çıxdığı üçün qanunvericilikdə müəyyən dəyişikliklər zəruridir. Bütün bunlara baxmayaraq həyatın bütün sahələrini əhatə edən mükəmməl qanunverici bazamız var. Mən sizi inandırıram ki, Azərbaycan qanunverici bazasına tən gələ biləcək, o gücdə ola bilən qanunverici baza yoxdur.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Qanunverici orqana münasibət, bəzi nazirliklər tərəfindən adekvat deyil. Onların statusları ilə uyğunlaşmır. Onlar anlamırlar ki, bu qanunverici orqandır və qanun qəbul edən orqana hörmətlə yanaşılmalıdır.

Ədil Ədilzadə