adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Oktyabr 2015 17:24
92677
RUBRİKA
A- A+

Ekstremal yataqxanada - FOTOREPORTAJ

11 il keçib, amma heç nə dəyişməyib. Sadəcə başa düşdüm ki, köhnə məkan sən böyüdükcə balacalaşır. Hər nə olursa olsun buralara bir də gəlməyəcəyimə söz verdim. Məhəlləmiz ölüb. Sönüb. Əslində ay ərzində bir neçə dəfə bu məhəlləmizə baş çəkirəm. Burada əmilərim qalır, onlara tez-tez qonaq gəlirəm. Uşaqlıq illərimin keçdiyi "Obşijitel” binasının ilk mərtəbəsində mən və ailəm yaşayırdı. Dəhlizimizdə keçirdiyimiz anları yada salmaq açığı sıxıntıdan başqa heç nə vermirdi. Çünki hazırkı vəziyyətdə tək olanda həmin yoldaşlarıma əlim çatmır.

Nizami rayonunda yerləşən "Rüstəm Rüstəmov-13” küçəsindən söhbət açıram...

Əslində məqsədim keçmiş illəri yada salmaqla bərabər bir müxbir kimi binanın Ağdam rayonundan olan məcburi köçkünlərinin və digər sakinlərin problemlərini işıqlandırmaqdır. Qapıları döysəm də hələ qarşıma bir tanış insan çıxmırdı. İndi sözügedən yataqxanada Azərbaycanın müxtəlif şəhərlərindən olan "xarici vətəndaş”lar yaşayır. 2004-cü ildə biz də 15 kvadrat metrlik evimizi başqasına satıb gedəndə heç ağlıma gəlməzdi ki, nə vaxtsa bura qayıdacam və uşaqlıq ömrümün keçdiyi həmin evin qapısını döymək istəyəndə qapının yeri hörülmüş vəziyyətdə olacaq. Çox təsirləndim və üzüldüm. İndi sözügedən mənzilin yeni sahibi necə deyələr, evin içini ovub müasir mənzilə çevirib. Bunu başqa divardan açılmış qapıdan qonaq olanda gördüm. Qaçqın yataqxanamızda bu cür müasir vəziyyətə salınmış evlər çoxdur. Amma məsələ ondandır ki, adəti deyimə uyğun olmayan təəssürat yaratdı məndə: "Altı bəzək. Üstü təzək”. Yataqxanaya "Ümumi yaşayış yeri” adı elə-belə verilməyib. Çünki burada əvvəllər məcburi köçkünlərin və qaçqınların məişət tələbatlarını ödəmək üçün təchiz olunan hamam və mətbəx ümumi istifadə üçün nəzərdə tutulmuş və hər bir mərtəbənin dəhlizlərində mövcud idi. Yəni heç bir evdə mətbəx və ya hamam-tualetə rast gəlinmirdi. Lakin zamanla köhnə və yeni sakinlərin müasir standartlara cavab verən mənzildə yaşamaq arzularını reallaşdırması nəticəsində binanın daxildən "ovulması”na gətirib çıxardı. İndi hansı mənzilin qapısını döysən, orada kiçik bir eyvanda yer almış hamam və mətbəxə rast gələ bilərsiz. Yuxarıda qeyd etdiyimiz "Objijitel”, yəni Ümumi yaşayı yeri” adını rahatlıqla namədən silə bilərik. Maraqlıdır ki, sakinlərin bu təşəbbüsü binanın strukturuna ağır zərbə vurur ki, gələcəkdə onları gözləyən təhlükələrin olması şübhə doğurmur. Aidiyyəti qurumların buna göz yumması isə birmənalı qarşılanmır. Sözsüz ki, sakinləri qınamaq olmazdı. Nəticədə belə düşünmək mümkündürsə, köhnə bina işgəncəyə məruz qalıb. 70-ci illərdə tikilmiş binanın mənzilləri göz oxşasa da, xarici görünüşü və dəhlizləri heç dəyişməmişdi – eynilə qaçqın yataqxanası kimi qalıb.

Söhbət açdığımız binada keçmiş SSRİ hakimiyyəti vaxtında Bakı Sınaq Mexaniki Təmir Zavodunun işçiləri qalırdılar. Yaşayış binası elə həmin Zavodun işçi heyəti üçün tikilmişdi. Qarabağ müharibəsindən sonra, 1992-ci ildə yüzlərlə ailələri bu yerlərə köçürdülər. Hər kəs kimi bizim ailəmizə də 15 kvadrat metrlik təkotaqlı və bir eyvanı olan ev verilmişdi. Çox çətin vaxtlar idi, eyni zamanda ailə başçılarımızın evi dolandırmaq üçün nə əziyyətlər çəkdiklərinin fərqinə varmayan ərköyün və xoşbəxt uşaqlıq illərimiz olub. Binanın qarşındakı həyət isə bizim futbol meydançamızdır. Dəfələrlə məhəllələr arası kubok oyunları keçirmişik (kubokumuz isə həmişə futbol topu olurdu). İndi isə qeyri-qanuni əməllərindən geri qalmayan "xarici vətəndaşlar” eyvanlarını önə çəkərək xatirələrimizin üstündən də xətt çəkiblər.

65 yaşlı qocanın 40 yaşlı bina dərdi

Axır ki, bir qədər axtarışdan sonra bu şəlakətli yataqxanada bir tanış qarşıma çıxdı. Paşa dayı məni görəndə çox sevindi və evinə dəvət elədi. Deyir uşaqlığın yadımdan çıxmaz: "Hələ alça ağacına daş atıb meyvə dərmək istəyərkən şüşəmizi sındırmağını unutmaq mümkün deyil (gülür)”.

Paşa dayı ilə beləcə uzun müddət söhbət edib içimizdəki xatirələri oyatdıq. İndi 65 yaşı var. Deyir qocalıq ömrün ən duyğusal vaxtıdı, sən də gəldin lap kövrəldim. İndi balaca sakinlər də gözə dəymir, əvvəllər bayırda tez-tez görünən uşaqlar var idi. İndikilər hamısı sarılıb telefona, kompüterə. Yəqin ki, özün də gəzib görmüsən”.

Dövlətin ev verəcəyini gözləyən bu ahıl insan aidiyyəti qurumlardan da gileylənir: "Bəzi qonşularımıza şəhərin kənar qəsəbələrində yer verilib. Artıq 3 ildən çoxdur ki, biz də ev gözləyirik. Ancaq təəssüf ki bizi saya alan yoxdur. Dəfələrlə Mənzil İstismar İdarəsinə baş çəkmişik. Hər dəfə deyirlər səbir edin, yaxşı olacaq. Keçən dəfə qulağıma xəbər çatdı ki, tikintilər dayandırılıb. Belə olmaz, bu binanın 40-dan çox yaşı var. SSRİ-nin tikilisi olanda nə olar. Axır-əvvəl buranı da sökəcəklər. O zaman isə 5-dən-3-dən pul verib başımızı aldadacaqlar, sonra isə buradan da didərgin düşəcəyik. Hələ 2006-cı ilin noyabr ayında baş verən zəlzələni demirəm. O zaman binanın böyür hissəsi çatlamışdı, baxan olmadı. Sovet keyfiyyətinə axı nə vaxta kimi etibar etmək olar. İndi sakitçilikdi, amma bir gün bu bina başımıza uçsa onda məsuliyyətin nə olduğunu dərk edən tapılacaq. Sənin babanı da yaxşı tanıyıram, oğullarının hərəsinə Ağdamın Xıdırlı kəndində böyük bir ev tikdirmişdi. Eləcə də bizim də 2 mərtəbəli evimiz qaldı Ağdamda. O gün nəvəm mənə internetdən kəndimizi göstərir, həyətimizi görəndə ürəyimə elə bil nəsə sancdılar, başıma qaynar su tökdülər. Çox pis oldum. Hər tərəfi alaq-ot basmışdı, evimizin bircə bünövrəsi qalıb”.

Qorxu dolu keçmişi bərpa etmək olmur

Köhnə qonşumuzla sağollaşıb binanın indiki halına şahid olmaq üçün dəhlizləri pillə-pillə gəzdim. Yuxarı mərtəbələrdə gördüyüm mənzərə mənim kimi yüksəklik qorxusu olan bir insanı təəccübləndirməyə bilməzdi. Burada yuxarı qalxmaq üçün pilləkən olduğuna sevindim, çünki yeganə vasitə həmin pilləkənlər idi, tutacaqlar isə bəzi mərtəbələrdə yox həddinə çatmışdı - bir hissəsi sınıb düşmüşdü. Hər birimiz uşaq olmuşuq və bilirik ki, uşaq yıxıla-yıxıla böyüyür. Ancaq yüksək mərtəbədən aşağıdakı qatlara yıxılmaq kimi bir faciə həmin uşağın böyüməsinə imkan verməyəcək. Yadımdadır ki, 2000-ci illərin əvvəllərində 4-cü mərtəbənin eyvanında bir dostum yaşayırdı. Adı Yusif olan bu uşaq evlərinin eyvanı nasaz olduğuna görə, həmin mərtəbədən yıxılmışdı. Belə yerdə deyərlər ki, "anası namaz üstdə olub”. Binanın eyvanlarındakı asılqanlar şəbəkəsi Yusifə sipər olub onu ağır xəsarətlərlə yerə endirdi. Həmin faciənin izləri hələ də onun üzündə - qaşında, ağzında və bədəninin bir neçə yerində qalıb. Nə olsun. Yenidən həmin eyvanı bərpa etdilər. Amma qorxu dolu keçmişi bərpa etmək olmur. Yəqin ki, torpaqlarımızdan didərgin düşməsəydik bu cür hallara rast gələ bilməzdik. Psixoloji sarsıntılar üzündən özünə qəsd edənlər də olub.

"20 il əvvəl qaçqınları bu mənzillərə yerləşdirəndə onlara söz verilmişdi ki, müvəqqətidir”

Əsasən Ağdam rayonundan gələn məcburi köçkünlərin yaşadığı bu binanın strukturu bir nəfər üçün nəzərdə tutulmuş otaqlardan ibarətdir. Şamil Soltanov 20 ilə yaxın müddətdə sözü gedən Zavodda işləyib, daha sonra isə məcburi köçkün kimi, həmin binada məskunlaşıb:

"İndi ticarətlə məşğulam, 10 il əvvəl ailəmi də götürüb köçdün Masazır qəsəbəsinə. Şükür Allaha, 4 otaqlı evimi tikdirib yaşayıram. Burada dostumun oğlu yaşır, tələbədir. Hərdən görüşəndə mənə deyir ki, çalışıram ki dərsdən gələn kimi otağıma qapılım. Çünki burada mənimlə eyni ölçüdə olan bir mənzildə 7-8 nəfər külfəti olan ailələr yaşayır. İstəmirəm ki, belə bir mənzərə ilə rastlaşım. Mənim qaldığım mənzildə nə hamam var, nə də tualet. Dəhlizin ən küncündə vaxtilə ümumi istifadəyə verilmiş hamam-tualet yerləşir. Qapıları da sökülüb. Şəraitdən isə danışmağa dəyməz. Suyu ümumu mətbəxdə, köhnə qaz sobasının üstündə qızdırıb yuyunuram. Dəfələrlə şikayət etmək istəmişəm, amma buradakı qonşuların susqunluğu mənə stimul vermir. Tələbənin harada yaşadığı vacib deyil, bir gün burda, başqa bir gün isə digər bir evdə kirayə tutub yaşayacaq. 20 il əvvəl qaçqınları bu mənzillərə yerləşdirəndə də onlara söz verilmişdi ki, müvəqqətidir. Amma bu müvəqqəti yaşayış o qədər uzun çəkdi ki, artıq burada məcburi köçkün ailələri barmaqla sayılası qədər qalıb”.


Sakinlərin problemləri istəmədən nostalji emosiyalarımı pozdu. İçimdəki nigarançılığa son qoymaq üçün binanın səlahiyyətli nümayəndəsi sayılan Mənzil İstismarı İdarəsi ilə əlaqə saxladım. Təəssüf edirəm ki, cavab verən olmadı. Daha sonra həmin katibə cavab verərək qurumun əsas idarə heyəti sayılan rəis və mühəndisin olmadığını söylədi. Hər halda sakinlərin söylədikləri mənə kifayət edəcək məlumatlar bəxş elədi. Lakin hər hansı bir təsəlliyə ehtiyac var idi. Məcburi köçkün kimi yurddan didərgin düşəndə də təsəlli ala-ala gəlmişik.

Rüfət Soltan